Ata-ananın “gül
balası”, müdir oğlu…
Çingiz Əhmədov:
“Ayağımın altına bıçaq atdı ki...”
"Uşaq vaxtı bir dəfə Mərdəkanda
düşərgəyə getmək istədim. Məni apardılar, evdəkiləri
yola salıb dedim ki, gedin, mən burda qalacam. Hava
qaralanda orda darıxdım, qayıtmaq qərarı verdim.
Üstümdə də bir qəpik pul yox idi.
O vaxt 24 nömrəli avtobus Koroğlu metrosuna qədər gəlirdi.
Pulum olmadığı üçün avtobusun
arxasınca düşüb şəhərə gəlməyə
başladım. Avtobus getdikcə yolu təyin
edib, arxasınca qaçırdım. Təbii
ki maşın sürətinə çata bilmirdim, itib gedirdi,
növbəti 24 gələnə qədər dincəlirdim,
yenə onun arxasınca qaçırdım. Axşam 11-də ordan çıxmışdım,
gecənin bir aləmi gəlib şəhərə
çıxdım. Evə girəndə
çox qorxdular. Dedilər xəbər edərdin
gəlib gətirərdik” – bu, onun uşaqlıq illərindən
danışanda yadına düşən, tez-tez
bölüşdüyü xatirələrdəndir.
Bu dəfə onun rollarından, apardığı
verilişlərdən, fəaliyyətindən yox, ötən
illərindən danışacağıq. Uşaqlıq, gənclik, tələbəlik…
Müsahibimiz tanınmış komediya aktyoru, əməkdar
artist Çingiz Əhmədovdur. Deyir ki,
uşaqlıq dövründən danışanda
bağça illəri yadına düşür.
Ərköyün, amma əndazəni aşmayan yaradıcı
uşaq: "Ərköyün böyümüşəm,
amma əndazədən kənara çıxmamışam. O
vaxtda artıq aktyorluğa, müğənniliyə
marağım özünü göstərirdi. Bizim
bağçaya o vaxt Kukla Teatrı tamaşa göstərmək
üçün gəlirdi. Mən hələ
o vaxt tamaşaya sırf əyləncə gözü ilə
baxıb keçmirdim, necə olması ilə bağlı
fikirləşirdim, öyrənirdim. Tale elə
gətirdi ki, 10 yaşımdan televiziyada uşaq rollarına dəvət
aldım. Hüseynağa Sadıqovun "Piri Babanın
nağılları” verilişinə gedirdim, nağıllara
qulaq asırdım, sual da verirdim. Sonra elə
oldu ki, televiziyada 4 verilişə çəkilirdim.
"Kitab köşkü” "Komediyalar aləminə səyahət”,
"Yumoristik novellalar” və "Səhər
görüşləri”. Uşaq vaxtı artıq
tanınmış adam idim. Məktəbdə
də aktiv idim, nə tədbir olsa,
aparıcılığı, təşkilatçılığı
mənə həvalə edirdilər. Bilirdilər
ki, onu yaxşı bacaracağam”.
"O bir
müddət dediyi, 5 il oldu”
Deyir ki,
televiziya verilişlərinin sayəsində çox tez məşhurlaşıb,
ali təhsil aldığı istiqamət də
incəsənət olur. Universitetdə oxuya-oxuya da işləyib:
"Dərslərlə yanaşı, işləyirdim, gəlirim
də olurdu. Özümü idarə edirdim,
geyimlərimi alırdım. O vaxtın pulu bərəkətli
idi. Qonorarlarım da yaxşı olub. "Ömrün bahar anları” filminə,
"Mozalan”a çəkilib qonorar alırdım. Televiziyaya dəvət edirdilər orda da qonorar
yazırdılar. 1983-cü ildə Mədəniyyət
və İncəsənət Universitetini bitirdim”.
Universiteti
bitirən il Musiqili Komediya Teatrı ilə
yolları kəsişir: "Televiziyada
çalışa-çalışa Ofeliya Məmmədzadə
məni teatrda işə düzəltdi. Bala Qasımov dedi ki,
aktyor truppasında yer problemdir, gəl səni birinci xor
truppasına götürək. Teatrın baş
rejissoru Vaqif İbrahimoğlu idi. Ərizə
ilə onun yanına qalxdım ki, xorda işləməyimi təsdiqlənsin.
Vaqif müəllim Bala Qasımzadəyə dedi ki, bu, artıq
yetişmiş aktyordur, aktyor truppasına götürək.
B.Qasımzadə dedi ki, hələ ki, orda yer yoxdur, bir
müddət işləyəndən sonra keçirərik. O
bir müddət dediyi, 5 il oldu. Xor aktyoru işlədim, amma həm də rollar
oynayırdım. Artıq 22-23 yaşım
var idi. 80 manat maaşla işə düzəldim.
O vaxt üçün yaxşı pul idi. Ətin
kilosu 2 manat, pomidor, xiyarın kilosu 5 qəpik idi. Belə-belə populyar aktyora çevrildim”.
"…populyar
xalq artistləri mənə paxıllıq edirdilər”
Deyir ki, az yaşda tez məşhur olmasına
paxıllıq edən sənət yoldaşları da olub:
"Teatrda bəzi populyar xalq artistləri mənə
paxıllıq edirdilər, mənimlə səhnəyə
çıxmırdılar. Çünki mən
çıxanda tamaşaçılar əl
çalırdı. Həmin aktyorlar
deyirdilər ki, bu nə edib ki, belə tamaşaçı
alqışı qazanıb? İndi də
alqış üçün kiminsə cibinə girmirəm.
Bəzi aktyorlar afişa yapışdıranlara
pul verirdilər ki, onlar səhnəyə çıxanda əl
çalsınlar. Bilirsiniz, mən heç
vaxt kiminsə kölgəsində böyüməmişəm.
Uşaqlıq illərindən ərköyün
rollar oynamışam, buruq saçlı obrazda olurdum, şərf
bağlayırdım, cins geyinirdim. Ata-ananın
"gül balası”, müdirin oğlu kimi rolları
oynayırdım. Maraqlı və yaddaqalan
rollar idi. Bunlarla sevilirdim”.
Bir müddət gəlir ki,
çalışdığı teatrdan küsür və
ordan ayrılır. Bu ayrılıq isə heç də az
bir müddət olmur: "Teatra direktor Qəzənfər
Topçiyev gəldi. Ondan sonra bir çox məşhur,
səhnədə öz sözünü demiş aktyorlar ordan
uzaqlaşdı. Nəsibə Zeynalova, Ofeliya Məmmədzadə,
Ofeliya Aslan, Kübra Əliyeva və. s. Teatr pis vəziyyətdə
qaldı. 1991-ci ildə mən də getdim.
Gənclər Teatrında işləməyə
başladım. 2004-cü ildə
teatrın direktoru Hacıbaba Bağırovun dəvəti ilə
teatra qayıtdım. Onun da maraqlı
tarixçəsi var. O illərdə mən ANS kanalında
"Yeriniz məlum” adlı veriliş aparırdım. Kimi qonaq çağırırdımsa, gəlirdi.
Dedilər ki, Hacıbaba Bağırovu dəvət
edirik, gəlmir. Zəng vurub hal-əhval
tutdum. Dedim səni verilişə çağırmaq istəyirəm.
Dedi ki, bir şərtim var: Ata ocağın teatra qayıt, mən
də sənin verilişinə gəlim. Dedim işim
çoxdur, alınmır. Söhbət elə
belə qaldı, sonra işdəkilər dedilər ki, sən
də danışdın, gəlmədi. Teatra
onun yanına getdim, ayağımın altına bıçaq
atdı ki, sən də bu teatra gələrmişsən.
Baxdım ki, teatrda işə düzəlməklə
bağlı ərizəm yazılıb, bircə qol çəkməyim
qalıb. İmzaladım, o da mənim
verilişimə gəldi. Dedi nə vaxt imkanın olsa,
teatra gələrsən. Mən də heç
gedə bilmirdim. Bir müddət keçəndən
sonra zəng vurub dedi ki, sən teatrda işləyirsən, bunu
bilirsən də. Beləliklə, teatra
qayıtdım, 35 ildir orda çalışıram, 20 ilə
yaxın da aparıcılıq fəaliyyətim var”.
"Məktəb
qızları məni çox sevirdilər”
Ç.Əhmədov deyəndə həm də bir
çoxları onun hind mahnıları, kinoları ilə
bağlılığını yada salır. Deyir ki, hələ
uşaqlıqdan hind filmlərinə marağı olub: "Mən
klassik hind filmlərini sevirəm, indikilərə o qədər
də marağım yoxdur. Uşaq vaxtı
baxdığım filmlərin musiqilərini oxuyurdum, rəqs
edirdim. 18 yaşımda olanda hətta
Hindistana getmək şansım da var idi. 5
illik müqavilə ilə gedəcəkdim. Rəhmətlik anam qoymadı. Bu
yaşdan sonra istəmirəm, amma o vaxt getsəydim, heç də
peşmançılıq çəkməzdim”.
Keçmişdən danışanda ilk sevgidən
söhbət salmasaq olmaz. Çingiz Əhmədovun ilk sevgisi
bir çox oğlanlar kimi müəllimi olub: "3-cü
sinifdə oxuyanda ingilis dili müəllimimizdən çox
xoşum gəlirdi. Ona kömək etməyə,
evinə nəsə aparanda yardım etməyə
çalışırdım. Sonra başa
düşdüm ki, bunlar hamısı əfsanədir, mənim
yaşım azdır, müəllimin ailəsi, uşaqları
var. Məktəb qızları məni çox sevirdilər.
Bəlkə də məşhurluğumdan
dolayı idi”.
"Baxdım
ki, yuxudan duranda pis görünmür”
28 yaşında ailə qurur. Deyir ki, işlərin
çoxluğundan şəxsi həyatına vaxt ayıra
bilmirmiş: "Evlənməyə vaxt tapa bilmirdim. Amma vacib olduğunu başa düşürdüm.
O vaxt qastrollarımız çox olurdu, çəkilişlər
də vaxtımızı çox alırdı. Qaynar iş
mühiti var idi. Dostlar
yığışırdıq, hamısı ailəli idi, mən
subay. Deyirdilər ki, niyə bu qədər
gözləyirsən? Deyirdim ki, normal
qız yoxdur. Bir dostum var idi, indi İsraildə
yaşayır. Mənə dedi ki qız var, sən niyə
elə deyirsən? Dedi ki, bir əhdim var, yaxınlarda
övladım dünyaya gələcək, əgər
oğlan olsa, qonaqlıq təşkil edib hamını
yığacağam. Səni də dəvət
edəcəyəm, bir qız var onu da. Elə
oldu ki, oğlu oldu və o yığıncaqda biz
qarşılaşdıq, ümumi söhbət etdik.
Dedim bəs filan gün arxanca gəlim? Dedi ki, məni işə
atam aparıb-gətirir. Dedim bəs səninlə necə
görüşək? Dedi hələ ki, alınmır. Dedim
birdən yalan deyər, başladım bunu izləməyə. Gördüm ki, atası ilə gedir, günorta nahara
gedirlər, axşam da evə aparır. İki
ay onu izlədim, nəticədə qərar verdim ki, mənim
adamımdır. Amma atam həmişə
deyirdi ki, qıza səhər yuxudan duranda baxarlar. Mən də səhər tezdən onu görmək
istəyirdim. Bir dəfə səhər
çörək alıb apardım ona, çörəyi verəndə
qapıda baxdım. Baxdım ki, yuxudan
duranda pis görünmür (gülür). Sonra elçilərimi göndərdim,
razılığını aldım. Bu
gün onun başına and içirəm. Mənim işimdə, övladlarımın tərbiyəsində
Mehriban xanımın böyük əməyi olub. Mən
iş adamıyam, evdə az olmuşam. Qızım ailəlidir, nəvəmiz də var. Nənə-babayıq.
Oğlumuz da "Vicdan haqqı” serialında
Vüsal obrazı ilə sözünü deyib. Xalq artistləri, millət vəkilləri onunla
bağlı mənə xoş sözlər deyirlər. Başımı heç vaxt aşağı əyməyib”.
"Hər
şey daha maraqlı ola bilərdi”
Daim gərgin bir rejimli fəaliyyəti olub. Deyir ki, hərdən bu gərgin
rejimdən bezib də: "Amma incəsənət qurban tələb
edir” fikri boşuna deyilməyib. Görün hansı peşəkarlarla
işləmişəm... O zövqü onlardan almışam,
onları da gənclərə ötürməyə
çalışıram. Yorulmuram, heç yoran
da deyil. Əksinə, daha da aktiv olmağa,
gənclərə bildiklərimi ötürməyə
çalışıram”.
Gənclik
illərini necə keçirməsi ilə bağlı
narazılığı yoxdur, amma deyir ki, o illərdən daha
səmərəli istifadə etmək olardı: "Bir də
baxırsan ki, sayğac işləyib, yaş gəlib gedib. Hər şey bir göz qırpımında gəlib-keçdi.
İndi heyfslənirəm ki, bəlkə tamam
başqa bir şeylər edə bilərdim. Mənə
elə gəlir ki, özümü insanlar üçün az xərcləmişəm. Hər şey daha
maraqlı ola bilərdi. Seriallara
çəkilmirdim. Ramin Hacıyev məni
dəvət etdi, bir ilə yaxındır ki, "Xalxın
evi” serialında çəkilirəm. Reytinqimiz
birincilər sırasındadır. Verilişlərimin
də reytinqi yaxşıdır. Hiss edirəm ki, hələ
tamaşaçını yormamışam”.
Müsahibimizin
gənclərə tövsiyələri bunlar oldu:
"Nizam-intizamı qorusunlar, kəmhövsələ
olmasınlar. Bəzən çox səbirsiz
davranırlar, amma məsləhət görərdim ki, tələsməsinlər.
Bu gün hər sahədə imkanlar
böyükdür. Gənclər çətinlik
olanda dözsünlər ki, sonda hər bir əziyyətin bəhrəsi
olacaq”.
Aygün
Asimqızı
Kaspi 2018.- 4 may.- S.12.