Mədəniyyətin hamisi
Sənət adamları ulu öndər
Heydər Əliyevi xoş xatirələrlə yada salırlar
Sabah ulu öndərimiz Heydər Əliyevin anadan
olmasının 95-ci ildönümüdür. 15 ildir
aramızda olmasa da, onun əziz xatirəsi dövlətini, millətini
sevən hər bir vətənpərvər azərbaycanlının
qəlbində yaşayır. Hələ
sovet dönəmində Azərbaycanın tanınmış sənət
adamlarına göstərdiyi diqqət və qayğı,
yaradıcı şəxslərlə yaxın dostluq əlaqələri
Heydər Əliyevə dərin hörmət və nüfuz
qazandırmışdı.
Onun sənət adamlarının
yaradıcılığını yüksək qiymətləndirməsi,
yaradıcı insanlara respublikanın yüksək fəxri
adlarının verilməsi və orden-medallarla təltif edilməsi
üçün göstərdiyi qətiyyət dünya siyasətində
nadir dövlət başçılarının
nümayiş etdirdiyi keyfiyyət idi. Məhz bu səbəbdəndir
ki, incəsənət nümayəndələri ulu öndəri
dərin hörmətlə anır, onun haqqında xoş
sözlər deyib, xatirələrini bölüşürlər.
"O, bizim xatirələrimizdə hər
zaman yaşayıb, yaşayır və yaşayacaq”
Xalq
artisti Xuraman Qasımova mətbuata açıqlamasında Heydər
Əliyevin dahi şəxsiyyət olduğunu deyib və onu
gözəl xatirələrlə yada salıb: "Bu gün
ulu öndərimiz 15 ildir aramızda yoxdur. Amma mən
və Fidan xanım düşünürük ki, o, uzun
müddətli səyahətə çıxıb və biz nə
vaxtsa o dahi şəxsiyyətlə görüşəcəyik.
Heydər Əliyev böyük şəxsiyyətdir.
Hər zaman ölkəsini, xalqını
düşünüb, millətinin böyüyü, öndəri
olub və elə də qalacaq. Heydər
Əliyevlə bağlı gözəl xatirələrimiz var.
Heydər Əliyev həyatımızda böyük rol
oynayıb. Zamanında bizim
yaradıcılığımızı izləyib və
yüksək qiymətləndirib. Onunla dəfələrlə
xaricə rəsmi tədbirlərə getmişik. Nitqini dinləyərkən nəinki biz, hətta xarici
ölkələrin başçıları da Heydər
Əliyevə heyran olurdular. Onlar qeyd edirdilər
ki, sizin çox gözəl ölkə rəhbəriniz var və
bizdə belə rəhbər olsaydı, dünyanı fəth
edərdik. Allah ona qəni-qəni rəhmət
eləsin. O bizim xatirələrimizdə hər zaman
yaşayıb, yaşayır və yaşayacaq”.
"Ömrümüzün sonuna qədər
bu enerji ilə çalışsaq, yorulmarıq”
Xalq
artisti Gülyanaq Məmmədova ulu öndərimizin onun
yaddaşında gözəl xatirələrlə
qaldığını bildirdi: "Heydər Əliyev bizim
üçün çox dəyərli, dahi insandır. Musiqimizə, mədəniyyətimizə yüksək
dəyər verib. O, musiqini musiqişünaslardan da
gözəl anlayırdı. Biz özümüzü hər
zaman xoşbəxt hiss etmişik ki, Heydər Əliyevin
hakimiyyəti dövründə bu sənətə qədəmlərimizi
qoymuşuq. Hər zaman da onun dəstəyini bacım
Gülyazla hiss etmişik. Əməkdar artist fəxri
adını da onun imzası ilə almışıq. O məni
bacımdan ayırmırdı. Hər zaman
ikimizi bir çağırırdı. Onun
bizim həyatımıza təsiri əvəzsizdir. Biz hər zaman ona borcluyuq və minnətdarıq.
Bu gün ölkəmizin prezidenti və ulu
öndərimiz Heydər Əliyevin davamçısı olan
İlham Əliyevdən də o dəstəyi
görürük. İlham Əliyev Heydər
Əliyev siyasətinin layiqli davamçısı olaraq
xalqını, dövlətini sevir. İlham
Əliyev bizim bu sənətdəki fəaliyyətimizi nəzərə
alaraq, bizi Xalq artisti adı ilə mükafatlandırdı.
Mehriban xanıma, cənab prezidentimizə, onun
övladlarına daim borcluyam. Və mənim
üzərimə qoyulan bu məsuliyyəti dərk edirəm,
davamlı olaraq öz üzərimdə
çalışıram. Yeni mahnılar
yazdırıram. Bizim repertuarımızda
hər zaman ulu öndərimizə aid mahnılar yer alıb.
Leyla xanımın sözlərinə
yazılmış nəğmələrim var. Bu yaxınlarda
klip də çəkdirəcəm. Mən
ulu öndərimiz üçün nə etsəm, azdır.
Ulu öndərimiz bizim ailəyə
böyük dəyər verib. Onu hər
zaman hörmətlə anırıq”.
Xalq
artisti deyir ki, sənətə gəlişini məhz ulu
öndərimizə borcludur: "Onunla bağlı gözəl
xatirələrimiz var. Hətta bir dəfə "Alagöz”
mahnısını onunla birlikdə oxuduq. Əvvəlcə
mən səhnədə oxudum. Sonra məni yanına
çağırıb, əlimdən tutdu və dedi ki, gəl
birlikdə oxuyaq. Mən bunu heç zaman
unutmaram. Biz qastrol səfərlərində
də Heydər Əliyevlə birlikdə olmuşuq. O,
bizim başımıza sığal çəkirdi. Onu həyatda görmək, qarşısında
çıxış etmək mənim üçün şərəfli
idi. Bu hissi heç nə ilə ifadə
edə bilmirəm. Gənc
olmağımıza baxmayaraq, o, bizim sənətimizə dəyər
verirdi. Bizə güc, qüvvə, təkan
verirdi. Ömrümüzün sonuna qədər
bu enerji ilə çalışsaq, yorulmarıq. Çünki bu dəyəri bizə ulu öndərimiz
verib”.
G.Məmmədova
bəzən ulu öndərin onların adlarını səhv
saldığını da xatırlayır: "Hər dəfə
Polad Bülbüloğlundan soruşurdu ki, bu bacılardan
hansı Gülyazdır, hansı Gülyanaq. Bir az da zarafata salırdı. Axırda dedi ki, mən
bunları bacılar kimi tanıyıram. Qoy
bunlar Azərbaycan musiqi sənətində bacılar kimi
tanınsınlar. Bilirsiniz ki, bizdən əvvəl
bacı ifaçılar olub. Belə ki,
Fidan və Xuraman Qasımovalar, Şahnaz və Aybəniz
Haşımovalar, Rübabə və Mahrux Muradovalar bacı
olublar. Hər dəfə Heydər
Əliyevin qarşısında cüt çıxış edəndə
bizə bacılar deyirdi və ondan sonra hər kəs bizə
bacılar deməyə başladı. Ulu
öndərimiz bizim Azərbaycanın köklü
çinarıdır. O, incəsənətə, mədəniyyətə
çox dəyər verirdi. Hər dəfə
getdiyi tədbirlərdə bizi axtarırdı. Mən bunların heç birini itirə bilmərəm.
Xoşbəxtəm ki, belə bir insanın
dövründə yaşamış, fəaliyyət göstərmişəm”.
"Heydər Əliyevi özümə
müəllim hesab edirəm”
Əməkdar
artist Aybəniz Haşımova bizimlə söhbətində
ulu öndərlə tanışlığının səhnədən
əvvəl olduğunu, Heydər Əliyevin onu incəsənətə
gətirdiyini bildirdi: "Peşəkar səhnəyə gəlişim
məhz Heydər Əliyevin adı ilə bağlıdır.
O məni Gəncədə görəndə hələ
uşaq idim. Məni Bakıya gətirəcəyinə söz
verdi. Bildirdi ki, sən
Bakıda təhsil alacaqsan, böyük sənətkarların
yanında böyüyəcəksən. 1981-ci ildə
ulu öndərimizin göstərişi ilə Bakıya gətirildim
və Bülbül adına Musiqi Məktəbində
Heydər Əliyev tərəfindən açılmış
xanəndəlik sinfində oxudum. Məni
Şövkət xanımın sinfinə daxil etdilər.
Elə bir dövlət konserti yox idi ki, ulu öndərin
qarşısında iştirak etməyək. Təbii
ki, bu bizim üçün böyük bir təcrübə
idi, səhnədə böyüyürdük və Heydər
Əliyev buna vəsilə olurdu. Ulu öndərimiz
tərəfindən xüsusi təyin olunmuş müəllimlər
bizə dərs keçirdi. Çalışırdım
ki, mənə göstərilən etimadı doğruldum.
Bu qayğını, diqqəti hər zaman ulu
öndərimizdən görmüşəm. Bu gün də
özümü onun qarşısında borclu hiss edirəm. Ata-anamız bizi dünyaya gətirir, ancaq müəllim
sənə dünyanı bəxş edir. Ulu
öndər bütün sahələri çox gözəl
bilirdi. Sənət müəllimlərimlə
yanaşı, Heydər Əliyevi də özümə müəllim
hesab edirəm. Çünki bu təhsili mənə
o verdirdi. Mən bu təhsili ulu öndərin
sayəsində qazanmışam. Onun ruhu
qarşısında baş əyirəm. O məni Azərbaycan
xalqına xidmət etmək üçün yetişdirdi, mən
də əlimdən gələni xalqımızın yolunda əsirgəmirəm.
Heydər Əliyev Azərbaycan var olduqca,
insanların yaddaşında yaşayacaq. Xüsusilə
də, onun sayəsində təhsil alan
insanlar ömür boyu özlərini ona borclu hesab edəcəklər”.
A.Haşımova
uşaqlıq illərini xatırladı və Heydər
Əliyevin istedadlı gənclərə hər zaman dəstək
göstərdiyini dedi: "Biz uşaq olarkən bizi dövlət
konsertlərinə cəlb edirdilər. Bir dəfə
Üzeyir Hacıbəyovun 100 illik yubileyində Bakıda
çıxış etdik. Görkəmli xanəndəmiz
Arif Babayev də Bülbül adına
Musiqi Məktəbində dərs deyirdi. O, "Leyli və Məcnun”
operasından bizə fraqmentlər hazırlamışdı. Biz Bakıda oxuyandan sonra eyni komanda ilə Moskvada
Böyük Teatrda çıxış üçün
hamını apardılar, bizdən başqa. Sarayın
işçilərinin birinə yaxınlaşıb dedim ki,
bizdəmi gedəcəyik? Mənə dedilər
ki, "uşaqsınız, sizi orda başa düşməyəcəklər”.
12 yaşım var idi və bu səfərə
böyük ümidlər bəsləyirdim. Ancaq sarayın işçisinin bu sözündən
qəlbim qırıldı. Böyük
Teatrda çıxış etmək bizim üçün əvəzedilməz
idi. Məyus şəkildə evdə
oturmuşdum. Birdən qapı döyüldü və məktəbimizin
katibəsi dedi ki, pasportunuzu verin, siz Moskvaya, Böyük
Teatrda çıxış etməyə gedirsiniz. Sən demə, Heydər Əliyev siyahıya
baxıb və bizim siyahıda olmadığımızı
görüb. Əmr edib ki, o uşaqlar bu
konsertdə iştirak etsin. O vaxt Mədəniyyət
şöbəsinin rəisi Fikrət Əhmədov idi. O dedi
ki, Heydər Əliyev Üzeyir Hacıbəyovun 100 illik
yubileyi ilə bağlı Bakıda olan tədbirdə
iştirak edən incəsənət adamlarının
siyahısına baxdı və sizi orada görmədi.
Soruşub ki, nə üçün o uşaqları Moskvaya gətirməmisiniz,
deyiblər, düşündük ki, uşaqdırlar,
onları kim başa düşəcək.
Heydər Əliyev cavab olaraq deyib ki, gətirdiyiniz
ifaçıları burada başa düşürlərmi?
Heydər Əliyev çox diqqətli və həssas
bir insan idi. Belə baxanda, biz onun nəyi
idik ki? O mənim valideynlərimi belə
tanımırdı. Hansımız onun qohumunun
balası idik? O, öz dövlətinin balalarını
belə istəyirdi. Biz "Leyli və Məcnun”
əsərini oxuyub bitirənə qədər onun göz
yaşlarını gördüm. O, ölkəsinin
uşaqları ilə fəxr edirdi. Elə bir
uşaq yox idi ki, onu sevməsin. Biz ona Heydər
baba deyirdik”.
"Heydər Əliyevin
dövründə böyüyüb, formalaşmışam”
Xalq artisti Faiq Ağayev Heydər Əliyevi Azərbaycan mədəniyyətinə yaxından bələd olan bir mütəxəssis kimi xatırladığını qeyd etdi: "Ulu öndərimiz incəsənətin nə kimi qüvvəyə malik olduğunu əsaslı dərk edən bir insan idi. O, sovet Azərbaycanının rəhbəri olanda da dövlət işçilərini tamaşalara, konsertlərə cəlb edirdi. Dəfələrlə Azərbaycan Opera və Balet Teatrına, Akademik Milli Dram Teatrına gedir və tamaşalarla, onların repertuarı ilə maraqlanırdı. Nəinki teatrlarla, musiqiçilərimiz və sənətçilərimizlə maraqlanır, onların istedadına da yaxından bələd idi. Azərbaycan mədəniyyətinin, incəsənətinin nə qədər dərin və gözəl olduğunu hər kəsin dərk etməsini istəyirdi. Heydər Əliyev çox həssas tamaşaçı idi. Onun himayəsi ilə bir çox sənətkarlarımız meydana çıxdı, tanındı. Heydər Əliyev, eyni zamanda qayğıkeş bir rəhbər idi. İncəsənətin hər bir sahəsindən dərin bilgiləri var idi. Mən fəxr edirəm ki, Heydər Əliyevin dövründə böyüyüb, formalaşmışam. Və fəxr edirəm ki, Heydər Əliyevin imzasıyla ən gənc Əməkdar artist adına layiq görülmüşəm. Ruhu şad olsun!”.
Xəyalə Rəis
Kaspi 2018.- 9-10 may.- S.8.