Adını tarixə həkk etmiş dahi
şəxsiyyət
Müstəqil Azərbaycan
ümummilli lider Heydər Əliyevin şah əsəridir
May
ayının 10-da ulu öndər Heydər Əliyevin anadan
olmasından 95 ili tamam olur. Azərbaycan
xalqı onun taleyində və tarixində silinməz izlər
qoymuş ümummilli lider Heydər Əliyevi bir daha ehtiramla
xatırlayır. Dünya şöhrətli
Heydər Əliyev hələ sağlığında əfsanələşən,
siyasət olimpini fəth etmiş nadir şəxsiyyətlərdən
biridir. Heydər Əliyev siyasət aləminin
patriarxı, tarixin gedişinə təsir göstərmək
qüdrətinə, polad iradəyə malik yenilməz şəxsiyyət
kimi səciyyələndirilir.
Millət vəkili, politoloq Hikmət Babaoğlu bildirib
ki, müstəqil, azad Azərbaycan böyük Heydər
Əliyevin şah əsəridir. Onun sözlərinə görə,
hazırda Azərbaycanın iqtisadi, mədəni, siyasi, sosial
həyatının elə bir sahəsi yoxdur ki, orada Heydər
Əliyevin imzası olmasın: "Azərbaycanın ən
yeni tarixinin böyük bir erası məhz onun adı ilə
bağlıdır. Heydər Əliyev erası
Azərbaycanda quruculuq, inkişaf, sabitlik, tərəqqi,
müstəqillik dövrüdür. Müasir
mərhələdə Azərbaycanın inkişafı da məhz
Heydər Əliyev tərəfindən təməli
qoyulmuş iqtisadi, siyasi, mədəni, intellektual əsaslarda
baş tutur. Ulu öndər Heydər Əliyev ideoloji
baxımdan iki ziddiyyətli dövrdə - Sovet
İttifaqının tərkibində olanda və müstəqillik
dövründə də Azərbaycana rəhbərlik edib, amma
hər iki dövrün bir səciyyəvi cəhəti var. Bu
da ondan ibarətdir ki, fərqli ideoloji dövrdə Azərbaycan
dövlətçiliyinin sükanı arxasında olmasına
baxmayaraq, hər iki dövrdə onun fəaliyyəti Azərbaycan
dövlətçiliyinin, xalqının inkişafına, mənafeyinə
xidmət edib. Bu gün böyük fəxarətlə
bəhs etdiyimiz azərbaycançılıq məfkurəsi,
multikulturalizm ideyaları, tolerantlıq məsələlərinin
hamısı böyük dövlət xadiminin hələ
Sovet dövründə Azərbaycanda həyata keçirdiyi
siyasətlə bağlı olub. Bu gün
Azərbaycan cəmiyyətinin intellektual lokomotivi hesab edilən
böyük ziyalı ordusunun yaranmasında Heydər
Əliyevin danılmaz rolu olub. Onun Azərbaycan
ədəbiyyatının inkişafında, mədəniyyət,
ədəbiyyat xadimlərinin SSRİ-nin ideoloji
repressiyalarından qorunmasında böyük xidmətləri
qeydə alınıb. Müstəqillik
dövründə ölkənin vətəndaş müharibəsindən
xilas olması, Azərbaycanın bu gün uğurla həyata
keçirilən neft strategiyasının, iqtisadi və
balanslaşdırılmış xarici siyasətinin əsasları
da məhz bu böyük dövlət xadimi tərəfindən
qoyulub”.
Millət
vəkili H.Babaoğlu vurğulayıb ki, ulu öndər Heydər
Əliyevin milliliyə və milli dəyərlərə
xüsusi önəm verməsi ölkəmizin həyatında
mühüm rol oynayıb: "Bu gün biz paytaxtımız
Bakı haqqında danışanda onu Azərbaycanın milli
şəhəri kimi təqdim edirik. Ümummilli
liderin Heydər Əliyev tərəfindən ən
böyük xidmətlərindən biri də ötən əsrin
70-ci illərinə qədər SSRİ-nin kosmopolit şəhəri
kimi tanınan Bakını sonralar milliləşdirilməsi
olub. Əgər 70-80-ci illərdə Bakı şəhəri
milliləşdirilməsəydi, demoqrafik strukturu dəyişdirilməsəydi,
yəni azərbaycanlılaşdırılmasaydı, kim bilir, bizim müstəqilliyimizi yenidən bərpa
edən zaman vəziyyət necə olacaqdı?! Heydər
Əliyev SSRİ dövründə təkcə etnik azərbaycanlıların
deyil, bütün türk və müsəlman
respublikalarının hamisi idi”.
Yeni Azərbaycan
Partiyası Siyasi Şurasının üzvü, millət vəkili
Aydın Mirzəzadə bildirib ki, Heydər Əliyev tək Azərbaycan
xalqının deyil, ümumilikdə bəşəriyyətin
tarixində böyük rol oynamış bir şəxsiyyətdir.
Onun fikrincə, ümummilli liderin böyük siyasətə
qayıdışı, Azərbaycan xalqının müstəqillik
uğrunda mübarizəsinə rəhbərlik etməsi həmişə
cəmiyyətdə ciddi müzakirə edilib: "Heydər
Əliyev 1993-cü ildə yenidən hakimiyyətə gəlişi
ilə Azərbaycan tarixində yeni bir səhifə
açıb. Azərbaycanda yeni, demokratik bir
dövlət quruculuğu başlayıb. Azərbaycanda
bazar münasibətlərinin hökmran olduğu yeni
iqtisadiyyat formalaşıb, insan hüquq və
azadlıqları cəmiyyətin aparıcı mövzusu olub.
Azərbaycan sürətlə beynəlxalq birliyə
inteqrasiya olmağa başlayıb”.
Mətbuat Şurasının sədri, millət vəkili
Əflatun Amaşov deyib ki, Heydər Əliyev adını Azərbaycan
tarixinə həkk etmiş dahi şəxsiyyətdir. Deputatın
sözlərinə görə, ulu öndər Heydər
Əliyev yaşadığımız coğrafiyanın
bütövlükdə axarını, ahəngini dəyişməyə
müvəffəq olmuş nəhəng dövlət xadimidir.
Təbii ki, o, bunu Azərbaycanı dəyişməyin
timsalında gerçəkləşdirmişdi.
Müasir Azərbaycanı qurmuş və Vətənimizin
müstəqil dövlət kimi dünya dövlətləri
sırasında özünə layiqli yer tutmasına nail
olmuşdu. Ötən əsrin sonlarına
doğru Azərbaycanda və regionda formalaşmış siyasi
şəraitə diqqət yetirsək, bütün bunlar
heç də sıradan məsələ deyildi.
SSRİ-nin dağılması, yenicə dövlət
suverenliyinə qovuşmuş respublika, xaricdən təzyiqlər,
hər an parçalanma təhlükəsi, Qərb dövlətlərinin
və Rusiyanın bölgədəki maraqları, bu maraqlar
uğrunda amansız mübarizə - Heydər Əliyev məhz
belə bir mürəkkəb geosiyasi mərhələnin
reallıqlarını Azərbaycan xalqının maraq və mənafelərinə
məharətlə uzlaşdırmağı bacardı. Onun iradəsinin, qətiyyətinin və
prinsipiallığının məhsulu olan nəhəng layihələr
yalnız Azərbaycanın bölgədəki
varlığının davamı deyil, ümumən Cənubi
Qafqazda müstəqil dövlət anlayışının gələcək
mövcudluq təminatı idi. Əminəm
ki, zaman keçdikcə Heydər Əliyev şəxsiyyətinin
xidmətləri daha çox öyrəniləcək, onun
dövlət idarəçiliyi fəlsəfəsinin daha konkret
məqamlarına aydınlıq gətiriləcəkdir”.
Milli Məclisin deputatı, akademik Nizami Cəfərov
onun barəsində danışarkən deyib ki, ulu öndər
Heydər Əliyev Azərbaycan xalqı üçün
misilsiz xidmətlər göstərib. O, haqlı olaraq ümummilli lider Heydər
Əliyevin müasir Azərbaycanın qurucusu hesab edildiyini
vurğulayıb: "Böyük öndərimiz azərbaycançılıq
ideyasının müəllifi kimi Azərbaycan tarixində
yaşayır. Bu xüsusi bir hadisədir. Heydər Əliyev həm də sözün həqiqi
mənasında bir yenilikçi idi. Onun bu
xüsusiyyəti həmişə özünü göstərib,
istər Sovet dövründə, istərsə də yeni
dövrdə. Bütövlükdə isə,
Heydər Əliyevin Azərbaycan dövlətçiliyini
inkişaf etdirən, müstəqilliyini möhkəmləndirən
addımları bir neçə sahə ilə məhdudlaşmayıb.
Bütün sahələrdə çox
genişmiqyaslı tədbirlər görülüb, islahatlar
aparılıb. Heydər Əliyevin fəaliyyəti,
onun Azərbaycan dövlətçiliyi, xalqımız
qarşısındakı xidmətləri o qədər zəngindir
ki, bunu təhlil etməklə, yazmaqla, araşdırmaqla sonuna
gedib çıxmaq mümkün deyil. Zaman
keçdikcə, biz ümummilli liderimizin fəaliyyətinin məntiqini,
mahiyyətini daha yaxşı dərk etməyə
başlayırıq. Ümummilli lider Heydər
Əliyev heç bir işini yarımçıq qoymayıb.
O, hansı işə başlayırdısa, yüz
ölçüb bir biçib, tələsmədən və
gecikmədən həyata keçirirdi. Bu, ən
müxtəlif sahələrə aid olan məsələlərdə
- hərc-mərcliyin aradan qaldırılmasından
başlanmış, təsərrüfat həyatının
qaydaya salınmasına qədər özünü göstərdi.
Bu, ancaq böyük dövlət adamlarına
aid xüsusiyyətdir”.
Akademik
qeyd edib ki, Heydər Əliyevin fəaliyyət tipologiyası
dünyanın ən böyük dövlət xadimləri ilə
müqayisə olunur: "Bəziləri Heydər Əliyevin fəaliyyətini
Atatürkün fəaliyyəti ilə müqayisə edirlər.
Mən Heydər Əliyevin bir fikrini həmişə
xatırlayıram. O Atatürkün xidmətlərindən
danışarkən demişdi ki, Türkiyə Cümhuriyyəti
Atatürkün sadəcə, fəaliyyətinin nəticəsi
deyildi. Türkiyə Cümhuriyyəti həm
də Atatürkün mübarizəsinin, cəsarətinin nəticəsi
idi. Eynilə, Azərbaycan dövlətinin yaranması,
müstəqilliyinin möhkəmlənməsi, sadəcə
bir dövlət başçısı kimi Heydər
Əliyevin fəaliyyətinin yox, həm də Heydər
Əliyevin mübarizəsinin, cəsarətinin, böyük
siyasi iradəsinin nəticəsidir. Bu gün isə
bu işləri Prezident İlham Əliyev uğurla davam etdirir.
Azərbaycan artıq yüksək səviyyədə
inkişaf yoluna qədəm qoyub. Qazanılan
uğurlar bütün sferalarda özünü göstərir.
Təbii ki, bütün bunlar və bundan
sonrakı dövrlərdə qazanacağımız uğurlar
ulu öndər Heydər Əliyevin qoymuş olduğu möhkəm
bünövrəyə söykənir. Heydər
Əliyevin parlaq ideyaları həmişə bu inkişaf və
tərəqqinin önündə gedəcək”.
Demokratik Maarifçilik Partiyasının sədri, millət
vəkili Elşən Musayev də hesab edir ki, ulu öndər
Heydər Əliyev fenomenal bir şəxsiyyət olub. Onun fikrincə,
Heydər Əliyevə ona görə ulu öndər deyilir
ki, müstəqil, müasir Azərbaycan həqiqətən
onun əsəridir. Deputat deyib ki, ulu öndər Azərbaycanda
sabitliyi yaradıb, dövlətçiliyin möhkəmlənməsinin
ən böyük səbəbkarı olub: "Ümummilli
lider Heydər Əliyev vətəndaş
qırğınının qarşısını alıb,
siyasi sabitliyi yaradıb, ölkədə demokratiyanı təmin
edib və Azərbaycanı inkişafa aparıb. Bu gün Azərbaycanda gözəl görünən
nə varsa - ölkəmizin inkişafı, rifahı, vətəndaş
fəaliyyətinin inkişafı, siyasi durğunluq, sabitlik və
sairin hər biri Heydər Əliyevin çəkdiyi əziyyətlərin
nəticəsidir. Hər birimiz
yaxşı xatırlayırıq ki, müəyyən
dövrə qədər Azərbaycanın büdcəsi,
xarici diplomatiyası hansı səviyyədə idi. Ölkəmiz müharibə şəraitində idi.
Bütün bu problemlər ümummilli lider
hakimiyyətə gəldikdən sonra öz həllini
tapdı”.
Alpər TURAN
Kaspi 2018.- 9-10 may.- S.7.