Əsirlikdə qalan musiqi beşiyimiz

 

Şuşalılar 26 ildir Vətən həsrəti ilə yaşayırlar

 

Mədəniyyətimizin, əsrarəngiz musiqimizin beşiyi sayılan, böyük alimlərin, bəstəkarların, şairlərin vətəni Şuşa. Düz 26 ildir ki, tarixi Azərbaycan torpaqlarının əbədi və ayrılmaz parçası düşmən tapdağı altındadır. 26 ildir ki, didərgin düşdüyü insanlarının əli o torpağa uzalı qalıb. Neçə-neçə şuşalı Vətən həsrəti ilə dünyadan köç edib. Neçə-neçə şuşalı yurd dərdi ilə qocalıb. Neçə-neçə şuşalı böyüyüb yaşa dolub. Neçə-neçə dünyaya gələn körpə Şuşanı görmək həsrəti ilə ayaq tutub...

 

Hər daşı, hər qarış torpağı xalqımızın həyatında baş verən bir çox tarixi hadisələrə şahidlik edib Şuşanın... Təkcə cənnət-məkan deyil, həm də hərbi-strateji əhəmiyyət kəsb edən qala rolunu oynayıb. Düşmənlərə, yadellilərə göz dağı olub...

 

Vaxt vardı, bu şəhərin meydanlarından Cabbar Qaryağdının, Xan və Seyid Şuşinskilərin zəngulələri eşidilərdi. Havasının, suyunun tərkibi, təmizliyi, müalicəvi əhəmiyyəti baxımından kurort şəhərləri arasında özünəməxsus yer tuturdu Şuşa. Yay aylarında Turşsu yaylaqları, Səkilli bulağı, İsa bulağı, Yuxarı Daşaltı (Şəmilin) bulağı, əfsanəvi "Cıdır düzü”ndə yerli camaatın və oraya təşrif buyuran qonaqların əlindən tərpənmək mümkün deyildi. Keçmiş SSRİ-nin dünya şöhrətli kurort şəhərinin ən əvəzsiz məkanı əsrarəngiz təbiətə malik idi. Bu dağlarda dünyanın başqa heç bir yerində bitməyən xüsusi gözəlliyi olan gül bitir. Adına "Xarı bülbül” deyirlər. "Gül elə formadadır ki, sanki gülün üstünə bülbül qonub və yerindəcə donub qalıb. Bu, endemik çiçək həm də müalicə əhəmiyyətli olduğundan xalq təbabətində ondan istifadə edirlər” - deyə şuşalılar xatırlayır.

 

"Şuşa qəribə bir şəhər idi. 1500 metr hündürlükdə yerləşən bu şəhər əsrlərdən bəri Qafqaz, İran və Türkiyə arasında bir körpü olmuşdu. Ətrafını dağlar, meşələr və çaylar bürümüş gözəl bir şəhər idi. Dağlarda və vadilərdə çiy kərpicdən tikilmiş balaca komalar ucalırdı. Yerlilər uşaq sadədilliyi ilə bu komaları saray adlandırırdılar”. Qurban Səidin "Əli və Nino” əsərinin V fəslində yer alan bu fikirlər Azərbaycanımızın ayrılmaz parçası olan Şuşanın nağıllar aləminə oxşayan mənzərəsindən söhbət açır.

 

Bu şəhər Azərbaycan elminə, ədəbiyyatına, musiqisinə, hərbinə, publisistikasına adını əbədi yazmış onlarla şəxsiyyətin, məşhur sülalələrin vətənidir.

 

XIX əsrdə Şuşa artıq mədəniyyət mərkəzi idi. Qaynar həyat yaşayan şəhər Qafqazın, Yaxın Şərqin və Orta Asiyanın müxtəlif guşələrindən gəlmiş şair, yazıçı və musiqiçilərin, teatr xadimlərinin toplaşdığı şer, sənət məkanına çevrilmişdi. Həmin vaxtlarda "Qafqazın konservatoriyası” kimi ad çıxaran şəhər vokal məktəbi kimi sürətlə məşhurlaşır. O dərəcədə ki, tədqiqatçılar İtaliya vokal məktəbi Avropa musiqi mədəniyyəti tarixində hansı mövqeyi tutursa, Şuşa vokal məktəbinin də Şərq musiqi mədəniyyəti tarixində eyni mövqeyi tutduğu qənaətinə gəliblər. İlk musiqi məktəbinin açılması XIX əsrin 70-ci illərinə təsadüf edir. O dövrdə şəhərdə 95 şair, 22 musiqişünas, 38 xanəndə, 12 nüsxəbənd, 19 xəttat, 16 nəqqaş, 18 memar, 5 astronom, 16 həkim, 42-yə qədər müəllim yaşayıb. Eyni dönəmdə Şuşa öz ədəbi məclisləri ilə diqqət mərkəzində olub.

 

Qafqazın cənnəti

 

1992-ci il may ayının 8-ə keçən gecə erməni hərbi birləşmələri keçmiş sovet ordusunun 366-cı alayının hərbi qulluqçularının və 40 zirehli texnikasının köməyi ilə Şuşa şəhərinə hücuma keçdilər. Uzun sürən artilleriya atəşindən və qeyri-bərabər qanlı döyüşlərdən sonra şəhər işğal olundu. Şuşa işğal nəticəsində ölüm sükutuna qərq oldu. Bununla, ermənilər bölgənin Azərbaycandan faktiki qoparılmasına nail oldular. Şuşanın işğalı nəticəsində 480 günahsız vətəndaş qətlə yetirildi, 600 nəfər yaralandı, 22 min nəfər öz yurdundan didərgin düşdü. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur.

 

Ermənistanın silahlı qüvvələri bu şəhərdə Azərbaycan xalqının izlərini silmək, onu unutdurmaq üçün ən ağlagəlməz cinayətlərə əl atıblar. Tarixi-memarlıq tikililəri, qədim abidələr, inanc yerləri, yaşayış binaları, hətta məzarlıqlar dağıdılıb, zəngin muzey və kitabxanalar talan edilib, bir vaxtlar təkrarolunmaz təbiətinə görə «Qafqazın cənnəti» adlandırılan yerlər xarabazara çevrilib.

 

Şuşa şəhərində azərbaycanlıların tarixi izlərini silmək məqsədi ilə vandallar 600-ə yaxın tarixi memarlıq abidəsini, o cümlədən Xan mağarası, Qaxal mağarası, Şuşa qalası, Pənahəli xanın sarayı, Cümə məscidi, Aşağı Gövhər Ağa məscidi, Xurşud Banu Natəvanın evi, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan edib, bütövlükdə 279 dini, tarixi və mədəni abidəni dağıdıblar, bir çox abidənin erməniləşdirilməsinə nail olublar. Ermənilər Şuşada 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı, 2 kinoteatrı, 3 muzeyi, Şərq musiqi alətləri fabrikini viran ediblər. Şəhərin tarix muzeyinin 5 minədək əşyası, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin Şuşa filialı, Dövlət Qarabağ Tarixi Muzeyinin 1000-dək əşyası, professional Azərbaycan musiqisinin banisi, bəstəkar Üzeyir Hacıbəylinin (300-dən çox əşya), vokal sənətimizin əsasını qoymuş böyük müğənni Bülbülün (400-dək əşya), görkəmli musiqiçi və rəssam Mir Mövsüm Nəvvabın (100-dən çox əşya) xatirə muzeylərinin fondları qarət edilib.

Ermənilər insanlığa sığışmayan vəhşiliyə də əl atdılar: Üzeyir Hacıbəyli, Bülbül, Natəvan kimi tarixi şəxsiyyətlərin heykəllərini güllələdilər.

 

Ümumilikdə 1992-ci il mayın 8-də Ermənistan Silahlı Qüvvələrinin Şuşanı işğal etməsi nəticəsində Azərbaycanın 289 kv km ərazisi ermənilərin nəzarətinə keçdi. Ermənilərin Qarabağ xanlığının paytaxtı olmuş Şuşaya qarşı divanları bu gün də davam edir: şəhərin nadir tarixi abidələrini dağıdır, milli arxitekturasını silir, istədikləri kimi yenidən qurmağa cəhd edirlər.

 

Yaxşı günlərimiz Şuşada qaldı

 

Şuşadan olan məcburi köçkünlər doğulduqları torpaqdan uzaqda olmaları ilə heç cür barışa bilmirlər. Şuşa onların ağrıyan qəlbi, yuxusuz gecələridir. Şuşanın əhalisi ölkəmizin 58 rayonuna səpələnib. Bakının Pirşağı kəndindəki Şuşa qəbiristanlğında son 26 ildə doğma yerdən uzaq, Şuşa həsrəti ilə həyata gözlərini yuman yüzlərlə şuşalı dəfn edilib.

 

68 yaşlı şuşalı məcburi köçkün Nailə Məmmədova yaddaşından bircə an da silinməyən o dəhşətli günü - Şuşanın işğalı gününü göz yaşları ilə xatırlayır: "Gecə atışma başladı. Dörd bir tərəfdən şəhər artilleriyadan atəşə tutuldu. Atılan mərmilərdən elə bir şəhərin üstündə günəş parlayırdı. Anamgilə zəng etdim ki, görüm qardaşlarım şəhərdədir, ya çıxıblar. Qardaşım telefonda ermənilərin şəhərə hücum etdiyini xəbər verdi. Sonra bacımgildən xəbər tutmaq üçün onlara zəng etdim. Telefonları cavab verməyəndə nigaran halda tələsik evlərinə yollandım. Onların evləri "Saatlı” məscidinin yanında idi. Darvazanı açanda evdən əsər-əlamət olmadığını görüncə dəhşətə gəldim. Ev yerlə-yeksan olmuşdu. Onların sağ qalıb-qalmadığı öyrənmək üçün qonşuların qapısını döydüm. Heç kim cavab verməyincə geri qayıtmağa məcbur oldum. Dördyol deyilən əraziyə çatanda göydən mərmilərin yağdığını gördüm. Həm də mərmilərdən birinin yoldan qaçan bir nəfəri parçaladığının şahidi oldum. Bunlar çox dəhşətli hadisələr idi. Tələsik evə qaçdım. Həmin vaxt həyat yoldaşım batalyona getmişdi. "Siz çıxın, mən də gələcəyəm” deyə oradan xəbər göndərmişdi. Sonra qızımın çalışdığı Əmanət Bankına zəng etdim. Bankın müdiri Əhməd müəllim şəhəri tez tərk etməyimizi təkid etdi. Həmin vaxt polis idarəsində çalışan qohumum zəng edərək ermənilərin artıq şəhərə girdiklərini bildirdi”.

 

Şuşalıların yuxusunu ərşə çəkən, neçə-neçə sakininin qəlbinə sağalmaz yara vuran o gecə Nailə Məmmədova da digər şuşalılarla birgə piyada dərə ilə Turşsu qəsəbəsinə doğru hərəkət ediblər. Həmin vaxt Laçın yolu üzərində yerləşən Balakirs dağından maşınlar da atəşə tutulurmuş: "Turşsuda Bakıdan gələn döyüşçülərin toplandığını gördük. Nə qədər cəhd eləsək də, yoldaşım Feruz Məmmədov haqqında bir xəbər ala bilmədik. Biz əsgərləri daşıyan avtobus vasitəsi ilə Ağcabədiyə gəldik. Sonra xəbər tutduq ki, bacım və qardaşlarım da şəhərdən çıxıblar və sağdırlar. Həyat yoldaşımın isə ermənilər tərəfindən əsir götürülməsi məlum oldu. O vaxtdan onun haqqında heç bir xəbər ala bilməmişəm”.

 

N.Məmmədova övladları ilə birgə Ağcabədidən birbaşa Yevlaxa - qohumlarıgilə gəlib. Bir müddət orada qalandan sonra bacı-qardaşları ilə birlikdə Bakıda, Goradil bağlarında məskunlaşıb: "O vaxtdan yoldaşımdan heç bir xəbər yoxdu. 5 övladım şuşasızlıqla bərabər atasızlığın da acısını yaşadı. Oxudular, təhsil aldılar, amma ürəklərindən Şuşanın həsrəti silinmədi”.

 

Nailə xanımın sonbeşik övladı Bəxtiyar 10 yaşında olub Şuşanı tərk edəndə. Ancaq oğlu Şuşa haqqında bayatılara, xatirələrə, mahnılara qulaq asa-asa böyüyüb. Məskunlaşdıqları qəsəbədə şuşalıların yurd yanğılarını görüb, Vətənin nə demək olduğunu öncə onlardan öyrənib: "Şuşanı qaytarsalar, elə həmin gün gedərəm” - deyir Nailə Məmmədova: "Oradakı evimizi, küçəmizi, qonşuları heç unuda bilmirəm. Hər daşı, hər qarışı yadımdadır. Şuşa damağımızın dadını, ürəyimizin yağını aparıb. Şuşada olanda böyükdən-kiçiyə hamı bir-birini tanıyırdı. İndi şuşalıların övladlarının çoxu bir-birini tanımır. Elə bil bir-birlərinə yadlaşıblar. Ən pisi də budur. Yaxşı günlərimiz Şuşada qaldı... Şuşasız yaşamaq bizim üçün çox çətindir”.

 

Şuşalılar təkcə özlərinin deyil, bütün Azərbaycan üçün musiqi beşiyi, cənnət guşəsi sayılan torpaqlarının azad ediləcəyi günü səbirsizliklə gözləyirlər. Onlar "yalnız o zaman Şuşanın üzərindən duman çəkilər” deyirlər... 

 

Təranə Məhərrəmova

 

Kaspi  2018.- 8 may.- S.7.