Uçurum “peyğəmbəri”
Leonid Andreyevin “İuda İskariot”
romanı haqqında
Yazıçının nifrəti
Şəxsimizə qarşı pislik görmədiyimiz bədxah,
xeyirsiz insanlara qarşı münasibətimiz necə
olmalıdır? Başqalarının həmin pis insan barədəki
rəylərini nəzərə almalıyıqmı?
"Kimin günahı yoxdur?”, "kim haçansa əlini
şərə bulaşdırmayıb?” və s. ifadələrlə
bəzən bəraət də qazandırırıq həmin
bədxahlara. Amma insan az, yaxud çox
günah törədibsə, deməli, ətrafda ona
qarşı buna müvafiq olaraq da müəyyən fikir
formalaşır.
Leonid
Andreyevin "İuda İskariot” adlı kiçik romanı
belə bir cümlə ilə başlayır: "İsa Məsihə
dəfələrlə xəbərdarlıq etmişdilər
ki, Kariotdan olan İuda ətrafda yaxşı ad
çıxarmayıb və ondan ehtiyatlı olmaq
lazımdır”.
İuda haqqında ətrafda bircə nəfər xoş
fikir söyləyən olmasa da, o, İsanın həvariləri
arasına qoşula bilir. Amma yazıçı qəhrəmanını
o qədər kəmfürsət, nanəcib təsvir edir ki,
oxucu ilk səhifələrdən bu obraza qarşı nifrət
duymağa başlayır. Andreyev əsərin
əvvəlindən xeyrin tərəfində dayanaraq, şərin
mahiyyətini açacağını büruzə verir,
baş qəhrəmanına qarşı olan sonsuz nifrətini
gizlətmir. Bu əsərdə Şər
– İuda baş qəhrəmandır və əsər onun
üzərində qurulur, Xeyir – İsa Məsih isə ikinci
planda qalır. Əksi olsaydı, onda bu
kitab bədii yox, dini mahiyyət kəsb edərdi. "İncil”də İuda fraqmentar
görünür, bu əsərdə isə yox. Bununla da, yazıçı şəri fraqmentarlıqdan
çıxarır ("İncil”in əksinə olaraq),
şeytanlıq sözün geniş mənasında, hadisəyə
çevrilir.
Xarakterin
açılışı
Yazıçı
təbii olaraq İuda obrazının bədxahlığını,
xudpəsəndliyini bədii detallarla açır: İuda ətrafındakılara
o qədər yalan danışıb ki, özünə və
hər şeyə qarşı onda dərin inamsızlıq
formalaşıb, sanki "onu hər kəs aldadır, hətta
heyvanlar da: iti sığalladıqca heyvan onun
barmaqlarını dişləyir, əvəzində dəyənəklə
döyəndə ayaqlarını yalayır və rəhm diləyən
gözlərini ona zilləyir. O, bu iti öldürüb, dərin
bir quyuda basdırıb, hətta üstünə yekə bir
daş da qoyub. Amma kim bilir, bəlkə, tələf
edilən heyvan indi daha canlıdır və heç quyuda da
deyil, əksinə, başqa köpəklərlə birgə
sevincək ora-bura qaçır”.
Yalnız inamını itirənlər hədsiz
şübhəçil olurlar. Onlar həqiqətin
qarşısında dayananda belə onun xəyal, yoxsa
gerçəklik olduğunu götür-qoy edirlər. Halbuki, gerçəkliyi sadəcə dərk etmək
kifayətdir, şübhəçil insanlar isə həqiqəti
anlamaq əvəzinə, şübhələnməyə, yəni
mahiyyət etibarı ilə onunla məsafəli davranmağa –
nisbətən uzaq olmağa çalışırlar. Nəticədə həmin insanların inama, etibara əlləri
çatmır. Şübhə isə
qarşındakını (o, gerçək belə olsa)
görməyə mane olur. Əvəzində
gerçəkliyə qarşı ehtiyatlılıq, eyni
zamanda mübarizə əzmi yaradır. Şübhəçil
insanın mübarizəsi də gizli və şeytani olur.
İuda kimdir?
İuda əliəyridir,
daim pul oğurlayır və "sənətində” mahir
deyil deyə, o saat da tutulur. İsa onu hər dəfə
bağışlayır və bildirir ki, o, istədiyi qədər
pul götürə bilər. Yazıçı
qəhrəmanını əməlləri ilə
tanıdır. Nəhayət, İuda
İsa Məsihi kahin Annaya satır. Kahin
İudadan soruşur ki, biz İsa Məsihi həbs etsək,
onun həvariləri, tərəfdarları ayağa qalxmaz ki?
İuda ona belə cavab verir: "Əyilib daş
götürmək bəsdir ki, bu qorxaq köpəklər
dabanlarına tüpürüb aradan çıxsınlar”. Bu baxımdan İuda insanları, onların qorxaq
mahiyyətini yaxşı tanıyır. İudanın
müqəddəsliyə gedən yolu günahdan keçir, o,
peyğəmbəri satandan sonra onun kimliyini dərk edir. İuda mənini şeytaniliklə ifadə etdiyinə
görə, mahiyyətini də şərin vasitəsi ilə
dərk edir. İsanın ölümü
İudanın intiharına, cəzalandırılması isə
İudanın vicdanının yaralanmasına gətirib
çıxarır. Nəticədə İsa Məsih
güzgü rolunu oynayır: ona yara vuran özü
yaralanır, onu ağrılara düçar edən
özü mənəvi işgəncələrin məngənəsində
sıxılır. İuda İsa Məsihdən
iki gün çox yaşayır, bu dövr, bu zaman kəsiyi
Şərin iztirabının daha ağır və daha
uzunömürlü olacağına işarədir.
Bədəl
Kahin Anna İsanı satdığına görə,
İudaya otuz gümüş verir. İuda məbləğin
azlığından şikayətlənəndə kahin deyir:
"İstəmirsən, qapı açıqdır, gedə
bilərsən. Onu səndən də ucuz satacaq
birini taparıq”.
İuda "qazancını” götürməyə
ehtiyat edir, çünki o dövrdə bəzi adamlar kilsəyə
saxta pul bağışlayırdılar. İuda
İsanı saxta pula satacağından qorxur. Amma otuz gümüşü alır və onları
daşın altında gizlədir. O, kahinin yanından gələndən
sonra İsa Məsihə daha cani-dildən xidmət göstərməyə,
onun yanından bir an belə olsa
ayrılmamağa çalışır, hər cür fədakarlıq
edir. O, az məbləğ müqabilində
satqınlıq etməsini özünə bağışlaya
bilmir və buna görə də ciddi-cəhdlə baş verəcəklərin
qarşısını almaq istəyir. İuda
bütün həvarilərə peyğəmbəri
qorumağı tapşırır, onları gələcək
bəlalardan üstüörtülü şəkildə xəbərdar
edir. Ancaq heç kim, hər kəsdə
səfeh təəssüratı yaratmış İudaya
inanmır. Hətta o, İsanı qorumaq
üçün silah da əldə edir – iki qılınc
oğurlayır. Həvarilər onu oğurluğa görə
tənbeh edirlər, əməlinin səbəbini soruşanda
İuda belə cavab verir: "Axı hər şey hər kəsindir”.
Yəni bu dünyada hər şeyin bir sahibi var
və həmin sahib əldə etdiyini heç kəslə
bölüşmək istəmir, belə olan halda, bəzi
insanlara oğurluq etməkdən özgə çarə
qalmır.
İuda müəyyən mənada qalibdir, ancaq daha
çox dərəcədə məğlubdur. O, İsa Məsihi
ölümün pəncəsinə verir, ancaq onu
ölümün pəncəsindən almaq iqtidarında deyil. Qədər önündə, aqibət
aydınlaşanda Şeytanın məğlubiyyəti tam
aydın olur. Şeytan insanı Şərin
qucağına ata bilər, ancaq insanı yaşayacağı
o faciəli aqibətin əlindən ala bilməz. İuda 30 gümüşü yenidən
keşişə qaytarsa belə, artıq satqındır, onun
geriyə yolu yoxdur.
Tərəddüd
İuda həqiqətləri dilə gətirməkdən,
daha da çılpaqlaşdırmaqdan usanmır. Və o bir gün yenə həvarilərlə
dalaşandan sonra Məryəm Maqdalina ilə söhbət edərkən
ona belə bir sual verir:
– Otuz
gümüş böyük puldur, yoxsa o qədər də
çox deyil?
– Məncə,
o qədər də çox deyil.
– Əlbəttə, əlbəttə. Bəs sən
fahişə olanda nə qədər alırdın? Beş, ya on gümüş? Zəhmətini
baha satırdın?
– ...İuda, sən necə də daşürəklisən. Unutmağa
çalışdığım şeyləri
xatırladırsan.
– Əsla, Məryəm, bunu unutmaq lazım deyil. Niyə?
Vaxtilə kim olduğunu qoy başqaları
unutsun, sən xatırla. Bu, sənə deyil,
başqalarına lazımdır.
– Axı,
bu günahdır.
– Qoy əli
günaha batmayanlar qorxsun. Günahkar olan niyə
qorxsun ki? Dirilər ölülərin
qarşısında tir-tir əsir. Heç
ölünün qorxduğunu görübsən? Ölünün işi dirini və onun qorxusunu ələ
salmaqdır”.
İuda satqınlıq edəndən sonra həqiqətin
gözünə baxmaqdan qorxmur. Satqınlıqdan sonra
onun içindəki "qorxaq” ölür və əvəzində
hər şeyi öz adı ilə çağıra bilən
başqa bir cəsarətli İuda peyda olur. Qorxaq
İuda başqalarını ifşa etməkdən həzz
alırdı, cəsarətli İuda isə özünü
ifşa etməyə can atır. Qorxaq İuda
başqalarını satmağı, onlardan
oğurlamağı üstün tuturdusa, cəsarətli
İuda özünü ələ verməyi şərəf
bilir. Çünki cəsarətli İuda
həqiqətlə vuruşur, ancaq aqibətinə məğlub
olur. O, özünü özünün əlindən
ala bilmir, ona görə də axıra qədər insanlara xəyanət
edir, heç yana baş götürüb
qaçmır, faciəli sonu gözləyir. Şeytanın
ona həvalə etdiyi vəzifəni axıra qədər icra
edir.
Xəyanət
İsa Məsih
xalq arasında olanda, İuda ətrafdakı əsgərlərə
deyir: "Bilin ki, yaxınlaşıb öpəcəyim adam İsadır”. O, İsanın
yanağından öpür. Peyğəmbər ondan
soruşur: "İuda, insan övladına bu
öpüşünlə xəyanət edirsən”.
Bu xəyanətlə İsa Məsihin aqibəti
hamıya bəlli olur. Bircə İuda tərəddüd
içindədir və bu mərəkənin
axırını gözləyir. Hamı
ümidsizdir, ancaq bircə İuda ümid edir ki, xalq
İsanı ölümə təslim etməyəcək, nəsə
baş verəcək, nəticədə İsa xilas olacaq.
Şeytanın möcüzəyə inamı
güclənir. Bu, Şeytanın eqoizmidir.
İuda iki şeyə inanır: İsanın xilasına və
daha sonra yenidən rəhmli peyğəmbərin onu
bağışlayacağına. Bununla da o,
boynuna keçirdiyi günah ilgəyindən canını
qurtaracağını zənn edir.
Günahı
təqib
İsanı həbs edib aparanda həvariləri
mübarizəyə qalxmır, axıra qədər onunla
getmirlər və hətta gözdən uzaq olmağa
çalışırlar. Bircə İuda son nəfəsinəcən
İsanı tək qoymur. "Bu yad adamlar izdihamı
arasında təkcə ikisi bir-birindən sonacan ayrı
düşmədi: təhqir dolu iztirablara sürüklənmiş
İsa və ona bu aqibəti yaşadan İuda. Sadiq və satqın yeganə
iztirab piyaləsini doğma qardaş kimi başlarına
çəkirdilər, odlu-alovlu mey təmiz ağızı
da, murdarlanmış ağzı da eyni dərəcədə
yandırırdı”.
İuda bütün gecəni İsa Məsihin
saxlanıldığı qarovulxananın ağzında
qalır. Səhərəcən İsanın hansı işgəncələrə
məruz qaldığını görür, dəli-kimi
ora-bura vurnuxur. O, artıq rüsvayçı
şöhrətinə qovuşub, ad qazanıb: "Satqın
İuda... Satqın İuda... Satqın İuda...”
İudanın anlaşılmaz
xarakterini yazıçı belə açır: "Əsgərlər
İsanı səhərin gözü
açılmamış qarovulxanadan
çıxardığı andan, İuda onun ardınca gəzir
və nə qədər qəribə olsa da, nə möhnət,
nə nisgil, nə ağrı, nə də sevinc hiss edirdi.
Onun bircə istəyi vardı: Hər şeyi görmək və
hər şeyi eşitmək”. Yazıçı
İudanın vicdanını hörümçək toruna
düşmüş milçəyə bənzədir.
İuda ona görə axıra qədər peyğəmbərin
ardınca gedir ki, İsanı hansı bəlalara
düçar etdiyini bilsin və öz günahını tam mənada
dərk etsin.
İsaya görə necə lənətləndiyini
görmək, eşitmək istəyir. O, İsa vasitəsi
ilə öz günahını təqib edir. Peyğəmbər
İudanın günahına çevrilir. Günahları
İudanı deyil, İuda öz günahlarını qarabaqara
izləyir. O, özünü – mahiyyətini təqib
edir. İçindəki şeytanı cəzalandırmaq
üçün fürsət gəzir.
Zaman
Ponti Pilat
peyğəmbəri cəzaya məhkum edəndə İuda
hökmdarın qərarını dəyişməsi
üçün ona yalvarır: "Sən müdriksən! Sən
alicənabsan!”. Daha sonra
İsa Məsihin arxasınca gedir, axıra qədər,
peyğəmbər çarmıxa ucalanacan onun yanında olur.
Hətta özünü ona yetirib deyir: "Səninləyəm”.
İsa Məsih
çarmıxda can verir, ancaq İuda onun son nəfəsinə
qədər inanır ki, nəsə başa verəcək,
kimsə gəlib çarmıxı torpaqdan çıxaracaq,
peyğəmbəri ölümün əlindən alacaq, ədalət
bərqərar olacaq. O, zamanı dayandırmaq istəyir.
İstəyir ki, zaman dayansın, insanlar İsanın mahiyyətini
anlayıb onu xilas etsinlər: "...Kaş ki, zaman təkcə
İudaya məxsus olaydı. Amma zaman
bütün bu göz yaşı tökənlərə, qəhqəhə
çəkənlərə, sanki bazarda imişlər kimi
laqqırtı vuranlara, şəfəq saçan günəşə,
qara torpağa basdırılan çarmıxa və əziyyət
içində qovurulan, hər ötən dəqiqədə
ölümə bir az da yaxınlaşan İsanın qəlbinə
aiddir”.
İuda
iki böyük məğlubiyyət yaşayır:
1. Aqibəti
dəyişdirə bilmədiyinə görə;
2.
Zamanı dayandıra bilmədiyi üçün;
Və
başa düşür ki, dünyada şeytanın
ixtiyarında olmayan daha ali qüvvələr
var və bu acizlik onu daha da məhvə sürükləyir.
Əbədi
tənhalıq
İsanın
ölümündən sonra İuda belə təsvir edilir:
"İndi o son dərəcədə sevincli və tənhadır.
Sonsuz sevinc və tənhalıq duyğusuna boyun
əyən İuda, əslində, yer üzündə
mövcud olan bütün güclərin
gücsüzlüyünü qürurla duydu və onların
hamısını uçuruma yuvarladı”.
İsa Məsihin ölümündən sonra İuda tək
qalır. Günah insanı tənhalaşdırır. İnsan nə qədər çox günah işləyirsə,
bir o qədər də tənhalaşır. İsa Məsihin ölümü ilə dünyada
İudanı bağışlayacaq kimsə qalmır. Günahın dərkinin ən ağır tərəfi
Şərə xidmət etmək, mənəvi naqisliyin dərki
deyil, bağışlanılmayacağını anlamaqdır.
Bağışlanılmamaq, günahı əbədiləşdirir,
bütün xilas qapılarını bağlayır. Bu məqamda insan, əslində, əməlləri
ilə, günahları ilə öz-özünü cəzalandırdığını
dərk edir və bunu həzm etmək iztirabların ən
ağırıdır.
Birinci
qisas
Sonra İuda peyğəmbəri otuz gümüşə
satdığı kahin Annanın yanına gəlir. Orada onu ələ
salırlar, az məbləğə görə
böyük xəyanətinə gülürlər. İuda
onları başa düşür və birdən dəyişir:
"İuda qamətini düzəldib gözlərini yumdu. Həyatı boyu heç bir çətinlik çəkmədən
daşıdığı riyakarlıq maskası birdən
dözülməz yükə çevrildi. O, gözlərini
bircə dəfə qırpmaqla bu maskanı dartıb
qopardı. İndi Annaya dikilən
baxışlardan səmimiyyət və dürüstlük
yağırdı. Amma bu dəyişikliyə
fikir verən olmadı”.
İuda bu dəfə kahini alçaltmaq istəyir: "İsa fırıldaqçı deyildi. O, təmiz adam idi. İuda sizi aldatdı. O, günahsızı sizin cənginizə verdi”.
"Səhraya gedib heyvanlara, insanların öz İsalarını neçə gümüşə qiymətləndirdiklərini çığırsam, onlar nə edərlər? Onlar yuvalarından çıxıb qəzəbdən ulayar, insan qarşısındakı qorxularını unudub bura gələr və sizi diri-diri udarlar! Əgər mən dənizə, dağlara insanların öz İsalarını neçə gümüşə qiymətləndirdiklərini söyləsəm, sizcə, onlar nə edərlər? Dəniz məcrasından çıxıb sizi basar, dağlar öz daşlarını başınıza ələyər!”.
Bu sözlərdən sonra İudaya daha çox pul verirlər, ancaq o əvvəl aldığı 30 gümüşü də kahinlərin sifətinə çırpır. O, günah qarşısında əliboş qalır – gümüşləri qaytarır. İkitərəfli oyun oynadığını bildirir: O həm İsa Məsihi satıb, həm də kahini aldadıb. Beləliklə, sanki şərin ən uca mərtəbəsinə ucalıb. Həm dinin keşikçisini satıb, həm hakimiyyətin qüdrətlilərini aldadıb. O, gümüşləri qaytarmaqla şərin əsri olmağının maddi tərəfindən xilas olur, kahinin üzünə gümüş çırpmaqla, hətta satqınlığı ilə belə, mənən onlardan uca olduğunu göstərir. Bununla da əbədi günaha batmasına bais olanlardan qisasını alır.
İkinci qisas
Sonra İuda həvarilərin yanına gedir. Çünki
onu qınayan, ona ən çox nifrət edən həvarilərdir.
İuda onları cəsarətsizlikdə ittiham
edir. Həvarilər ona deyirlər ki, əgər
cəsarət göstərsəydilər, peyğəmbəri
əsgərlərin əlindən almağa
çalışsaydılar, aqibətləri
İsanınkından fərqli olmayacaqdı. Həvarilər
həmin məqamda nə edə biləcəklərini
İudadan soruşurlar, onun cavabı isə belə olur:
"Sevən nə etmək lazım olduğunu soruşmur! O
gedir və hər şeyi edir. O ağlayır, o, dişi ilə
didir, o, düşmənin hulqumundan yapışır,
sümüklərini qırır! Sevən sevdiyi
üçün canından keçər! Məgər
oğlun dənizdə batanda şəhərə gedib yoldan
keçənlərdən "İndi mən nə edim?
Oğlum batır” deyə imdad diləyirsən,
yoxsa suya tullanıb oğlunla birgə batırsan?! Kim ki
sevir, canından belə keçər...”
Həvarilərdən
Foma deyir: "Bir düşün, əgər hamı ölsəydi,
İsa barədə həqiqətləri kim
danışardı? Onun həqiqətlərini dünyaya kim
yayardı?”.
Yazıçı burda "İncil”in
yazılma səbəbi məsələsinə eyham vurur.
Göstərir ki, həvarilər həm də
İsanı qorumaq üçün yox, onun peyğəmbərlik
tarixini qələmə almaq üçün
lazımmış.
İuda
aldığı cavabdan daha da hiddətlənir:
"Satqınların dilində həqiqət nədir ki? Məgər o yalana dönmür? Eh, Foma,
Foma...” Məgər indi ölü həqiqətin
tabutunun keşiyində durmaqdan savayı işə
yaramadığını bilmirsənmi? Keşikçi
yuxulayır və içəri girən oğru həqiqəti
götürüb özü ilə aparır. İndi de görüm həqiqət haradadır?”
Bu məqamdan aydın olur ki, İsanı
müdafiə edə bilməyənlərin onun haqqında həqiqəti
("İncil”i) yazmağa nə dərəcədə
haqları var? Bu çılpaq həqiqətləri
onlara deməklə, İuda həvariləri alçadır,
onlardan daha ucada dayandığını, mahiyyətcə
onların da İuda kimi xəyanətkar olduğunu bildirir.
İuda
İsa Məsihin yanına ölməyə yollanır və həvarilərdən
soruşur ki, kim mənimlə gedir, bircə
Pyotur ayağa qalxır, ancaq digərləri onu getməyə
qoymur: "Dəli olmusan?! Onun müəllimi
düşmənlərin əlinə verdiyini unutmusan?”
Ölümə – İsaya qovuşmağa gedəndə
belə, həvarilər İudaya inanmırlar. İuda bu
yolla da onların qorxaq olduğunu üzlərinə vurur və
onlardan sanki qisas alır, eyni zamanda onları öz
günahına ortaq edir.
Sonuncu
qisas
İuda
ölməyə gedir və yolda xəyalən İsa Məsihlə
danışır: "İsa, eşidirsən? İndi
mənə inanırsan? Yanına gəlirəm.
Məni yaxşı qarşıla, mehriban ol,
çox yorulmuşam. Sonra biz səninlə
qardaş təki bir-birimizə sarılıb yerə
qayıdarıq. Yaxşı?”
Sonra
İudanın ölümü təsvir olunur: "Kəndir
onu aldadıb qırıla bilərdi, işini ehtiyatlı tutan
İuda onu uçurumdan salladı – qırılsa belə qoy
daşlar canını alsın”. Son sözünü dedi:
"İsa, məni mehribanlıqla qarşıla, çox
yorulmuşam”.
"İuda bütün gecəni Qüdsün üzərində
yelləndi, meyiti gah şəhərə, gah da səhraya tərəf
çevirən külək onu sanki hər ikisinə göstərmək
istəyirdi”.
Sonra meyiti görənlər gəlib onu ipdən
açırlar, ancaq kimliyini biləndə onunla murdar heyvan cəmdəyi
kimi davranır və yarğana tullayırlar. İuda, nəhayət,
özündən qisas alır. Bu
dünyada onu bağışlayacaq kimsə
qalmadığına görə, özünü
öldürür. İnsan ən
böyük günahlardan sonra onun günahının mahiyyətini
anlayacaq, ona haqq verəcək bir insan axtarır. Bu insan
onun kimi günahkar da ola bilər, ancaq təki
həmin insan olsun. İuda isə artıq öz
alnına əbədilik satqın damğasını vurub, onu
heç kəs əfv etməyəcək. Bu dünyada
onu bağışlayacaq kimsə qalmadığına görə,
İuda o biri dünyaya
– daim bağışlayan İsanın yanına
gedir.
Bu
dünyada...
Yazıçı
əsərin əvvəlində olduğu kimi, sonunda da
İudaya olan nifrətini büruzə verir: "İudanın
xəyanəti və dəhşətli ölümü barədə
hekayətlər də nəsildən-nəslə
ötürüləcək. Və hər kəs
– həm xeyirxahlar, həm bədxahlar – onun rüsvaylıq dolu
hekayətini eyni cür dilə gətirəcəklər.
Kariotlu İuda – xəyanətkar yaddaşlara bir
də tənhalığı və dəhşətli aqibəti
ilə həkk olunacaq”.
Bu cümlələr İudanın bu dünyada heç
zaman bağışlanmayacağını
aydınlaşdırır. Bu dünya bir ittiham
kürsüsüdür: böyük əksəriyyətin
bir-birinə deyəsi sözü, aşkara
çıxarası günahı var. Çoxları öz
günahını unutdurmaq üçün
başqasının günahını barizləşdirir. Ona
görə də "həm xeyirxahlar, həm bədxahlar –
İudanın rüsvayçılıq dolu hekayətini eyni
cür dilə gətirirlər”...
Fərid
Hüseyn
Kaspi 2018.- 31 mart.- S.16-17.