ORFOQRAFİYA
MÜZAKİRƏSİNİN SAĞLAM ƏSASDA APARILMASI
İŞİN XEYRİNƏDİR
Yeni hazırlanan "Orfoqrafiya lüğəti” yaxın vaxtda yekunlaşaraq, çapa imzalanacaq. Elm adamları, ziyalılar bu işin uğurla həyata keçirilməsi üçün çalışırlar. Hazırlanması Azərbaycan Mili Elmlər Akademiyasının səlahiyyətində olan bu lüğətlə bağlı mətbuatda dolğun məqalələr çap olundusa da, "suyu bulandırmaq naminə” də yazılar yazıldı və belə yazılar lüğətçiliyin prinsipial qaydalarına nabələdlik ucbatından oxucuların beynində yersiz "müəmmalara” meydan açdı. Təbii ki, bu cür yazılara elmi prinsiplərə söykənən tutarlı cavablar da verildi, əsaslandırılmış mülahizələr bir çox "düyün”lərin açılmasına kömək etdi. İşin yekunu ərəfəsində biz də "Kaspi” qəzeti olaraq əvvəldən bu məsələləri, "Orfoqrafiya gündəmi”ni bütün dolğunluğu ilə səhifələrimizdə əks etdirdik. Budəfəki müsahibimiz isə AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu – İmanovdur.
– Muxtar
müəllim, "Azərbaycan dilinin orfoqrafiya lüğəti”ni yenidən nəşrə
hazırlamaq hansı zərurətdən doğur?
– Lüğəti təkmilləşdirmək zərurətindən. Bu zərurət dövlət səviyyəsində "Orfoqrafiya lüğəti” ilə bağlı rəsmi qərarın qəbul olunmasının başlıca səbəbi və şərtidir. "Azərbaycan Respublikasında dövlət dili haqqında” qanuna əsasən, "Orfoqrafiya lüğəti” ən geci beş ildən bir təkmilləşdirilib yenidən nəşr edilməlidir.
– "Orfoqrafiya lüğəti”nin təkmilləşdirilməsi
dedikdə nələr nəzərdə tutulur?
– "Orfoqrafiya lüğəti”ndə təkmilləşdirmə işi, hər şeydən qabaq, dəyişmə və yeniləşmə prosesi ilə bağlı olan bir işdir. İctimai-siyasi, elmi-mədəni əlaqələrin genişlənməsi, müstəqil dövlətçilik şəraitində dünyaya inteqrasiya imkanlarının inanılmaz dərəcədə artması dilə yeni-yeni sözlərin gəlməsinə səbəb olur. Dilə yeni daxil olan sözlərin düzgün tələffüzü və düzgün yazılışının müəyyənləşdirilməsi təxirəsalınmaz vəzifələrdən birinə çevrilir. Bu vəzifənin layiqincə yerinə yetirilməsi, təbii ki, "Orfoqrafiya lüğəti”nin təkmilləşdirilməsi prosesindən keçir.
"Orfoqrafiya lüğəti”nin təkmilləşdirilməsi sahəsində nəzərdə tutulan vacib işlərdən biri də, heç şübhəsiz, həmin lüğətin ayrı-ayrı nəşrlərində özünü göstərən ziddiyyətli məqamların aradan qaldırılması ilə bağlıdır…
– "Ziddiyyətli
məqamlar”a misal çəkə bilərsinizmi?
– Lüğətin 2004 və
2013-cü il nəşrlərində
-vari şəkilçisinin,
metafora, profilaktoriya, sanatoriya, antena, cəfəngiyat, alğı-satqı
və s. kimi sözlərin fərqli şəkildə yazılması;
təhkiyə, tövsiyə
kimi sözlər bir y ilə yazıldığı halda
-iyyat, -iyyət, -iyyə şəkilçiləri
ilə düzələn
ərəb mənşəli
sözlərin əksər
hallarda iki y ilə yazılması; apostrof işarəsinin
"ləğv”indən sonra
sürət, cürət,
məsul, heyət, məşəl, vüsət,
Kənan, Sənan, Məsud tipli sözlərin sətirdən-sətrə
müxtəlif cür
(məsələn, həm
sür-ət, həm də sü-rət şəklində) keçirilməsi
ziddiyyətli məqamlara
misal ola bilər. Belə ziddiyyətli məqamların
ciddi elmi müzakirələr əsasında
aradan qaldırılması,
əlbəttə, vacibdir.
– Orfoqrafiya ətrafında gedən müzakirələr barədə
nə deyərdiniz?
– İnkar etmək
olmaz ki, orfoqrafiya müzakirəsinin
sağlam əsasda aparılması işin xeyrinədir. Bir vaxt Ağamusa
Axundovun diqqət yetirdiyi, bu gün
İsa Həbibbəyli
və Firudin Cəlilov kimi alimlərin xüsusi olaraq üzərində dayandığı -iyyat,
-iyyət, -iyyə şəkilçilərinin yazılışına
yenidən baxmaq lazım gəlirsə, bu, sağlam müzakirənin bir göstəricisidir. Təqdirəlayiq
haldır ki, AMEA Orfoqrafiya Komissiyası və AMEA Nəsimi adına Dilçilik İnstitutunun hazırlayıb
çapa tövsiyə etdiyi
orfoqrafiya qaydaları
2013-cü ildə təqdim
olunmuş qaydalardan sayca çox, məzmunca daha əhatəlidir.
– Mərhum Ağamusa
Axundov 2004, 2013-cu illərdə
nəşr olunan
"Orfoqrafiya lüğəti”nin
redaktoru və layihə rəhbəri olub. İsa Həbibbəyli isə
bu gün AMEA Orfoqrafiya Komissiyasının
sədr müavinidir.
Belə çıxır ki, Siz orfoqrafiya məsələlərinə birbaşa
məsul olmuş və məsul olan alimlərin mövqeyini xatırladırsınız.
– Adını çəkdiyim
Firudin Cəlilov orfoqrafiya məsələlərinə
heç də birbaşa məsul olan yox, bu
məsələlərin müsbət
həllində özünü
borclu bilən bir alimdir. Bu
sırada Arif Rəhimoğlunun da adını çəkmək
olar. Arif Rəhimoğlu da
orfoqrafiya ilə bağlı mübahisəli
məsələlərin obyektiv
şəkildə yoluna
qoyulması naminə təkliflər irəli sürməyi özünün
alimlik və vətəndaşlıq borcu
sayır. Arif Rəhimoğlu belə hesab edir ki,
rus dili vasitəsilə dilimizə
keçən Avropa mənşəli
bir çox adlara yenidən qayıdıb, həmin adların deyilişi və yazılışında
dəqiqləşdirmələr aparmaq lazımdır; həmçinin Çin mənşəli sözlərin
işlənməsində uyğurların
həmin sözləri
hansı şəkildə
işlətdiklərini nəzərə
almaq lazımdır.
– Orfoqrafiya müzakirələrində Sizi
qane etməyən hallar da varmı?
Varsa nədədir?
– Orfoqrafiya müzakirələrində
məni qane etməyən hallardan biri budur ki,
bəzi həmkarlarımız
müzakirəyə çıxarılan
məsələlərin məğzinə
varmadan tələm-tələsik
fikir söyləyib çaşqınlıq yaradır,
görülən işi,
çəkilən zəhməti
gözdən salmağa
çalışırlar. Məsələn,
müzakirəyə çıxarılan
məsələlərdən biri, konqres və
ekspres sözlərinə
uyğun olaraq, stress sözünün sonda bir s ilə yazılması, həmçinin
ssenari sözünün
əvvəldə bir
s ilə yazılması
məsələsidir. Bəziləri bu məsələni bütün qoşasamitli
sözlərin bundan sonra bir samitlə
(kassa – kasa, yeddi – yedi) yazılacağı
kimi qələmə verirlərsə, belə bir halı normal müzakirə əlaməti
saymaq mümkün deyil.
– Tərcümə
Mərkəzinin çap
etdiyi və mübahisələrə səbəb
olan "Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü”
barədə nə deyə bilərsiniz?
– Onu deyə bilərəm
ki, xatırlatdığınız
kitab 1975, 2004 və
2013-cü illərdə nəşr
olunan "Azərbaycan
dilinin orfoqrafiya lüğəti” əsasında
hazırlanıb. Bir çox
dialekt sözlərinə
və terminlərə
yer verilsə də, hər halda ümumişlək olmayan sözləri arxa plana keçirmək
xatırlatdığınız kitabda əsas prinsiplərdən biri kimi götürülüb.
Nəzərdə tutulub
ki, lüğətin əvvəlki nəşrlərində
yol verilmiş korrektura xətaları
"İşlək sözlük”də
aradan qaldırılsın,
məsələn, addama
– adlama kimi, basdalama – bastalama kimi, qarğama – qarğıma kimi, qovlama – qovalama kimi… yazılsın. Nəzərdə tutulub ki, lüğətin əvvəlki
nəşrlərində əksini
tapmayan antiterror, deşifrə, fokusçu,
həmmüəllif, qaragüruh,
multikulturalizm, seysmoloq
və s. kimi nümunələr "İşlək
sözlüy”ə daxil
edilsin. Ümumişlək
olmayan sözlərdən
bir çoxunun ixtisar edilməsi, bəzi korrektura xətalarının aradan
qaldırılması, diqqətdən
kənarda qalan bir sıra işlək
sözlərin kitaba daxil edilməsi əslində yeni "Orfoqrafiya lüğəti”
yaratmaq təşəbbüsü
kimi yox, mövcud "Orfoqrafiya lüğəti”ni təkmilləşdirmək
təşəbbüsü kimi təqdim olunmalı idi. Belə olsaydı, kitabla bağlı mübahisələr
geniş miqyas almazdı.
– Yazı qaydalarımız ətrafında
gedən müzakirələrə
AMEA Orfoqrafiya Komissiyası
və Dilçilik İnstitutunun münasibəti
necədir?
– Mən bilən, AMEA Orfoqrafiya Komissiyası və Dilçilik İnstitutu müzakirələrin
gedişini diqqətlə
izləyir və irəli sürülən
təkliflərə çox
böyük həssaslıqla
yanaşır. Şübhə yoxdur ki, Orfoqrafiya
Komissiyası və Dilçilik İnstitutu
"Orfoqrafiya lüğəti”nin
təkmilləşməsinə kömək edən səmərəli təkliflərin
hamısını nəzərə
alacaq.
Fərid Hüseyn
Kaspi 2018.- 5-7 may.- S.11.