31 Mart soyqırımı dünya azərbaycanlılarının tarixi yaddaş günüdür

 

Çoxəsrlik dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqı özünün azadlığı və istiqlalı uğrunda daim mübarizə aparmış, Azərbaycan tarixinin əhəmiyyətli və yaddaqalan dövrlərindən olan XX əsrin əvvəllərində dövlət müstəqilliyini elan etmişdir.

 

1918-ci il mayın 28-də müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirmişdir.

 

Bu tarixi hadisənin 100 illiyi münasibətilə möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən xüsusi Sərəncam imzalanmış, ölkədə və onun hüdudlarından kənarda cümhuriyyətin 100 illik yubileyinə həsr olunan silsilə tədbirlər keçirilir. Heç də təsadüfi deyil ki, dövlət başçısının digər Sərəncamı ilə 2018-ci il respublikamızda "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunmuşdur.

 

Azərbaycan Xalq Cümhuriyyəti XX əsrin sonunda yenidən istiqlaliyyətinə qovuşan müstəqil Azərbaycanın şərəfli tarixində böyük mərhələnin başlanğıcını qoymuşdur.

Lakin cümhuriyyət yaranmamışdan əvvəl xalqımızın mövcudluğunu belə şübhə altında qoyan faciələr baş vermiş, fasilələrlə iki yüz ildən çox davam edən erməni şovinist millətçilərinin azərbaycanlılara qarşı soyqırımı siyasətinin əsas məqsədi bu ərazilərdə "Böyük Ermənistan” dövləti yaratmaq olmuşdur. Mənfur siyasətin reallaşdırılması üçün ardıcıl olaraq ideoloji, hərbi və təşkilati xarakterli tədbirlər həyata keçirilmişdir.

 

XIX əsrdən xalqımızın tarixi kobud surətdə təhrif olunmağa, erməni tarixçiləri və ideoloqları tərəfindən torpaqlarımızın, mədəniyyət abidələrimizin ermənilərin adına çıxmağa başlamışlar. Azərbaycanlıların soyqırımı təcavüz, terror, hətta ayrı-ayrı vaxtlarda irimiqyaslı hərbi əməliyyatlarla müşayiət olunmuşdur.

 

1918-ci il mart-aprel aylarında erməni daşnak və bolşevik dəstələri tərəfindən bütöv bir xalqın kökünün kəsilməsi məqsədilə törədilmiş azərbaycanlıların soyqırımı bəşəriyyət əleyhinə törədilmiş ən dəhşətli faciə olmuşdur. Vaxtilə Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin yaratdığı Fövqəladə İstintaq Komissiyasının soyqırımın araşdırılması ilə bağlı böyük iş görərək topladığı istintaq materialları tarixi həqiqətlərin aşkara çıxarılmasında böyük rol oynamışdır.

 

Həmin dövrdə Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində erməni-bolşevik təcavüzkar dəstələri tərəfindən minlərlə dinc azərbaycanlının, o cümlədən qadınların, uşaqların, qocaların qətlə yetirildiyi, neçə-neçə kəndin dağıdıldığı, mühüm tarixi mədəniyyət abidələrinin yandırıldığı və uçurulduğu Fövqəladə İstintaq Komissiyasının rəsmi materiallarında öz əksini tapmışdır. İri sənayeçilərə, zavod, liman, neft mədənləri sahibkarlarından başlayaraq çoxsaylı mülki, sosial və ticarət obyektlərinin sahiblərinə yüz milyonlarla dəyərində maddi ziyan vurulmuşdu. Azərbaycanlıların mədəni-ictimai və dini mərkəzini təcəssüm etdirən "İslamiyyə” – Müsəlman Xeyriyyə Cəmiyyətinin binası dağıdılmış, "Kaspi” və "Açıq söz” qəzetlərinin, "Dağıstan”, "İsgəndəriyyə” və "İslamiyyə” mehmanxanalarının binaları və müsəlmanların qaldıqları mehmanxana və karvansaralar orada olan insanlarla birlikdə yandırılmışdı. Bu dəhşətli qırğınlar zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar etmiş, əhalini uşaqdan böyüyə qətlə yetirmişlər.

 

Xalq Cümhuriyyəti dövründə əvvəlcə Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərmiş, sonra isə Ədliyyə Nazirliyinin sərəncamına verilmiş Fövqəladə İstintaq Komissiyasının arxiv materiallarından aydın olur ki, 1918-ci ildə yenicə fəaliyyətə başlayan cümhuriyyət hökumətinin ilk addımlarından biri məhz soyqırımı hadisələrini araşdırmaq, ona hüquqi qiymət vermək, dünyanı məlumatlandırmaq olmuşdur. Təsadüfi deyil ki, 31 mart tarixi iki dəfə – 1919-cu və 1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi.

 

Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi müasir müstəqil Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi işlərin məntiqi davamı olaraq, soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul etmiş, ölkəmiz müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə etmişdir.

 

Qeyd olunmalıdır ki, xalqımıza qarşı həyata keçirilmiş soyqırımı siyasətinin uzun tarixi olsa da, rəsmi sənədlər daim gizlədilmiş, təhrif olunmuşdur. Bu barədə əsl həqiqətlər yalnız ulu öndər Heydər Əliyevin qətiyyəti sayəsində dünya ictimaiyyətinə çatdırılmışdır. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılmış, təhrif edilmiş hadisələr özünün əsl qiymətini almağa başlamışdır.

 

Ümummilli lider Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə 1918-ci ildə erməni-bolşevik dəstələrinin azərbaycanlılara qarşı törətdikləri soyqırımına tarixi qiymət verilmiş, 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. Həmin Fərmanın imzalanmasından 20 il ötür. O gündən etibarən soyqırımı qurbanlarının xatirəsi dərin ehtiramla yad edilir, ölkədə və ölkə xaricində silsilə tədbirlər, anım mərasimləri keçirilir.

 

Ötən 20 il ərzində aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanmış, üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut etmişdir.

 

Azərbaycan həqiqətlərinin dünyada yayılması istiqamətində görülən işlərin miqyası daha da artmışdır. Bu işdə Azərbaycan dövləti ilə yanaşı, Heydər Əliyev Fondu da çox mühüm və tarixi işlər görür. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Fond istər ölkədən kənarda, istərsə də respublikamızda bu istiqamətdə çox vacib layihələr reallaşdırır.

 

2007-ci il aprelin 1-də Quba rayonunda torpaq işləri görülərkən ərazidə aşkar olunmuş kütləvi insan məzarlığı erməni terrorçularının xalqımıza qarşı törətdikləri qanlı faciənin bariz nümunəsidir. Quba şəhərindəki kütləvi məzarlıqda soyqırımı nəticəsində hədsiz amansızlıq və xüsusi qəddarlıqla öldürülən azərbaycanlılarla yanaşı ləzgilər, yəhudilər, tatlar və digər milli azlıqlara mənsub olan minlərlə insanların zorakılığa məruz qaldığı aşkar edilmişdir.

 

Dövlət başçısının 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində yaradılmış "Soyqırımı memorial kompleksi” ermənilərin qanlı izlərini, onların əsl simasını, vəhşiliklərini, cinayətkar əməllərini bütün dünyaya çatdırmaq, soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək baxımından çox böyük tarixi məna daşıyır.

Artıq 1918-ci ildə törədilmiş azərbaycanlıların soyqırımından 100 il ötür. Ölkə Prezidenti cənab İlham Əliyevin bu ilin yanvarında imzaladığı "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamı erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılmasında müstəsna əhəmiyyətə malikdir.

 

Ermənilər və onların tarixi havadarlarının soydaşlarımızın başına gətirdikləri müsibətlərin həm ölkə, həm də beynəlxalq ictimaiyyətin mühakiməsinə çıxarılmasında Azərbaycan vətəndaşlarının, xarici ölkələrdəki azərbaycanlı icmalarının, Azərbaycan diasporunun üzərinə böyük məsuliyyət düşür. Ermənilərin saxta təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, düzgün hüquqi-siyasi qiymət vermək, əsl soyqırımı haqqında həqiqətləri çatdırmaq, yanlış stereotipləri dağıtmaq nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi davam etdirilməlidir. 31 Mart soyqırımı dünya azərbaycanlılarının kədər və hüzn, tarixi yaddaş günüdür. Bu kütləvi qırğından yüz il keçsə də, soyqırımı qurbanlarının xatirəsi xalqımızın qəlbində daim yaşayacaq, faciəni törədənlər gec-tez layiqli cəzalarını alacaqlar.

 

Məhərrəm Əliyev,

Azərbaycan Respublikası

ədliyyə nazirinin müavini

 

Kaspi  2018.- 29 mart.- S.6.