“İşləməkdən heç vaxt
yorulmamışam
Əhməd Əsgər: “Sonralar
bildim ki, imtahanlarda mənə kömək edən xanım
Turan Caviddir”
Radioya adi bir işçi kimi gəlir, bu müddətdə səsə vurulur. Bu gün səs onun üçün hər şeydir, deyir ki, insanın səsi, danışığı onun iç dünyasını, xarakterini açıb göstərir. İlk vaxtlardan radionun bu tərəflərini sevir. Aradan heç də az olmayan 45 illik zaman keçir. "Gözümü açandan radioda işləmişəm” deyən müsahibimiz "Space" radiosunun baş redaktoru Əhməd Əsgərdir.
1955-ci ildə Göyçayda doğulub, amma uşaqlığı Bakıda keçib. Deyir ki, əslində, hamı uşaqlığında dava edir, dəcəl olur: "Uşaqlıq dövründə hamı divara da dırmaşır, hay-küy də salır. Kiminləsə dalaşırsan, kiminləsə dostlaşırsan, kiminlə uzaqlaşırsan və s. Bu proseslər özlüyündə zamanla insanın xaraketinə təsir edir. Uşaq xarakterindəki davakarlıq üzdə olan şeylərdir, bir də insanın iç dünyası olur. Ətraf mühit zamanla insanın içində bir şəxsiyyət formalaşdırır. Bundan insanın özünün xəbəri olmur, 20 yaşdan sonra o faktor ortalığa çıxmağa başlayır”.
"...o ədəbiyyatdan məndən çox bilir”
Daha çox humanitar fənləri yaxşı oxuyur. Sənətə, ədəbiyyata
önəm verən bir ailədə olması onun da bu istiqamətə
maraq göstərməsinə gətirib çıxarır:
"Riyaziyyatdan zəif idim, amma humanitar sahəni çox
yaxşı bilmişəm. Ailəmizdə ədəbiyyata
böyük maraq olub. Mən çox
kiçik yaşımda olanda atam Göyçayda rayon icra
hakimiyyətində işləyib. Bununla
yanaşı, Göyçayda mədəniyyət sarayında
qoyulan tamaşalarda da fəaliyyət göstərirdi. Mən orta məktəbdə oxuyanda Azərbaycan
Dövlət Dram Teatrında premyeralar olanda atamla
maşınla gəlib baxıb, gecə ilə rayona
qayıdırdıq. Belə sənət
sevən idi. Şair İbrahim
Göyçaylı mənim qardaşımdır. Ədəbiyyatı atamdan sonra o, mənə sevdirib.
Sənətə, ədəbiyyata dəyər
verən ailədə böyümüşəm. 10-cu sinfi bitirəndə atam ədəbiyyat müəllimimizdən
xahiş etmişdi ki, Əhmədlə məşğul ol,
gedib instituta imtahan verəcək. İki-üç
dəfə getdim, atamın adı Məhəmməd idi.
Gəlib atama demişdi ki, ay Məhəmməd müəllim,
o məndən çox bilir ədəbiyyatdan, ona nə
öyrədim?”.
"Başımı
qaldırdım ki qadın ağlayır”
Orta məktəbi
bitirəndən sonra ali təhsil
üçün seçimi jurnalistika olur. Lakin
ilk imtahandan kəsilir, sonra hərbi xidmətə gedir. Vətənə
xidmət edib qayıdandan sonra yenidən jurnalistikaya imtahan vermək
üçün hazırlaşır, lakin heç də hər
şey planlaşdırıldığı kimi alınmır:
"İncəsənət Universitetinin imtahanları o birindən
bir ay əvvəl olacaqdı. Qardaşım İbrahim mənə
dedi ki, sənədlərini sənətşünaslığa
ver, o da çox gözəl ixtisasdır. Qardaşım
dövlət televiziyasında ədəbiyyat şöbəsinin
müdiri idi. Bu söhbət olanda Həsən
Əbluc, Əliabbas Qədirov, Səməndər Rzayev də
orda idi, çay içirdilər. Onlar
dedilər ki, qardaşın düz deyir. İbrahim dedi
ki, apar sənədlərini ver, o istiqamətdə oxumazsan,
heç olmasa o biri imtahan üçün bir məşq olar.
Dedim axı sənətşünaslığı bilmirəm.
Dedi kinonu, teatrı bilirsən. Səməndər Rzayev dedi ki,
götürün bunu aparın sənədlərini versin ora”.
Beləliklə, birinci imtahana gedir. Elə o dönüş də
bu imtahanda olur: "İlk olaraq bizdə fənlərlə
bağlı ümumi hazırlığı
yoxlayırdılar. İmtahana girdim, 3 nəfər
yaşlı müəllim oturmuşdu, biri qadın idi, ikisi kişi. Teatrdan sual verdilər,
danışdım. Birdən xanım sual verdi
ki, Hüseyn Caviddən nə deyə bilərsən? H.Cavidin "Peyğəmbər” əsəri var, o
vaxt onu qadağan etmişdilər, sovet hökuməti
dağılandan sonra ortalığa çıxdı. Onu mən bir yerdən tapıb oxumuşdum. Fikirləşdim ki, bura məşqə gəlmişəm,
onsuz jurnalistikaya imtahan verəcəm. "Peyğəmbər”
əsərinin heç adını da çəkmirdilər,
icazə vermirdilər. Gözümü
yumub ağzımı açdım, o əsərdən nə
bilirdimsə, danışdım. Birdən
kişilərdən biri qayıtdı ki, a bala, bəsdir.
Başımı qaldırdım ki qadın
ağlayır. Çaşıb qaldım.
Kişi dedi ki, çıx get. Suyu süzülə-süzülə
çölə çıxırdım, dedi ki, imtahan biletini
də götür. Çöldə baxdım
ki, 5 yazıblar. İkinci imtahan isə
şifahi ədəbiyyat idi. Gördüm
ki qapı açıldı, həmin xanım içəri
girdi. İmtahanı götürən müəllimə
məni göstərib nəsə dedi, imtahan başlayan kimi məndən
heç nə soruşmadan 5 yazıb dedilər ki, get. Sonra
xarici dil imtahanında da o xanım gəlib dedi ki, bu
uşaqdır, yenə 5 yazdılar. Sonralar bildim
ki, o xanım Turan Caviddir. Ondan sonra mən
jurnalistikaya gedə bilmədim, çünki məni o cür
imtahandan keçirmişdi”.
"Uzun
illər idman sahəsində çalışdım”
Elə tələbə
vaxtı radioda işləməyə başlayır, o
mühiti necə sevirsə, ordan ayrılmaq haqqında
heç düşünmür: "Atam rəhmətə
getmişdi, mən burda qardaşımın yanında
qalırdım. Sonra düşündüm ki,
qardaşıma tam mənada yük olmayım. Universiteti axşama keçirdim, gündüzlər
işləyirdim. İlk olaraq radioda kasetləri
daşıyan bir iş var idi, onu görürdüm. Bütün musiqi nömrələri kasetlərdə
yığılırdı, onları efirə gətirirdim,
sonra da qaytarıb yerinə yığırdım. Sonra universiteti bitirib, qırmızı diplom
aldım. Diplom götürüb Azərbaycan
Dövlət Televiziya və Radio Verilişləri Komitəsində
televiziya proqramlarının baş redaktoru Elşad Quliyevin
yanına getdim. Dedim ki, mənə bir iş verin. Kasetləri daşıya-daşıya pul qazanmaq
üçün qonorarla idman, gənclik, ədəbiyyat
redaksiyasında yazılar yazırdım. Elşad
Quliyev mənim bu cəsarətimi görəndən sonra
televiziyada 3 baş redaktora zəng vurub, yanına
çağırdı. Biri Aydın
Əliyev, ikincisi Mailə Muradxanlı idi. Üçüncüsünün
adı indi yadıma düşmür. Birinci
Aydın müəllim otağa gəldi. Elşad müəllim
dedi ki, bu, mənim dostumdur, hansısa redaksiyaya düzəltmək
istəyirəm. Aydın Əliyev dedi ki, hə, gəlsin bizim
şöbəyə. Razılaşıb qapıdan
çıxanda Mailə xanım da gəldi, dedi bizdə də
çalışsın, amma birinci idmanla
razılaşmışdıq deyə, orda qaldım. Uzun illər idman sahəsində
çalışdım, şöbə müdiri vəzifəsinə
qədər qalxdım. Sonra ordan
çıxdım. Bakı Şəhəri
Reklam və İnformasiya İdarəsində işlədim,
orda reklamı öyrəndim. Sonra
"Space”nin keçmiş rəhbəri Etibar Babayev məni
bura dəvət etdi. 18 ildir burdayam. Ümumiyyətlə, Etibar müəllimlə 1987-ci
ildən yaxınam. Evimiz, işimiz, bağımız bir
olub...”.
"İstifadə
etdiklərini bilsəm də, böyük ləzzətlə
yazırdım”
Təcrübəsiz,
gənc vaxtlarında öz işini ona gördürmək,
istifadə edib yazısını ona yazdırmaq istəyənlər
də az olmayıb. O, bu cür məsələlərə
fərqli tərəfdən baxırmış: "Yeni, cavan
kadr idim. Bəzən təcrübəli biri gəlib deyirdi ki,
mənə belə bir yazı tapşırıblar, yaz bilmirəm,
kim yaza bilər? Sonra deyirdi
ki, Əhməd, bəlkə sən edəsən? Tənbəllikdən məni yükləyirdi, onun
qonorarı da mənim deyildi. Bəzən
deyirdi ki, bu mövzunu ancaq sən işləyə bilərsən.
Mənə belə xoş söz deyib
yazdırmaq istəyirdi. Məndən
istifadə etdiklərini bilsəm də, böyük ləzzətlə
yazırdım. Yazı üçün
veriləcək 20 manat qonorarı mən almasam da, o
yazıları işləyərkən qazandıqlarım
çox olurdu. Təcrübə əldə
edirdim, özümü motivasiya edirdim ki, sən bunu da elə
görək nə olur? Yorulmurdum, işləyirdim.
İşləməkdən heç vaxt
yorulmamışam. Mən çox işləyəndən
sonra evə gəlib "öldüm” deməmişəm.
İşləmək lazımdır”.
Çox əziyyət
çəksə də, bu gün əldə etdikləri ilə
müqayisə edəndə heç nədən narazı
olmadığını deyir: "Həyatımda hər
şey yaxşıdır. Çəkdiyim əziyyətləri
hesablayanda, verdiklərini də müqayisə edəndə
Allahdam razıyam. Çox əziyyətlər
çəkmişəm. İki
övladım var, Bakının kirayə
yaşamadığım küçəsi qalmayıb. İndi şükür, hər şey
yaxşıdır. Vaxt olub ki, mən də
Bakıya yuxarıda parkdan baxanda demişəm ki, şəhərdə
minlərlə evdə işıq yanır, niyə bu yanan
işıqlı evlərdən biri də mənim deyil? Buna mənim haqqım yoxdur? Allah
zaman-zaman hamısını yetirdi”.
"Biz
övladların tərbiyəsində bir çox şeylərə
diqqət etmişik”
Uzun illərdir
həm də şeir yazır, amma hələ indiyə qədər
heç birini çap etdirməyib: "Tələbə
vaxtı şeir yazırdım, tələbə
yoldaşlarım Əliheydərlə Nadir oxuyub deyirdilər
ki, bunu Nobel mükafatına verək. Deyirdilər ki, Nobel
mükafatı komissiyasına yazaq ki, Əhmədin evi zadı
da yoxdur, indidən ev versinlər, o yüz
faiz o mükafatı gələcəkdə qazanacaq, evi indidən
verin. İndi də yazıram, amma çapa vermək
haqqında heç düşünməmişəm. Rəssam fırçası ilə ürəyindəkiləri
kağıza tökür, mən də sözlərlə”.
Müsahibimiz
bir fərdin formalaşmasında ailə mühitinin rolunun
böyük olduğunu deyir: "Bu cəhətdən biz
övladların tərbiyəsində bir çox şeylərə
diqqət etmişik. Uşaqlar 5-7
yaşlarında olanda bizim evdə plastinkalara qulaq
asırdıq. Hər gün bir saat klassik
musiqi dinlətdirirdik. Oğlum bəstəkarlığı
bitirdi, yaxşı uğurları var. Mahnı bəstələmir,
klassika üzrə işləyir. Bu
yaxınlarda İngiltərə Mədəniyyət Departamenti
bir beynəlxalq müsabiqə keçirmişdi, gənc kino bəstəkarlarının
müsabiqəsi idi. Oğlum orda birinci yer
tutdu. Qızım da al təhsil aldı,
amma hələ ki işləmir”.
"Yaxşılıq
etdiyiniz adamdan cavabını gözləməyin”
10 ildir ki, Bakı Slavyan Universitetinin jurnalistika fakültəsində
müəllim kimi də fəaliyyət göstərir. Həm
radio-televiziyadan, həm də reklamdan dərs keçir.
Onu təəssüfləndirən məqamın isə gənclərin
internetə çox vaxt sərf etməsidir: "İnternet
resursları, sosial şəbəkələr gəncləri məhv
edir. İnternet pis şey deyil, nə isə
lazım olanda çox operativ yardımçı olur. Amma bunun yaxşı tərəflərindən
istifadə etmək lazımdır. Günün 6-7
saatını sosial şəbəkədə boşuna oturan,
boş-boş yazışmağa vaxt sərf edənlər az deyil. İnternet kitab oxumaq ləzzətini
uşaqların əlindən alıb”.
Müsahibimizin
gənclərə məsləhəti edilən
yaxşılıqların qarşılığının
gözlənilməsi ilə bağlı oldu:
"Yaxşılıq etdiyiniz adamdan cavabını gözləməyin.
Çünki cavabı verən o olmur.
Söz var: "Balığı at dəryaya, balıq bilməsə
də, xaliq bilər”. Balıq heç nə edən
deyil. İnsanların yaxşısı,
pisi olmur, insanın özünün yaxşısı, pisi
olur. Bir yaxşılıq edirsən və
qarşındakından da qarşılığını
gözləyirsənsə və o da bu etmirsə,
qarşındakı pis deyil, sən düzgün fikirləşmirsən”.
Aygün
Asimqızı
Kaspi 2018.- 11 may.- S.12.