Özümlə təzaddayam
Sona Əliyeva: “İnsan
özünü hər gün yenidən dərk edir”
Səmimidir. Mehribandır. Nərmin,
Səma və Fuaddan danışanda özünü unudur.
Gözəl xanım və gözəl
anadır. Bunu onun hər kəlməsindən,
hətta üz cizgilərindən görmək
mümkündür. Davranışlarında sadə və təbiidir.
Şəhid ailələrindən
danışanda özünü onların yerinə qoyur.
Sadəcə bu məqam belə, haqqında
yazmaq üçün tutarlı səbəbdir.
Müsahibim səmimiyyəti, təəssübkeşliyi ilə
seçicilərin hörmətini qazanan, mənim də
doğulub böyüdüyüm Şəmkir rayonunun
deputatı Sona xanım Əliyevadır:
-Sona Əliyeva özünü necə
xarakterizə edər?
- Sona
Əliyeva hər şeydən əvvəl, anadır və
düşünürəm ki, yaxşı anadır.
- Kimin anası?
- Nərminin,
Səmanın və Fuadın.
- Olmaq istədiyi mərtəbəyə
gəlib çatıbmı, analıq məsələsində?
Yoxsa ürəyində qalan nələrsə
var?
- Təbii
ki, ideal həyat və ideal arzular yoxdur. Müəyyən
məsələlər hələ də kəsikdir.
- Sizin bir rəsmi titulunuz var, bir də
ailədəki yeriniz. Bunlar
çatışırmı?
- Qətiyyən.
-
Uşaqlığınızdan danışaq...
- Şəmkirdə anadan olmuşam, orda
böyüyüb, təhsil almışam. Uzaqlara getmək
arzum olub, amma vəzifə cəhətdən bura qədər
gələcəyimi düşünməmişəm.
- Adınızı kim qoyub?
- Nənəm.
- Sizə nə ifadə edir?
-
Atamın nənəsinin adı olduğunu.
- Deyirlər
insanın adı onun xasiyyətindən və gələcəkdə
kim olacağından xəbər verir...
- Mən
elə düşünmürəm.
- Çoxmu yol gedirsiniz?
-
Baxır kiminlə.
- Yola getməkmi əsasdır, yol
getməkmi?
- Yola getmək
əsasdır.
-
Baxır kiminlə... Ali təhsiliniz...
- (gülür) Azərbaycan Dövlət Pedaqoji
Universitetinin biologiya fakültəsini bitirmişəm.
- Müəlliməsiniz?
- Olmuşam.
- Həm
də əməkdar müəllimə...
- Bəli!
- Əməkdar müəllimə
ilə normal müəllimənin arasında nə fərq var
ki? Bəyəm o biri
müəllim və ya müəllimə əmək sərf
eləmir?
-
Vicdanlı olan hər bir müəllim(ə)
əməkdardır.
- Hər müəllimə
vicdanlıdırmı?
-
Doğrusunu demək lazımdırsa, yox. Amma
böyük əksəriyyəti əməkdardır.
- Əməkdar müəllimə Sona xanım Əliyeva
vicdanlı deputatdırmı?
-
Düşünürəm ki, bəli.
- Vicdanlı müəllimə idimi?
- Tamamilə.
- Çətinə
düşdüyünüz məqamlar varmı? Hansı ki, orda gücsüzsünüz.
- Həyatda
tam olan heç nə yoxdur.
- Köməyinizə kim çatır?
- Yenə
özüm. Dediyim kimi, tam olan heç nə
yoxdur.
- Yarım qalan nədir?
-
Yarım qalan çox şey var.
- Misal
üçün...
- Problemlər,
duyğular...
- Sizi
hansı film, hansı mahnı və ya hansı kəlmə xarakterizə
edir?
- "Küləklə sovrulanlar”.
- Hansı obraz?
- Scarlett.
- Bədii ədəbiyyat oxuyursunuzmu?
-
Çox.
- Misal
üçün.
- "Sonuncu kamyon”. Sevdiyim yazıçılar Düma,
Drayzerdir. "Ovod” ən çox sevdiyim bədii
əsərdir.
- Etel
Lilian Voyniç... Nə çəkir sizi
"Ovod”da?
-
Mübarizlik.
- Siz
mübarizsinizmi?
- Bəli.
- Azərbaycan
qadınını dünya qadınlarından fərqləndirən
daşlaşmış dəyərlərdən birinin
adını çəkə bilərsinizmi?
- Boyun əymək.
- Beləmi olmalıdır?
- Xeyr.
- Bəs niyə elədir?
- Tarixən
formalaşmış ənənədir.
- Dəyişdirməyə
gücünüz çatmırmı?
- Hələ
ki, yox.
- Ailə sizin üçün nədir?
- Cənnət.
- Sizi fərqli
qılan hər hansı bir xüsusiyyətiniz varmı?
-
Çoxdur.
- Məsələn?
- Ziddiyyətli adam olmağım. Özüm özümlə
təzaddayam.
- Ən çox hansı
xasiyyətləriniz bir-biri ilə çatışır?
- Həddən
artıq sərt və həddən artıq yumşaq
olmağım.
- Bu, sizin mandatınıza problem
yaratmır ki?
- Xeyr.
- Seçicilər sizi çoxmu
incidir?
- Yox. Bizim münasibətlərimiz
qarşılıqlıdır.
- Millətin vəkilimi, millət vəkili olmaqmı?
- Millətin
vəkili olmaq əsasdır. Ola bilsək.
- Arasındakı fərq nədir?
- Çətin
sual oldu bir az. Millətin vəkili olmaq çox çətindir,
çünki başa düşən var, düşməyən
var, savadlı var, cahil var, hər tip personajla, hər cür
insanla rastlaşırsan. Ona görə də
millətin vəkili olmaq çətindir, amma millət vəkili
olmaq da çətindir.
- Tez-tez gülümsəyirsiniz?
- Son
zamanlar xeyr.
- Niyə? Yorulubsunuz?
- Ola bilər.
- Nədən?
- Həyatdan.
- Sizin həyatınıza
qibtə edən o qədər insan var ki...
- Bilirəm.
- Nədən
narazısınız?
-
Narazı deyiləm, yorğunam.
- Dincəlmək üçün nə
lazımdır?
-
Övladlarım, mən və on gün istirahət.
- Harda?
- Fərqi
yoxdur, dünyanın harası olursa olsun, təki onlar mənimlə
olsun.
- Belə
çıxır ki, sizin üçün dünyanın mərkəzi
övladlarınızdır...
- Həyatımın
iki mərkəzi var. İşim və uşaqlarım, ailəm.
- Elə bir hal olubmu ki,
özünüzü seçicilərin yerinə qoyubsunuz?
-
Çox olur.
- Yollarda nə fikirləşirsiniz?
- Adətən
dincəlirəm.
- Heç kimin bilmədiyi bir
xüsusiyyətiniz varmı?
-
Çözülən bir insan olmaq istəmirəm.
- Nəyi saxlayıbsınız o
qılafın arxasında?
-
Saxlamağa çalışmamışam, amma oxunan bir insan
olmağı sevmirəm.
-
Çox gülərüz, səmimi və maraqlı bir
auranız var. Amma söhbətimizdən belə
çıxır ki, arxada çox şey
saxlayıbsınız.
- Kim necə
görür.
- Kimin sizi görməyini istəyirsiniz?
-
Heç kimin.
- İddialı söz oldu. Jurnalistlərdən niyə xoşunuz gəlmir?
-(gülür)
Bu sözü bir dəfə də demişəm, indi də təkrarlamaq
istəyirəm. Çox
sevdiyim yaşam koçu İrina Xakamadanın bir sözü
var, o deyir ki, jurnalistlər mənə özgə paltarı
biçiblər və mən ömrümün axırına
qədər o libasda gəzməyə məcburam.
- Nə libasıdır o elə?
-
Jurnalistlər bilir.
- Mən
bilmirəm.
- Onlar məndən
nə lazımdır soruşublar, hətta lazım olmayanı
belə.
- Maraqlıdır. Neçə
ildir millət vəkilisiniz?
- İki il yarım.
- Özünüzü nə vaxtdan dərk
eləməyə başlayıbsınız?
- Bu, bir az fəlsəfi sualdır. Mən
inanmıram kimsə deyə bilər ki, mən
özümü tam mənası ilə dərk eləmişəm.
İnsan özünü hər gün yenidən
dərk edir.
- Ən çox kimin
yanında tək qalırsınız?
-
Özümün.
- Sizi çətinə salan nə
var bu həyatda?
- İnadkarlığım.
- Güzəştə getmədiyiniz
nələr var?
- Həddindən
artıq çox şey.
- Sizi bu həyatda
sizin istədiyiniz qədər sevən kim
var?
- Yəqin
ki, övladlarım.
- Vicdan nədir?
-
Narahatçılıq.
- Ona borcunuz çoxdurmu?
-
Düşünmürəm.
- Siz
çox gənc, cavan və gözəlsiniz. Tez
ailə qurub, övlad sahibi olubsunuz, eyni zamanda da önəmli
bir vəzifədəsiniz. Məsuliyyəti
ağır deyil ki?
- Mən
həmişə həyatımın və işimin məsuliyyətini
dərk eləmişəm.
- Özünüzə nəzarəti
harda itirirsiniz?
- Əsəbiləşəndə. Hər insan kimi.
-
Sevdiyiniz musiqi.
- Retro
mahnıları çox sevirəm.
- Fonda səslənir.
- Hə,
gözəldir.
- Yeməklərlə aranız necədir?
-
Çox yaxşı.
- Ən çox hansı yeməkdən
xoşunuz gəlir?
- Ən
çox sevdiyim qida, düyü, kartof və un
məmulatlarıdır.
-
Görünüşünüzdən hiss olunmur...
-
Genetikdir.
- Genetikaya çox şey borclusunuz. Bəs hansı yeməyi hazırlamağı daha
çox sevirsiniz?
-
Özümün yox, uşaqlarımın ən sevdiyi yeməkləri
hazırlamağı daha çox sevirəm.
- Onlardan
çoxmu aralı qalırsınız ki, belə həsrətlə
bəhs edirsiniz...
- Yox. Biz həmişə bir yerdəyik. Həftənin
ən az üç günü onların
yanındayam. Sadəcə, sevgidəndir.
- Seçici olsaydınız deputat
Sona Əliyevanı seçərdinizmi?
- Bilmirəm.
- Buna nə vaxt cavab verməyə
hazır olacaqsınız?
-(gülür)
Beşillik tamam olanda.
- İnşallah. Həddən artıq səmimiyyət
problem yaratmır ki?
-
Yaradır.
- Nə kimi, məsələn?
- Qəbul
olunmamaq kimi.
- Azərbaycan...
- Vətən.
-
Başqa?
-
Bağlılıq. Sözlərin ifadə etməyə
gücü çatmayan hiss.
- Başqa hara sizi özünə
çəkir?
- İstanbul. Oranın sehri, aurası, enerjisi var. Daxili
bir bağlılıq var o şəhərlə.
- Tribuna adamı
olmadığınızın fərqindəsinizmi?
-
Hay-küyə ehtiyacım olduğunu düşünmürəm.
Olduğum kimi, mən mənəm. Pisimlə-yaxşımla.
- Bunu qarşınızdakına
ötürə bilirsinizmi?
- Təbii
ki, həmişə yox.
- Son
vaxtlar kəndçi-şəhərli söhbəti gündəmdən
düşmür...
- Vallah mən artıq ikisi arasında bir fərq görmürəm.
- Şəmkirdə,
yoxsa Bakıdamı daha rahatsınız?
- Şəmkirdə.
- Niyə?
- Bir dəfə alman səfiri məndən soruşmuşdu ki, Şəmkir sizin üçün nə ifadə edir? Ona cavabım "Azərbaycan mənim vətənim, Şəmkir isə evimdir” olmuşdu. Adam evində rahat olar.
- Evinizi kimə əmanət
edirsiniz?
- Xalqıma.
- Siyasi cavab oldu. Ən çox sevdiyiniz rəng.
-
Hal-hazırda qırmızı. Enerji verir.
- Gələcək
planlarınız...
- Şəxsi
sferada övladlarımın ali təhsil
almağı, gələcəkdə doğrudan da həm vətəndaş,
həm də yaxşı mütəxəssis olmaları. Mənim bütün böyük arzularım
övladlarımla bağlıdır. İşimə
gəlincə, düşünürəm ki, pedaqoji fəaliyyətimi
bərpa edəcəyəm.
- Dərs
demək...
- O
başqa hissdir, gözəldir. Ümumiyyətlə,
insan nəyisə öyrədəndə, aldığı həzz
onu qürurlandırır.
- Oxuculara gələcəkdə
stimul olacaq nələr deyə bilərsiniz?
- Mən
çox arzu edirəm ki, gənclər yaxşı təhsil
alsınlar, dünyagörüşləri geniş olsun, vətənə
sahib çıxsınlar, qurulan bir ölkəni çiyinlərində
daşısınlar. Nəsillərdən miras
qalanı davam etdirsinlər. Yəni qurulan
və qoyulan nə varsa, onu gələcəyə
çatdırmağı bacarsınlar.
- Bizim buna gücümüz
çatarmı?
-
Çox çalışsaq, əlbəttə.
- Müstəqillik nədir?
- Mücərrəd
mənada azad olmaq deməkdir. Leninin bir
yaxşı sözü var, deyir, cəmiyyətdə
yaşayıb azad olmaq qeyri mümkündür.
- Nəyi danışmadıq?
- Məncə, düşüncəmizdə nə varsa hamısını bölüşdük. Oxuculara sözüm isə odur ki, hər yazılana inanmasınlar. Həqiqət təkdir.
Nigar İsfəndiyar
Kaspi 2018.- 2 may.- S.9.