Formula-1 yarışlarının mədəniyyət
ocaqlarımıza gətirdiyi turistlər
Azərbaycan Qran Prisini izləmək
üçün ölkəmizə gələn əcnəbilər
paytaxtımızın mədəniyyət müəssisələrinə
də baş çəkiblər
Ölkəmiz daha bir beynəlxalq yarışmaya ev sahibliyi etdi. Ölkəmizdə artıq 3-cü dəfədir ki, keçirilən Formula-1 yarışları aprelin 29-da başa çatdı. Yarışların bitməsindən 3 gün keçməsinə baxmayaraq, Azərbaycan Qran Prisi hələ də dünyanın aparıcı KİV-lərinin gündəmindədir. Yazılarda yarışın gedişi, nəticələri, Bakının gözəlliyi, turistlər üçün cəlbediciliyi, Azərbaycanın tarixi məkanları və dinamik inkişafı barədə ətraflı məlumat verilir.
Məqalələrdə həm yerli, həm də xaricdən gələn azarkeşlər üçün Bakıda ideal şəraitin təşkil olunduğu, yarışın yüksək səviyyədə keçirildiyi bildirilir. Canlı yayım edən telekanallar, internet televiziyaları ilə yanaşı, Almaniya, Avstriya və İsveçrənin aparıcı mətbu orqanlarında Formula-1 Azərbaycan Qran Prisi barədə geniş məlumatlar əksini tapıb.
Bakımızda qonaq olan turistlər isə yarışların keçirildiyi zaman çərçivəsində müxtəlif mədəniyyət ocaqlarımıza gedir, şəhərimizin qədim küçələrini gəzmək imkanından yararlanırdılar. Bu baxımdan, mədəniyyət ocaqlarımız da diqqət mərkəzində oldu. Biz də yarışlardan sonra mədəniyyət ocaqlarımıza müraciət etdik. Onlardan yarışlar çərçivəsində hansı proqram təqdim etdiklərini və xarici qonaqları necə cəlb etdiklərini xəbər aldıq.
İlk olaraq Heydər Əliyev Sarayından başladıq. Sarayın mətbuat nümayəndəsi yarışlardan öncə tanınmış caz ifaçılarının konsertinin təşkil olunduğunu və konsertdə yerli tamaşaçılarla bərabər, xarici vətəndaşların da çoxluq təşkil etdiyini bildirdi. "jAzzeri Bands” caz musiqi axşamında bəstəkar, ustad caz musiqiçi, əməkdar incəsənət xadimi Cəmil Əmirov, Azərbaycan tar ifaçılıq məktəbinin gənc və istedadlı nümayəndəsi, tarzən Şəhriyar İmanov, eləcə də Nərmin Kərimbəyova, Elvin Bəşirov, Leys İzzy və H3 Collective iştirak ediblər.
Parisdə yaşayan və Fransanın məşhur "Center des Musique Didier” musiqi mərkəzində təhsil alan istedadlı caz ifaçısı, bəstəkar və pianoçu Etibar Əsədli konsertin xüsusi qonağı olub. Qeyd edək ki, gənc pianoçu Avropanın bir çox ölkələrində konsert proqramları ilə çıxış edib, beynəlxalq caz festivallarında və müxtəlif layihələrdə iştirak edib. Hər zaman öz çıxışları və bəstələri ilə musiqisevərlərin rəğbətini qazanıb. O, Azərbaycan mədəniyyəti və musiqisinin dünya auditoriyasına çatdırılmasında və təbliğində mühüm işlər görüb.
Sarayın sözçüsü konsert proqramının musiqisevərlər tərəfindən maraqla qarşılandığını, Avropadan, İrandan, Rusiyadan konsertə qonaqların təşrif buyurduğunu bildirdi. Aprelin 25-də isə yarışmaya bir gün qalmış Heydər Əliyev Sarayında xalq artisti Mübariz Tağıyevin anadan olmasının 70 illiyinə həsr edilmiş geniş konsert proqramı təqdim olunub. Yubiley konsertində respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Gecədə xalq artisti Aygün Kazımova, əməkdar artistlər Tünzalə Ağayeva, Manana, sevilən müğənnilər Samirə Allahverdiyeva, Eldar Qasımov, İlqar Xəyal, Fuad Musayev, Səbinə Babayeva, Emiliya Yaqubova, Abbas Əhməd, Azad Şabanov, "Qaya” qrupu və "Sevil” ansamblı çıxış edib. Bir-birindən parlaq ifaların təqdim olunduğu konsert proqramı maraqla qarşılanıb.
Nizami Kino Mərkəzinin kino işləri üzrə direktor müavini Arzu Əhədova bizimlə söhbətində Formula-1 yarışlarının keçildiyi günlərdə kinoteatrın proqramını daha da dolğunlaşdırdıqlarını və ingilis dilində filmlərin nümayişə buraxıldığını qeyd etdi: "Hər ilki kimi, bu il də ölkəmizdə keçirilən beynəlxalq yarış çərçivəsində kinoteatrımıza xarici vətəndaşların müraciəti çox olub. Aprelin 27-29 tarixlərində kinoteatrımızda ingilis dilində filmlər nümayiş olunub. Avropa, Amerika və bəzi ölkələrin filmlərini distribüterlərdən ingilis dilində almışdıq və turistlərin kinoteatrımıza müraciətlərini nəzərə alıb, həmin filmləri ingilis dilində təqdim etdik. Yarışlar çərçivəsində filmlərin seanslarının vaxtlarını özümüz sıxlaşdırmışdıq. Çalışırdıq ki, axşam seanslarında maraq doğuran filmlər olsun ki, tamaşaçılar gəlib həmin filmləri izləyə bilsinlər”.
Eyni zamanda kinoteatrın mətbuat xidmətinin rəhbəri olan Arzu xanım nəinki yarışların keçirildiyi tarixdə, ondan əvvəl və sonra da kinoteatra xarici vətəndaşların axının çoxaldığını bildirdi: "Son zamanlar kinoteatrımızda xarici vətəndaşların müraciətinin üstünlük təşkil etdiyinin şahidi oluruq. Belə ki, iranlılar, ərəblər, ruslar və digər millətlərin nümayəndələri kassalarımıza müraciət edirlər. Onların nümayiş olunan filmlərimizi nə dərəcədə başa düşəcəklərini deyə bilmərəm, ancaq son bir neçə ayda xarici vətəndaşların film izləmək üçün müraciətlərinin çoxaldığını deyə bilərəm. Tək Formula-1 ilə bağlı yox, ümumiyyətlə xarici tamaşaçıların sayı artıb”.
Azərbaycan Dövlət Opera və Balet Teatrının mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirzəyeva deyir ki, yarışların keçirildiyi zaman çərçivəsində teatrda tamaşa nümayiş olunmayıb: "Çünki həmin günlər yollar bağlı idi. Bizim sonuncu tamaşamız aprelin 25-də oynanılıb. Bilirsiniz ki, teatrımızın binası şəhərimizin mərkəzində yerləşir. Yarışlar da bizə yaxın yerdə keçirildiyi üçün yollar bağlı idi. Ümumiyyətlə bizim tamaşalarımıza turistlərin gəlişi hər zaman çox olub. Azərbaycanda olan xarici turist şirkətləri tez-tez bizimlə əlaqə saxlayıb turistlər üçün yer tutur və onlar qrup halında tamaşalarımızı izləməyə gəlirlər. Nəinki tur rəhbərləri, ayrı-ayrı xarici vətəndaşlar Rusiyadan, Avropadan, Asiyadan bizə müraciət edirlər. Misal üçün, mayın 3-ü və 6-da tamaşalarımız olacaq və indidən xaricilər həmin tamaşalara öz biletlərini alıblar”.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, əməkdar incəsənət xadimi Mübariz Həmidov "Kaspi”-yə açıqlamasında bildirdi ki, paytaxtımız üçün əlamətdar olan Formula-1 Azərbaycan Qran Prisi günlərində teatrın özəl repertuarı tərtib olunubmuş. Belə ki, aprelin 26-da tamaşaçılara Lineyn trilogiyası əsasında Martin Makdonaxın "Konnemarada bir kəllə”, 27-də "Yalqız Qərb”, 28-də L.Nurenin "Mən gəldim qızlar”, 29-da isə "Aydın” tamaşaları təqdim edilib. 27-29 aprel tarixlərində və eləcə də ay boyunca bütün axşam tamaşaları sinxron və titrlərlə nümayiş olunub: "Formula-1 çərçivəsində dünya klassikası və Azərbaycan dramaturqlarının seçmə əsərlərini repertuarımıza daxil etmişdik. İnanıram ki, şəhərimizin qonaqları teatrlarımızla tanış olmağa zaman tapdılar. Onu da qeyd edim ki, tamaşalar zamanı ingilis dilində subtitrlərin tətbiqi yarış bitdikdən sonra da davam etdiriləcək. Tərcümə etdiyimiz tamaşalar repertuar müddətində daim işlək olacaq. Digər bir hal isə ondan ibarətdir ki, hazırda tərcümə edilmiş tamaşalardan hər hansı biri digər xarici ölkələrdə festivala dəvət alarsa, biz həmin tamaşanı orada təqdim edə bilərik. Tamaşaları izləyənlər arasında Türkiyə, İran və Rusiyadan gəlmiş turistlər var idi. "Yalqız Qərb” tamaşasını izlədikdən sonra qonaqlar şəhərimiz haqqında təəssüratlarını bölüşüblər və razılıqlarını ifadə ediblər. İtaliya, Türkiyə, Rusiya, İran və Pakistandan gəlmiş qonaqlar tamaşanın koloriti, eləcə də teatr binasının orijinal dizaynı ilə bağlı fikirlərini bildiriblər”.
Azərbaycan Dövlət Musiqili Teatrının ölkəmizdə üçüncü dəfə keçirilən Formula-1 Azərbaycan Qran Prisinə yüksək səviyyədə hazırlaşdığını və qonaqların onların proqramlarına xüsusi maraq göstərdiyini öyrəndik. Teatrın direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayev açıqlamasında paytaxta təşrif buyuran qonaqların mədəni istirahətlərinin lazımi səviyyədə təşkil edilməsi ilə bağlı maraqlı tamaşalar təqdim olunduğunu dedi: "Musiqili Teatr Formula-1 həftəsində xüsusi repertuarla çıxış edib. Belə ki, teatrda ötən həftənin sonunadək üç səhnə əsəri - "Mənim günahım”, "Ər və arvad”, "Arşın mal alan” tamaşaları teatrsevərlərin ixtiyarına verilib. Üç gün ərzində səhnə əsərlərini paytaxt sakinləri ilə yanaşı, Hollandiya, Türkiyə və İran vətəndaşları da izləyiblər. Teatr rəhbərliyi tərəfindən xarici vətəndaşlar üçün ingilis, rus və ərəb dillərində bukletlər də hazırlanıb. Qonaqlar səhnə əsərlərini ingilis dilində tərcümə sətirlər vasitəsilə izləyə biliblər”.
Söhbətimizdən aydın oldu ki, yarışların keçirildiyi günlərdə teatrda tamaşaları Azərbaycandakı diplomatik korpusun nümayəndələri də izləyiblər.
Abdulla Şaiq adına Dövlət Kukla Teatrının mətbuat xidmətinin rəhbəri Həmidə Rüstəmova bildirdi ki, yarışlar keçirilən ərəfədə onların teatrı işləməyib. Səbəb isə yarışların keçirildiyi müddətdə Dənizkənarı Bulvar və onun ətrafındakı ərazilərin bağlı olması olub.
Xəyalə Rəis
Kaspi 2018.- 2 may.- S.12.