Cəmisi 5 filmlə Azərbaycan kino sənətində
əbədi yer tutan rejissor
Rac Kapur ona "Hindistana gəl, səni
milyoner edərəm” demişdi
Rejissorsuz nə teatr, nə də ekran əsəri
mövcuddur.
Qəribəsi də budur ki, ən uğurlu tamaşanın
da, bədii filmin də, elə operanın da, baletin də həmişə
ifaçılarından, libretto və ssenari müəlliflərindən,
bəstəkarlarından, hətta bədii tərtibatından
da ətraflı danışılır. Bəzi
tamaşalara, filmlərə də baş rolun
ifaçılarına görə maraq göstərilir. Nadir hallarda bu yaradıcı məhsulun
uğurlarından söz açanda rejissor zəhmətini də
xatırlayanlar olur. Halbuki hər bir əsərin
istər teatr səhnəsində, istərsə də ekranda
öz əksini tapmasında rejissor əməyinin əhəmiyyəti
danılmazdır. Teatr sənətinin
görkəmli nümayəndəsi unudulmaz Həsənağa
Turabov söyləyirdi ki, Azərbaycan teatrı və kinosu təkcə
korifey aktyorların hesabına deyil, həm də bu
ağır yükün altına girərək onu şərəflə
irəliyə doğru aparan rejissorların sayəsində
inkişaf tapıb. İstər teatr, istər
kino sahəsində fəaliyyət göstərən, əməyi
bu gün də unudulmayan, Azərbaycan rejissor sənətində
bir məktəb yaradan ustadlar çox olub. Onlardan biri də kino tariximizdə dərin iz qoymuş
əməkdar incəsənət xadimi Hüseyn Seyidzadədir.
Şərəfli bir şəcərəyə
mənsub Seyidzadələrin Azərbaycan mədəniyyətinin
inkişafında böyük xidmətləri var.
Hüseyn Seyidzadə 1910-cu ilin oktyabrında İrəvan
şəhərində anadan olub. 1918-ci ildə erməni
daşnaklarının törətdiyi qırğınlar nəticəsində
İrəvandan baş alıb qaçan ailələrdən
biri də Seyidzadələr idi. Onlar əvvəl
Tiflisdə, sonra Bakıda məskunlaşıblar. Hələ 15 yaşında ikən fabrikdə
çalışan Hüseyn Seyidzadənin kinoya böyük
marağı var idi. Bu səbəbdən də
mədəniyyət ocaqlarında fəaliyyət göstərən
özfəaliyyət kollektivlərində iştirak edirdi.
Sonralar sorağı İşçi
Teatrından gəldi. O zaman Azərbaycan teatrının
gənc kadrlara böyük ehtiyacı var idi. Hüseynin
yaratdığı rollar mütəxəssislərin diqqətini
çəkirdi. Bu səbəbdən də
1928-ci ildə onu indiki Sankt-Peterburq şəhərinə
göndəriblər. Gənc aktyor burada -
Dövlət Fəhlə Gənclər Teatrında təcrübə
keçib. Bakıya qayıtdıqdan sonra
onu kinostudiyada işə götürüblər. Hətta o vaxtların səssiz kinolarından birində
neftçi rolunu da yaradıb. 1931-ci ildə
Moskvada Dövlət Kinematoqrafiya İnstitutunda təhsil
almağa gedərkən Hüseyn Seyidzadənin 21 yaşı
vardı. Hüseyn Seyidzadənin dərs
aldığı insanlar artıq dünyada tanınmış,
böyük sənətkarlar idi - Mixail Romm, Lev Kuleşov,
Sergey Eynşteyn və başqaları. 1936-cı
ildə Bakıya qayıdan Hüseyn Seyidzadə bir sıra bədii
və sənədli filmlərin çəkilişində
rejissor assistenti, dublyaj rejissoru işləyib. İlk dəfə ona tələbə yoldaşı
Niyazi Bədəlovla birlikdə "Ayna" adlı bədii
filmi çəkməyi tapşırıblar. Lakin indi də məlum olmayan səbəblərə
görə, həmin filmin çəkilişi
dayandırılıb. Bir neçə ildən
sonra yarımçıq qalmış ekran əsərinin
materialları əsasında Hüseyn Seyidzadə
"Sovqat" adlı qısametrajlı bədii filmə
quruluş verib. Qəlbi arzularla
coşub-daşan, Azərbaycan kino sənətində bir
rejissor kimi öz izini qoymaq istəyən Hüseyn Seyidzadə,
əslində, ağrılı taleyi olan bir sənətkar
idi. 1937-ci ilin repressiyaları onu
caynaqlarına çəkib gedər-gəlməzə aparmasa
da, ürəyinə silinməz dağlar vurub. Gah partiya
sıralarından çıxarıblar, gah ona şiddətli
töhmət veriblər, gah da "sonuncu xəbərdarlıq"lar ediblər. Səbəb nə
idi? Gənc rejissoru nədə ittiham
edirdilər? Bu faciədən
qurtulanların bir qismi başını aşağı
salıb suların durulmasını gözləyir, bir qismi
sarsıntı içində əzab çəkir, bir qismi isə
fürsəti fövtə vermirdi. Tanınmış
insanlar, ziyalılar, istedadlı şəxslər barəsində
yuxarılara böhtan dolu "məlumat"lar
göndərirdilər. Belə şantajdan biri də
Hüseyn Seyidzadənin ünvanına oldu. Guya o, tərcümeyi-halında bəzi məsələləri
gizlədib. Bildirməyib ki, Türkiyədə
onun qohumu var, partiyanı aldadıb ki, kəndli oğludur.
Əslində, onun atası İrəvan şəhərinin
varlı əyanlarından - tanınmış tacirlərindən
olub və sairə. Hətta İkinci
Dünya müharibəsindən geri qayıtmayan qohum-əqrəbanın
da həlak olmasını, yaxud da itkin düşməsini bir
sıra müəmmalara bağlayaraq Hüseyn Seyidzadəni ləkələyib
sıradan çıxarmaq istəyiblər. Bütün şər qüvvələrin təzyiqindən
min bir əziyyətlə qurtulan Hüseyn Seyidzadə öz sənəti
ilə məşğul olmağı bacardı. O, anadan
elə rejissorluq üçün doğulmuşdu. Bu səbəbdən də Azərbaycan kino sənətini
şöhrətləndirə biləcək əsərlər
yaratdı. 1956-cı ildə Üzeyir
Hacıbəylinin "O olmasın, bu olsun"
operettasını Hüseyn Seyidzadə ekranlaşdırdı.
Bu, Azərbaycan kino tarixində ilk rəngli bədii
film idi. Film müxtəlif beynəlxalq
kinofestivallara göndərildi və yüksək dəyərləndirildi.
Məhz bu filmlə Hüseyn Seyidzadə yüksək
səviyyəli rejissor olduğuna hamını
inandırdı. Təsadüfi deyil ki, Azərbaycan
kino sənətinin parlaq səhifələrini yazan bu məşhur
film dünyanın 60-dan çox ölkəsini dolaşıb.
Hüseyn Seyidzadənin taleyi əvvəldən gətirməmişdi. Onu uğurla
uğursuzluq daban-dabana izləyirdi. İndi
də böyük həvəslə baxdığımız
"O olmasın, bu olsun" filmi ilə bağlı ötən
əsrin ortalarında mətbuat səhifələrində
haqsız tənqidlər baş alıb gedirdi. Rejissoru motivsizlikdə qınayaraq onu "primitiv əhvalatlar
çəkən rejissor" adlandırırdılar. Amma tarix özü də sübut etdi ki, bu bənzərsiz
film əbədiyaşardır. Onun çəkilməsindən
60 il ötsə də, yenə maraqla izlənilir,
sevilir.
1959-cu ildə Hüseyn Seyidzadə "Koroğlu"
filminin çəkilişinə başlayıb. Rejissorluq
yaradıcılığında ikinci filmi olan bu ekran əsəri
də kino tariximizin ən parlaq səhifələrindən
biridir. Yenə də Hüseyn Seyidzadənin
başı bəlalar çəkdi. Filmin
ssenarisi Moskvada əsaslı dəyişikliyə məruz
qaldı. Bu da bəllidir ki, filmin ilk
variantı rus dilində lentə alınıb. Bu filmin
çəkilişində rejissor o qədər təzyiqlərə
məruz qalmışdı ki... Özü sonralar dostlarına
deyərmiş: "Koroğlu" istədiyim kimi
alınmadı, fikirləşdiyim kimi çəkməyə
qoymadılar".
Hüseyn Seyidzadənin üçüncü filmi
"Yenilməz batalyon" oldu. 1965-ci ildə çəkilən
bu film Qılman İlkinin "Qalada üsyan" adlı
romanı əsasında ekranlaşdırıldı.
Kinoşünas Aydın Kazımzadə söyləyir:
"Yenilməz batalyon" istər peşəkarlıq, istərsə
də nəzərdə tutulan dövrün pafosunu
özündə əks etdirmək baxımından Hüseyn
Seyidzadənin mükəmməl işlərindən
biridir".
Tamaşaçıların çox sevdiyi və Azərbaycan
kino sənətində yeni bir mərhələ olan "Dəli
Kür" filmini də 1969-cu ildə məhz Hüseyn Seyidzadə
ekranlaşdırıb. İsmayıl Şıxlının
eyniadlı romanı əsasında çəkilən "Dəli
Kür" filmi Azərbaycan kinosunun şah əsərlərindən
biridir. "Dəli Kür"ün
ictimaiyyət tərəfindən məhəbbətlə
qarşılanması Hüseyn Seyidzadəni
ruhlandırırdı. Təbii ki, bu filmin
də ssenarisində dövrün, quruluşun redaktəsi
müəyyən mənada öz işini
görmüşdü.
Hüseyn Seyidzadənin
sonuncu filmi isə "Qayınana" kinokomediyası olub.
Xatirələrdən bəlli olur ki, əslində
yeni ekran əsərinin ona tapşırılması Heydər
Əliyevin göstərişi ilə olub. Teatrda
tamaşaya baxan Ümummilli lider bildirib ki, "Qaynana”nı
ekranlaşdırmaq lazımdır və bu filmi də mütləq
"O olmasın, bu olsun” filmini çəkən rejissora
tapşırmaq lazımdır.
Mütəxəssislər
söyləyirlər ki, Hüseyn Seyidzadə kinorejissor kimi
çox istedadlı idi. Onun
yaradıcılıq imkanları geniş olub. Amma nədən
43 il ərzində cəmi beş film
çəkib? Onun həyatına bələd
olduqca, anlayırsan ki, bu rejissor bir tərəfdən
quruluşun amansız repressiyaları ilə mübarizə
aparırmış, o biri tərəfdən isə kino haqqında
fikirləşirmiş. Bütün bunlar
da onun səhhətinə təsir edirdi. Tez-tez
xəstələnirdi. Aydın Kazımzadə
danışır ki, "Dəli Kür" filmi ilə əlaqədar
Hüseyn Seyidzadəni çox sorğu-suala tutdular.
Özü bu barədə söyləmişdi: "Bu filmi təhvil
verərkən mənə finalı dəyişdirməyi məsləhət
gördülər. Üstüörtülü
dedilər ki, əks-təqdirdə film ümumiyyətlə
ekranlara buraxılmayacaq". "Dəli
Kür"ün kitab variantında göstərilir ki, kazaklar
gəlib Cahandar ağanın torpaqlarına zorla sahib olmaq istəyirlər.
Cahandar ağa da onlarla mərdi-mərdanə
vuruşur. Filmdə isə tamam başqa təsvir
görürük. Cahandar ağa Allahyar tərəfindən
ailə-məişət zəminində qətlə yetirilir.
Milli dəyərlərə bağlılıq
Hüseyn Seyidzadəni həmişə həyat
reallığına sadiq olmağa kökləyirdi. Bəlkə də ona görə tarixi mövzularda
film çəkməyə daha çox meyil göstərirdi
ki, sovet quruluşunun diktəsindən kənarda qalsın.
Onun haqqında yazılanlardan məlum olur ki, məşhur
hind aktyoru Rac Kapur Bakıda olarkən Hüseyn Seyidzadənin
filmlərinə baxaraq heyrətlənib. Azərbaycanlı rejissora
öz təklifini də bildirib: "Hindistana gəl, səni
milyoner edərəm". Təbii ki, vətənini
həddən artıq sevən Hüseyn heç hara getmədi.
Doğmaları söyləyirlər ki, onun ən
böyük arzularından biri də Natəvan haqqında film
çəkmək idi. Qəfil ölüm
hər şeyi yarımçıq qoydu.
Bəzən cild-cild kitablar yazan müəlliflər elə
sağlığında unudulur. Amma bir bayatısı ilə ədəbiyyatda
əbədi qalanlar var. Əslində, uzun ömür
yaşamayan, imkanlarından, yaradıcılıq qabiliyyətindən
çox da istifadə edilməyən Hüseyn Seyidzadə beş filmi ilə Azərbaycan kino sənətində
əbədi yer tutdu.
Flora
XƏLİLZADƏ,
əməkdar
jurnalist
Kaspi 2018.- 5-7 may.- S.7.