Şekspiri oxuyanda...

 

Yanuş Qlovatskinin felyetonunu

 

"Qayıdaq öz ruhani məşğuliyyətimizə...”

Üçüncü Riçardın dilindən

Şekspir bədbinin biridir: yazdıqları, adətən, hüznlü düşüncələrə yol açır. Onun tamaşalarına baxanlarda öz işlərinə, doğmalarına, ümumən həyata maraq itir, ən pisi də budur ki, hakim dairələrə inam qalmır. Əlbəttə, ədalət naminə desək, yaxşı yazıçı olub, amma elə bu cəhəti də onun üzərinə xüsusi öhdəliklər qoyur.

Məgər bizim, məhz istedadlı adamlardan fədakar ingilis xalqını namünasib qiyafədə göstərən faktların birtərəfli, qərəzli seçimi və təqdimatından daha artıq nələrsə ummağa haqqımız yoxdurmu? Əslinə qalsa, o illər İngiltərə üçün heç də pis keçməyib: 1588-ci ildə "Yenilməz Armada”nı məğlub ediblər; öküzlərin dartdığı xışı atların çəkdiyi kotanla əvəzləyiblər; 1589-cu ildə Esseks Portuqaliya ərazisinə çıxıb; 1596-da Essekslə Dreykin meyli Kadisə yönəlib, nəticəsi də pis olmayıb; Afrika məmləkətlərinə mal ixracı artıb; üçtarlalı əkinin müjdəsi verilib; Çedder qraflığında pendir emalına girişiblər...

Siyasətdən başı çıxmayan əksər ədiblər kimi, Şekspir də ölkəsinin iqtisadi-siyasi uğurlarını görməyib, yaxud görmək istəməyib. Krallar hərəsi bir xasiyyətdədir: onları qarışıq salıb, hökmdar nüfuzunu zədələməyə dəyməz. Yeri gəlmişkən, kraliça Birinci Yelizaveta da Şekspirlə bu mövzuda dəfələrlə, xüsusən, Ali Zadəganlar Yığıncağının keçirildiyi 1578-ci ilin iyul günlərində Birnam meşəsində ətraflı söhbətləşib: dramaturq sonralar "Makbet”də həmin məqama eyham vurub. Bundan əlavə, kraliça, yazıçını həyata bir qədər nikbin baxmağa sövq etmək üçün sərbəst düşüncəli lord Vestmasterlendi onun yanına göndərib. Hətta saray həyatına aid bəzi duzsuz lətifələri də üstüörtülü çatdırıb. Lord Vestmasterlənd yetərincə diqqətəlayiq şəxsiyyətmiş: lord Qlosterin anabir qardaşı, böyük Bolinqbrokun oğulları və onların əlaltıları kimi, o da həmin dövrdə "1588 Lordları” adlandırılan "itirilmiş nəsil”ə mənsub idi. Bunu da qeyd edim ki, onların az qala hamısı – qaranlıqda kefli başla dördnala çapanda – cəbhədən qaytarılan mühasirə qülləsinə çırpılıb həlak olmuşdular. Bircə, xoşbəxtlikdən, adəti üzrə yenə kəsə yol seçən Vestmasterlənd salamat qurtarmışdı. "88 Lordları”nın naşı davranışlarına dair təsirli şahid ifadələrinə görə də yalnız ona borcluyuq. Əfsus, hətta belə bir insan da Şekpirə təsir göstərə bilməyib, halbuki dramaturqla onun son günlərinəcən dost qalıb; buna qətiyyən vaxtı, həvəsi olmasa da – sırf ingilis xalqının mənafeyi naminə – gecələrin səssizliyini pozmaqda, "Qlobus” kimi sakit məkanı təlatümə gətirməkdə yazıçıya yoldaşlıq edib. Vestmasterlend yazıçının vəfatına da şəxsən şahid olub və rəsmən açıqlama verib ki, Şekspir öləndə hər şeydən bezmişdi...

Hər nə isə... Şekspir "Üçüncü Riçard”da kralın taxtdan endirilməsi səhnəsini qələmə alıb. Yelizaveta onun zalım krallardan bəhs etməsinə pis baxmırmış, çünki onlarla özü arasında bir oxşarlıq sezmirmiş. Amma taxtdan endirilmə səhnəsi kraliçaya teatral cəhətdən o qədər uğursuz görünüb ki, tamaşanı qadağan etməli olub.

Vestmasterləndlə at belində yanaşı çox gəzib-dolaşsalar da, Şekspir yenə bu səhnənin əsərdən çıxarılmasına qol qoymayıb. Halbuki mətnin bütövlüyünə xələl gətirmədən bəzi düzəlişlər etsəydi, həm əsərə daha yığcam, sərrast biçim verə bilərdi, həm də kraliçanı vacib dövlət işlərindən ayırıb vaxtını almazdı. Müəllif əsərdəki lordları boyarlarla əvəzləməyə, hadisələri 14-cü yüzilliyə keçirməyə də yaxın durmayıb. Kim bilir, bəlkə, "kralı taxtdan endirmək” ideyasını Kromvelə məhz Şekspir ötürüb, hökmdarla bu cür haqq-hesab çəkilməsində onun da barmağı olub? Öz müasiri olan dünyaca ünlü yazıçı – vətənpərvərlik ruhuyla, ali duyğularla coşub-daşan gözəl, parlaq İngiltərə obrazı cızmış, yel dəyirmanlarının hərəkətə gəlməsində və başqa işlərdə hökmdarların, cəngavərlərin, heyvandarların, kənd zəhmətkeşlərinin rolunu əsərlərinin bir çox səhifəsində xüsusi vurğulamış Şotlandiyalı Anonimin (orta əsrlərin Anonim ləqəbli məddah yazıçı-salnaməçilərinə eyhamdır – tərc.) yaradıcılığı ilə tutuşduranda Şekspirin siyasi kallığı daha aydın nəzərə çarpır.

Hər nə isə... Keçək "Makbet”ə: ilk baxışda belə görünə bilər ki, guya pyesdə üsyançılar, xainlər qamçılanır, hərçənd işin əslinə baxılsa, hökmdar bununla özünün təhqir olunduğu qənaətinə varmaqda haqlıdır. Məncə, bu pyesi müdafiə etməyin yeri yoxdur, çünki o, açıq-aşkar qərəzli, ideoloji cəhətdən naqis, psixoloji baxımdan tutarsız, bir sözlə, zay əsərdir. Şekspir, hətta xalqın sıravi nümayəndələrinin təsvirində də – özünəməxsus bədxahlıqla – gerçəkliyi təhrif edir. Doğrudanmı, sadə ingilis qadınlarını ifritədən savayı heç bir obrazda təsvir etmək mümkün deyil? Bircəciyi olsa, dərd yarıydı, amma düz üçünü... Şekspir – yeri gəlmişkən, tam ona xas olan – müdhiş abırsızlıqla mühiti qarışdırıb-körükləyir: onun qələmində ifritələr zingildəşir, torpaq qızdırmalı adamlar kimi titrəyir. Deyək ki, bunları keçdik. Axı bir qədər sonra bayquş havadaca şahini ölümünə dimdikləyir! Ardınca da atlar tutaşıb bir-birini gəmirir! Mən bu epizod barəsində bir mütəxəssislə məsləhətləşdim, o, tam qətiyyətlə bildirdi: əgər bu cür davranış donuzlar arasında mümkündürsə də, atlarda istisnadır. Yəni Şekspir bu məqamda gerçəklikdən lap uzaq düşüb.

Digər əsərində – "Səkkizinci Henri”də o, gerçək əhvalatları qələmə alıb, amma görək mövqeyində nə dərəcədə dürüstdür? Kralı qatı riyakar kimi göstərmək düzgün işdirmi? Bu münasibət incəsənətin böyük təsirini nəzərə alsaq, xalq arasında oturuşmazmı? Bəs birdən, teatrda təbliğ olunan o edam söhbəti ənənəyə çevrilib ta Elbadan şərqdəki məmləkətlərəcən yayılsa, onda necə? Kral bu halda təsvir olunarsa, onun yaxın ətrafında daimi əmin-amanlıq duyğusu möhkəmlənə bilərmi?

"Makbet”ə qalanda: hər bir qələm adamına bəllidir ki, əgər əhvalat Makbetin öz arvadıyla həsb-halından yox, Dunkanın ölümündən başlasa, axıra yaxın qatilin kimliyi açılıb-bilinsə, bu, dramaturji baxımdan, qat-qat maraqlı alınardı. Gərək ifritələr uzaqbaşı bircə dəfə peyda olaydılar, ya da heç görünməyəydilər – əhvalatı uzatmaq nəyə lazımdır ki? İdeya tərəfindən danışsaq, gərək Malkolm nüfuzuna xələl gətirə biləcək bir üsula əl atıb Makdufu aldatmayaydı. Dunkanın oğlanlarının, qapıçının, sarayda müşavirə vaxtı içki məclisinin heç yeri deyildi: incəsənətdə "ümumiləşdirmə” adlanan gözəl bir üsul var – bunu unutmamalıyıq və belə olan halda isə burada ümumiləşdirilib qələmə alınası əsas ünsür məhz qaraciyər naxoşluğundan əziyyət çəkən Vestmasterləndin obrazıdır, üstəlik o dövrdə İngiltərə alkoqoldan istifadə üzrə dünyada üçüncü yeri tuturdu.

Strateji xarakterli məsələlərdə də ixtisaslı məsləhətçi çatışmazlığı öz sözünü deyib. Balaca uşağa da aydındır ki, Makbet, Dünkanı öz qəsrində öldürməli deyildi, onun gedişini gözləməli, yarğandan keçdiyi vaxt daş-qaya uçqunu kimi bir "bədbəxt hadisə” təşkil etməliydi. Qəsrdə isə başqa bir əməl törədə – Dunkanı özündən çıxarıb alçalda sala bilərdi. Nə bilim, ortalığa bir-iki qadın salıb, zorlamada günahlandırmaq olardı onu. Yaxud bəd başı, Bankonu yaxşıca küyləyib Dunkanı öldürməyə təhrik etmək, sonra da onun özünü qatil qismində aradan götürmək mümkündü; beləcə, həm taxt-tacın sanbalına xələl gəlməz, həm də dövlətçilik baxımından da bir həngamə çıxmazdı.

Heyif, Makbetdə yaxşı hökmdara xas bütün keyfiyyətlər cəmlənibmiş; çalışqan, tədbirli adammış, ingilis kəndlisinin yükünü yüngülləşdirə, Mərkəzi Avropa dövlətlərilə iqtisadi əməkdaşlığa zəmin yarada, bəşəriyyəti tərəqqi yoluna çıxara bilərmiş...

 

Seyfəddin Hüseynlinin tərcüməsində