Bolşevizm onun şeirlərinin ittiham obyekti idi

 

Bədirxan Əhmədov: “İstiqlal şairi epiteti birinci olaraq Gültəkinə aid edilməlidir”

 

"Cümhuriyyət ədəbiyyatı” layihəsi çərçivəsində AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Bədirxan Əhmədovla istiqlal şairi Gültəkin haqqında müsahibə.

 

– Bədirxan müəllim, uzun müddət Gültəkin imzası Azərbaycanda geniş miqyasda tanınmayıb. Sizcə, bunun əsas səbəbi nə idi?

- Elədir, uzun müddət biz onu Əmin Abid kimi tanımışıq. Gültəkin imzasının gizli qalması isə onun bu imza ilə yazdığı şeirlərinin ictimai-siyasi ruhu, Azərbaycandakı mövcud sovet sistemi ilə bağlıdır. Bu faktın özü göstərir ki, Gültəkin rəsmi mühacir olmasa da, özünü mühacir kimi hiss etmiş və siyasi və ədəbi mühacirətin formalaşmasında böyük rol oynamışdı. Buna görə də, 1926-cı ildə Bakıya qayıdan Əmin Abidin Gültəkin imzası ilə şeirlər yazmasını sovet Azərbaycanında gizlətməkdən başqa çarəsi yox idi. Hətta onun özünün Bakıya dönməsi belə çox təhlükəli idi. Buna baxmayaraq o, Bakıya dönmüşdü. Ancaq görünür, onun Gültəkin kimi yazdığı şeirlərdən "çeka”nın məlumatı olmamış deyildi. Çünki Xalq Maarif Komissarlığının təklifi və təqaüdü ilə Türkiyəyə həm təhsil almağa, həm də "Ədəbiyyat tarixi" kitabını yazmağa göndərilən Ə.Abidin Bakıya qayıtdıqdan sonra yaxşı qarşılanmaması, çox iş yeri dəyişməsi, bəzən isə rayonlarda işləməsi onu göstərirdi ki, mərkəzdə onun Gültəkin kimi fəaliyyətindən xəbərdardırlar, onu izləyirlər. Ancaq dövrün mətbuatında onun Gültəkin olması haqqında heç bir məlumat getməmişdir. Yalnız repressiya olunan zaman istintaq sənədlərində onu sorğu-sual edərkən Gültəkin adı ilə "Yeni Kafkasiya"da şeirlər dərc etdirməsi haqqında məlumatlar var. Aydındır ki, bu sənədlər gizli idi və ona görə də ədəbi sfera Gültəkinin Əmin Abid olduğunu 80-ci illərin sonuna qədər bilmədi.   

 

– Gültəkinin şeirlərini toplu halında çap eləyən Əli Şamil onun Əmin Abidlə eyni şəxs olması ilə bağlı uzun müddət qəti qərara gələ bilməyib. Azərbaycanda çox az adam bilib ki, belə bir şair olub. Mümkündürmü ki, bilənlər də gizlədib bunu?

–Ola bilməzdi ki, Türkiyədə Ə.Abidin Gültəkin imzası ilə yazdığını o dövrün adamları bilməmiş olsun. Əlbəttə, Gültəkinin dostları, müasirlərindən bəziləri bunları bilməmiş deyildi. Lakin onu rejimə hədəf etməmək üçün 20-30-cu illərdə bu barədə elə bir informasiya getməmişdir. Görünür, məhz bu gizliliyə görə M.Ə.Rəsulzadə, Ə.Cəfəroğlu, M.B.Məmmədzadə və b. siyasi mühacirlər də Gültəkinin kimliyini açıqlamağı lazım bilməmişlər. Sonrakı nəsil tədqiqatçılardan bəziləri, məsələn, Abbas Zamanov, bu barədə bilirdisə, ortada sənədlər yox idi. Ortada fakt olmadıqda isə hər hansı bir fikri təsdiq etmək çətinləşir. Nəhayət, Ə.Abidin ilk tədqiqatçısı Əli Şamil bu barədə müəyyən araşdırmalar aparmış, sənədlər, arqumentlər əldə edərək Gültəkinin Əmin Abid olduğu qənaətinə gəlmişdir.

 

– Məhəmməd Əmin Rəsulzadə "Yeni Kafkasiya” dərgisində Gültəkinə geniş yer verib, onu istiqlal şairi kimi qiymətləndirib. Lakin onun kimliyi haqqında heç bir informasiya verməyib. Rəsulzadə Gültəkinin daha çox tanınmasını, şəxsiyyətinin məlum olmasını niyə gizli saxlayıb? 

–Doğru deyirsiniz ki, M.Ə.Rəsulzadə Gültəkin yaradıcılığına yüksək qiymət verib. "Çağdaş Azərbaycan ədəbiyyatı" məqaləsində Gültəkinin şeirlərinin əhəmiyyətini yüksək dəyərləndirən M.Ə.Rəsulzadə onun

 

   İstiqlal, o yaşayan millətin qəlbində can,

   İstiqlal, o səadət, həyat, zəfər, şərəf, şan.

   İstiqlal, o sönməyən müəbbəd bir məşalə,

 

   Könüllərdə tutuşur, gözlərdə sönsə, belə.

misralarını nümunə gətirərək, şeirlərində "həqiqi, milli inqilab nəşidələrini" görürdü. Təkcə M.Ə.Rəsulzadə deyil, bütün tanınmış siyasi mühacirlərin çoxu onun poeziyasını yüksək dəyərləndirirdilər. M.Ə.Rəsulzadənin Ə.Abidin Gültəkin olmasını nədən gizli saxladığını ancaq ehtimal etmək olar. Belə ki "Yeni Kafkasiya"nın hər sayı gizli yolla Azərbaycana gəlirdi. Bu jurnaldakı materialları oxuyur və müəlliflərin şəxsiyyəti ilə maraqlanırdılar. Bir fakt deyim sizə. "Yeni Kafkasiya" dərgisi nəşrə başlayanda ilk saylarında Cümhuriyyət şairi Ə.Cavadın şeirlərini açıq ad – "Əhməd Cavad" imzası ilə verirdilər. Bu şeirlər Ə.Cavadın sovetlərə qədər çap olunan "Dalğa" və "Qoşma" kitablarında da getmişdir. Lakin Ə.Cavadın şeirlərinin "Yeni Kafkasiya"da dərc olunması onun burada həyatına təhlükə yaradır və onu həbs edirlər. Bundan sonra redaksiya bir izahat yazmalı olur. Redaksiyanın məqaləsində göstərilirdi ki, şeirləri Ə.Cavad özü göndərməyib, nə də bu şeirlər indi yazılmayıb, əvvəlki kitablarında, yaxud mətbuatda çap olunan şeirlərdir. Redaksiya bu şeirlərə görə Ə.Cavadın həbsindən çox rəncidə olur və sistemin heç zaman bu cür alçaq hərəkətlərə yol verəcəyinə inanmadığını bildirirdi. Bu hadisədən sonra "Yeni Kafkasiya" bir də Ə.Cavadın, eləcə də sovet Azərbaycanında yaşayan şairlərin şeirlərini dərc etmir. Çünki onların həyatını təhlükə altına atırdı. Bundan sonra səhnəyə Gültəkin çıxır və jurnalın səhifələrində iki il ərzində 23 şeir dərc etdirir. Ancaq o da öz açıq adı ilə çıxış etmir. Ona görə də Gültəkini onun mühacir imzası hesab etmək olar. Görünür, M.Ə.Rəsulzadə və digər siyasi mühacirlər də məhz buna görə onun kimliyini gizli saxlamışlar. Ə.Abidin özü də heç yerdə bu dərgidə şeirlərinin dərc olunmasını yazmamışdır. Əslində, onun qarşısında belə bir məqsəd də olmamışdır. Nədən yazmalıydılar?! Onu da deyim ki, Ə.Cavadın 1923-cü ildə başına gələn hadisə 1929-cu ildə bir də təkrar olunur. Belə ki, 1928-ci ildə Azərbaycan mühacirlərinin "İstiqlal uğrunda" adı ilə İstanbulda dərc etdirdikləri məcmuədə Ə.Cavad, Umgülsümlə yanaşı Gültəkinin də 23 şeiri dərc olunmuşdu. Məcmuənin əsasını onun şeirləri təşkil edirdi. Mənə elə gəlir ki, Ə.Abidin bu illərdə mərkəzdən uzaqda işləməsi də bununla bağlı idi. Bu məcmuənin səsi 1929-cu ildə çıxdı; Ə.Cavad Azərbaycan şair və yazıçıları tərəfindən mətbuatda qınaq obyekti oldu və nəhayət "Kommunist" qəzetində iki izahatı dərc olunduqdan sonra ondan əl çəkdilər.

 

– O zaman İstanbulda onun şeirlərinə mahnılar bəstələndiyi məlumdur. Bu mətnlər hardasa varmı?

– Hansı şeirlərinə mahnıların bəstələndiyi və hansıların oxunduğu haqqında dəqiq bir məlumat yoxdur. Yalnız məlumatlar var ki, 20-ci illərdə onun şeirlərinə yazılmış mahnılar İstanbul küçələrində oxunurmuş. Ancaq bu mahnılardan əlimizə yazılı olanı gəlib çatmayıb. Ola bilsin ki, bu cür məlumatlar haradasa yer almışdır. lakin bunlar haqqında geniş araşdırmalar aparmaq lazımdır. Elə buna görə də onun istiqlal poeziyasını bir doktorantıma dissertasiya mövzusu olaraq vermişəm. İnanıram ki, Gültəkin, yaxud Əmin Abid imzası ilə şeirləri yalnız mühacirət mətbuatında deyil, o dövrün türk qəzetlərində də olmuşdur. Məsələn, Ə.Abid istintaq sənədlərində müstəntiqin suallarını cavablandırarkən bir neçə jurnalla əməkdaşlıq etdiyini, ancaq ən çox "Yeni Kafkasiya"da çıxış etdiyini bildirir. Müstəntiqin "Hansı məsələləri yazırdınız "Yeni Kafkasiya”da?" sualına isə "Ən çox şeirlər yazırdım, hamısı hədsiz dərəcədə antisovet və millətçilik məzmununda", – cavabını vermişdi. Bu da onu göstərir ki, Gültəkinin digər jurnal və qəzetlərdə də şeir və məqalələrinin olması mümkündür. Bunları bir-bir araşdırmaq, yeni faktlar üzə çıxarmaq gərəkir.

 

– Şeirlərinin bədii gücü və təsiri haqqında nə deyə bilərsiniz? Poetik nümunələri sanki bir az dağınıq və sistemsiz görünür.

– Bilirsiniz, Gültəkin bu şeirləri cəmi il yarım ərzində yazıb. Olsun ki, onun poetik təfəkkürü hələ öz axarını tapmamışdı. Bədii cəhətdən dəyərli olanı, zəif olanı da var. Ancaq şeirlərinin gücü aşıladığı istiqlal ideyasında, mübarizə əzmində, nikbinliyində və inamındadır. Bolşevizm, 20-ci illərdə bütün mətbuatın, şairlərin tərənnüm, ancaq onun şeirlərinin  ittiham obyekti idi.

 

Bürüdü  bir  qorxunc  yel  kibi  bizi,

      Bu  dağlarda  oldu  duman  bolşevik.

      Qanlara  boyandı  Xəzər  dənizi

      Vermədi  kimsəyə  aman  bolşevik.

 

      Bolşevik atını  sürdü  Araza,

      Oğulsuz analar  batdılar  yasa.

      Ey əziz qardaşlar, bu yıl olmazsa

      Gələcək yıl olur viran  bolşevik.

 

      Rəngini  tökdüyü  qandan  aldı  o,

      Dünyaya  bir  yeni  vəhşət  saldı  o,

      Qafqaz  onun  deyil,  bizdən  çaldı  o,

      Oldu  bu  gün  bizə  düşmən  bolşevik.

 

 – Gültəkinin şeirləri üslubuna və formasına görə hansı şairə daha yaxındı?

 –Deməzdim ki, onun şeirləri üslubuna, yaxud formasına görə kiməsə oxşayır. Çünki bu dövrdə yeni poetik təfəkkür formalaşırdı. Bu poetik təfəkkürün əsası Ə.Cavadla başlamışdı. Ə.Cavad türk şairi Məmməd Əmin Yurdaquldan təsirlənərək yeni bir poetik formadan istifadə edir. Bu forma yalnız heca vəznilə fərqlənmir, həm də sadə yazılışı, deyilişi, milli ruhu və məzmunu ilə seçilirdi. Cümhuriyyət dövründə hərbi və milli marşların yaranması bu üslubu bir qədər də populyarlaşdırdı. Əli Yusif Rainin, Davudun, Zülfüqarın, Umgülsümün və b. şeirlərində hamar olmasa da, bu üslub özünü göstərdi. Lakin sovetlərin gəlişilə bu üslub və milli ruh geri çəkildi və yalnız bir neçə ildən sonra S.Vurğun şeirində yenidən, bu dəfə daha da cilalanmış şəkildə ortaya çıxdı. Gültəkinin şeirləri də məhz bu üslubda yazılmış şeirlərdir. Lakin bu üslub, mövzu və ideya heç cür Azərbaycan arealında yazıla bilməzdi. Yazılsa belə, sandıq ədəbiyyatı olaraq qalacaqdı. 

 

 – Onun şeirləri haqqında müxtəlif dərgilərdə ayrı-ayrı şəxslər qısa olsa da, münasibət bildirib. O zaman türk mətbuatında  Gültəkinin şeirləri haqqında hansısa yazının, araşdırmanın olduğu məlumdurmu?

 –Onun şeirləri haqqında "İstiqlal uğrunda" məcmuəsi və "Buzlu cəhənnəm" kitabının ön sözündə geniş danışılıb. M.Ə.Rəsulzadə, Ə.Cəfəroğlu, H.Baykara və b. müəyyən fikir söyləyiblər. Türkiyə mətbuatında elə bir geniş araşdırmaya rast gəlməmişik. Azərbaycanda isə Ə.Şamilin məqalələri vardır. Bir də mənim Ə.Abidin həyatı, mühiti və yaradıcılığına həsr etdiyim "Bir istiqlal yolçusu" (2003) monoqrafiyamda araşdırılıb. Bu il onun anadan olmasının 120 illiyi tamam olur. Düşünürəm ki, bu görkəmli alim, folklorşünas, ilk qorqudşünas, axundovşünas və istiqlal şairinin yubileyi yüksək səviyyədə keçirilməlidir. Təəssüf ki, onun heç kimi qalmadığından ədəbi irsi ilə sistemli şəkildə məşğul olanlar da yoxdur.

 

– İkinci dəfə Bakıya qayıtdıqdan sonra təzyiqlərə məruz qalıb, iş yerini dəfələrlə dəyişib. Öldürülməsi necə baş verib, konkret ittihamı varmı?

– İkinci dəfə Bakıya həyat yoldaşı Nafiə Abidlə birgə qayıdıb. Nafiə Abidin də Türkiyədə bir neçə şeiri çap olunub. 20-ci illərin sonlarında Türkiyə ilə münasibətlərin pisləşməsi türk qızı ilə evlənən Ə.Abidə də öz təsirini göstərməyə bilməzdi. İstintaq sənədlərində də buna aid müəyyən faktlar var. Ə.Abid 1938-ci ildə həbs olundu. Əvvəlcə onun qardaşı Əliabbas Müznib həbs edildi. Ə.Müznib həm də Nikolay dövründə Sibirə sürgün edilmişdi. Lakin sovet vaxtı onun rejimə qarşı elə bir mübarizəsi olmamışdı. Həm də yaş o yaş deyildi. Buna baxmayaraq, hər iki qardaş repressiyaya qurban getdilər. Nafiə Abid də həbs edilmişdi. Ancaq bir müddət saxladıqdan sonra Türkiyə səfirliyinin köməkliyi ilə 1939-cu ildə azadlığa buraxıldı.

 

– Gültəkin şair kimi Xalq Cümhuriyyətinə, onun ideyalarının yaşamasına hansı töhfələr verdi?

–Bilirsiniz ki, Cümhuriyyət dövründə Gültəkin Türkiyədə İstanbulda olub. O, Türkiyəyə gedəndə Cümhuriyyət zamanı idi, geri qayıdanda isə Azərbaycan qırmızı ordu tərəfindən işğal olunmuşdu. Bu dövrə aid Gültəkinin "Bəsirət"də, "Azərbaycan"da dərc edilən bəzi yazıları olmuşdusa da, Cümhuriyyətə həsr olunan, onu tərənnüm edən əsərləri olmamışdı. Bununla belə, Azərbaycan ədəbiyyatında istiqlal şairi epiteti birinci olaraq Gültəkinə aid edilməlidir. Əgər Ə.Cavadın şeirlərində Cümhuriyyət ideyaları tərənnüm edilirdisə, Gültəkinin şeirlərində istiqlal ideyaları təsvir olunur. Ancaq Cümhuriyyətin süqutundan sonra onun Türkiyədə yazıb "Yeni Kafkasiya"da dərc etdirdiyi şeirləri Cümhuriyyətin, istiqlalın yaşaması üçün əsas mənbə olmuşdu. Uzun müddət Azərbaycan mühacirəti bu şeirlərin təsiri altında olmuş, 1928-ci ildə "İstiqlal uğrunda" məcmuəsinin əsasını onun şeirləri təşkil etmişdi. 1948-ci ildə isə şairin "Buzlu cəhənnəm" kitabının nəşr olunması bu poetik parçalara ehtiyacı göstərir. Təsəvvür edin, Azərbaycanda Cümhuriyyəti müsavat dövrü kimi qələmə verən yerli mətbuatda nəinki milli ruhlu, heç bədbin şeir belə çap etdirmək mümkün olmadığı bir zamanda, Gültəkinin şeirləri İstanbulda işğalçıya qarşı üsyan püskürür. Çox qısa bir zamanda onun şeirləri Türkiyədə istər mühacirlər, istərsə də türkiyəlilər arasında  məşhurlaşır. Onun Cümhuriyyətə xidmətini də elə burada axtarmaq lazımdır. M.Ə.Rəsulzadə əgər "Azərbaycan Cümhuriyyəti" əsəri və siyasi fəaliyyətilə Cümhuriyyəti yaşatmağa çalışırdısa, bu işi poetik şəkildə Gültəkin görürdü. Mühacirətdə istiqlal ideyalarını bu qədər açıq, mübariz və poetik şəkildə yaşadan ikinci bir şairimiz yoxdur. Hətta Azərbaycan mühacirətinin görkəmli nümayəndəsi Almas İldırımın yaradıcılığında belə, istiqlal ideyası bu qədər sistemli və etirazçı ruhda ifadə olunmayıb. Bunun da əsas səbəbi şairin siyasi mühacirətdən bir qədər aralı olması idi. Gültəkinin şeirləri mövcud siyasi sistemə qarşı poetik-siyasi ittiham aktıdır. Bu şeirləri yalnız ədəbi-bədii nümunə kimi qiymətləndirmək doğru olmazdı, həm də siyasi çəkiyə malikdir. Hətta bu şeirlər Azərbaycan siyasi mühacirətinin özünə belə təsir göstərmiş, onları ruhlandırmışdır. Bunu siyasi mühacirlərin yazılarından, xatirələrindən də görmək olar. İstiqlalçılıq onun şeirlərindən bir qırmızı xətt kimi keçir. Bu isə elə Cümhuriyyət ideyalarının yaşadılması deməkdir. 

 

– Bədirxan müəllim, siz Gültəkinin   Əmid Abidin "Seçilmiş əsərləri”ni tərtib edərək ön söz yazıbsınız. Yəni onu fəaliyyətini və həyatını dərindən araşdırıb tədqiq edibsiniz. Sizin üçün o daha çox şairdi, yoxsa alim?

– Doğrudur, Ə.Abidin "Seçilmiş əsərləri" (2007) kitabını nəşrə hazırlamışam. Bu kitab Prezident fərmanı ilə çap olunan kitablar seriyasından 25 min nüsxə dərc olunub. Ancaq bu kitab Ə.Abidin bütün yaradıcılığını əhatə etmir. 2016-cı ildə Əli Şamillə birlikdə tədqiqatçının "Azərbaycan türklərinin ədəbiyyatı tarixi" əsərinin bir cildini nəşr etdik. İndi isə İstanbul Universitetində M.F.Köprülünün rəhbərliyi ilə yazdığı dissertasiyasını nəşrə hazırlamışıq. Bu kitab 1900-1920-ci illəri əhatə edir. Maraqlı əsərdir. Təəssüf ki, bu kitabı nəşr etmək üçün vəsait tapa bilmirik. Düşünürəm ki, onun çap olunmayan əsərləri, elə şeirləri də yenidən dərc edilməlidir. Ə.Abid Azərbaycanın ilk qorqudşünası, folklorşünası, ədəbiyyat tarixçisi, axundovşünası və bir şair kimi ədəbiyyat tariximizdə öz yerini bundan sonra da qoruyub saxlayacaq.

 

Səxavət Sahil

 

Kaspi $g 2018.- 17-19 mart.- S.12.