Ayla Bəhramqızı: “Bu mənim hələ
heç yerdə demədiyim sirrimdir...”
Ailəsi tərəfindən rejissor olmasına qəti etiraza baxmayaraq teatrı qanında, canında hiss edən Ayla öz arzusunun ardınca gedib, bu sənətə gəldi. Hazırladığı tamaşalarla çoxlarının sevgisini qazandı. Bu gün Dövlət Gənc Tamaşaçılar Teatrında həm uşaqlar, həm də böyüklər üçün hazırladığı tamaşaları ilə daima yenilik axtarışında olan Ayla Bəhramqızı gələcəkdə də maraqlı səhnə əsərləri yaratmaq eşqi yaşayır. Bunu gənc rejissorla söhbətdə də bir daha gördük.
-Özünüzü
tamaşaçılara təqdim edin.
-Ayla Bəhramqızı, əvvəlcə Bülbül adına orta musiqi məktəbində təhsil almışam. 6-cı sinifdən təhsilimi Tərəqqi orta humanitar liseyində davam etdirmişəm. Ardınca Mədəniyyət və İncəsənət Universitetinin Dram rejissorluğu fakultəsinə qəbul olmuşam. Bakalavrı bitirən kimi, magistr pilləsində oxumuşam. 2013-cü ildən Gənc Tamaşaçılar teatrında işləyirəm.
-Necə oldu ki,
bu sənətə gəldiniz?
-Bilirsiniz
ki, rejissor ailəsində doğulmuşam. Kiçik
yaşlarımdan atamla Akademik Milli Dram Teatrına gedirdik, onun məşqlərində
olurdum. Amma heç vaxt fikrim olmayıb ki,
teatrda işləyim. Böyüdükdən
sonra fikirləşdim ki, nə olmaq istəyirəm? Əslində, evdən müəllim
olmağımı arzulayırdılar. Ona
görə də əvvəl BDU-ya hazırlaşmaq istədim,
lakin sonda fikrimi dəyişdim və evdə bildirdim ki, İncəsənətə
qəbul olmaq istəyirəm. Bu fikrimə
ilk qarşı çıxan elə atam oldu. Mən isə fikrimdən daşınmadım, sənədlərimi
verdim və qəbul oldum. Onu da deyim ki,
birinci kursda olanda atam mənim orada oxumağımı qəbul
etmirdi, mənimlə heç nə
bölüşmürdü, əhəmiyyət vermirdi (gülürük).
İkinci kursdan iş elə gətirdi ki, Bəhram müəllim
bizim kurs rəhbərimiz oldu. Amma yenə də
məni qəbul etmirdi. Bir dəfə bir
tamaşa hazırladım, bu tamaşadan sonra artıq mənimlə
nələri isə bölüşməyə başladı.
Atam rejissorluğa daxil olmama bir şərtlə
razı idi ki, bitirəndən sonra qalıb müəllimə
işləyim. Əvvəldən deyirdi ki,
rejissorluq qadın sənəti deyil. Lakin mən
dediyimdən dönmürdüm, indi isə anlayıram ki,
düz deyirmiş. Buna əvvəl
razılaşsam da, magistraturaya qəbul olduqdan sonra müəllim
olmayacağımı bildirdim. Həmişə
demişəm ki, teatr mənim qanımdadır.
Düzdür, evdə
heç vaxt teatr barədə bir kəlimə də söz
danışılmazdı. Evə girdinsə
tamam başqa dünyadasan. Ancaq
görünür məlum məsələ mənə də
sirayət edib.
-Bəhram müəllim işlərinizi
bəyənir, dəstək olur, yoxsa daha çox tənqid
eşidirsiz?
-Biz bir
teatrda çalışırıq, rəhbərimdi mənim. Amma burda nə mən onun qızıyam, nə o mənim
atamdı. Yeri gələndə
dalaşırıq da, sözümüz də
düşür, narazılıq da olur. Ancaq
mənə heç vaxt öyrətmir ki, nəyi necə edim.
Hətta, başqalarının məşqlərinə
mənimkindən çox gedir. Bu da məlumdur,
qızı olduğum üçün belə edir. Əslində bu, mənimçün böyük məktəbdir.
Çalışıram, vuruşuram və hər
şeyi özüm edirəm. Nə qədər çətin olsa da, sonda
mütləq çıxış yolu tapıram. Hazırladığım tamaşalardan sonra ən
çox sevdiyim, Bəhram müəllimin baş rejissor kimi
ayağa durub, əlimi sıxıb təbrik etməsidir.
-İndiyədək
eşitdiyiniz və sizə ağır təsir edən tənqid
olubmu tamaşanız barədə?
-(Bir az
fikrə gedir) Olub. Tənqiddən qorxan insan
deyiləm, əksinə, sevirəm mənə həqiqətən
kömək olacaq, səhvimi göstərəcək tənqid
desinlər. Bundan ancaq nəticə
çıxarıram. Çünki
yalnız tərif varsa, demək yola verirlər səni.
Yox, tənqid varsa, demək ki, nə isə iş
görmüsən və bu barədə danışılacaq
bir şey var. Ən böyük tənqidi ilk dəfə
böyüklər üçün tamaşaya qoyduğum
"Ağ ölüm” tamaşasından sonra Aydın
Talıbzadə edib. Onda mənim 23 yaşım
vardı. Təsəvvür edin, ilk
böyük tamaşan və səni tənqid edirlər, atam
da burda yox idi. O zaman nə ona, nə də kiməsə
heç nə demədim. Minimalist üslubunda
olan tamaşama yeniliklər gətirmişdim. Sonacan qulaq
asdım, söz mənə verildikdə isə bir söz
dedim- "mən tamaşanı tamaşaçı
üçün hazırlamışam. Qəbul
etməsələr, siz deyənlərin hamısını dəyişəcəm”.
Allaha şükür qəbul da olundu, sevildi də
və bu günə qədər repertuarda davamlı olaraq
nümayiş olunur.
-Daha
çox kimləri özünüzə müəllim
bilirsiniz. Yaxud elə bir insan varmı ki, deyəsiniz
ondan öyrənməli çox şey var?
-İnanırsınız ki, atamdan belə öyrənməmişəm
(gülürük). Hətta, bir dəfə onun məşqlərində
iştirak etmək istədikdə niyəsini də
soruşublar. Mənə maraqlı idi, Bəhram
müəllim necə tamaşa hazırlayır, məşqlərini
necə aparır, görəsən baxmadan onun etdiklərindən
nəyisə edirəm? Müəllimim o
olsa da, bazam ondan olsa da, bu günə qədər hələ
də görmək qismət olmayıb. Məşqlərimiz
çox vaxt üst-üstə düşüb, ya necəsə
alınmır. Qalan elə bir insan da yoxdur
deyəm ki, sırf ondan öyrənirəm. Hamıya baxıram, hamıdan öyrənirəm.
Kimdə maraqlı nə olursa
özümçün yenilik kəşf edirəm. İstər aktyor olsun, istər rejissor.
-Tamaşalarınız içərisində
ən əziyyətli başa gələn hansı tamaşa
olub?
-"Ağ ölüm” tamaşası.
-Niyə?
-Quruluşçu
rejissor kimi ilk işim idi. Obrazları tapmaq,
onları yenidən yaratmaq çətin idi. Sənətdə belə bir söz var "aktyoru
sındırmaq”, onu etməyi sevirəm. Ola bilər kimsə
desin ki, bu onun qabında deyil, yaxud başqası belə
oynayarrdı. Ola bilər, lakin mən sevirəm
ki, aktyorun məhz bilinməyən tərəfini aşkara
çıxarım. Və hər dəfə
tamaşalarımda da çalışıram heyəti dəyişəm.
-Elə olubmu ki, qoyduğunuz
tamaşalardan hansınınsa premyerası olub və siz
premyeradan sonra bəyənməmisiniz?
- (gülür) Olub, "Çeburaşka” (tərəddüd
edərək deyir). Bu günə qədər hər dəfə
baxdığımda fikirləşirdim nə isə
çatmır, nə qədər edirdim istədiyimi
almırdım. İlk dəfə onda Bəhram müəllimə
dedim ki, tamaşada nə isə çatmır. Məhz
bu gün tamaşaya baxdığımda anladım ki,
çatışmayan aktyorlardakı sətbəstlik idi.
Bu gün aktyorlar "bişmişdilər”
obrazlarında, özününküləşdirmişdilər.
Səhnədə o qədər sərbəst
idilər ki, artıq hər şey yerində idi.
-Başqa teatrlardan təklif gəlsə,
gedərsinizmi?
-Bura o qədər
öyrəşmişəm ki, doğma evim kimidir. Ancaq təklif gəlsə gedərəm, səbəbi
isə budur ki, yeni aktyorlar tanıyım, çevrəmi
genişləndirim. Lakin hara getsəm ora mənim
üçün ancaq iş olaraq qalacaq. Burdakı
rahatlıq, doğmalıq heç yanda olmayacaq.
-Çox insanlar incəsənət
adamıyla ailə qurmağa ehtiyat edir, yaxud heç
razılaşmırlar. Sizdə necə oldu..?
-Bilirsiniz
necədi, düz vurğuladınız. Bu
gün bizim cəmiyyət hələ də o səviyyədə
deyil ki, incəsənət sahəsində çalışan
hər kəsi olduğu kimi qəbul etsin. Bizim
cəmiyyətimizdə əgər kimsə incəsənət
sahəsində çalışırsa, onu tanımadan, bilmədən
uzaq gəzirlər. Başa düşən
insan, sevən insan həm dəstək, həm də arxa-dayaq
olacaq. Belə insanlar da çox az
olur. Ona görə də alınmadı... Bilirsiz,
evdə dalaşırsan, evdən getmək istəyirsən,
amma teatrda dalaşırsan, teatrdan getmək istəmirsən.
Tərəziyə qoyub fikirləşəndə,
anlayırsan ki, teatrsız qalmaq mümkün deyil. Əsl rejissor odu ki, tamaşa hazırlayacaqsa
bütün fikri ancaq o tamaşaya yönəlir, sanki bir
kapsulanın içindəsən, tamaşa bitəcək və
sən onda azad olacaqsan.
-Tamaşa hazırlayarkən əsas
hansı meyarlara fikir verirsiniz?
-Mənim
ən böyük meyarım budur ki, tamaşa təkcə
teatr üçün hazırlanmasın. Kompakt
tamaşaları sevirəm. Tamaşa ilk
növbədə nə isə öyrətməlidir. Bu olmasa deməli tamaşa boş, mənasız bir
şeydir. Rahat tamaşa olsun, burda səhnə,
dekorlar, geyimlər vacib deyil, əsas olan aktyor oyunudu.
-Teatrdan başqa hansısa layihələriniz
olubmu?
-Xeyr, hələ
indiyədək fərqli bir layihəm olmayib.
-Bu gün gənc rejissorlardan kimlərin
işini bəyənirsiniz?
-Adların
eşitdiklərim var, ancaq işlərini görməmişəm.
Düzü işlərim çox olur, vaxtım
az. Ona görə də hələ heç birinin işlərini
izləməmişəm.
-Tamaşalarınızın
çoxu uşaqlar üçündür. Bu nədən
irəli gəlir, yəni gəncsiniz deyə, ya başqa səbəblər
var?
-Bəlkə
də içimdə bir uşaq var, uşaq ruhlu olduğum
üçündür. Hərdən mənə
sual veriləndə deyirəm 35 yaşdan sonra daha dərin
tamaşalara keçəcəm, böyüyəcəm
(gülür). Böyüklər
üçün də tamaşalarım var, arada onlara
müraciət edirəm ki, fəqlilik olsun. Yenidən uşaq tamaşalarına qayıdanda daha
maraqlı hazırlayım. Əslində
uşaq tamaşalarını hazırlamaq daha çətindir.
Onu uşağa çatdırmaq, öyrətmək,
aktyoru "sındırmaq”, maraqlı olmaq daha məsuliyyətlidir.
-Bu
gün teatrlarımızın fəaliyyətini bir gənc
rejissor kimi necə qiymətləndirirsiniz. Özünüz
vaxt tapanda hansı teatrlara baş çəkirsiniz?
-Ən son baxdığım tamaşa Rus Dram
Teatrındakı "Əli və Nino” tamaşası olub. Sonra bizim
teatrdakı "Arzu və Murad” tamaşası idi. Hətta, bu tamaşada ağlamışam da. Bu
günün teatrına gəlincə daha yaxşı, dərin
ola bilərdi. Lazimi səviyyədə
deyil. Mən əvvəl fikirləşirdim
ki, gənclərə kömək etmirlər, yer vermirlər
deyə problem budur. Lakin bu gün
anlayıram ki, yanılmışam, dövlət tərəfindən
hər cür köməklik olunur. Problem
aktyorlardadı, kifayət qədər işləmirlər deyə
nəticə də istənilən alınmır.
-Bəs nə
lazımdır?
-Tamaşaçını maraqlandıran bir şey. Aktual və seyrçinin diqqətini çəkən nəsə olmalıdır. Pyesdə olmasın, aktyorun və ya rejissorun tapıntısı ola bilər. Əgər bu varsa baxılar. Təəssüflər olsun ki, bu gün teatrlardakı tamaşaların hamısında bu yoxdur.
-Mövsümün sonuna doğru iki uşaq tamaşası olacaq və birini, "Tənbəl Əhməd”i siz hazırlayacaqsınız...
-"Çeburaşkanı” təhvil verəndən sonra, məzuniyyətə çıxmaq fikrim vardı və düşündüm ki, rahat oturub "Vinni Pux” tamaşası üzərində işlərəm. Ancaq səhəri gün Mubariz müəllim məni işə çağırdı və təklif etdi ki, "Tənbəl Əhməd”i hazırlayım. Düzü mənə çox xoş idi ki, ilk dəfə direktorumuz mənimlə bu cür ətraflı söhbət edir, məsləhətlər verir və istəklərin bildirdi. Beləcə bu işə başladıq və sağlıq olsun, iyun ayının 4-ü premyerası gözlənilir.
-Məşqinə
başlamadığınız, lakin gələcəkdə
reallaşdırmaq istədiyiniz hansısa pyes varmı?
-Var. Uşaq tamaşalarından ən çox "Vinni Pux”u, , "Bilməcənin macəraları”nı, böyüklərdən isə "Paris Noterdam kilsəsi”ni hazırlamağı arzulayıram. Bir də indi fəaliyyətdə olan dramaturqlardan birinin pyesini işləmək. Mən tamaşanı hazırlarkən, o da gəlib məşqlərdə iştirak etsin, məsləhətlər versin.
-Kimlə daha
çox?
-İlqar Fəhmi, Əli Əmirli ilə işləməyi istərdim.
-Hər rejissorun
öz sevimli aktyor heyəti olur ki, onunla işləmək rahat
gəlir. Sizdə belə bir heyət varmi, yoxsa kim oldu işləyirsiniz?
-Əslində məndə də var, ancaq mən eynilik etmək istəmirəm. Teatrın belə bir qanunu var ki, özünə dairə yığmamalısan. Mən yenilik etməyi sevirəm. Hər dəfə yeni aktyorlarla işləmək istəyirəm ki, həmin aktyoru o biri tərəfdən təqdim edim. Əgər sən yaxşı rejissorsansa sən aktyoru sevimli aktyorum deyə yox, aktyor rejissoru sevimli rejissorum deyib dalınca gəzsin. Dəfələrlə olub deyiblər ki, filan aktyoru biz belə bilmirdik, amma sən onu bu yöndən də təqdim edə bildim. Bax bu mənim üçün hər tərifdən daha üstündür.
-Heç olubmu
ki, qoyduğunuz tamaşada özünüz də oynamaq istəmisiniz?
Və ya gələcəkdə belə bir şey
düşünürsünüzmü?
-(Utanaraq gülür) Ən böyük arzumdu aktrisa kimi rol almaq. Çox istərdim hansısa tamaşada oynayım. Amma özüm qurmayım o tamaşanı.
-Niyə?
-İstəyirəm biləm rejissor tamaşadan danışanda, aktyora nə isə göstərəndə aktyor hansı hissləri keçirir. Bilirəm ki, komediya yarada bilmərəm, ona görə də dramatik bir obraz yaratmağı çox istərdim. Yaxşı rejissor olmaq üçün, yaxşı aktyor olmaq lazımdır. Və mən aktyorlara rol başa salanda bəzən obraza girirəm, yaxud gəlməyən aktyoru məşqdə əvəz edə bilirəm. Ona görə də aktyorluq edə biləcəyimə inanıram. Bu mənim hələ heç yerdə demədiyim sirrimdir.
-Rejissor yoxsa
aktyorluq-hansı sizə görə daha çətindir?
-Mənə görə aktyorluq daha çətindir. Düzdür bəla burasındadır ki, rejissor hər kəsin əvəzində daha çox işləyir. Amma bu belə olmamalıdır. Hər kəs öz işin görəndə hamıya da rahat olur. Tamaşaya gəlincə hər şey bitdikdən sonra rejissor gedə bilər. Aktyorlar isə bunu yaşatmalıdır hər dəfə. Ona görə də elə hesab edirəm ki, aktyorluq daha çətindir.
-Səmimi söhbətinizi görə təşəkkür edir və işlərinizdə uğurlar arzulayırıq.
-Çox sağ olun. Mən təşəkkür edirəm.
Nigar Pirimova
Teatrşünas
Kaspi 2018.- 3 may.- S.12.