Şeir bütün mədəniyyətlərin dinidir

 

Türkiyəli şair Adnan Özer: “İndiyə qədər intihar etməmişəmsə, bu, möcüzədir”

 

Adnan Özer 1957-ci ildə Türkiyənin Təkirdağ bölgəsində anadan olub. İstanbul Universitetinin İlətişim fakültəsinin məzunudur. İlk şeiri 1977-ci ildə "İrəliçi Yurdsever Gənclik” adlı jurnalda yayımlanıb. 1980-ci ildə İstanbul Gözəl Sənətlər Akademiyasının təşkil etdiyi şeir yarışmasında qalib gəlib. İlk şeir kitabı "Odlu qaval” 1981-ci ildə işıq üzü görüb. "Yağışı susduran təqvim”, "Zamanın xəritəsi”, "Vida şeirləri” və s. kitabların müəllifidir. "Zamanın xəritəsi” – 1991-ci ildə "Camal Süreya Şeir Mükafatı”na layiq görülüb. Pablo Neruda, Oktavio Paz, Federiko Qarsia Lorka, Ruben Dario və s. şairlərin şeirlərini Türkiyə türkcəsinə çevirib. Şeirləri makedon, rumın, portuqal, alman, italyan və ispan dillərinə tərcümə edilib. 2015-ci ildə Makedoniya Kitab Fuarında "Qızıl Üzük Şeir Mükafatı”nın qalibi olub. Ötən il X İstanbul Şeir Festivalında iştirak edərkən Adnan bəylə də görüşmüşdüm, ədəbiyyatla bağlı həmin söhbəti sizə təqdim edirik.

 

– Müsahibəmizə sizə doğma olan ədəbi nəsillə – 80-ci illər şeiri ilə bağlı sualla başlamaq istəyirəm: Nəsildaşlarınızdan Tuğrul Tanyol novatorluğa meyl etdi, Haydar Ergülen klassik şeirlə yeni üslubu birləşdirdi. Sizin poeziyada isə daha çox xalq ədəbiyyatı, folklor gözə çarpır. Bu yola necə çıxdığınız? Həmin dövrün ədəbi mühiti üçün belə poeziya nə dərəcədə qəbuledilən idi?

– Bizim nəslin ilki rəhmətlik Ahmet Erhandır. A.Erhan 1975-ci ildə "Militan” jurnalındakı şeirləri ilə 80-cilər arasında yazıları ilk yayımlanan şair olmuşdu. 70-ci illər poeziyasında ideoloji istiqamət daha çox gözə çarpırdı və şeirdə romantik ünsürlərə yer yox idi. Belə bir dövrdə A.Erhan romantik istiqamətin öncülü kimi çıxış etdi. 80-ci illər hadisələrindən sonra bir-birini tanımayan ədəbiyyatçıları vahid düşüncə ətrafında topladım. Hətta islami sağ kəsimlə inqilabi sol kəsimi kompromisə gətirdim. Əlbəttə, tək deyildim. Jurnalın və nəşriyyatın köməyi ilə bunu bacara bildim.

1951-ci ildə Bolqarıstandan köç etmiş ailənin Türkiyədə doğulmuş övladıyam. Əvvəl İstanbulda, daha sonra Batmanda yaşamışam. Ona görə də dilimin coğrafiyası çox geniş arealı əhatə eləyir. Mən Nizami, Əbü-l-Əla əl-Məərinin adlarını Batmanda eşitdim, təsəvvüf ədəbiyyatı ilə maraqlandım, həmçinin kürd şeirini az-maz öyrəndim. Bütün bunlar şeir yaradıcılığıma öz təsirini göstərməyə bilməzdi.

 

– İki fərqli fikirli qrupu birləşdirməyinizdən söz açdınız. Bu işdə hansı təzyiqlərə məruz qaldınız və sizdən sonra ənənə davam etdimi?

– Qismən davam etdi. Bu gün belə, onlardan çox yaxşı dost olanlar, eyni jurnala yazanlar var. Təzyiq isə əlbəttə, daha çox mənə yönəldi. Düzü, bu mövzuda danışmaq istəmirəm. Ağırdır...

 

– Şeirdə sosial yükün olmasına önəm verirsiniz. Hətta söhbətlərinizdən birində "qadına nə qədər şeir yazılar?” dediniz.  Belə düşünməyinizin səbəbi nədir?

– Bunu "İkinci Yeni” haqqında danışarkən qeyd etmişdim. Bilirsiniz, ikinci yenilər öz dövründə bu qədər məşhur deyildi. İndi mən onları "nostalji dalğası” adlandırıram. Halbuki öz dövründə Cemal Süreya anlaşılmamaqdan şikayətlənirdi. İndi şeir sanki o çərçivələrdən kənara çıxa, eşqdən başqa mövzunu əhatə edə bilməz deyə düşünülür. Fəqət, eşq modern şeirin sadəcə bir qoludur, başqa mövzular da var. Mənim demək istədiyim bu idi.

 

– Təxminən 16 il şeir kitabınız çap olunmayıb. Bu durğunluq dövrü sizin üçün necə keçdi, ədəbi mühitdən geri qalma, əlinizin şeirdən soyuması kimi hallar baş verdimi?

– Bu dediklərinin hamısını yaşadım. Mən bir çox dostum kimi ədəbiyyata "kənardan gəlmə” idim. Ədəbiyyatda, ümumən mədəniyyət və incəsənətdə isə zənginlərin, elitarların qapalı bir "çevrəsi” var idi. Boğaziçi, Qalatasaray, Orta Doğu Texniki Universiteti kimi bəzi tədris müəssisələrində təhsil alanlar, onların ailələri daxil olan bu çevrəyə nadir hallarda "kənardan” istedadlı biri gələ bilərdi. 16 il çap olunmamağımın səbəbi isə... Nəşriyyat işi ilə maraqlanmağımın, Türkiyənin ən önəmli jurnalını çap etdirməyimin cəzası olmalı idi, ya yox?

 

– Bəs şeirə dönüşünüz necə qarşılandı?

– O qədər də yaxşı olmadı. Başlarından etmək üçün mükafat-filan verdilər, amma bilmirlər ki, mən hələ böyük mənada  qayıtmamışam. Gözləsinlər, gələcəyəm.

 

– Müsahibələrinizdən birində "Türkiyə məndən çox şey aldı, amma heç nə vermədi” söyləyibsiniz...

– Bəli. Qanımın son damlasına qədər vətənimə fədadır, amma aldıqlarının qarşılığında  yaşamaq üçün şərait yaratsın mənə. Başqa bir şey istəmirəm. Bəlkə də, çox inadkaram, fəqət, indiyə qədər intihar etməmişəmsə, bu, möcüzədir. İndi adımdan başqa heç nəyim, heç nəyim yoxdur. Heç vaxt əməyimə yaraşacaq hörməti görmədim. 10 ildir bu festivalı keçirirəm, 1000-dən çox kitab, 12 dərgi çap etmişəm, ən yoxsul, dünyaya çıxmaq imkanı məhdud ölkələrin belə ədəbiyyatlarını Türkiyədə tanıtmışam. Amma qarşılığı sıfırdır. Argentinada, İspaniyada gördüyüm hörməti burada görmürəm. Buna necə dözmək olar ki?

 

– İstəyirəm, bir az da gənclik coşqusu, həbsxana illəriniz və bunların şeirinizə təsirindən danışasınız.

– Həmin hadisələr şeirlərimə o qədər də hopmayıb. Məndən gözlənilən sosialist təbliğatı olan şeirlər idi, mən isə mifologiya, folklor, etnoqrafiyaya meyl edirdim. Çox çalışdım ki, istəniləni yazım, amma alınmadı. Bacarmadım. Məsələn, Nazim Hikmət şeirinə sayğım olsa da, onun poeziyası ilə yaxından-uzaqdan əlaqəm yoxdur. Mən öz cığırımla gedib  milli xarakterli şeirlər yazdım.

 

– Həyatda şənsiniz, ancaq əksər şeirlərinizdə bezginlik, ruh düşkünlüyü hiss olunur...

– Bizim Trakya mədəniyyəti şəndir, rəngarəngdir. Həmçinin İstanbulun gecəqondu məhəllələrində böyüməyimin də buna təsiri var. Kasıblar, minimal həyat yaşayanlar heç də bədbəxt, dünyası boz, sərhədli, qəlibli deyil. Mən göydələn həyatının, şəhərləşmə meyllərinin, maksimalizmin qəti əleyhinəyəm. Məhəllələr, məhəlli mədəniyyətlər qorunmalı, minimal yaşam təbliğ olunmalıdır. Əsl həyat balaca şəhərlərdədir. Yaxta ilə, göydələnlə xoşbəxtlik olmaz. Olmur da. Ona görə də tez-tez terapiyalara gedirlər. Kasıbın psixoloqu elə özüdür. Bu tarazlıq pozuldusa, cəmiyyət arasında ziddiyyət yaranır. O, zəngin müsəlman, bu, sosialistdir – bölgülərini qəbul etmirəm. Düzdür, mən utopiyadan danışıram, amma axı bu utopiyanı kənddə, İstanbul məhəllələrində yaşamışam. Ədəbiyyat da bu xoşbəxtliyi yaratmalı, əks etdirməlidir. Buna görə də nikbinliyimi qorumağa çalışıram. Amma mən də insanam, bəzən ruh düşkünlüyü yaşayıb, yazıram. Bu inancıma görə solçular mənə əsəbiləşir, sağçılar isə anlamır. Şeir bir az qövm hadisəsidir. Bir misra yazanda yaradılışımızın əvvəlinə qədər gedə, işıq sürəti ilə səyahət edə bilərik. Digər janrlar bu "səyahət” üçün əlverişli deyil.

 

– Tuğrul Tanyol universitetdə müəllim kimi fəaliyyət göstərir, Haydar Ergülen jurnallar üçün yazır, siz isə ədəbi festivallar təşkil edirsiniz. Bütün bunlar az və ya çox dərəcədə yazmağa, ədəbiyyatla məşğul olmağa maneə yaradan faktlardır. Necə düşünürsünüz,  hansı işlə məşğul olsaydınız indikindən daha fərqli Adnan Özer olardınız?

– Bu gözəl sual bütün həyatımın paradoksuna çevrilib. Bilirsiniz, yaxşı ədəbiyyatçıya çevrilmək üçün aktiv olmamaq lazımdır. Çünki ədəbiyyat zaman istəyir. Mənimsə belə imkanım, komfortum yoxdur. 40 yaşımdan sonra yazı otağım oldu, masanı isə təzəlikcə almışam. Yəni həmişə ağır şərtlər altında işləməyə məcbur olmuşam. Mən özümə söz vermişdim ki, ədəbiyyatdan başqa heç nə ilə məşğul olmayacağam. Olmadım da. Ədəbiyyatla xaricindəki məşğuliyyətlərim də ancaq belə təşkilati işlər idi, amma bunlardan da qazana bilmədim. Sadəcə 10 il redaktor kimi çalışdığım müddətdə sistemli olaraq maaş almışam. Məsələn, bir neçə kitabım da nəşr oluna bilərdi (hətta adları belə bəllidir), bəlkə daha yaxşı şeirlər yazardım, amma bu işlər hər şeyimi aldı məndən. Gecələr çox əsəbiləşirəm özümə ki, niyə belə elədim? Niyə yazmadım? Məsələn, Kubaya səfərim o dövr üçün böyük hadisə idi, amma təəssüratlarımı indi-indi yazıram. Və ya gecəqondu məhəllələri ilə bağlı məktəb vaxtımdan yazmaq istəyirdim, hələ də qismət olmayıb. Yarımçıq bir romanım da var. Amma mən hər yazdığımı kitab halına salan məşhur yazarlardan deyiləm. Bu gerçəkdir ki, Türkiyədə məşhur oldunsa, hər yazın tirajlanır. Gözləyirəm ki, yenidən məşhur olanda bütün bunları çap etdirim (gülür).

 

– Poeziyanın istiqamətini, gələcəyini necə dəyərləndirirsiniz?

– Redaktor olduğum zamanlarda uğuruma həm də ölkə xaricində yaşayan dostlarımla nə oxunur, Nobeli kim alacaq və s. kimi ədəbi söhbətlərimiz səbəb oldu. Belə mükalimələr indi də davam edir. Məsələn, Meksika, Argentina və s. kimi 5-6 ölkədə baş verən ədəbi hadisələri izləyirəm. Evdə qalaq-qalaq jurnallarım var. 90-cı illərdən sonra Avropanın təsiri ilə klassik şeirin yerinə şəhərli şeiri gəldi. Şəhərdəki şeirdə bir anlıq hadisələr, təəssüratlar qələmə alınır. Müasir dövrdə isə psixoloji şeirə axın var, adi və ani hisslərdən doğulur misralar. Poeziya həm də digər sənət növləri ilə vəhdətdə yaranır. Antik dövrdə şeir fəlsəfənin dili idi. Sonralar təmsil dili ədəbiyyatda böyük əhəmiyyət daşıdı. Şeir indi küçəyə atılıb, ədəbiyyatdan ayrılıb. Əsasən də, Avropada bilmədiyimiz tərzlərdə şeir yaranır. Poeziya öz bədəninə hücum etməyə başlayıb. Orxan Vəli şeirin bu cəhətini çox tez dərk etdi. İndi yazsaydı, daha çox qəbul olunar, rəğbət görərdi. Şeir bir neçə sənət növünün kompleksdir: içində musiqi, rəsm, ağrı, hiss, düşüncə var... Sanki misralar təbiəti yenidən yaradır. Bir ağrı hiss etsən, onu nəsrlə sadəcə ifadə etməyə çalışarsan, şeirlə isə o ağrını həmin nahiyədə hiss etdirərsən. Şeir bütün mədəniyyətlərin dinidir. Şeir indi dinə və dinsizliyə qarşı mübarizə yaratmağa çalışacaq. Çünki mənəvi dünya olmadan yaşaya bilmərik.

 

– Sizcə, 80-ci illər şeirində nələr anlaşılmaz olaraq qaldı? Nələr öz qiymətini ala bilmədi?

– Birincisi, estetiklik. İkincisi, sağ-sol ziddiyyətləri ədəbiyyata çox ziyan verdi. Hər insanın mənəvi səması var. Əgər o, bunu duymasa, insanlıqdan çıxıb hər tərəfə hücum etməyə başlayar. Biz fəlsəfəyə, humanizmə sarı çevrildik, amma səhv qiymətləndirib adını "siyasi ədəbiyyat” qoydular. "Utanmaq, bir az insan olmaqdır” yazan Osman Konuku, Ahmet Erhanı, Adnan Azarı, türk mifologiyası, şamanizm motivləri əsasında şeir yazan Hüseyn Fərhadı anlamadılar, başa düşmək istəmədilər...

 

  Şeirləriniz sanki başqalarına üz tutulub yazılan məktublar kimidir.

  Yaxşı bənzətmədir. Alman filosoflarından biri "kitablar uzaqdakı naməlum dostlara yazılan qalın məktublardır” söyləyir. Ədəbiyyat yaxın, əlçatan sevgidən yaranırsa, bu populizm meylindən başqa bir şey ifadə etmir.

 

– Şeirlərinizdə məsumluq duyğusu hiss olunur. Məsələn, "Can sıxıntısı” şeirində  insanları və ya hadisələri günahlandırmaqdan ziyadə dövranı, zamanı təqsirkar hesab edirsiniz.

– Şeirin dünyəvidən ziyadə, bilmədiyimiz ilahi qaynağı da var. Şeir, eşq və din eyni mənbədən qidalanır. Yalnız müqəddəsliyə yönəldikdə, katarsis zamanı bu üçünü anlamaq olur.

 

– Şeirlərinizdə müəyyən səslərin gəzişməsinə rast gəldim. Məsələn, "Yol şarkıları”nın üçüncü hissəsində "g” hərfinin təkrarları var. Deyəsən, səs təkrarları sizin üçün önəmlidir.

– Bizim nəsil içərisində ən klassik, ən türk olan mənəm. Aşıq şeirlərini dinləyərək böyüdüyüm üçün bu səs təkrarlarına vaqifəm. Bacardığım qədər poeziyada belə səs oyunları etməyə çalışıram.

 

– "İkinci Yeni” şairləri ilə yaxın münasibətləriniz olub. Müsahibəmizi bu dövrlə bağlı bir xatirə ilə bitirmək istəyərəm.

– Məsələn, Cemal Süreyanın siqaret çəkməyində belə bir anlam axtarırdıq. İlk qarşılaşmamızda məni süzüb "Deməli, Adnan Özer belə bir adammış” demişdi. Ece Ayhan şeir kitabımı yayımlamaq üçün inəyimi satmağım haqqında yazmışdı.

 

Söhbətləşdi: Fərid Hüseyn

 

Kaspi.-2018.-12-14 may.-S.13.