Heydər Əliyev və Azərbaycanda milli siyasət

 

O, dağılmış dövləti, zədələnmiş milli birliyi azərbaycançılıqla bərpa etdi, möhkəmləndirdi

 

Azərbaycan müxtəlif etnik və dini qrupların ənənəvi dözümlülük və ahəngdar birgəyaşayışı üzərində qurulmuş və həyata keçirilən milli siyasətin aparıldığı çoxmillətli və çoxdinli ölkədir. Tarixən Azərbaycanda insanlar arasında milli, dini və irqi ayrı-seçkiliyə yol verilməmiş, tolerantlıq milli mentalitetimizə xas olmuşdur. Yüzilliklər boyunca Azərbaycanda məskunlaşan və müxtəlif dinlərə etiqad edən xalqlar sülh və əmin-amanlıq şəraitində dinc yanaşı yaşamışlar.

 

Azərbaycanda etnomühit bütün dövrlərdə sabit olub. Yəni, topluma daxil olan həm türkə, həm də qeyri-türkə yanaşma tərzi eyni olub, etniklə qeyri-etnik arasında fərq qoyulmayıb. Hər bir milli və etnik azlıq ayrı-ayrılıqda təhlil olunub, onların inkişaf dinamikası nəzərdən qaçırılmayıb. Müstəqilliyin ilk illərində ölkədə baş verən siyasi hadisələrdən dolayı, dövlət strukturları milli azlıqların problemləri ilə faktiki olaraq məşğul ola bilmirdi. Lakin 1993-cü ildən sonra  Azərbaycanın bütün ictimai və siyasi həyatında olduğu kimi, milli azlıqlara münasibətdə də vəziyyət tamamilə yaxşılığa doğru inkişaf etməyə başladı.

 

Tarazlı milli siyasət kursu, milli azlıqların ən kiçik qayğılarından tutmuş ciddi sosial problemlərinə qədər bütün məsələlərinin həlli Ümummilli lider Heydər Əliyevin iradəsi və cəsarəti ilə həyata keçirilirdi. Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə milli azlıqların  ədəbiyyat, mədəniyyət, dil, tarix, adət-ənənələrinin və s. qorunub saxlanmasına, inkişaf etdirilməsinə qanuni zəmin yaradıldı.

 

Müstəqilliyimizin ilk illərinin milli siyasətini xarakterizə edən tarix elmləri doktoru, professor Əli Həsənov "Heydər Əliyev və milli dövlətçilik təlimi - azərbaycançılıq" məqaləsində yazır ki, 1993-cü ildən Ulu öndərin siyasi rəhbərliyə gəlişi ilə bütün Azərbaycan vətəndaşlarının - dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, ölkənin istiqlaliyyətini dəstəkləyən insanların vahid dövlətçilik ətrafında birləşdirilməsi üçün ciddi iş aparıldı. Cəmiyyətdə hakim olan istiqlal arzusu, azərbaycançılığın müstəqil dövlətin bütün əhalisinin ali ideologiyasına çevrilməsi, ümummilli birliyin təmin olunması zərurəti tezliklə ictimai-siyasi və mənəvi dairələrin gündəliyinə çıxarıldı: "Heydər Əliyev azərbaycançılıq ideyasına tamamilə yeni bir məzmun verərək, onu Azərbaycanın milli-etnik xüsusiyyətlərinə, müasir dövrün tələblərinə və dünyanın müasir şəraitinə uyğunlaşdırdı. Odur ki, Heydər Əliyevi müasir azərbaycançılıq ideologiyasının - dövrün, zamanın tələblərini, dövlətçiliyin əsaslarını, milli-etnik şəraiti nəzərə alan milli təlimin banisi hesab etmək olar. Azərbaycançılıq ideologiyası, məhz Heydər Əliyevin dövründə mükəmməl bir ideoloji təlim kimi ölkənin dövlət siyasətinə çevrildi”.

 

Professor Əli Həsənovun fikirlərindən belə nəticə çıxara bilərik ki, Azərbaycan kimi etnik tərkib baxımından zəngin, çoxmillətli bir dövlətdə etnik millətçilik ziyanlı fəsadlara yol aça bilər. İki böyük dövlətin qonşuluğunda yerləşən, bu dövlətlərin təsir altına salmaq istədiyi toplumu yalnız özündə vətənçiliyi, xalqçılığı ehtiva edən azərbaycançılıq ideyası ilə birləşdirmək mümkün idi. 1993-cü ildə Azərbaycan dövlətini parçalanmadan qurtarmış dahi siyasətçi Heydər Əliyevin uğurlarının kökündə məhz azərbaycançılıq ideyası dayanırdı. O, dağılmış dövləti, zədələnmiş milli birliyi azərbaycançılıqla bərpa etdi, möhkəmləndirdi. Xalq Heydər Əliyevin azərbaycançılıq ideyası ətrafında birləşdi və ölkəni parçalamaq istəyən xarici və daxili qüvvələri zərərsizləşdirdi.

 

Ağır şərtlər altında, iqtisadi çətinliklər içində yaşayan Azərbaycanda 1993-cü ildən sonra milli azlıqların spesifik məsələlərinə dövlət səviyyəsində kompleks və müntəzəm qayğı göstərmək ənənəyə çevrildi. Həmin ildə 33 milli mədəni mərkəzin fəaliyyət göstərməsinə icazə verildi. Hüquq-mühafizə orqanlarına göstəriş verilmişdi ki, milli əlamətə görə edilən hər hansı ayrı-seçkiliyin qarşısı dərhal alınsın. Milli təşkilat və cəmiyyətlərin normal işi üçün vacib olan inventar, onların yerlə təminatı və milli dillərdə qəzetlərin nəşrini maliyyələşdirmək üçün Prezident Fondundan vəsait ayrıldı.

 

1993-cü  ildə Prezidentin müvafiq Sərəncamı ilə milli azlıqların dil və mədəniyyətlərinin inkişafı üçün Prezident Fondundan 1,5 milyon manat, 1996-1997-ci illərdə isə mədəni-təşkilati fəaliyyəti və mətbuat orqanları üçün dövlət büdcəsindən 200 milyon manat vəsait ayrıldı.

 

Ulu öndər etnik, dini, dili, cinsi ayrı-seçkilik salmadan Azərbaycan xalqının hər bir nümayəndəsinin rahat, azad və əmin-amanlıq şəraitində yaşaması üçün səy və bacarıqlarını əsirgəmir, bu istiqamətdə iqtisadi-siyasi, sosial-mədəni dövlət siyasətini həyata keçirirdi. O, ölkədə yaşayan milli azlıqların, eləcə də etnik qrupların mədəni dəyərlərinin, mədəni irsinin qorunması və inkişafı ilə bağlı Azərbaycan hökuməti tərəfindən tədbirlərin keçirilməsi ənənəsini qoydu.

 

Məhz Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə qəbul olunmuş Azərbaycan Konstitusiyası mənşəyindən, irqindən, dinindən və dilindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarına hörməti təmin etdi. Həmçinin "Azərbaycan Respublikasında dövlət dili haqqında", "Mədəniyyət haqqında", "Notariat haqqında", Seçki Məcəlləsi, Ailə Məcəlləsi, "KİV haqqında", "İctimai televiziya və radio yayımı haqqında" və digər qanunlarda milli azlıqların hüquqları tanındı. Həmin qanunlarda şəxsin etnik mənsubiyyətindən asılı olaraq, hər hansı bir məhdudiyyət nəzərdə tutulmadı, ölkədə fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan işçilərin, o cümlədən də milli azlıqların nümayəndələrinin əmək, məşğulluq və sosial hüquqlarının qorunmasına dövlət nəzarəti gücləndirildi. Azərbaycanda bir millətin, milli və ya dini azlığın nümayəndəsinə və ya onlardan olan qrupa milli xüsusiyyətlərini və ya dini mənsubiyyətlərinə görə başqalarından üstün olmaq kimi ideyaları aşılamaq, təəssübkeşlik göstərmək qanunla məhdudlaşdırıldı.

 

Heydər Əliyevin təməlini qoyduğu milli siyasət sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu Azərbaycanda etnoslararası ənənəvi dostluq münasibətləri, qarşılıqlı mədəni-mənəvi zənginləşmə, vahid vətənçilik təfəkkürü ətrafında inteqrasiya zaman-zaman Azərbaycanda unikal etno-mədəni və etno-siyasi münasibətlər sistemini, etnik-dini müxtəlifliyə və zəngin milli-mənəvi dəyərlərə malik vahid bir cəmiyyət tipini - mükəmməl dözümlülük mühitini formalaşdırdı.

 

Ümummilli lider Heydər Əliyev yüz illər boyu Azərbaycanda formalaşmış bu milli keyfiyyətin və cəmiyyətimizdəki etnik-mədəni müxtəlifliyin qorunub saxlanmasına və təşviqinə xüsusi həssaslıqla yanaşır, Azərbaycanın burada yaşayan bütün xalqların ümumi vətəni olduğunu dönə-dönə vurğulayırdı. Onun "polietnizm bizim tarixi nailiyyətimizdir" sözləri müasir Azərbaycan cəmiyyətinin tolerant ovqatını və dövlətin siyasi iradəsini dəqiq ifadə edir.

 

Sovet dövründə olduğu kimi, ondan sonra müstəqil Azərbaycanda da Ümummilli lider Heydər Əliyev multikulturalizm ruhunu və milli azlıqlara diqqəti müdafiə edirdi. Elə bunun nəticəsi idi ki, ölkənin ictimai-siyasi həyatındakı demokratik dəyişikliklər Azərbaycanda yaşayan azsaylı xalqlara olan marağın artmasına şərait yaratdı. İnsan hüquqlarının müdafiəsi, müxtəlif etnos və etnik qrupların saxlanılması, yalnız sosial-mədəni deyil, həmçinin siyasi əhəmiyyət daşıdı. Heydər Əliyevin milli siyasəti təkcə ayrı-ayrı etnos və xalqlara deyil, milli mənsubiyyətindən asılı olmayaraq, ölkə vətəndaşlarının hamısının həyatın bütün sahələrində bərabərhüquqlu inkişafına xidmət edirdi.

 

Ümummilli liderin uğurlu milli siyasəti nəticəsində Azərbaycanda hətta ən azsaylı millətlərin nümayəndələri belə icmalarda birləşməyə, öz mədəniyyət, dil və adət-ənənələrini inkişaf etdirməyə başladılar, heç bir dini və milli ayrı-seçkiliyə məruz qalmadılar.

 

Ulu öndər Heydər Əliyev milli azlıqların nümayəndələri ilə keçirdiyi görüşlərin birində deyirdi: "Biz Azərbaycan deyəndə, onun sərvətini, onun gözəl təbiətini nəzərdə tuturuq. Lakin bütün bunlarla yanaşı, respublikanın ən başlıca sərvəti əsrlərdən bəri bu torpaqda yaşayan, öz taleyini, həyatını bu torpağa bağlayan, müxtəlif millətlərdən olan, dinlərə etiqad edən adamlardır. Ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər də zəngin olar".

 

Ümummilli lider milli azlıqlarla keçirdiyi başqa bir görüşündə isə onları belə xarakterizə edirdi: "Mən görüşlərimi milli azlıqların nümayəndələri ilə görüş adlandırmaq istəməzdim. Bu, Azərbaycanın, Azərbaycan xalqının nümayəndələri ilə görüşdür".

 

Heydər Əliyev uğurlu milli siyasətini dövlət idarəçiliyində - kadr təyinatında da tətbiq edirdi. Ölkədə yaşayan milli azlıqların nümayəndələri rəhbər vəzifələrə təyin olunur, yüksək fəxri adlara, Prezident mükafatlarına və təqaüdlərə layiq görülürdülər. Hökumət, parlament, mərkəzi icra strukturları, o cümlədən milli azlıqların sıx yaşadığı bölgələrin rəsmi dövlət strukturlarında və yerli özünüidarə orqanlarında onların nümayəndələri geniş təmsil olunurdular. Sevindirici haldır ki, əsası Ulu öndərin dövründə qoyulan bu ənənə bu gün də çox uğurla davam etdirilir.

 

2000-ci ilin iyun ayında Azərbaycan hələ Avropa Şurasına üzv olmamışdan çox-çox əvvəl "Milli azlıqların müdafiəsi haqqında" Çərçivə Konvensiyasına qoşulmuşdur. 2001-ci il noyabrın 1-də isə Heydər Əliyev Avropa Şurasının "Milli azlıqların müdafiəsi haqqında" Çərçivə Konvensiyasına uyğun olaraq, Azərbaycan Respublikasının qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsi ilə bağlı ilkin hesabatın hazırlanması və təqdim edilməsi barədə Sərəncam imzaladı. Sərəncamdan dərhal sonra milli azlıqlara mənsub olan şəxslərin hüquqlarının qorunması üzrə mövcud vəziyyət barədə ilkin hesabat hazırlanaraq Avropa Şurasına təqdim olundu. Hesabatda bildirilirdi ki, Azərbaycan müxtəlif etnik və dini qrupların ənənəvi dözümlülük və harmonik birgəyaşayışı üzərində qurulmuş və həyata keçirilən milli siyasətin aparıldığı çoxmillətli və çoxdinli ölkədir.

 

Bu gün Ümummilli lideri Heydər Əliyevin tarazlaşdırılmış milli siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev mədəniyyət sahəsində beynəlxalq təşəbbüslərə dəstək verərək ölkəmizi daha da irəli aparır, dünyanın mədəniyyət mərkəzinə çevirir. Bunun da həm coğrafi, həm tarixi, həm də mədəni əsasları var: ölkədə milli və dini dözümlülüyün, tolerantlığın yüksək səviyyədə olması faktdır və bu, Azərbaycan xalqının güc mənbəyidir.

 

Hələ 2012-ci il noyabrın 27-də BMT-nin Cenevrədəki Baş Qərargahında - Millətlər Sarayında İnsan Hüquqları Şurasının Azlıq məsələləri üzrə Forumunun 5-ci sessiyasında çıxış edən Prezidentin köməkçisi Əli Həsənov ölkədə həyata keçirilən dövlət siyasəti barədə ətraflı məlumat verərək etnik-mədəni müxtəlifliyin qorunması, millətlərarası və dövlətlərarası münasibətlərin sivil normalar əsasında tənzimlənməsi, tolerantlığın daha da möhkəmləndirilməsi sahəsində Azərbaycan təcrübəsindən bəhs etmişdir. Professor Əli Həsənov postsovet məkanında ilk dəfə olaraq məhz Azərbaycanda milli azlıqlar və etnik qrupların hüquq və azadlıqlarının qorunması, eyni zamanda, dilinin və mədəniyyətinin inkişafına dövlət yardımı haqqında Prezident Fərmanının imzalandığını bildirmişdir.

 

Göründüyü kimi, Azərbaycan - bu ölkəni özünün doğma evi hesab edən xalqların təhlükəsiz yaşamaları və adət-ənənələrini qorumaları üçün dövlət səviyyəsində bütün imkanlarını səfərbər etmişdir. Bu gün dünya üçün multikultural dəyərlər nə qədər yeni olsa da, Azərbaycan bu dəyərlər sistemi - yəni, bir ölkədə yaşayan müxtəlif xalqların sosial-mədəni hüquqlarını tanıyan humanist dünyagörüşü və ona uyğun siyasəti ilə uzun illərdir bəşəriyyətə nümunə göstərməkdədir.

 

Niyaz Niftiyev

"Azadinform” İnformasiya Agentliyinin baş redaktoru

 

Kaspi  2018.- 9-10 may.- S.6.