7 yaşlı “Teatr” əlavəmiz

 

Yaşadığımız 2018-ci ilin mayın 11-i "Kaspi” qəzetinin "Teatr” əlavəsinin teatrşünasları üçün önəmli bir gündür. Çünki bu gün bizim 7 il bundan əvvəl kiçik bir kollektivlə teatr oxucuları üçün yeni bir səhifə açdığımız günün ildönümüdür. 2011-ci ilin 11 mayında müəllimimiz, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarov bir neçə gənc teatrşünası ətrafına cəm edib, artıq "yeni üfüqlər açmağın və gənc teatr yazarlarımızın imzalarının tanıtmağın vaxtıdır” deyib uzun bir yola çıxdı. Tanınmış teatrşünaslar, Əməkdar incəsənət xadimi, professorlar Məryəm Əlizadə və İsrafil İsrafilov dərs dedikləri istedadlı tələbələri seçib Vidadi Qafarova yönləndirmişdi. Bu layihənin gerçəkləşməsində onların da rolu az olmadı.

 

 Teatr oxucusunu  yetişdirən komanda

 

 Əslində, ilk günlərdə məqsədimiz gənc teatrşünasları bir araya toplayıb mətbuatda teatr prosesindən bəhs edən yazılar yazmaq, gənclərin püxtələşməsinə və imzasının tanınmasına zəmin yaratmaqdan ibarət idi. Kiçik bir komanda ilə iclaslara, müzakirələrə başladıq. Komandamızda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Teatrşünaslıq” kafedrasının müəllimi, teatrşünas Elçin Cəfərov, AMEA Memarlıq və İncəsənət İnstitutu Teatr, KinoTeleviziya Şöbəsinin elmi işçisi Könül Əliyeva Cəfərova, teatrşünaslar Vəfa Mühacirova, Aygün Süleymanova var idi. Hər həftə görüşür, müzakirələr aparır, hədəflərimizdən, məqsədimizdən danışırdıq. Nəhayət, may ayının əvvəli hər həftə "Kaspi” qəzetində öz guşəmizin olacağı və özümüzü realizə etmək üçün bu bir səhifənin bizə meydan açacağı xəbəri ilə Vidadi Qafarov bizi çox sevindirmişdi. Beləliklə, həftənin birinci günləri Akademik Milli Dram Teatrının Kitabxanasında yığışır, 4– gün işıq üzü görəcək yazılarımızı planlaşdırırdıq.  Həqiqət də burasındadır ki, hər görüşümüzdə ən çox danlanan, yazıları müzakirə olunan yazar mən olurdum. Çünki bu komandanın ən kiçiyi və ən təcrübəsizi bəndəniz idi. 7 il bundan öncə hələ 3-cü kursda oxuyurdum və xəbərin, məqalənin yazılma qaydasından, tamaşanın təhlili yollarından, portret yazıların yazılma üsulundan xəbərsiz idim. Teatr əlavəsi mənə həm də böyük bir təcrübə məktəbi idi. Çox səmimi və qüsurlarımı üzümə vurmamaq üçün çalışan komandamız idi. Mətbuatdakı elə ilk yazım da məhz "Kaspi” qəzetinin "Teatr” əlavəsində işıq üzü görmüşdü. Bugünkü kimi xatırlayıram, 2011-ci il, may ayının 11-də "Akademik Milli Dram Teatrı qastrol səfərinə gedir” adlı bir xəbər hazırlamışdım. Teatr sənətinin incəliklərini bilməyən, yazı yazmağın qaydalarından xəbərsiz olan bir tələbənin ilk yazısının necə həyəcanlı, necə şirin və necə zövqlü olduğunu sözlərlə ifadə etmək mümkün deyil. Üzərindən 7 il keçsə də, o günləri həyəcanla xatırlayıram. İlk yazımın çıxdığı qəzeti bu günə qədər saxlayıram. Nə yalan deyim, boynuna alıram ki, min işarəlik bir xəbərin yarısını Vidadi Qafarov özü işləmişdi. Və bu balaca xəbər mənə stimul olmuşdu, məni həvəsləndirmişdi, mənə özgüvən vermişdi. 

 

 Hər həftə işıq üzü görən "Teatr” əlavəmizdə yeni layihələri oxuculara təqdim edirdik.  Belə ki, bu bir səhifədə resenziyalar, portret yazılar, bölgələrdən xəbərlər, müsahibələr, kulisdə yaşananlar, problemlər və onun həlli, araşdırmalar və sair və ilaxır layihələrlə teatrsevərlərin görüşünə gəlirdik. Yazılarla teatr cameəsinin, teatrda çalışan insanların diqqətini çəkdik. Nəinki paytaxt teatrları, bölgə teatrları da artıq "Kaspinin "Teatr” əlavəsini həvəslə izləyir, bəzən o sayda özlərini də görmək imkanı əldə edirdilər. Çox keçmədi ki, hər həftə bol informasiya və gündəmi tutan yazılarımız bir səhifəyə sığmadı. Mövzularımız çoxaldıqca yazılarımız, fikirlərimiz genişləndi.  Səhifələrimizi genişləndirib əvvəlcə 2, sonra 4 səhifə ilə çıxmağa başladıq. Günlər ayları, aylar illəri qovalayırdı, biz isə dəyişməz məkanda, dəyişməz ünvanda görüşüb, teatrsevərlər üçün bir məkan – oxu yeri açırdıq. Səhifələrimiz çoxaldıqca komandamız da genişlənirdi. Belə ki, Niyaz Cəfərov, Nigar Pirimova, Emin Əliyev, Dağlar Yusif kimi gənc teatrşünasları da qrupumuza cəlb etdik. Kollektivimiz daha da böyüdü. Yazılarımız daha da kəskinləşdi, itiləşdi. Bəzən yazdığımız yazılar zamanında ünvanına çatır, məsələnin yerindəcə həllini tapmasının da şahidinə çevrilirdik. Çatdırmaq istədiyimiz sözləri yazılarımızda üstüörtülü şəkildə qeyd edir, lazımı zamanda ünvanına çatdırırdıq. Yazdıqca püxtələşirdik. Bu 7 ildə heç kimin bostanına daş atmadıq, sözümüzü kiməsə ünvanlayıb ucuz qalmaqallarla gündəmə gəlmədik. Tutduğumuz yoldan bir gün belə yayınmadıq. Yazılarımızda təhqirə, söyüşə, yol vermədik. Yolumuz haqq, amalımız teatr oxucusunu formalaşdırmaq idi. Bir gün belə olsa "yorulduq” demədik. Təəssüf ki, özümüzə amal seçdiyimiz bu yolda itkilərimiz də oldu.

 Bu gün Teatr əlavəmizin 7 yaşını qeyd edirik. Geriyə baxanda necə çətin, məşəqqətli yol qət etdiyimizi görməmək mümkün deyil. Bir az əvvəl qeyd etdiyim kimi, bu yolda itkilərimiz də az olmadı. "Kaspi” ailəsinin üzvü olan Niyaz Cəfərovu ötən il itirdik. Onun ölümü bizləri çox məyus etdi. Qələm yoldaşımız, silahdaşımız, təbii ki, bizlərin qəlbində yaşayıb, yaşayacaq da, ammalakin... Biz onu heç unutmayacağıq.

 

 Müəllim məşəqqəti

 

 Gənc teatrşünasları ətrafına toplayan, onlardan bir komanda hazırlayıb, yetişdirən, teatrşünaslara sözlərini deməyə bir məkan yaradan Vidadi Qafarov bu  illər ərzində hər birimizin ayrı-ayrılıqda müəllimi oldu. Hər dəfə işlədiyimiz yazıların əziyyətini çəkdi, onu, el dilində desək, "abıra” saldı, sizlərə təqdim etdi. Sizin oxuduğunuz o yazıların birbizim klaviaturadan çıxan variantını görəsiniz. Əslində, onun işinə qarşı məsuliyyəti bizi bir qədər rahatlaşdırırdı. Yazını hazırlayarkən belə necə olsa Vidadi müəllimin oxuyacağını və bütün səliqəsizliklərimizi özü düzəldəcəyini düşünürdük və təəssüf ki, mən bu gün də elə düşünürəm. Hər dəfə bunu xoş sözlə, yüngül şəkildə bizlərə çatdıran müəllimimiz bəzən utanır, bunu üzümüzə o qədər də vurmamağa çalışırdı.

 Komandamızın Vidadi müəllimdən sonra ikinci redaktoru Elçin Cəfərovdur. Elçinin ideyaları bitib-tükənmək bilmir. Nə vaxt harada görüşməyimizdən asılı olmayaraq həmişə yenilikçi fikirləri ilə bizləri yönləndirir və öz məsləhətlərini əsirgəmir.

  

 Onları siz də tanıyın...

 

 Bu komandanı yaradanda içimizdə teatrla bağlı ən məlumatlı olan Elçin idi. Bəzən Vidadi Qafarov olmadıqda yazılarımızın istiqamətini, redaktə işlərini Elçin edir. Yazdığı yazılarını zaman-zaman anlamasam da, sonradan aydın olurdu. Yazı dili qəlizdir, amma onun yazılarının hər cümləsində xüsusi bir məna var. Ancaq son bir neçə ildə "xalturaedir, yazı yazmaqdan qaçır. Elçini bu 7 ildə nə vaxt danışdırdımsa həmişə işləri çox oldu. İşinin olmayan zamanına təsadüf etmək mümkün deyil. Ancaq işlərinin çox olan vaxtında belə ən yaxın dostlarına məsləhət verməyə və söhbət etməyə hər zaman bir yarım saatı var. Elçinin bəxti həm bizim kimi kollektivə sahib olmasında, həm də Könül kimi biri ilə ailəli olmasında gətirib. Hətta "Kaspi” qəzetinin "Gənclik” əlavəsində onlardan örnək ailə kimi müsahibə alıb, müsahibəni oxuyanda xeyli gülmüşdük də. Könüllə Elçin ayrı-ayrı dünyanın insanlarıdır. Onları hansı amilin birləşdirdiyi, hansı ulduzların bir arada saxladığı hələ də mənə müəmmalı görünür. (Bilirəm bu yazıdan sonra Könül məni "ignore”edəcək) Könülteatr əlavəmizin yarandığı ilk gündən bizimlə birlikdə addımlayır. Könülün həyata baxışı, dünyagörüşü, məsələlərə yanaşma tərzi çox fərqlidir. Onu da deyim ki, Könül yazıları ilə bağlı çox həssasdır. Yazdığı yazılarında çox müstəqil fikir bildirir, fikrini çox gözəl şəkildə izah etmək bacarığına sahibdir. Yazdığı yazının bir cümləsini qəzetdə görməyəndə aləmi bir-birinə vurmaq kimi istedada da malik bir teatrşünasımızdır. Buna görə də bəzən Vidadi Qafarovla sözləri çəpləşir. Onun bir acıq etməyi var ki görməyin. Biz artıq Könülü olduğu kimi qəbul də etmişik.

 Yazarlarımızın ən sakitiAygün Süleymanovadır. Aygün  daha çox resenziya, tərcümə və müsahibə janrında işləyir. Onun işinə xüsusi yanaşma tərzi var. Bir müsahibəyə, ən azı, bir həftə hazırlaşır. Özünü tam hazır hiss etdikdən sonra müsahibələrə gedir. Danışacağı adamlar isə onun ruh dünyasına yaxın adamlar olmalıdır ki, Aygün onlarla dil tapsın. Rus ədəbiyyatına, teatrlarına xüsusi marağı var. Və onun da öz dünyası var.

  

 Komandamızın sonbeşiylərindən olan Nigar Pirimovanın adını çəkməyə bilmərəm. Nigar eyni zamanda musiqi müəlliməsidir. İki sənəti birlikdə idarə edən teatrşünasımız əlavəmizdə teatrlardan resenziyalar yazır, müsahibələr edir, bəzən də bölgə teatrları ilə görüşlər keçirir. Özünü bu sahədə inkişaf etdirən yazarlardan biri də məhz Nigardır.

 

 Hə bir də mən varam – bəndəniz Xəyalə Rəis. Elə hesab edirəm ki, "Teatr” əlavəmizdən ən çox yararlanan isə mən oldum. Əlavəmiz işıq üzü gördükdən sonra qəzetimizin mədəniyyət yazarı olaraq da fəaliyyətə başladım. Yazdıqca yazılarımın içində itib batdım. Gördüm, götürdüm, öyrəndim və hələ də öyrənməyə davam edirəm.

 

 7 yaşımız olsa da, gənclərdən ibarət olan bu komandadan çox şey öyrəndim. Biz birlikdə ailə olmağı, güclü qalmağı, yeri gələndə bir komanda, yeri gələndə bir ana, bir ata, bir dost olmağı öyrəndik. Bu gün mənim üçün doğma olan, məktəb  funksiyasını daşıyan "Teatr” əlavəmizin 7 yaşıdır. Ad günün mübarək, mənim 7 yaşlı "Teatr”ım.

 

 Xəyalə Rəis 

 

Kaspi.-2018.-3 may.-S.10-11.