Arxiv sənədlərinə həyat verən tədqiqatçı

 

Tahirə xanımın elmə verdiyi töhfələr onu daim yaşadacaq

 

Tahirə xanımla tanışlığım 1998-ci ildə mənə bağışladığı "Azər­bay­can ədəbiyyatının tədqiqində əlyazma kolleksiyalarının əhəmiyyəti” adlı  ilk ki­ta­bın­­dan başladı. Kitaba yazdığı avtoqrafında, bu xanımın mənə qarşı ürəyində bir doğmalıq olduğunu hiss etmişdim. Vaxtaşırı Tahirə xanımla görüşür, onun dəyərli məsləhətlərini dinləyirdim. O, hər yeni  çapdan çıxan kitablarını avtoqrafla mənə bağışlayırdı. AMEA-nın Əlyazmalar İnstitutunda işləməyə başladığı ilk illərdən Tahirə xa­nım kim idi? Nurəliyeva Tahirə Nurulla qızı 1942-ci ildə Bakıda anadan ol­muş­du. 208 saylı orta məktəbi bitirdikdən sonra, 1959-cu ildə ADU-nun filologiya fakültəsinə (indiki BDU) daxil olmuş, 1965-ci ildə həmin fakültəni bi­tirmişdi. Ali məktəbdə oxuduğu vaxtdan - 1963-cü ildən əmək fəaliyyətinə baş­la­mışdı. 1965-1967-ci illərdə Azərbaycan Pedaqoji Dillər İns­titutunun nəzdində 2 illik fars dili kursunu bitirmişdi. Tahirə xanım bütün əl­yaz­malara kontrol kartateka tərtib etmiş, arxiv sənədləri ilə məşğul olmuşdur. Mədəniyyət ta­riximizin mühüm sahəsi olan əlyazma kolleksiyaları, sfraqistika – möhürlərin tədqiqini araşdırmışdır. Əsasən əlyazmaları araşdıraraq, şəxsi qeyd, möhüravtoqraflar  vasitəsilə əlyazmaların kimlərin kitabxanasından gəldiyini müəyyən etmişdir. Uzun müddət "Farsdilli əlyazmaların tədqiqi” şöbəsinin elmi işçisi vəzifəsində çalışmış, 9 kitab və 72 məqaləsi nəşr olunmuşdu.

 

        1986-cı ildə "Azərbaycan ədəbiyyatının tədqiqində əlyazma kolleksiyaları” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, elmlər namizədi alimlik də­rəcəsi adına layiq görülmüşdü. 1998-ci ildə "Azərbaycan ədəbiyyatının təd­qi­qin­də əlyazma kolleksiyalarının əhəmiyyəti” adlı monoqrafiyası işıq üzü görmüşdü. Onun gərgin əməyinin nəticəsi olaraq, uzun illər üzərində çalışdığı "Vəqf olunmuş əlyazmalar kataloqu” adlı kitabları 2009-cu (I) və 2012-ci (II) illərdə nəşr olun­muş­du. Bu əsərlər Tahirə xanımım gərgin əməyinin  bəhrəsidir. Tahirə xanım bu kitablarında vəqf olunmuş əlyazmaları ayırmaq üçün bütün for­mat­lar­da olan abidələri bir-bir nəzərdən keçirmiş, vəqf edən şəxsin möhürünü, eləcə də şəxsi qeydini  müəyyənləşdirmiş, 500-dən artıq əsəri qeydə almışdır.

 

 Mirzə İsmayıl Qasirin  "Seçilmiş əsərləri”,  "Şəxsi və rəs­­mi  möhürlər” , "Füzuli qəzəllərinə təxmislər” , "Cənnət Na­ğıyevanın biblioqrafiyası”,  "Novbəri Divan”ı da onun ərsəyə gətirdiyi kitablar arasındadır. 

 

Tahirə xanımın son işlərindən biri də, uzun illər üzərində çalışdığı "Novbəri Divanı” idi. XIX əsrin sonları XX əsrin birinci yarısında Şuşa şəhərində yaşamış, "Novbəri” təxəllüslü şair Kərbəlayi Qara Məşədi Süleyman oğlu Əliyevin lirik şeir­lər toplusu  olan  "Divan”ını  müasir əlifbaya transfoneliterasiya etmiş, ön söz yazaraq nəşr etdirmişdi. İnstitutun əməkdaşı, uzun illər Tahirə xanımla bir şö­bə­də çalışmış Mustafa Mailoğlunun redaktoru olduğu bu kitabda ərəb-fars söz­lə­ri­nin lüğəti də yer almışdır. Kitab "Elm” nəşriyyatında çap edilmişdir. Bu, Tahirə xa­nımın sonuncu kitabı oldu. O, 3 may 2017-ci ildə qəfildən dünyasını dəyişdi.

 

AMEA-nın Əlyazmalar İnstitutunun Farsdilli əlyazmaların tədqiqi  şöbəsinin aparıcı elmi işçisi, gözəl insan, təvazökar alim, zəhmətkeş tədqiqatçı, filologiya üz­rə fəlsəfə doktoru T.N.Nurəliyevanın əziz xatirəsi onu sevənlərin qəlbində daima yaşayacaqdır.

 

Rübabə Şirinova

AMEA  Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, Fəlsəfə üzrə fəlsəfə doktoru

 

Kaspi.-2018.-3 may.-S.15.