Çox istərdim ki, o şeiri
yazmamış olum
Şair, nasir, sevilən uşaq yazarı Sevinc Elsevər "Uçuş məsafəsi”, "Qadağan saatları”, "Qadının yoxmu?”, "Çörək rəngli əllər” şeirlər kitablarının, "Şəhər” və "Falçı” romanlarının müəllifidir. Həmçinin "Ayna, ayna, varmı məndən gözəli?” və "Donu qırmızı” kitabları ilə balaca oxucuları sevindirib. Artkaspi.az şairlə müsahibəni təqdim edir:
–
Sevinc Elsevər daha çox kimdir: Kinoşünas, şair,
nasir, dramaturq, uşaq yazıçısı, ya üç
uşaq anası olan bir qadın?
– Dünyanın ən çətin suallarından biridir
– "mən kiməm?” İndi durub desəm, bunu bilmirəm,
deyəcəklər hələ özünü tapmayıb bu adam. Amma mahiyyətini
düşünəndə, həqiqətən, çətin
sualdır. Hətta öz şəxsi həyatım
barədə də nəyi düz eləmişəm, nəyi
yox, bunu demək çətindir. Yaxud mən
xoşbəxtəm, ya bədbəxtəm – bunların
hamısına cavab vermək üçün bəlkə də
ölüm döşəyinə düşmək
lazımdır. Çətinlik anında,
son anda bilinir hər şey. Məncə,
onda daha dəqiq cavab verəcəyəm "mən kiməm,
necə yaşadım” kimi suallara. İndi
isə sadəcə, yaşamaq lazımdır. Bacardığım kimi yaşayıram. Bu gün şeir yazmaq məni xoşbəxt edirsə,
yazıram. Xoşuma gəlir,
yazdıqlarım barədə kimsə deyəndə "a, mən
də bunu düşünmüşdüm”. Orxan Pamuk
deyir: ədəbiyyat hamının bildiyi, amma bildiyini bilmədiyi
məsələləri vurğulamaqdır.
Hətta ana olmaq məsələsində
də həmişə düşünürəm ki,
yaxşı ana ola bildimmi? Bunu
bir şeirimdə də yazmışam. Yəni
hətta onu belə dəqiq bilmirəm.
– Bu yerə qədər
imzanızı tanımayan oxucuya üç əsərinizin
adını deyin. Şeir də ola bilər,
esse də, köşə də. Üç
Sevinc Elsevər nümunəsi təqdim edin. Lap biri də olar – ədəbiyyatdakı pasportunuz
kimi.
– "Niloş
üçün” şeirimi deyərdim. Qızıma
hamilə olanda yazmışam onu. Demək
olar ki, bu yerə qədər yazdıqlarımı, məni,
dünyamı ifadə edir o şeir. Məncə,
bu şeir kifayətdir.
– Şeirlərinizin çoxu süjetlidir,
romanlarınızda da müəyyən səhnələr
şair sentimentallığı ilə təsvir edilib. Olubmu ki, hansısa şeiri yazıb, sonra "heyif bu
süjetdən hekayə yazardım, yaxud nahaq bu qədər
vaxtı nəsrə verdim, maraqlı şeir olardı”
deyibsiniz? Yəni qələmi müxtəlif
janrlara şaxələnən bir yazar kimi onlar arasında itmək
qorxulu deyil ki?
– Ümumən deyim ki, bütün
yazılarımın qaynağı şeirdir. Nəyisə
şeirlə ifadə edə bilməyəndə nəsr
yazıram. Yəni, bu, birmənalı
olaraq belədir. Mümkündürsə
beynimə gələn, ürəyimi titrədən ideyanı
mütləq şeirə çevirmək istəyəcəyəm,
nəsri dediyim kimi yalnız şeirlə ifadə etməyə
gücüm çatmayanda seçirəm.
– Burdan ilk sualımızın
cavabı da doğur. Yəqin ki, siz daha çox şairsiniz.
– Bəlkə də. Ən
çox oxumaq istədiyim janr da, yazmaq istədiyim də
şeirdir.
– Bəlkə,
elə oxumaq istədiyiniz şeiri yazırsınız?
– Oxumağın ayrı ləzzəti
var, yazmağın tamam başqa. Yenə mətbəxdən
misal çəkəcəyəm. Hesab edək
ki, bir yeməyi özüm bişirmişəm, mahnı
oxuya-oxuya, zövq ala-ala – bu, şeirdir, istənilən halda əziyyətin
çəkib hazırlayıram. Bir də
gedirəm çox gözəl bir məkana, əyləşirəm
səliqəli bir masa arxasında, ətirli, bütün bəzək-düzəyi
ilə təamlar gətirilib qarşıma düzülür,
mən də rahatlıqla dadıram. Təbii ki, hər
birinin öz yeri var. Biri o birini doğurmur, biri digərinin səbəbi ola
bilməz.
– Oxuyacağınız əsərləri
necə seçirsiniz? İllik və ya aylıq
planlar qurursunuz? Daha çox dünya ədəbiyyatı,
yoxsa öz yazarlarımızın əsərlərini
oxuyursunuz?
– Təəssüf, müasir dünya poeziyası
dilimizə mütəmadi tərcümə edilmir. Amma həm ölkəmizdə, həm ümumən
dünyada nəsrə maraq daha çoxdur. "Qanun” nəşriyyatında 4 kitabım
çapdan çıxıb, Şahbaz bəyin etirazı yox
idi, şeir kitabımın da çapına razı oldu, amma
özümüz də bilirik ki, poeziya daha az adamı
maraqlandırır. Şeir sevən
insanların yeri mənim üçün başqa
cürdür, onlar sanki tamam ayrı varlıq, ayrı bir məxluqdurlar.
Biz üçüncü bir irqik elə bil.
Xüsusi planla oxuya
bilmirəm. Məişət məsələləri
mane olur. Mən kinoşünasam, gərək
filmləri də izləyəm. Hər
gün dünya prokatına yeni filmlər çıxır.
Dostların, mütəxəssislərin
zövqünə də arxayın oluram bəzən. Hazırda "Don Kixot”u oxuyuram, bu da plansız
mütaliədir. Öz
yazarlarımızdan İkinci Mahmudun kitabını
oxumuşam, maraqlı idi, bir günə bitirdim. Bu il oxuduğum ilk kitab Şərif
Ağayarın "Arzulardan sonrakı şəhər”
kitabıdır.
– Sizcə,
hələ ki, yazılarınıza ən yaxşı qiyməti
kim verib? Oxucular, ailə üzvləriniz və
qohumlar, tənqidçilər, yoxsa qələm
dostlarınız?
– Hər birinin diqqətini
görmüşəm, hiss etmişəm. Amma
ayrı-ayrı vaxtlarda. Hər bir reaksiya mənə
maraqlıdır. Fərqi yoxdur, o, tənqidçidir,
uşaqlarımdır, ya qonşudur. Son
vaxtlar ən çox qızıma oxuyuram, deyim ki, bu məni
çox xoşbəxt eləyir. Onu da deyim
ki, elə qohumlarım var ki, onlar evimizə gələndə
kitablarımı gizlədirəm. Bu
günlərdə çox yaxın birinin evində qonaq oldum.
"Şəhər” romanımı
gördüm, kitabın üz qabığını
cırmışdılar. Məlum məsələdir,
üzündəki şəklə görə eləmişdilər.
Amma istənilən halda bu da bir reaksiyadır.
– Bir-birinizi "ədəbiyyatda
tapan” cütlük kimi necə
düşünürsünüz, mütləq biri o birinə
yazmaq baxımından güzəşt etməlidir? Sizin
cütlükdə daha ürəkli olan Elsevər bəydir,
yoxsa bu müvəqqətidir, bir gün onun da ulduzunun
parlayacağı vaxt çatacaq?
– Bir dəfə dostlardan birinin
toyunda Həmid Herisçi barmağını silkələdi
mənə ki, Elsevərin yazmamağının səbəbkarı
sənsən! Çox pis oldum buna. Bəlkə onlarda gənclik ehtirası idi bu,
keçdi getdi. Mən özüm də
cavab tapa bilmirəm ki, məsələn, həkim olsaydım,
günlərlə pasientlərimi düşünsəydim,
onların sağalmasına çalışsaydım, yazmaq
istəyəcəkdimmi, vaxtım olacaqdımı buna? Düzdür, həkim olub, yazılarına da eyni həssaslıqla
yanaşan yazarlarımız olub. Məsələn, Rafiq
Tağı. O həkim idi, özü də təcili yardım
şöbəsində. Bir dəfə Bakıda
baş verən zəlzələdən
danışırdı, təəccüb elədim onun bu diqqətinə.
Adamlar qaçıb küçəyə, təbii,
hamı kimi o da. Birdən yadına
düşüb ki, əlyazmalarını götürməyib
və təzədən qayıdıb onları da
götürüb, sonra həyətə enib. Onu elə həyəcanla danışırdı,
gözlərim yaşarırdı. Yəqin
ədəbiyyatı belə sevmək, sözə bu cür,
müqəddəs kimi baxmaq lazımdır ki, bütün
çətinliklərə rəğmən yaza biləsən.
Yazmaq qarşısıalınmaz bir istək tələb
edir. Məsələn, Viktor Hüqonu
götürək, başına nələr gəlib, ailəsi
ilə bağlı nə qədər faciə yaşayıb,
övladlarını itirib, amma yenə də yazıb, ədəbiyyata
sevgisindən, Fransaya vaxt xərcləməkdən
usanmayıb. Ailə qayğıları,
iş çoxluğu səbəb deyil kiminsə
yazmamağı üçün. Elsevərin də yazı
üçün darıxdığını hiss edirəm. Bu yaxında Oğuz Ayvaz ailəsi ilə
qonağımız oldu. Onlar bilmirmiş
Elsevər yazır. Kitabını gətirdi,
şeirləri onlara həvəslə, özü oxudu.
Yazdığı günlər üçün darıxır
hiss edirəm, xüsusən də ədəbiyyat adamları
ilə bir araya gələndə. Tam ölməyib
onda həmin həvəs. Mən çox
zaman yazdıqlarımı onunla bölüşürəm.
Uğurlu bir iş ortaya qoysam, o da sevinir. Əgər
bir insanı söz sevindirirsə, o, özü də ədəbiyyatın
bir hissəsidir.
–
Uşaqlarınızın yazmağınıza və
yazılarınıza münasibəti necədir?
– Qızlarım özləri də yaşlarına uyğun mətnlər yazırlar. Hərəsinin bir bəzəkli dəftəri var,
tez-tez o dəftərə yazırlar, həmişə də
balışlarının altında saxlayırlar. Deməli, hardasa xoş gəlir onlara
analarının yazmağı. Gözlərini
açandan məni yazan görüblər, onlar bunu adi, həyati
bir proses kimi qəbul edirlər. Hərdən də müəyyən mənada təəssüflənirəm
onları ədəbiyyatla böyütdüyümə görə.
Qızıma baxıram, artıq oxuduğu
kitablara görə yaşıdları ilə onun arasında
uçurum yaranıb. Demək olar,
yaşıdları arasında heç dostu yoxdur. Başa düşürəm ki, bunun səbəbkarı
özüməm. Volterin bir essesini oxudum bu
yaxında. Əsərdə bir qarı var,
dünyadan bixəbər ömür sürür,
özünü çox xoşbəxt hiss edir. Bir abid də yaşayır həmin diyarda, amma o hər
şeyi ürəyinə salır. Bütün
günü düşünür, niyə o quş
öldü, niyə o gül soldu, niyə dünya ədalətsizdi
və s. Ona sual verirlər ki, bu qadının dünyadan xəbəri
yoxdur, xoşbəxt yaşayıb öləcək. Abid cavab verir ki, mən nadan olub xoşbəxt
olmaqdansa, aqil olub bədbəxt olmağı üstün
tuturam. Mən də ikincini seçərdim,
düzdür, mən demək istəmirəm aqiləm, amma hər
halda ikinciyə can atanlardanam. Yenidən
başa qayıtsaydım, yenə eyni yolu tutardım. Amma
bu hekayə mənə bir dərs də verdi,
artıq uşaqları israrla oxutmağa
çalışmıram. Qoy özləri
öz seçimlərini etsinlər. Təbii
ki bir valideyn kimi diqqətliyəm onlara qarşı, ancaq
çalışırıq müstəqil qərarları,
öz arzuları daha üstün olsun.
– Viktor Hüqonun "Səfillər”
əsəri uşaqlar üçün
ekranlaşdırılıb. Azərbaycanda yetkin
oxucu üçün yazılmış hansı əsərin
uşaqlar üçün animasiya kimi hazırlanmasını
istərdiniz? Sizcə, bizim uşaqlara
hansı obrazlarımız Kozetta, Qavroş kimi maraqlı gələ
bilər?
– Düzü, böyüklər
üçün yazılmış elə bir əsər
ağlıma gəlmir indi. Bilirsiniz, niyə
"Səfillər” əsərini uşaqlara maraqlı gələcək
şəkildə işləyə biliblər? Çünki əsər böyüklər
üçün yazılsa da, içində bir-birindən
maraqlı, rəngarəng uşaq obrazları var.
– Cəlil Məmmədquluzadənin
obrazlarını xatırladım.
– Bizdə də var, əlbəttə.
İstənilən bir əsəri uşaqlar
üçün sadələşdirib animasiya çəkmək
olar. Amma, məncə, bu xüsusda müraciət
olunacaq ən gözəl əsər "Qaraca qız”dır.
– "Qaraca
qız”ın filmi var.
– Olsun, ziyanı yoxdur. Animasiyası daha rəngarəng alınar bəlkə.
Bir az da yaradıcı yanaşa, dövrə
uyğunlaşdıra bilərik.
– Andersonun "Kibritsatan
qız”ı, yoxsa "Qaraca qız”? Bir ara
yazarlarımız S.S.Axundovu tənqid edirdilər ki,
"Qorxulu nağıllar”ı yazıb, bu,
uşaqlarımızın psixologiyası üçün zərərlidir.
Amma dünya nəsrində uşaqlar üçün
yazılmış nə qədər kədərli əsər
var...
– Uşaq ədəbiyyatı
müxtəlif yaş dövrlərini özündə birləşdirir,
yəni bunun üçün xüsusi bölgü var. Xarici
mütəxəssislər hətta müəyyən nəşrlərin
üzərindəki etiketə "sıfır yaşdan
başlayaraq” qeyd edir. Məsələn, 0-6
yaş, 6-10 yaş və s. "Kibritsatan qız” da, elə
"Qaraca qız”ın özü də 10 yaşdan yuxarı
uşaqların oxusu üçündür. Atın
qarşısına ət, itin qarşısına ot qoysaq, əlbəttə ki, bir nəticə
hasil olmayacaq. Hər yaş dövrünün
öz əsəri var. Uşaqlar üçün də kədərli
əsərlər yazıla bilər. Təbii
ki, kiçik yaşlarda yox.
Elmi işim Azərbaycanın
animasiya filmləri ilə bağlıdır, ona görə bu
janrda nümunələri mütəmadi izləyirəm, fərqi
yoxdur özümüzünkülər, yoxsa dünyaca məşhur
animasiyalar, çalışıram diqqətimdən
yayınmasınlar. Fikir verdiyim bir məsələ
də var, dünya praktikasında yaşca kiçik uşaqlar
üçün nəzərdə tutulmuş animasiyalarda
qorxuducu elementlər yoxdur. Məsələn,
adi heyvanlara aid animasiyada canavar vəhşidir, səni
parçalaya bilər kimi məqamlar, ümumiyyətlə,
xatırlanmır. Burda
"Qırmızıpapağın nağılı” kimi əski
mətnlərdən söhbət getmir. Ümumiyyətlə,
düşünürəm ki, o nağıllar uşaqlar
üçün deyil, televiziyanın, kitabın
olmadığı dönəmlərdə böyüklər
nağılları, dastanları özləri
üçün yaradıblar. Yenə
qayıdıram canavar məsələsinə. Təbii ki, mən öz "quzu” balama başa
salmalıyam ki, dünyada vəhşi "qurdlar” var. Amma
müəyyən yaşdan sonra. 2
yaşındakı uşağa isə qurdlardan
danışsan, hər gecə yuxusuna canavar girəcək.
"Kibritsatan qız”, "Qaraca qız”, bu kimi
digər əsərlər də olmalıdır, onlarsız
bizim izah etdiyimiz mətləblər çılpaq
görünər. Uşaqlarımıza, nəinki
uşaqlara, elə bütün dünyaya həqiqətləri
göstərməyin bir yolu da ədəbiyyatdan keçib həmişə.
– Siz
yazarkən yaş dövrlərini nəzərə
alırsınız?
– Bəli, "Donu
qırmızı” kitabımda ilk roman – "Nuhun gəmisində
kosmosa səyahət” 9-12 yaşlı uşaqlar
üçün nəzərdə tutulub. Kitabda
da qeyd eləmişəm. "Donu
qırmızı” əsəri isə 13 yaşdan yuxarı
uşaqlar və yeniyetmələr üçündür.
– Sevirsiniz nağıl motivlərini,
"Donu qırmızı” romanınızda Xoxan obrazı var,
bəzi nağıllarımızı dekonstruksiya etmisiniz, məsələn,
"Tıq-tıq xanım”. "Göyçək
Fatma” nağılında inəkdən sonra xoruza
çevrilmiş qardaş, Fatma xoşbəxt olan kimi niyə
yaddan çıxır? Nağıl boyu
gah buynuzundan süd içilən, gah əti ögey ananın
dərdinə "əlac” olan, sür-sümüyü
basdırılıb xoruza döndərilən oğlan niyə
axırda qaytarılıb insan olmur? Baş
qəhrəmanlar həmişə hamını kölgədə
qoyur?
– Dünyanın gəlib-keçmiş,
yaddaşlarda qalan-qalmayan bütün nağıllarında
xeyir və şər var. Şər mütləq cəzalandırılır,
xeyir də mütləq öz mükafatını alır. Amma Avropa nağıllarında müşahidə elədiyim
bir şey var, onlar öz nağıllarını səliqəli
şəkildə gələcək nəsillərə
çatdırırlar. Bilmirəm, bu, nə
dərəcədə doğrudur, amma düşünürəm
ki, o nağılları toplayanlar müəyyən mənada
onlara əl gəzdiriblər. Onlar bizə
nisbətən ayıq olublar bu məsələlərdə,
biz bəzi mətləblərə indi-indi varırıq.
Nəinki Fatmanın
qardaşını, pis adamları da başa düşmək
lazımdır. Bəzən bir cinayətkarı göstərirlər
televizorda, çoxluq qınayır, az adam düşünür ki,
görəsən, bu adamı nə vadar edib belə etməyə?
Nə sürükləyib onu bu cinayəti
törətsin? Mən o adamları da
düşünürəm həmişə. Məsələn,
"İsanın incili” əsəri kimi məni dəhşətə
gətirən əsər olmayıb, oxuyub bitirdikdən sonra,
göz qorxur bunu düşünməyə, bunu deməyə,
amma adam fikirləşir ki, bəlkə
şeytan haqlıdır? O əsərə görə, insan
bir növ Tanrını seçməklə səhv edir. O əsəri
oxuyandan sonra özünü Tanrıya müxalif hiss edirsən,
bəlkə şeytan haqlıdır, "bəlkə insanlar
şeytanın yanında olsaydılar, dünya başqa cür
olardı” şübhələrinə qapılırsan. Və aldanan İsaya, insana yazığın gəlir.
Bizim maraqlı və məşhur el deyimimizdə bu fikir elə
gözəl ifadə olunur ki: "Yüz dəfə İmama
ağlayanda, bir dəfə də Yezidə ağla!”
Fatmanın da xoşbəxtliyi
qardaşının bədbəxtliyini kölgədə qoyur.
Amma hamı hiss eləməyib bunu.
– Bunu hiss edənlər, bəlkə
də özünü Fatmanın qardaşı qismində
görən adamlardı.
– Hə, ola bilər.
Amma konkret o nağılda yaddan
çıxıb Fatmanın qardaşı.
– Şagirdlərin əlində
cizgi-romanlar görürəm. Bizdən
balacaların aləminə laqeydik, amma bu saat dünyada yeniyetmələr
arasında bir manqa bumu yaşanır. Bu yaxında Azərbaycan
Manqasevərlər cəmiyyətinin tədbirlərindən
birində oldum, Azərbaycanın ilk manqasını yazan
müəlliflərlə – Aynurə və Gülşən
xanımlarla tanış oldum. Az öncə çapdan çıxan
"İndiqo” adlı həmin kitabın o qədər oxucusu
var ki, bəlkə də ölkədə ortabab bir
yazıçının o qədər oxucusu yoxdur. Uşaqlarımız hansı əsərlərlə
böyüyürlər?
– Biz tez-tez o məşhur filmdəki
"niyə o əjdahadan bizdə yoxdur?” ifadəsini təkrarlayırıq.
Düzdü, müəyyən məqamlarda
haqlıyıq. Amma bunu həmişə
düşünməməliyik. Manqa
yaponların beyin məhsuludur, qoy onların da qalsın. Bəlkə belə daha yaxşı olar? Vacibdirmi Azərbaycanda da manqa olsun? Orda təsvir önə keçir. Məncə, bu da uşaqları kitabdan
uzaqlaşdırır. Orda söz, hisslər,
cümlələrin bədiiliyi önəmli deyil. Uşaqlar onsuz da ürəkləri istəyən qədər
animasiyaya baxırlar. Onları iri həcmli
bədii nəsri oxumağa həvəsləndirmək
lazımdır. Manqalar da olsun, amma əsl
kitab elə kitabdır. Oxucu bu seçimdə
səmimi deyil, sadəcə, dəbdir deyə oxuyur. Amma daha yaxşı olardı ki, o
manqalarla tanış olan uşaqlar sonra məşhur
əsərləri də tapıb oxusunlar. Məşhur
kitabların illüstrasiyaları çəkilsin, sonra
uşaqlar həmin əsərləri tam şəkildə əldə
edib oxumağa can atsınlar. Valideynlər də,
elə manqa yazarları özləri də bunda maraqlı
olsunlar.
– Bir çox qələm
dostlarınıza şeirlər ithaf edibsiniz. Ən
çox yəqin ki Mövluda yazdığınız şeir sizi
sızladır. Yazını həsr edib,
sonralar tanıdıqca peşman olduğunuz, o şeiri gizlətmək
istədiyiniz kimsə olubmu? Ümumən deyirəm, o adam tanımadığımız biri də ola
bilər.
– Düşünürəm ki,
şəxsi münasibətlərin ədəbiyyata aidiyyəti
yoxdur. Belə bir hal olub. Şeir
həsr etdiyim adamla sonradan münasibətlərimiz
soyuqlaşıb. Amma kitabı çapa
hazırlayarkən, həmin şeiri kitaba daxil etmişəm.
Bu, o halda baş verə bilər ki, həmin adam
böyük, bəşəri bir səhvlərə yol versin,
mən də utanım ona yazdığım şeiri ictimaiyyətə
təqdim eləməyə. Mövluda yazılan
şeirin tarixçəsi isə həqiqətən,
ağrılıdır. "Mövlud, sən artıq
ölmüsən, mənim harayıma çata bilməzsən”...
İnanırsınız, indi də bilmirəm ki, o
misranı niyə elə yazmışam? Həmin
vaxtlarda çox çətin bir mərhələdən
keçirdim. O şeir özü də intihar barədədir.
Bir-bir intihar üsullarını sadalayıram,
sonra da deyirəm ki, hələ ən çox xoşuma gələnini
tapa bilmirəm.
Həmin əhvalda
olmuşam. Çox istərdim ki, o
şeiri yazmamış olum. Bir dəfə
Şərif Ağayar da mənə demişdi, ədəbiyyatın
mistikası var. Başıma çox gəlib. Məsələn, yazmışdım, anam
ayağını sındırıb. Sonra bu, həqiqətən
baş verdi. Düzünü
deyim, indi qorxuram. Xüsusən də,
doğmalarım, əzizlərim haqqında nəsə yazanda
çox ehtiyatla davranıram. Yazıb
sonradan cırdığım, kompüterdədirsə, "delete”
elədiyim nə qədər yazı var. Məsələn,
daha heç bir əsəri bu cümlə ilə başlaya
bilmirəm: "Bu gün səhər atam öldü”. O
şeirdə də intihar etmək istəyən, amma
münasib yolu tapa bilməyən, sıxıntı çəkən
insan var. Həmin vaxt mən Salyanda yaşayırdım, bu
şeiri göndərdim Mövluda. O durdu Qazaxdan Salyana gəldi,
bir neçə gün bizdə qaldı. Təbii
ki, bu təsadüfi deyildi, o, mənə dəstək olmaq
üçün gəlmişdi. Təəssüf, biz ona çətin
vaxtlarında kömək edə bilmədik...
–
Ədəbiyyatımızda hansı kişi
obrazını sevirsiniz?
– "Əli və Nino” əsərindəki
Əli obrazını. İndi ağlıma onun
qədər, başqa bir maraqlı obraz gəlmir. Hətta onun şərqli tərəflərini də
sevdim. Orda bir məqam var, İrana gedirlər, Nino bir də
baxır ki, Əli
də qoşulub başqaları kimi
başını yarır. Hətta bütün
o xırdalıqlara rəğmən, o obraz mənə
maraqlı, doğma gəlir. Daha çox yəqin
ki, qadın kimi seçirəm onu. Bizim
Elsevərdə də ona bənzər cəhətlər var, bəlkə
də bu səbəbdən yalnız onun adını çəkdim.
Əli nə tam şərqli, nə də tam qərbli ola bilməyən obrazdır. Əslində,
hamımız eləyik. Amma bu çox
çətindir. Məsələn, Rafiq
Tağı ilə bağlı olmuş bir hadisəni
danışım, bunu Əjdər Ol necə gözəl təsvir
edib. Bir yerdə məscidə gediblər,
bir də baxıb Rafiq yoxdur, gözü ilə axtarıb,
görüb Rafiq qoşulub aşurə mərasimini qeyd edən
adamlara, sinə döyür. Mənim
ürəkdən sevdiyim insanların çoxu Əlinin
ümumiləşmiş obrazıdır.
– Düşünürəm ki, ədəbiyyatımızda
qadın yazarlarımız bir-birlərinə daha hörmətlə
davranırlar. Tənzimlənən, tənzimlənməyən
münasibətlər, kortəbii, yaxud düşünülmüş
yaxınlıqlar, ümumiyyətlə, qələm
adamları arasındakı münasibətlərdən
danışaq.
– Bəlkə rəqabət hissi
kişilərin təbiətində daha çoxdur, daha
böyükdür deyə bunun müxtəlif sferalarda bənzər
təzahürünü görürük. İnsan
da bir heyvandır – ağıllı heyvandır. Kişilər həmişə mübariz, ovunu əldən
verməmək üçün hər yola əl atan olublar.
Qadınlar heç vaxt bir kişi
üstündə rəqabət aparmazlar, özlərinə
sığışdırmazlar, bu, başqa sahələrə
də aiddir. Qadınlar həm də müəyyən
şeylərə həssasdırlar,
qarşısındakını yıxıb keçməyi
arzulamır, bundan zövq almırlar. Həm
də biz həmişə düşünürük ki,
qadınlar qeybətcil olur, amma bu yanlış fikirdir,
kişilərin qeybəti daha iyrənc olur. Ədəbi qruplaşmalara gəlincə, bu var. Bunu
danmaq olmaz. Eyni qruplaşmadan olan adamlar
bir-birini tərifləyir, bir-birinə dəstək olur,
yazılarını sosial şəbəkələrdə
paylaşırlar. Şəxsən
mən xoşuma
gələn maraqlı yazıya biganə qala bilmirəm,
hansı sferadan olur-olsun, diqqətimi əsirgəmirəm. Əslində, qruplaşmalar varsa da, bu da
normaldır, amma heç olmasa, aralarındakı rəqabət
sağlam olsun. "Qruplarda eyni fikri, eyni
ideyanı daşıyan adamlar cəm olmalıdır” tələbi
əsasdır. Bizdə, düşünürəm, daha
çox fikir dözümsüzlüyü var: "mənim
kimi düşünməyən adam mənim
düşmənimdir”. Bu, çox sərt səslənir,
cəmiyyətdə də, elə mədəniyyətdə də
parçalanmalara səbəb olur. Fikrimcə,
bütün ədəbi dedi-qodular, yerli-yersiz iddialar, rəqabətlər,
hər şey unudulacaq, qalan yalnız ədəbi məhsul
olacaq. Mətn qalacaq, o göstərəcək kim kimdir.
– Şeirlərinizdə
görünən detallar çoxdur, hisslərə,
duyğuların təsvirinə çox yer vermirsiniz. Müşahidələrinizi mütləq qeyd
edirsiniz, sonradan şeirə çevrilir, yoxsa
yaddaşınızda qalan lövhələrdi sonradan misralarda
dirilir?
– Yox qeyd etmirəm. İdeya
gəlir, bəli, daha çox müşahidələrimə əsasən
doğulur şeirlər, əlimə qələmi alıram və
yazıram. Bütün şeirləri
kağıza yazıram. Sonra kompüterə
köçürəndə təbii ki, düzəlişlər
olur. Elə vaxt olur, əvvəlki
halından əsər-əlamət qalmır. Adətən, əvvəlcədən bilirəm, bu
süjetli şeir olacaq, ya yox. Şəkil-şeir
məsələləri də mənim arzularımla
bağlıdır. Mən kinorejissor olmaq
istəyirdim və bu gün baxdığım bütün
filmlərdə şeirləri görürəm.
– "Mənim Allah nənəm var
deyə göz
süzdürür qardaşına
balaca qızcığaz
qardaşı Allah babadan danışanda...” – bu da müşahidə-şeirdir, yoxsa özünüz balaca qəhrəmanınızı feminist görmək istəyərdiniz?
– Bu, konkret mənim
Nərmin qızımın qardaşına dediyi sözlərdir.
Hə, demək
olar müşahidə-şeirdir. Qız
uşaqlarında feminizm hisslərinin formalaşmağına
özümüz təkan veririk. Özümüz
səbəb oluruq onlar özlərini sıxılmış,
incidilmiş hiss etsin. Nərmin elə deyəndə
diksindim. Doğrudan da, kim bilir
axı, O, babadır, nənədir? Həm də
çox məyus oldum. Kədərləndim
ki, 9 yaşlı bir qız uşağı artıq başa
düşür vəziyyətin nə yerdə olduğunu.
– "Səhər su vermədim
çiçəklərimə
bir az da
dönüb mənə baxsınlar
günəş
pəncərələr ardındakı çiçəyə
su verməz
bunu anlasınlar...” – çox
"çiçək”lərə su verməmisiniz bu
cığallıqla?
– O şeirin qəhrəmanı
qonşu qadındır. Evlərinə getdim, mətbəxi
uşaq otağı, dəhlizi isə mətbəx eləmişdilər.
Ürəyim sıxıldı orda, bir anlıq
gözüm dibçəkdəki gülə sataşdı,
onun yerində olmaq necə hisdir, bunu duydum. Əslində,
bu, kortəbii prosesdir: çiçəklər günəşə
boylanar da. Su necə yaranır, günəş
buxarlandırır, bulud olur, yağır, amma pəncərələr
arxasındakı çiçək o buluddan su içə
bilməz, ona mütləq evdəkilərdən kimsə su
tökməlidir. O, azad deyil, möhtacdır. Orda pəncərələr arxasında qalan
çiçəklə dörd divar arasında
yaşamağa məhkum qadını müqayisə eləməyə
çalışmışam. Şeirin qəhrəmanı
sanki çiçəklərin heç olmasa, onu
anlamasını umur. "Barı siz məni
anlayın, biz ki eyni taleni bölüşürük” demək
istəyir. Etiraf edim ki, bir qədər də
acıqlıdır, acığını çiçəklərin
üstünə tökmək istəyir. Bunu
çox həssaslıqla tutmusuz. Amma
özümün belə cığallığım
olmayıb, ürəyim dözməz qəsdən
çiçəklərə su verməyim. Evdə
balıqlarımız var, hərdən başım
qarışır, nahar vaxtı onlara yem verməyi gecikdirirəm,
onda elə vicdan əzabı çəkirəm... Füzuli demişkən, şeirə aldanmayın, mən
həyatda elə edə bilmərəm.
– Ayrı-ayrı şeirlərinizdə
qadınlar gözəlliyini itirir, dişləri
tökülür ("Sevgi kompleksli qadın”), damarları
çıxır ("Uşaq üstündə”), ər
kötəyindən ölür ("Tomaya ikinci məktub”)
saçları yolunur ("Xəyanətə
uğramış qadın”) və s. Xoşbəxt
qadınları təsvir etmək çətindir, təsvir
üçün obyekt yoxdur, tapmırıq elə qadın,
yoxsa oxucuya məhz bu maraqlıdır?
– Xoşbəxt elə xoşbəxtdir,
onun problemi yoxdur axı. Mən sadəcə əzilən
qadınlara diqqət yönəltmək istəmişəm.
Bizim ölkəmizdə bədbəxt
qadınlar daha çoxdur. Ya da mənim ətrafımda
bədbəxt qadınlar çox olub, nənəm,
xalalarım əziyyət içində yaşayıb, təbii
ki, bu şeirlərimə də hopub. Bəzi
şeirlərimdə xoşbəxt qadınlar (onlar daha
çox ana kimi xoşbəxt) da var. Amma bayaq da dediyim kimi,
aşıq gördüyünü çağırar, daha
çox nəyi, kimləri müşahidə etmişəmsə,
onlardan da yazmışam. Deyim ki, təkcə
qadınların yox, kişilərin də bədbəxtindən
yazmışam, ayrı-seçkilik salmamışam. Məsələn, "Səni öldürəcəklər”
şeirimdə deyirəm:
Qabarlı əllərlə
oxşadın üzün,
"əlində
tikan var” dedi
hiyləgər
qızın
qurtardıqca
yağın, çörəyin, duzun
səni sevmədilər
üz döndərdilər
dizinə
döydün
divarı vurdun
səksəndi
divarda ananın şəkli
əlin gəlmədi
arvadı döyə...
Yəni, elə şeirim var ki, qəhrəmanı çarəsiz bir kişidir. Təkcə qadınlar əzilmir, kişilər də, hətta uşaqlar da əzilir. Kimin gücü kimə çatdı...
Söhbətləşdi: Günel
Şamilqızı
Kaspi 2018.- 31 mart.- S.12-13.