İsmayıl Bəy Qaspiralı yaradıcılığında qadın problemi

 

Hər evə bir qadın necə lazımsa, hər qadına da elm o cür lazımdır

 

XIX əsrin sonu, XX əsrin əvvəllərində Krım-tatar ədəbiyyatının görkəmli nümayəndəsi, Rusiya müsəlmanlarının lideri, türk millətinin atası və müəllimi, xalq maarifi islahatçısı, "üsuli-cədid” hərəkatının və tatar mətbuatının banisi,  " türkçülük hərəkatının mərkəzi siması” (Yusif Akçura) kimi şöhrət tapmış  İsmayıl Qaspiralının bütün ictimai-siyasi, ədəbi-bədii fəaliyyəti bir konsepsiya olaraq millətinin taleyi ilə bağlanmış, mənsub olduğu millətin gələcəyi ilə bağlı "nə etməli” sualına cavab tapmaqda əhəmiyyətli rol oynamışdır. 63 illik mənalı ömrünün 33 ilini türk-islam dünyasının vacib problemlərinin həllinə həsr edən, "dildə, fikirdə, işdə birlik” ideyasının reallaşmasına var gücü ilə çalışan İsmayıl Qaspiralının bədii-publisistik yaradıcılığının və ictimai fəaliyyətinin ana xəttində milli idealların təbliği və tətbiqi dayanır.

 

İsmayıl Qaspiralı yaradıcılığının şah əsəri olan "Tərcüman” mənsub olduğu türk xalqının ictimai-siyasi və mədəni həyatında dirçəliş rolunu oynamaqla yanaşı, görkəmli şəxsiyyətin irəli sürdüyü "dildə, fikirdə, işdə birlik” ideyalarının reallaşmasında güclü təsir vasitəsinə çevrilmişdir. Böyük ideyalar carçısı olan İ.Qaspiralı mütərəqqi fikirlərin həyata keçməsində, heç şübhəsiz, bədii ədəbiyyat və publisistikanı daha əhəmiyyətli hesab edirdi. İ.Qaspiralıya görə, hər bir milləti millət kimi tanıtmaqda din və ədəbiyyatın rolu əvəzolunmazdır. Bu mənada, İ.Qaspiralının ədəbiyyatsız xalqları "vəhşi tayfa” adlandırması təsadüfi görünmür. O, maarifçi ideyaların təbliğini ədəbiyyat üçün vacib şərt sayırdı. Çünki müəllifə görə, nə qədər ki, müsəlman mühiti maarif və məktəbdən uzaqdır, insanlar bir o qədər də cəhalət qaranlığında həyata kor baxacaq, tərəqqidən uzaq olacaqlar. İ.Qaspiralı maarif və məktəbi cəhalətə, nadanlığa son qoya biləcək yeganə varlıq hesab edir. Bu səbəbdən o, hər bir insanın, hər bir millətin gələcək inkişafının mümkünlüyünü yüksək maariflənmədə görürdü.

 

 İsmayıl Qaspiralı türk dünyasının böyük şəxsiyyəti, ideoloqu olmaqla yanaşı, ilk növbədə yazıçı və publisist kimi məşhurdur. O, böyük şəxsiyyət , böyük milli ideoloq və qüdrətli yazıçı, publisist, jurnalist olaraq  bütün fəaliyyətində  millətin bu günü və gələcəyi  üçün  vacib problemlərə daha çox diqqət ayırırdı. Bu problemlər sırasında da  qadın  mövzusu xüsusi və əhəmiyyətli yerlərdən birini tutur. İ.Qaspiralı "...Alemi-insaniyətin yarısı kadınlar olduğu halda maişet, rahat, seadet ve mesudiyeti insaniye nazarından kadınların ne kadar ehemiyetli oldukları anlaşılıyor” deməklə problemin aktuallığına diqqəti yönəldə bilir. O, 1903-cü ildə "Tərcüman” qəzetində çap etdirdiyi "Qadınlar” başlıqlı yazısında qadınların vəzifələri, şərq və qərb qadınlarının müqayisəsi, qadınların hüquqları və s. ilə bağlı fikirlər söyləmiş, ən vacib məsələlərinin təhlilinə yer ayırmışdır. Qaspiralı belə hesab edir ki, əgər qadın dünyaya uşaq gətirirsə, onu qucağında böyüdürsə, döşündən süd verirsə, bu insanlar onun vasitəsilə dil öyrənib ədəb-kamala çatırsa, nəyə görə onun hüquqları tapdanmalı, cəmiyyətdəki hüquqları aşağı olmalıdır. Buna görə də 14 milyonluq Rusiya müsəlmanları və ümumən dünya müsəlmanları içərisində yaşayan qadınların hünər və mərifətlərinin yüksək olmasına baxmayaraq, onların ictimai fəaliyyətlərinin və sosial hüquqlarının mövcud vəziyyəti İ.Qaspiralını narahat etməyə bilməzdi. "Hər evə bir qadın necə lazımsa, hər qadına da elm o cür lazımdır” deyən dahi şəxsiyyət qadınların ilk növbədə təhsilli olmasının vacibliyini qeyd edir, cəmiyyətin formalaşmasında, nicatında və tərbiyəsində savadlı qadının rolunu yüksək qiymətləndirirdi. Çünki İ.Qaspiralının nəzərincə təhsili və tərbiyəsi olmayan qadın onun üçün vacib olan üç vəzifəni - qadınlıq, analıq və rəfiqəlik şərtlərini yerinə yetirə bilməz, nəticədə tərbiyə verəcəkləri bisavad qalar, dünya və insan ömrü fəna olar.

 

Maraqlı odur ki, İ.Qaspiralı qadının üç vəzifəsindən danışarkən kişilərin də üç vəzifəsi olduğunu qeyd edir (kocalık, babalık, refiklik). O belə hesab edir ki, həm atanın, həm ananın vəzifələri eynidirsə, demək, onların cəmiyyətdəki hüquqları da eyni olmalıdır. Ona görə də "kadınlığa girmiş, yaki ana olmuş bir kadın kocasının yoldaşıdır, refikasıdır. Dünyada beraber çalışıp, beraber yaşayacaklar. Beraber evlat yetiştirecekler. Bu halde kadın-koca bir vücut haline girer, ikisi bir insan, ikisi bir bina, bir hane olmuş olup, ikisinin fayda ve zararı, kıvancı və kaygısı birleşir. Çalışmak, yemek, yaşamak hep beraberdir” deyirdi.

 

Əgər İsmayıl Qaspiralının roman və hekayələrində qadın problemi bədii yanaşmada həllini tapırdısa, onun publisistikasında bu məsələyə elmi-fəlsəfi və ictimai-siyasi münasibət bildirilir. Ancaq hər iki halda böyük şəxsiyyətin narahatçılıqları ifadə olunur, ruhuna hakim kəsilən milli duyğuların təzahürü özünəməxsus tərzdə diqqəti cəlb edir.

 

"Dünyada ne kadar er kişi var ise o kadar da kadın-kız vardır” deyən İ.Qaspiralı qadın problemi kontekstində daha vacib və əhəmiyyətli cəhətləri diqqətə çatdırır. Əlbəttə, İ.Qaspiralının bu tezisi bir neçə baxımdan əhəmiyyət daşıyır. Əvvəla, biz burada təxmini olaraq XIX əsr qadın və kişi say nisbətinin dünya mənzərəsi ilə tanış oluruq. Lakin görkəmli ədibin dünyada qadın və kişilərin bərabər sayda olmasını təqdim etməkdə məqsədi başqa olmuşdur. O, say baxımından qadınla kişilərin bərabərliyinə rəğmən, cəmiyyətin formalaşmasında qadının kişilərdən üstün mövqedə olmasını diqqətə çatdırır. İ.Qaspiralı bu cür yanaşması ilə insanların tərbiyə və formalaşmasında qadın rolunun səviyyəsini müəyyənləşdirir və belə bir qənaətlə çıxış edir ki, bir şəhər və vilayətin qadınları cahildirsə, ümumiyyətlə, həmin şəhər və vilayətin əhalisinin yarısı cahil olar. Ona görə də ədibin "bir qızın tərbiyəsi iki oğlan tərbiyəsindən əfsəldir” qənaəti tərbiyə və təhsil məsələsində qadının rolunun əhəmiyyət dərəcəsini müəyyənləşdirən göstəriciyə çevrilir. Ədibin qadınla əlaqədar düşüncə və görüşləri ictimai-siyasi həyatımızda xüsusi bir mərhələ kimi diqqəti cəlb edir. Bu gediş əslində İ.Qaspiralının Şərqdə qadın hüquqsuzluğuna qarşı etirazı kimi qiymətləndirilməlidir. Yəni o, demək istəyir ki, əgər qadınla kişilərin sayı bərabərdirsə, lakin qadınlar cəmiyyətin formalaşmasında kişilərdən öndə dayana bilirsə, ictimai yükün böyük bir hissəsi onların çiyinlərindədirsə, onda nəyə görə qadın köləliyi, qadın hüquqsuzluğu hökm sürsün?

 

Maraqlıdır ki, İ.Qaspiralı qadın azadlığını onların hüququ kimi təsəvvür edir. Lakin bununla yanaşı o, azad yaşamağı onların hüquqları kimi təqdim etsə də, bu hüquq uğrunda mübarizə aparmağı isə onların borcu hesab edir.

 

İ.Qaspiralı qadına adi insan deyil, insanlığa böyük şöhrət və hörmət gətirmiş tərbiyəçi insan kimi baxır. Bu ideya onun əksər bədii əsərlərində hakim mövqe tutur. O, "Firəngistan məktubları”, "Darürrahat müsəlmanları”, "Sudan məktubları”, "Qadınlar ölkəsi”, "Arslan qız” romanlarında, "İvan və Süleyman”, "Hacının fərasəti”, "İki imam” və s. hekayələrində bir sıra cəhətlərlə yanaşı, müsəlman mühiti fonunda qadın probleminə də toxunmuşdur. İlk növbədə onu qeyd etməliyik ki, adları çəkilən əsərlərdə qadına münasibət, cəmiyyətdə qadının rolu və s. məsələlər İ.Qaspiralını daim düşündürən problem kimi  əksini tapmışdır. Müəllif Jozefinin, Marqaritanın ("Firəngistan məktubları”) və ("Darürrahat müsəlmanları”), Malikənin ("Qadınlar ölkəsi”), Gülcamalın ("Arslan qız”), Süleymanın anasının ("İvan və Süleyman”), "Hacının fərasəti”, "İki imam” əsərlərindəki qadın obrazlarının simasında şərq qadınının mövcud şəraitini təhlil etmiş, onların dünyagörüşünün, hadisələrə baxışını səciyyələndirə bilmiş, millətin tərəqqi etmək yollarının nədən ibarət olduğunu açıqlamışdır.

 

Bildiyimiz kimi "Firəngistan məktubları” əsərinin baş qəhrəmanı daşkəndli Molla Abbasdır. Onun vətənindən Fransaya gəlməsi, oradan İspaniyaya getməsi, başına gələn əhvalatları nəql etməsi əsərin məzmununu təşkil edir.

 

Müəllif bu obrazın simasında öz ideyalarına ifadə edir, onu müxtəlif insanlarla görüşdürməklə, müxtəlif ölkələrə aparmaqla türk-islam cəmiyyəti üçün xarakterik olan cəhətləri ya birbaşa, ya da Qərblə müqayisədə nəzərə çatdırır. Əsərdə Molla Abbasın firəng qızı Jozefin və Marqarita ilə əlaqələri, onlarla həmsöhbət olması digər məsələlərlə yanaşı, qadın problemlərinin ortaya qoyulmasında və həllində  əhəmiyyətli rol oynayır. Molla Abbasın ilkin olaraq Odessada Jozefinlə tanışlığı, Avropanı görmədən onda Avropa təəssüratlarının genişlənməsinə xidmət göstərir. Yazıçı bu yol ilə məqsədli olaraq baş qəhrəmanın Şərq-Qərb müqayisə təəssüratlarını genişləndirir. Təbii ki, bu proseslərdə diqqəti cəlb edən məsələlərdən biri də qadın problemidir. Maraqlıdır ki, yazıçı, Molla Abbasın diqqətini qərb qadınının iki cəhətinə yönəldir. Bu sırada birinci olaraq qərb qadınının cəmiyyətdə özünü sərbəst aparmasıdırsa, ikincisi isə qərb qadının savadlı olmasıdır. Jozefin və Marqarita Molla Abbasın nəzərində şərq qadınının alternativi yox, tam əksidir. Hər iki qadının dünyagörüşü, bu və ya digər məsələlərə aktiv münasibəti Molla Abbasın nəzərində Şərqdən fərqli olaraq yeni bir qadın tipinin yaranmasına səbəb olur. Elmi, savadı günəş işığı hesab edən İ.Qaspiralı məhz qərb qadınının fərqli görüntüsünü onun savadlı olması ilə əlaqələndirir. Müəllif əsər boyu qadınla bağlı bir çox məsələlərə ictimai həyat problemləri kontekstində aydınlıq gətirsə də, qadının ailə-məişət müstəvisində də nüfuzunu diqqətdən kənarda saxlamır. Məsələn "Firəngistan məktubları” romanında Molla Abbasın Jozefinlə ailə qurduqdan sonra adi çay süfrəsi arxasında ər-arvad qarşılıqlı münasibətində "bərabər tərəfdaşlığın” təsviri şərq qadını ilə müqayisədə qərb qadınının azad, rahat, xoş, zövq-səfa həyatı əks olunur: "İki yahşi adam hüzurunda şart ve söz edip birbirimizi alacak olduk. Dua okuduk. Huda hayırlı eyleye idi. Duadan son şahitleri suyladık (ağırladık). Jozefin çay ve tatlılar koydu, ben alıp verdim. Frenk adetince erler kadınlara hayli sırada yardım ve hizmet etmek nezaketden imiş. N’işlemeli, Frenk kızı alğac (alınca) bazi ziyansız adetlerine katlanmak gerek”.

 

Müəllif "Darürrahat müsəlmanları” romanında Marqaritanın simasında qadın üçün örnək ola biləcək bir çox mətləblərdən söz açır. Əsasən bu obrazın elmə, təhsilə olan marağı, cəmiyyətdəki mövqeyini elmi əsaslara uyğun tənzimləmə səriştəsi İ.Qaspiralının maarifçi görüşlərinin təbliği kimi xarakterizə oluna bilər. Böyük ədib dünyanı gəzdikcə, millətlərin halı ilə tanış olduqca, belə bir qəti fikrə gəlir ki, türk-müsəlman insanlarının, eyni zamanda qadınının gələcək səadət yolu təhsil və elmdədir. Yəni, o, Jozefin, Marqarita obrazlarının timsalında yaxşı olan cəhətləri şərq – müsəlman dünyasına transfer etməklə, şərq qadının cəmiyyətdə hansı mövqe tutmasını, öz hüquqlarının nədən ibarət olmasını, cəmiyyətin isə öz növbəsində qadın qarşısında hansı vəzifələri yerinə yetirəcəyini ifadə etməklə insanların gözünü açır. Bu tərzin bədii ifadəsi "Sudan məktubları” romanında da yer alır. Əsərdə XIX əsrin sonu, XX əsrin əvvəllərində Avropa imperializminin Şərq istilası, Şərqdə milli-azadlıq hərəkatının güclənməsi, xalqların öz müqəddəratlarını həll etmək uğrunda mübarizəsi və digər məsələlər əksini tapır. Lakin İ.Qaspiralı maarif və tərbiyəni bütün məsələlərin mərkəzində saxladığı üçün "Sudan məktubları”nda öz idealına uyğun olaraq yeri gəldikcə tərbiyə və mədəniyyət məsələlərinə də toxunur və Molla Abbasın baxışları timsalında fikirlərini ortaya qoyur. Heç şübhəsiz, qadına münasibət və cəmiyyətdə qadının rolu İ.Qaspiralını daim düşündürdüyündən o, qadının bütün fəaliyyət dairəsini, ruzigarını təkcə yaşadığı mənzil divarları arasında deyil, geniş ictimai həyat dairəsində təhlilə cəlb edir, çıxış yolunun nədən ibarət olduğunu diqqətə çatdırırdı. Çünki yaşadığı müsəlman mühiti, üzvü olduğu cəmiyyət qadına İslam ehkamları münasibətləri daxilində baxmağı tələb edirdi. İ.Qaspiralı "Sudan məktubları” əsərində İslam ölkələrinin qadınları ilə Avropa qadınlarını müqayisə etməklə fərqləri sadalayır və  müsəlman qadınını cəmiyyətin aparıcı insanı kimi görmək istəyir.

 

Ümumiyyətlə, Şərq və Qərb kontekstində qadına müqayisəli yanaşma İ.Qaspiralı görüşlərində mühüm yer tutur. Qeyd edək ki, o, 1903-cü ildə yazdığı "Qadınlar "adlı məqaləsində bu cür müqayisəyə geniş yer vermiş və dəyərli təhlilləri ilə mahiyyəti üzə çıxara bilmişdir. Bir cəhəti vurğulamaq lazımdır ki, İ.Qaspiralının bir şərqli olaraq dünyanın gündoğan tayına məhəbbəti sonsuz olmuşdur. O, Şərqin dünyanın ən qədim yurd yerləri və mədəniyyət mərkəzləri olmasını xüsusi olaraq qeyd edir və bununla öyünürdü: "Çin, Hint, Babil, eski İran dünyanın ən əski cəmiyyət və heyeti medeniyyeleridir. Avrupa cemiyyeti ve devletleri bunlara göre pek genc ve yenidir. Avrupanın en eski hükumeti bin senelik ise Çin dört bir senelik bir heyeti medeniyyedir”.

 

Lakin bütün bunlara baxmayaraq, onun Şərq-Qərb müqayisəsi ilə bağlı digər mülahizələrində  Qərbə üstünlük verməsi Qərbin təbliğinə xidmət göstərmirdi. Belə ki, böyük ədib Şərq cəmiyyətinin Qərbdən geri qalması müqayisəsində məqsədli olaraq yalnız   öz  narahatçılığını izhar etmiş, geriliyin səbəblərini və vəziyyətdən çıxış yollarını göstərmək istəmişdir. İ.Qaspiralı Qərbin qadına münasibətdə Şərqi üstələməsini, Avropanın dövlət və mədəniyyət tarixinin gənc olmasına baxmayaraq, qadınlara yanaşmada Şərqdən daha irəli getməsini, daha mütərəqqi mövqe tutmasını xüsusi olaraq qeyd edirdi. "Çin, Hindistan ve eski İran medeniyetleri ve adetleri kadınları pek aşağı derecede bırakıp, hemen-hemen insanlıkdan çıkarmışlar. Erlere verilmiş hak ve müsadenin onda biri kadınlara verilmemiştir”- deye İ.Qaspiralı konkret irad və etirazlarını gizlətməmiş, çarə yolu kimi cəmiyyətin qadına baxışının dəyişməsini, təhsilin genişləndirilməsini, savadlı olmağın vacibliyini ön plana çəkmişdir.

 

Şərq qadınının geriliyindən hədsiz dərəcədə narahatçılıq yaşayan İ.Qaspiralı bu geriliyin səbəbini dinlə bağlayanlara etiraz edir. O, belə hesab edir ki, şərq qadınının Avropa qadınından geri qalmasının dinlə əlaqələndirilməsi əsassızdır. Hərçənd ki, Qərbin nəzərində bu görüntü bilavasitə İslam və müsəlmanlıqla əlaqələndirilsə də, İ.Qaspiralı Şərq və Qərb qadını arasında fərqin səbəbini haqlı olaraq başqa amillərə bağlayır: "Avropada şark kadınlarınıın ifrat derecede meşrute hükuk ve huriyyetlerin bibehre, ulum ve terbiyeden mahrum kaldıklarını İslamiyyete isnat ederler. Avrupalılar büyük hata ediyorlar. Çünkü "Müslime” ile Azya kadını arasında dağlar kadar tefavüt vardır. Eski zamanda Garpda, yani Avrupada kadınların hali bir derceye kadar Azya, yani Çin, Hint ve İran kadınları haline oşayar idi... Lakin bir kaç asırlardan beri Avrupa kitasında maarif ve medeniyyet her yerden ziyade ilerilemekde bulunduğundan insaniyyet dahi şu nispette revaç bulup kadınların hal ve hukukları genişlenmiştir. Şöyle ki, kadına hürmet ve rağbat artmıştır”. Sitatdan göründüyü kimi İ.Qaspiralı haqlı olaraq, Şərq qadınının geriliyinin və hüquqsuzluğunun İslamla heç bir əlaqəsi olmadığını irəli sürür, Qərb qadınının tərəqqisini isə onun maariflənməsi ilə bağlayır. Müəllif Şərq qadınını iki qrupa bölərək hüquqsuz, cahil "Asiya qadınını” "müsəlman qadınla” müqayisə edir, aralarındakı dağlar qədər fərqin olduğunu xüsusi vurğulayır. Bildirir ki, islamiyyətdən əvvəl qadınlar kişilərin malı və "zövq aləti” olsalar da, İslamın qəbulundan sonra "dini-mübin qadınların kişilər kimi Cənabı Haqqın qulları olduğunu bəyan və elan edib, insanlıqca bu cür hüquqlarını təyin və mühafizə etdi”. Bu mənada İ.Qaspiralı İslam dininin bərabərçilik xəttini nəinki müdafiə edir, həm də təşviq edirdi. O, Şərq müsəlman qadınının kişilərlə bərabər ibadət etmək, Həccə getmək hüquqlarından tutmuş, təhsil almaq, ailə qurmaq, zorla başqasına verilməmək, mal-mülk sahibi olmaq və s. hüquqlarının olmasını islami qanunların tətbiqi kimi dəyərləndirir.

 

Vaxtilə qızların anadan olarkən diri-diri basdırılmasına İslamın qadağa qoymasını diqqətə çəkən İ.Qaspiralı hazırda qadına cismani və mənəvi əzab verən insanların şəriət və dövlət qanunlarına görə cəzalandırılmasını da dinin təsiri kimi səciyyələndirir. İ.Qaspiralı qadınla bağlı maraqlı bir məqama toxunur. Halına, vəziyyətinə görə qadınla bağlı verilən imtiyazları yüksək qiymətləndirən ədib, hamilə qadınların bir sıra cəzalardan, o cümlədən, qətl edilməkdən azad olmasını təqdir edir və bunu dini imtiyaz kimi dəyərləndirir.

 

İ.Qaspiralı qadının cəmiyyətdəki rolundan danışarkən qadının tərbiyəçi rolunu daha çox təqdir edir, millətin tərəqqisində onun rolunun əvəzedilməzliyini ön plana çəkirdi. Görkəmli ədibin roman və publisistik yaradıcılığında bu cəhətin təhlilində biz qeyd etmişdik ki, İ.Qaspiralıya görə bir şəhər və vilayətin qadınları cahil olsa, orada cahillik səviyyəsi yüksək olar. İ.Qaspiralının hekayə yaradıcılığında da bu tezis diqqət mərkəzində saxlanılır. "İvan və Süleyman” hekayəsində müəllif Süleymanın acınacaqlı hala düşməsini, ağır həyat tərzi yaşamasının səbəbini onun anası Həlimə xanımın rəftar və baxışları ilə bağlayır. Müəllif belə hesab edir ki, əgər Həlimə xanım savadlı olsaydı, oğlunun oxumasına mane olmaz, Süleyman da təhsilini davam etdirib bir savadlı gənc kimi həyatda mövqe tutardı. İ.Qaspiralı Süleymanın əksi olaraq onunla həmyaş olan İvanı misal gətirər və İvanın bütün uğurlarının səbəbini anası Mariyanın oğlunu təhsil almağa yönəltməsində görür. Müəllif haqlı olaraq maarif və məktəbi cəhalətə, nadanlığa son qoya biləcək yeganə varlıq hesab edir. O, hər bir insanın, hər bir millətin gələcəyini yüksək maariflənmədə görür və bu işdə qadının rolunu yüksək qiymətləndirirdi. "Hacının fərasəti” və "İki imam” hekayəsində qoyulan problem məhz yuxarıda səslənən fikirlərlə birbaşa bağlanır. "Hacının fərasəti” hekayəsində üç qardaşın hekayəsi verilsə də, bu fonda tərbiyə məsələlərinin təbliği əsas yer tutur. Cəlal, Sabit və Cəmil adlı üç qardaş ataları Müslümün ölümündən sonra onlara qalmış var-dövlətin mübahisəsiz sahibi olaraq həyatlarını davam etdirirlər. Böyük qardaş Cəlal Həcc ziyarətinə gedir və səkkiz illik səyahətdən sonra geri qayıdır. O, doğma qardaşlarının yanına gələrkən qardaşların ailə həyatı qurduğunu və birinin 6, digərinin 5 yaşında oğlunun olduğunu gördükdə, olmazın dərəcədə sevinir, uşaqları dizi üstə oturdaraq onlara nəvaziş göstərir. Uşaqların geyimlərinin səliqəli, əl-üzünün təmiz, dırnaqlarının kəsilmiş və s. olduğuna diqqət kəsilib, gəlin xanımları görməsə də, onlar haqqında heç kəsdən məlumat almasa da, həmin gəlinlərin əxlaq və mədəniyyət baxımından yüksək, xüsusilə yaxşı ana olduqlarını qeyd edir. Qaspiralıya görə, ana qayğısı və tərbiyəsi insanın formalaşmasında əsas təməldir. Bu təməl təkcə ayrılıqda bir fərd üçün deyil, həm də cəmiyyət üçün əhəmiyyət kəsb edir. "İki imam” əsərində qoyulan problem məhz cəmiyyət müstəvisində həllini tapır. Müəllif əsərdə Çin ölkəsində Qansu və Sinanko adlı müsəlman vilayətlərinin mövcudluğundan söhbət açır. Daha sonra hər iki vilayətin imamı haqqında haşiyə çıxır. Bu haşiyə eyni dinə qulluq edən iki imamın fərqli cəhətlərini özündə əks etdirmək baxımından xarakterikdir: "Qansu imamı müslüm və müslümələrin bacardıqca təhsil və elmdən məhrum qalmamalarını nəsihət və təşviq etdiyindən, Qansuda kişi və qadınlar təhsil görüb başqa elmlərdən xəbərdar olmasalar da, dini elmlərə aşina ola bilmişdilər.

 

Sinanko imamı, bəzi zəif məsələlərə istinadən, qadın-qızın təhsilinə maraq göstərməyib qadınların cahil qalmasına səbəb olmuş idi”. Göründüyü kimi, müəllif iki şəxsin fəaliyyət, maraqları dairəsində onların dünyagörüşü və baxışlarındakı əsaslı fərqləri üzə çıxarır, bu fərqlər müstəvisində ideyanı açıqlaya bilir. Əsərin məzmunundan aydın olur ki, çinli çoban donuz sürüsünü apararkən donuzlardan biri ayrılıb caminin həyətinə girir. Cami gözətçisi donuzu həyətdən çıxarmaq üçün bir daş atır və daş donuzun qulağına dəyir, donuz bərkdən özünəməxsus səs çıxarmağa başlayır. Çinli çoban bunu gördükdən sonra gözətçiyə hücum edir. Səs-küyə müsəlman və çinlilər yığışır. Dava düşür, müsəlmanlar çinliləri döyür və öz hökumətlərini qururlar. Bunu eşidən Çin hökmdarı qoşun çəkərək hər iki müsəlman vilayətinin kişilərini qılıncdan keçirir, qadın və uşaqları əsir etdirir. Əsir düşmüş müsəlmanlar uzun müddət çinlilərin təsiri altında yaşamağa məcbur olurlar. Qadınları savadsız olan Sinanko əhalisi yad təsirlərə tab gətirməyib dinlərini itirirlər. Əksinə, Qansu əhalisinin qadınları dünyaya gəlmiş yeni nəslin təlim-tərbiyəsi ilə məşğul olmaqda davam edərək onların milli-mənəvi, dini aşınmaya düçar olmasına imkan vermirlər. Bu məntiq qadının cəmiyyətdəki rolunun yüksəkliyini bir daha təsdiq edir və əsərdəki son cümlə sənətkarın təsdiqlədiyi həqiqətin özünəməxsus ifadəsinə çevrilir: "Analara elm, bilik və hünərin lazım olmadığını kim söyləyə bilər?”

 

İ.Qaspiralı qadına əsas olaraq tərbiyəçi kimi baxsa da, onun ictimai-siyasi həyatdakı rolunu heç də əhəmiyyətsizləşdirmir, əksinə cəmiyyətin inkişafında, idarə olunmasında qadınlara həmişə ehtiyac olduğunu qeyd edir. Yazıçı-publisist "Böyük qadınlar” adlı yazısında "fakat böyle ise de tarihi-siyasiyede, ilmiye ve edebiyede namlarını kaldırmış kadınlar yok degildir” deyərək, qadın-hökmdar, qadın-ədib, qadın-alim və s. cəhətlərə diqqət yönəldir. Bu sırada tarixi ekskursiya edərək Babil padşahı Semiramidanın, Misir hökmdarı Kleopatranın, İngiltərə kraliçası Yelizavetanın, Viktoriyanın, Avstriya imperatriçası Maria Terezanın, Rusiya imperatriçaları Yelizaveta və Yekaterinanın, İslam dinini ilk qəbul edən xanım Xədicənin və s. adlarını çəkir, onları  tarixdə gördüyü işlərə və şəxsiyyətlərinə uyğun dəyərləndirir. Məsələn, İ.Qaspiralı Babil hökmdarı Semiramidanı bütün İranı, Sırdəryanı, Türküstanı, Əfqanıstanı və s. fəth edərək böyük dövlət yaradan qadın hökmdar, Misir hökmdarı Kleopatranı ölkəsini işğal edən romalıların canlı əsiri olmamaq üçün intihar edən namus və həya nümunəsi, Rusiya imperatriçası II Yekaterinanı rus dövlət sərhədlərini genişləndirən, ölkəni tərəqqi etdirən cəsarətli dövlət başçısı və s. kimi qiymətləndirir, onları səriştə etibarı ilə kişilərə bərabər tutur. İ.Qaspiralı qadınların hökmdarlıq, sərkərdəlik və s. qabiliyyətindən danışarkən bəzi hallarda onları kişilərdən də üstün tutur. Biz bu halın bariz nümunəsini yazıçının "Arslan qız” romanının baş qəhrəmanı Gülcamalın simasında daha aydın görürük. Qəhrəmanlıq və vətənpərvərlik mövzusunda yazılmış bu əsərdə yazıçı Gülcamalın timsalında qəhrəman türk qadın tipini təqdim edir və onun şərəfini yüksəltmiş olur.

 

Ümumiyyətlə, Qaspiralı zərif cinsin nümayəndələri adlandırdığımız qadınları həm böyük qüvvə, həm də bəşər cəmiyyətinin əsası hesab edərək, onların tərəqqi etmələrini arzulamış, bəşəriyyətin nicatını qadınların savadlanmasında axtarmış, onların cəmiyyətdə mövqe tutmasını vacib, eyni zamanda faydalı hesab etmişdir. Bir sözlə, İsmayıl Qaspiralı qadını məhdud çərçivədən çıxararaq, onu geniş ictimai-siyasi, milli-mənəvi dairədə təqdim etmiş, qadınların cəmiyyət üçün əhəmiyyətli olduğunu diqqət mərkəzində saxlamışdır.

 

Elman Quliyev,

professor               

 

Kaspi 2018.- 28 mart.- S.15.