SƏNƏTİN
DÜŞÜNDÜRMƏK GÜCÜ
Karikatura ustası Bayram Hacızadənin
sənət dünyası haqqında
Novruz
bayramı ərəfəsində Azərbaycan
Respublikasının Əməkdar incəsənət xadimi, sənətşünaslıq
üzrə fəlsəfə doktoru, professor Bayram Hacızadənin
Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü
seçilməsi xəbərin aldıq. Bu xoş müjdənin
önəmli cəhəti Azərbaycan
sənətkarının bu nüfuzlu elmi-yaradıcı quruma
xarici ölkələrdən seçilən ilk
karikaturaçı-rəssam olması idi. Qənaətimizcə,
160 illik mövcudluğu ərzində bilavasitə klassik sənət
sahələri təmsilçilərinin fəaliyyətini dəyərləndirməyə
üstünlük verən akademiyanın bu dəfə öz
sıralarına satirik rəsm-karikatura ustasını qəbul
etməsi ilk növbədə Bayram Hacızadənin öz
yaradıcılığında klassik karikaturaya onun yeni bədii-estetik
nəfəs verməsi ilə bağlı olmuşdur.
Doğrudan da, əsərlərində Azərbaycan milli klassik
karikaturasının banisi Əzim Əzimzadənin (1880-1943)
yaratdığı bədii ənənəni uğurla davam
etdirən, karikaturanı fəlsəfi tutuma bələməyə,
onun təzadlarla dolu olan cəmiyyətə "aynaya
çevirməyə nail olması ilə həm də
özünün yaradıcı-vətəndaş mövqeyini
sərgiləyən Bayram Hacızadə bu gün haqlı
olaraq onun milli məkanda lideri kimi tanınır. Əsərlərinin
bu günə kimi çoxsaylı Beynəlxalq müsabiqələrin
mükafatına layiq görülməsi isə həm də rəssamın Azərbaycan
təsviri sənətinin təbliğinə layiqli töhfəsi
sayılır. Bayram Hacızadənin karikatura janrının
yenidən və hərtərəfli öyrənilməsi ilə
bağlı apardığı davamlı tədqiqatların
sanballı dissertasiyada və çoxsaylı kitablarda öz əksini
tapması da Azərbaycan sənətşünaslıq tarixinə əvəzolunmaz elmi xidmətdir...
Bu il tanınmış
karikatura ustasının
anadan olmasının
50 illiyi tamam olur. İndiki halda bu yaşın
yaradıcı üçün
az, yaxud da çox olduğuna
aydınlıq gətirməkdən
uzaq olmaqla, yalnız onu xatırlatmaq istəyirik bu yaş ona
inamla geri baxmağa mənəvi hüquq verən tutuma malikdir. Qənaətimizcə, Bayram Hacızadənin
geri baxmağa-bir yaradıcı kimi ərsəyə gətirdiklərinə
sərraf gözü ilə baxmağa haqqı çatır.
Belə ki, onun karikaturaçı-rəssam,
tədqiqatçı-alim və
pedaqoq kimi fəaliyyəti səmərəli
və qürurverici olmuşdur. Gəlin bu yola birlikdə
nəzər salmağa
və onu dəyərləndirməyə çalışaq...
Bayram Hacızadənin
bir qərinəni əhatə edən yaradıcılığında çoxsaylı mövzuların
səmimi, tamaşaçısını
tam inandıra biləcək
bədii-satirik yozumunu
görmək olar. Bu da rəssamın sənətə gəlişində
və sahə seçimində yaradıcı
insan kimi onu gələcəkdə
nələrin gözlədiyinə
hazır olmasını
sübut edir. Elə bu səbəbdən
də Bayram Hacızadənin davamlı
yaradıcılıq axtarışlarını
vaxtaşırı dövri
mətbuatda "Kirpi
satirik jurnalında,
"Kommunist, "Ədəbiyyat
və İncəsənət,
"Sovet kəndi,
"Azərbaycan gəncləri,
"Bakı, "Kolxozçu,
"Bilik, "Azərbaycan
və digər qəzetlərinin səhifələrində
izləmək mümkündür.
Satiranın başlıca
məqsədinin həyat
həqiqətlərini söyləmək,
rəssamın özünün
təbirincə desək,
"tənqid və ifşa olduğunu nəzərə alsaq, onda Bayram Hacızadənin
əhatə olunduğumuz
mühitin əksər
sahələrinə tutduğu
"bədii güzgünün
kifayət qədər
reallığa söykəndiyini
söyləyə bilərik.
Onun mövzu seçimində süniliyə və uydurma motivlərə meyl duyulmur. Həyatımızın ən müxtəlif
sahələrində "cücərməyə
başlayan xoşagəlməz
hallara, ziyanlı vərdişlərə vətəndaş
mövqeyi sərgiləyən
rəssamın cəmiyyəti
xəbərdar etmək
istəyi güclüdür.
Rəssamın tənqid hədəfinə
tuş gələn ən müxtəlif peşə adamlarının
əməllərinin bədiiləşdirilməsindən
qaynaqlanan orijinal baxışı, dərin
məna-məzmun tutumu,
etiraf edək ki, əksər hallarda həsədaparıcıdır.
Bayram Hacızadənin satirasında
hadisə və obrazların komik şişirtmə və nisbi qrotesk prizmasından
keçirilməsini, təsvir
etdiklərinin acı gülüş hədəfinə
çevrilməsini aydın
görmək olar.
Bununla belə, rəssamın fırçasından
çıxan və tamaşaçıda gülüşlü,
düşündürücü ovqat yaradan satirik
ruhlu bədii təsvirləri mahiyyətinə
görə gerçəkliyin
daşıyıcısı, təqdimi və bədii həllinə görə isə sadə və həyatidir.
Bayram Hacızadənin yaradıcılığında
xalqımızın malik
olduğu mənəvi
dəyərlərin daşıyıcılarından
sayılan dahi şəxsiyyətlərə Mirzə Fətəli Axundov, Mirzə Ələkbər Sabir və Üzeyir Hacıbəyliyə
həsr olunmuş əsərlərin mövcudluğu
da təbii və məntiqlidir. Onun M.Ə.Sabirin "Hophopnaməsinə çəkdiyi
satirik təsvirlərində
yeni münasibətə,
şairin çoxqatlı
poeziyasına dərin
nüfuzetməyə rast
gəlirik.
Qənaətimizcə, yüz il
əvvəl "Hophopnamənin
dərdə bələnmiş
misralarına bədii
əyanilik gətirmiş
Əzim Əzimzadə
çəkdiklərində oxucularından "Görəsən,
Sabir nə vaxta kimi müasir
qalacaq? sualına cavab gözləyirdisə,
bu gün onun xələfi Bayram Hacızadə də oxşar sualı soydaşlarına
təkrar-təkrar ünvanlamaq
məcburiyyətindədir. Rəssamın nigaranlığına
nə vaxt son qoyulacağını biz bilmirik,
deyəsən, onun özü də...
Adı dünyanın
tanınmış karikatura
ustaları ilə yanaşı çəkilən
Bayram Hacızadənin
sənəti həsədaparıcı
dərəcədə insanidir
desək, həqiqəti
söyləmiş olarıq. Rəssamın incə müşahidə
qabiliyyətindən xəbər
verən çoxsaylı
karikaturalarında onun
baş verənlərə,
insanların davranışlarına
çox diqqətli nüfuzedici şəkildə
göz qoyduğu aydın duyulur. Bu yanaşmada o, təkcə
rəssam və ya tənqidçi kimi çıxış etmir. O, çox vaxt cəmiyyətin sosial durumundan qaynaqlanan təzadlara "Məndən ötdü, qardaşıma dəydi prinsipi ilə yaşamağa üstünlük
verən bəzi soydaşlarını özlərinə
və özgə hesab elədikləri həmyerlilərinə qarşı
diqqətli olmağa səsləyir. O, şəxsi
müşahidələrinin bədiiləşdirilməsində qroteskdən tez-tez istifadə etsə də, satirik əsərlərində sünilikdən
və uydurma obrazlar yaratmaqdan uzaq olduğunu təsdiqləyir.
Bayram Hacızadə
yaradıcılığının səciyyəvi xüsusiyyətlərindən
biri də əsərlərinin dərin
beynəlmiləl bədii-estetik
və mənəvi-psixoloji
tutuma malik olmasıdır. Müraciət etdiyi və bədiiləşdirdiyi ən
müxtəlif mövzuların
aktuallığına və
müasir bədii yozumuna görə hər bir ölkədə
izahatsız anlaşılması
da onun əsərlərinin
məkansız və zamansız olmasının
nəticəsidir desək,
yanılmarıq. Bu önəmli bədii məziyyətin hər bir yaradıcı insan üçün duyulası önəm kəsb etdiyini vurğulamaqla əlavə
etmək istərdik ki, Bayram Hacızadənin
ən nüfuzlu beynəlxalq müsabiqələrdə
ən yüksək mükafatlara layiq görülməsi də əsərlərinin sözsüz
başa düşülməsi
ilə izah olunur. Rəssamın
əsərləri ABŞ, Kuba,
Çin, Koreya, Türkiyə, Rusiya, Ukrayna, Suriya, İran, İsrail, Fransa, Polşa, Serbiya, Bolqariya, Ruminya və digər ölkələrdə
təşkil olunmuş
beynəlxalq müsabiqələrdə
qızıl, gümüş,
bürünc medallara,
xüsusi mükafatlara
və diplomlara layiq görülmüşdür.
Beynəlxalq müsabiqələrdə və festivallarda otuzdan artıq mükafat qazanmış Bayram Hacızadənin yüzdən artıq əsəri müxtəlif
kataloqlarda, albom və kitablarda dərc olunmuşdur.
Onun yaradıcılıqla
yanaşı səmərəli
təşkilatçılıq fəaliyyətinin nəticəsidir
ki, onun təsis etdiyi Azərbaycan Karikaturaçı
Rəssamlar Birliyi Beynəlxalq Karikaturaçılar
Təşkilatları Federasiyasının
(FEKO) tamhüquqlu üzvü
olmaqla milli incəsənətimizin dünya
ölkələrində tanıdılmasında
xeyli işlər görmüşdür.
Hər bir rəssamın bədii-texniki
vasitələrin tətbiqi
ilə formalaşmış
dəst-xəttinin ilk baxışdan
tanınması yaxşı
hal olduğundan belə bir yaradıcı
"mən ifadəsinin
yaranması və tədricən cilalanması
da Bayram Hacızadə üçün
önəmli məsələlərdəndir. Bayram Hacızadənin
tamaşaçısını güldürən və düşündürən əsərləri
əksər hallarda təqdim etdiyi maraqlı mövzu və məzmununa görə çox cəlbedicidir. Rəssam əsərlərinin
hansı bədii forma
və vasitələrlə
ifadə olunduğunu ikinci plana keçirsə
də, onları ənənəviləşdirməklə həm də özünün kamilləşən
qrafik yozumuna sadiq qalır. Qrafikanın bədii-texniki ifadə imkanlarına bələdçiliyini
hər bir əsərində nümayiş
etdirən Bayram Hacızadənin satirik lövhələrində istər
cizgi "oyunları,
istərsə də rənglərin rəmz daşıyıcılığı ilə əyaniləşdirməsində
nəhayətsiz estetik
çalarlara rast gəlmək mümkündür.
Əksər əsərlərində tünd xətlərə əlavə olunan və təsvirin psixoloji çoxqatlılığının
üzə çıxarılmasında
yardımçı olan
incə cizgilərin mövcudluğu rəssamın
özünəməxsus bədii
tapıntılarındandır.
Bayram Hacızadənin 2008-ci ildə
"Azərbaycanda karikaturanın
inkişafı mövzusunda
uğurla dissertasiya müdafiə edib "Sənətşünaslıq üzrə
fəlsəfə doktoru
elmi dərəcəsi
almasını da onun bu sahənin
davamlı tədqiq etməsinin məntiqi nəticəsi saymaq olar. Elə həmin ildən
Azərbaycan Dövlət
Mədəniyyət və
İncəsənət Universitetində
"Karikatura tarixi fənnini tədris edən rəssam hazırda həmin təhsil ocağının
professorudur. Onun
2007-ci ildə Azərbaycan
Respublikası Prezidentinin
sərəncamı ilə
"Azərbaycan Respublikasının
Əməkdar incəsənət
xadimi fəxri adına layiq
görülməsi isə
rəssamın milli incəsənətimizin inkişafına
verdiyi töhfələrə
görə rəsmi dəyərləndirilməsidir. Qənaətimizcə, bu,
19 monoqrafiyanın, 70-ə yaxın
elmi və publisistik məqalənin, tədris vəsaitləri və proqramlarının müəllifinin yaradıcı-pedaqoji
fəaliyyətinə verilən
qiymətdir...
Ziyadxan Əliyev
Kaspi 2018.- 31 mart.- S.24.