“Bizim evdə o qədər ulduzlar
parlayıb ki…”
Aybəniz Əkbər: “Tahir
Əkbər barədə keçmiş zamanda danışmaq
çox çətindir”
Mart bayramlar ayı olsa da, ayın elə ikinci günündə Azərbaycanın sevilən bəstəkarı, Əməkdar incəsənət xadimi Tahir Əkbərin ölüm xəbərini aldıq. Tahir Əkbərin Azərbaycan musiqisinə verdiyi töhfələr təbii ki, əvəzedilməzdir. Onun ölümü ələlxüsus da, Tahir Əkbərin qəlbindən notlara süzülən o musiqiləri sevənləri məyus etdi. Mərhum bəstəkarın ailəsinə baş sağlığı verib, onlarla Tahir Əkbərin musiqisindən, mahnılarından danışdıq. Bu barədə danışmaq mərhum bəstəkarın həyat yoldaşı Aybəniz Əkbər və qızı Bəhriyyə xanım üçün çətin idi.
- Tahir Əkbərin vəziyyəti ağır olanda Bəstəkarlar İttifaqına müraciət etdim və onlara bildirdim ki, bəstəkarımızın vəziyyəti pisdir. 2015-ci ildə əməliyyat olunandan sonra vəziyyəti getdikcə ağırlaşmağa başlamışdı. Məhz buna görə Bəstəkarlar İttifaqına müraciət etdim.
- Tahir Əkbərin vəziyyətinin
ağır olduğunu deyəndə sizə hansı reaksiyalar
verildi?
- Əvvəla onu qeyd edim ki, vəziyyətdən xəbərdar olan vitse prezidentimiz Mehriban xanım Əliyeva bizə öz yardım əlini uzatdı. Ona təşəkkür edirəm. Tahir Əkbəri 1 saylı Şəhər Kliniki Xəstəxanasından Respublika Diaqnostika Mərkəzinə götürdülər. Xəstəxanaya götürüləndə Tahir müəllim danışa bilmirdi. Bir dəfə televizorda ona göstərdim ki, səni artıq Mehriban Əliyeva dəstəkləyir. O, sevindiyindən ağladı. Çünki birinci dəfə idi ki, sənətinin, çəkdiyi əziyyətlərin qarşılığını görürdü. Ondan sonra bəzi dövlət adamları var idi ki, Tahir müəllimə dəstək oldular.
- Ən
böyük arzusu nə idi?
- Ən böyük arzusu Azərbaycanda ev almaq idi. Atasının Daşkənddən Bakıya dəyişdirdiyi 2 otaqlı evdə yaşayırdı. Hər zaman deyirdi ki, görəsən mənim öz evim olacaqmı? Onun böyük bir kitabxanası var idi. Qızımızın təhsil haqqını ödəyə bilmədiyimiz üçün evimizi satıb daha kiçik -1 otaqlı evə köçəndə məcbur qalıb, kitablarını köhnə binamızın altındakı zirzəmiyə qoyduq. Arzusu o idi ki, nə vaxtsa evi olsa, o kitabları geri götürsün. Digər arzusu isə opera yazmaq idi. Onun kimi, muğamdan muğama keçidlər edən çox az bəstəkar vardı. Türkiyədə məşhur kanon çalan Halil Karatuman bəstəkarımızın 1989-cu ildə yazdığı "Əzizim” mahnısını öz adına çıxarmışdı. Biz orada milli dəyərləri və musiqilərin qoruyan əlaqəyə girdik və bu mahnıların Tahir müəllimə məxsus olduğunu bildirdik. Türk səfiri ilə görüşdük. Onlar Tahir müəllimdən türk xalqı adından üzr istədilər. Bu əsəri çox bəyənmişdilər. Hansı ki, bu əsər Az.TV-də qızıl fonda saxlanılır. Tahir müəllimin həmin qurumdan qeydiyyatdan keçirmək üçün 30 əsərini topladıq. Ancaq onları qeydiyyatdan keçirmək bəstəkara qismət olmadı. Bu missiyanı isə mən davam etdirəcəyəm. Tahir müəllim öz layiqli yerində deyildi. Özü də kim olduğunu bilirdi, xalq da.
- Siz onu ilk dəfə həkimə
aparanda, nə dedilər?
- Baş
həkim dedi ki, artıq gecdir. Onu indiyə qədər
qorumaq lazım idi. Beyni zədələnmişdi.
Tahir müəllim çox yorulmuşdu. O,
uşaqlıqdan çətin günlər görərək
gəlmişdi. O qədər vətən həsrəti
çəkmişdi ki... Azərbaycan onun
üçün çox dəyərli idi. Atası müfəttiş idi. İşi
ilə bağlı bir çox ölkələri gəzirdi.
Tahir də müxtəlif ölkələrdə
məktəb oxuyub və universitetə gedib. Ona görə də onun indi burda nə sinif, nə də
qrup yoldaşı var. Tahir Əkbər vətənsiz qala
bilmirdi. Öz millətinə, kökünə
bağlı bir insan idi. Onunla bağlı keçmiş
zamanda danışmaq bizim üçün çətindir... Vətəninə
bağlı insan idi və bu səbəbdən davamlı
olaraq torpaq və onun müqəddəsliyi ilə bağlı
əsərlər yazırdı. Onun əsərləri
seçilirdi. Bilirsiniz ki, eyni zamanda simfonik
əsərlər də yazırdı. Tahir
müəllimin yüzlərlə mahnısı Türkiyədə
oxunurdu. Elə adi "Amin” mahnısı Avropada səslənib. Sizə
başqa bir misal da çəkim, Tahir müəllimin 10 il bundan qabaq "Yarəb” mahnısı Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən alınıb. Onun bu
mahnısı Filarmoniyada səsləndi və Şəfiqə
Axundova efirdə dedi ki, Azərbaycan Filarmoniyasında bu
mövzuda əsər qoyulmayıb.
Təklif olundu ki, bu əsər nazirliyə
satılsın. O zaman Tahir müəllimin heç bir fəxri
adı da yox idi. Bəstəkar
nazirliyin nümayəndəsindən ona nə zaman fəxri ad
veriləcəyini soruşmuşdu. Əsərlərini
aldıqları halda, ona demişdilər ki, baxaq görək hələ
siz bu ada layiqsinizmi? Tahir müəllim yeganə bəstəkardır ki,
Azərbaycanda üç nəsillə işləyib. Şövkət Ələkbərovadan tutmuş Mirzə
Babayev, Zeynəb Xanlarova, Elmira Rəhimova. İkinci
nəsil isə bu günün xalq artistləridir. Bir də bu gün gündəmdə olan gənc nəslin
bir qismi səhnəyə məhz Tahir Əkbərin
mahnıları ilə gəliblər.
- Məsələn hansı gənclər?
-
Çoxdur. Bir-bir onların adlarını çəkmək
istəmirəm... Elə birini misal çəkim Elton Hüseynəliyev. Tahir Əkbər həmin ifaçıya çox
kömək edib. "Azərstar” musiqi yarışmasından
çıxanda yaxın dostundan xahiş etdi ki, ona dəstək
olsun. O zaman Elton çox gənc idi. Həmin
insan Eltona dəstək oldu. Nazpəri Dostəliyeva
ilk dəfə 1996-cı ildə Tahir müəllimin "Sən
bəyənmədin” mahnısını oxudu. Onda bizim evdə ansambl da
yığılmışdı. Tahir
müəllim dostundan xahiş etdi, onu efirə
çıxarsınlar. Yəni o,
ifaçılara hər zaman öz kömək əlini
uzadırdı. Aşıq Samirə ilk dəfə bizə gələndə
çox cavan qız idi. Hansı birini
deyim? Bizim evdə o qədər ulduzlar parlayıb ki… Onların heç
biri Tahir müəllim xəstə olanda onu yada salmadılar.
Tahir Əkbər onlara çox dəstək
olmuşdu. İnsanlar var ki, Tahir müəllimin
musiqisi onları tarixə salıb. "Dərdin
alım”, "Heç küsməyin yeridirmi?”, "Sən elə
bir vaxtda rast gəldin mənə”, "Amin”, "Bir qız bir
oğlanındır” mahnıların hər biri musiqi tariximizdə
qalacaq.
- Həyat yoldaşı kimi necə
bir insan idi?
-
Çox gözəl insan idi. İndi bizim
üçün onsuz çox çətindir. Ailədə üç nəfər idik. Bizi bir-birimizə çox şeylər
bağlayırdı. Onun heç kimi
olmadığına görə, bizə çox bağlı
idi. Hələ də mənə onun
yoxluğu çatmır.
- İnsan yaxşı gündə də, pis
günündə də dostunu düşmənini
tanıyır.
Yəqin ki, bu qısa zaman kəsiyində bəstəkarımıza dəyər verən
insanları daha yaxından tanıdınız.
- Ətrafında ona dəyər verən insanlar var idi. Gərək
insanın özü dəyərli olsun ki,
qarşısındakı insanın dəyərli olduğunu
bilsin. Dəyərsiz insan bilmir ki,
qarşısındakı kimdir. Tahir müəllimin
mahnılarını müğənnilərimizin 80 faizi ifa
edib. Onların 10 faizi üzdədir. Onlar haqqında heç bir fikir bildirmək istəmirəm.
Çünki onlar başa düşmürlər
ki, qarşısındakı kimdir. Türkiyədən
Adnan Tayfun adlı bir müğənni Tahir müəllim xəstələnəndə
telefon etmişdi. O, Tahir Əkbərin əsərlərini
dinləyirdi. Ona bizim müğənnilər
ağlamalı idi, türklər yox. Axı
Tahir Əkbərin mahnıları ilə kifayət qədər
müğənnilər tanınmışdı.
- İfaçılar Tahir
Əkbərin mahnılarını oxuyanda halallıq
alırdılarmı?
- Yox. Mən çox təəssüflənirəm buna.
Bir dəfə ona sual vermişdilər ki, həyatda
ən çox nədən qorxursunuz? Cavab
vermişdi ki, həyatda ən çox biganəlikdən
qorxuram.
- Bəstəkarın son sözləri
nə oldu?
- O,
danışa bilmirdi. 4 ay xəstəxanada
qaldı. Mənə dedilər ki, Qurd
Qapısının yanında dəfn olunacaq. Heç Fəxri
Xiyaban arzusunda deyildim. Ancaq niyə də
olmasın? Qəmbər Hüseyn tarixdə bir
"Cücələrim” mahnısı ilə yadda qaldı.
Ancaq Tahir Əkbər "Amin”, "Arazbarı”, "Hər
birimiz Mübarizik, Fəridik”, "Dünya azərbaycanlılarının
həmrəylik himni”ni yazıb. Mən o mənzərə
ilə rastlaşanda çox məyus oldum. Orada şou yaratmaq istəməzdim. Tahir Əkbərin qəbri heç olmasa bir cərgə
qəbiristanlığın içində olsa idi, mən yenə
də nazirliyimizin qərarına hörmətlə
yanaşardım. İnsana bu dünyada qiymət
vermək lazımdır. Mən Tahir müəllimi
orada görə bilmədim. Mən ondan
üzümü çevirib qayıtmalı idim, o da orada kimsəsiz
kimi qalmalı idi. Bu çox çətin qərar oldu. Qəbrinin dəyişdirilməsini mən də istəməzdim
və bu qərarı vermək mənim üçün
çox çətin idi. Bu qərarı
da vermək hər insanın işi deyildi. Onun məndən və
qızından başqa heç kimi yox idi. Onun dəfn
olunduğu gün nazirliyin əməkdaşına dedim ki, təşəkkür
edirəm, ancaq mən Tahir müəllimi bura layiq
görmürəm. Dedilər ki, buyurun, bu sizin
haqqınızdır.
Bəhriyyə:
"Bir müddətdən sonra bəzi müğənnilərə
atamın əsərlərini oxumağa icazə verməyəcəyəm. Çünki
atamın pis günlərində onların münasibətlərini
gördüm. Zamanında atamın o
ifaçılara etdiyi yaxşılıqların şahidi
olmuşam. Hansı ki, o ifaçılar
atamın mahnıları ilə tanınıblar. Atam xəstələnəndə
və son mənzilə yola salınanda belə, gəlmədilər. Bu, mənə çox təsir etdi. Biz onu dəfn
edəndə biri "bizim kənddə bir insan öləndə
onu basdırmağa bundan çox adam gəlirdi”
dedi. Bəs mən buna necə reaksiya verməliyəm?
Yerimə siz olsanız hansı reaksiyanı verərsiniz?
Atam mənə demişdi ki, əgər məni
dəyərsiz şəkildə dəfn etsələr, əsərlərimin
ifasına qadağa qoy. Mən də o
şəkildə edəcəyəm. Bəzi
ifaçılara atamın mahnılarını oxumağa
qadağa qoyacağam. Onun ən azı haqqı idi ki, ikinci Fəxri
Xiyabanda basdırılsın. Çünki
o, Azərbaycana kifayət qədər dəyərli əsərlər
bəxş etmişdi".
- "Youtube”da onun bəstələrinə diqqət etsəniz, görərsiniz ki, həddən artıq baxış sayı var. Elə "bəstəkarlar” var ki, onlara Tahir müəllimə göstərilən marağın yarısı belə göstərilmir. Çox bəstəkar var, ancaq hamısı xalqın sevimlisi ola bilmir. Bu bir lütfdür. Tahir Əkbər ziyalı, mədəni insan idi. Elə insanlar var ki, onlar toxunulmazdır və xalq tərəfindən sevilir və onlarla oynamaq olmaz. Xalq sevgisinin qarşısında durmaq olmaz. Baxın görün sosial şəbəkələrdə bir adam Tahir müəllimə söyürmü? Ancaq elə sənətkarlar var ki, titulları, fəxri adları var, ancaq ölkədə o qədər qıcıq doğurub ki, ünvanına nalayiq sözlər yazırlar. Tahir Əkbər yeganə insandır ki, heç kim onun haqqında pis söz yazmır. Bəstəkar olmaq olar, amma mədəniyyət insana Allah tərəfindən verilir. Ziyalılıq insanın qanından gəlir. Bəzi bəstəkarlar var ki, fəxri adlarını, titullarını, ordenlərini saymaqla bitmir, onların ölümünə xalq çox az və zəif reaksiya verir. Ancaq Tahir Əkbərin ölümünə çox reaksiya verildi. Tahir müəllimi, onun mahnılarını heç zaman unutmaq olmaz. Bu xalq Tahir Əkbəri unutmayacaq.
Xəyalə Rəis
Kaspi 2018.- 29 mart.- S.14.