ULU ÖNDƏR HEYDƏR ƏLİYEV
İRSİ ƏDƏBİYYATŞÜNASLIQ ELMİNİN
İDEOLOJİ MƏNBƏYİ KİMİ
Azərbaycan ədəbiyyatı və ümumən, ictimai-elmi fikrinin inkişafında Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev mühüm rol oynamışdır. Bu uzaqgörən liderin müdrik fikirləri ədəbiyyatımızın, eyni zamanda ədəbiyyatşünaslığımızın milli ideyalar istiqamətində inkişafında əvəzsiz mənbə olmuşdur. Hələ konkret elmi yanaşma meyarlarının olmadığı, yanlış fikirlərin, təhlükəli stereotiplərin hakim olduğu bir dönəmdə məhz müdrik liderin fikirləri yeni elmi-tənqidi meyarlar müəyyənləşdirməsinə güclü təkan vermişdir.
Hələ ulu öndər Heydər Əliyevin Azərbaycanda Mərkəzi Komitəyə rəhbərlik etdiyi vaxt klassik Azərbaycan ədəbiyyatı və onun görkəmli nümayəndələrinin öyrənilməsi haqqında verdiyi tarixi əhəmiyyətli qərarlar ədəbiyyatşünaslıq elminin milli ideyalar istiqamətində inkişafına böyük təkan vermişdir. Halbuki artıq əsrin 20-30-cu illərindən başlayaraq xalqın milli dəyərləri, tarixi, ədəbiyyatı, mədəniyyəti və görkəmli şəxsiyyətləri unudulma siyasətinə məruz qalmış, xalqın mülkiyyətindən qoparılma cəhdinə düçar olmuşdu. Hətta elə bir dövr gəlmişdi ki, xalqın milli düşüncəsini yaşadan istedadlı ziyalı və ədiblər repressiyaya uğradılır, söz xəzinəsi və mədəniyyət nümunələri isə zərərli abidələr adı altında sıradan çıxarılırdı. Xalqın milli soykökü və qədim, zəngin tarixi düşüncəsini əks etdirən ədəbiyyat nümunələri və görkəmli şəxsiyyətlər məqsədyönlü olaraq tarix səhnəsindən silinirdi. XX əsrin 70-ci illərindən isə artıq Azərbaycanın tarixi taleyində bir Günəş kimi doğan Heydər Əliyev böyük müdriklik və vətəndaşlıq qayğısı göstərərək xalqın milli sərvətini özünə qaytarmıq vəzifələrinin icrasına start verdi. Beləliklə, böyük istedadla yaradılmış və xalqın milli keçmişini, mənəviyyatını əks etdirən ədəbiyyat nümunələri xalqın milli sərvəti olaraq qorunmağa və böyük qayğı ilə əhatə olunmağa başladı. Vaxtında verilən müdrik qərarlar Nizami Gəncəvi, Xaqani Şirvani, Məhsəti Gəncəvi, İmadəddin Nəsimi, Şah İsmayıl Xətayi, Məhəmməd Füzuli və çoxsaylı görkəmli klassik ədəbi şəxsiyyətlərin öyrənilməsi və əsərlərinin nəşrinə böyük imkanlar açdı, ədəbiyyatşünaslığın milli istiqamət almasına ciddi təsir göstərdi. Məhz bu sayədə Azərbaycan ədəbiyyatı milli sərvətimiz olaraq qorundu, ədəbiyyatşünaslıq milli ideyalılıq və elmi prinsiplər üzrə yeni inkişaf yoluna qədəm qoydu.
Azərbaycan xalqı üçün sınaq əsri olan XX əsrin qarışıq və mürəkkəb 90-cı illərində də xalqın tələbi ilə yenidən hakimiyyətə gələn Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev davamlı müdrik siyasət sayəsində xalqın mənəvi sərvətinin qorunması və inkişafına mühüm stimul verdi. Ulu öndər həm də 90-cı illərdə yeni ictimai-iqtisadi sistemə keçid dövründə təkcə ictimai-siyasi, iqtisadi sahələrdə deyil, ən əsası milli ictimai düşüncədə dərin ideoloji böhran yaşandığı, meyarların itdiyi bir vaxtda özünün müdrik qərar və fikirləri ilə bu böhranı ortadan qaldırmağa, ideoloji meyarları təsbit və müəyyən etməyə şərait yaratdı. Yeni düşüncə ortaya çıxan bir zamanda məhz dahi, uzaqgörən liderin müdrik düşüncə və qararları sayəsində milli baxış və təhlil meyarları meydana gəldi. Bu dövrdə də milli-mənəvi dəyərlərə qayğı başlıca yerdə dayandı. Çünki ulu öndərin fikrincə: "...insanlara şeir qədər, ədəbiyyat qədər, mədəniyyət nümunələri qədər güclü təsir edən, yəni insanlığın mənəviyyatına, əxlaqına, tərbiyəsinə, fikirlərin formalaşmasına bu qədər güclü təsir edən güclü vasitə yoxdur”. Bu baxımdan müdrik liderin vaxtilə ideoloji cəhətdən zərərli abidə kimi xalqın milli sərvəti olmaqdan kənar edilmiş "Kitabi-Dədə Qoprqud” dastanının 1300 illik yubileyinin keçirilməsi haqqındakı sərəncamı, yubiley mərasimindəki çıxışı da bütövlükdə xalqımızın milli-mənəvi sərvətlərinə, onun tarixi, mədəniyyəti və ədəbiyyatına konkret münasibət tərzinin müəyyən edilməsinə istiqamət verdi. Dahi liderin: "Bizim zəngin tariximiz, qədim mədəniyyətimiz və milli-mənəvi dəyərlərimiz "Kitabi-Dədə Qorqud” eposunda öz əksini tapmışdır. ...Bu, bizim ana kitabımızdır... ...Eposun əsas ideyasını qəhrəmanlıq ideologiyası təşkil edir. ..."Kitabi-Dədə Qorqud” həm də bizim etika kitabımız, əxlaq kodeksimizdir”, – deyə ifadə etdiyi fikirlər həm qorqudşünaslıq kimi yeni bir sahənin elmi əsasını müəyyənləşdirir, həm də bütövlükdə Azərbaycan şifahi xalq ədəbiyyatına, bütövlükdə xalqın mənəvi sərvətlərinə yeni baxış tərzini müəyyən edirdi. Təsadüfi deyilməyib ki, ulu öndər Heydər Əliyev "Mustafa bəy Topçubaşovdan danışanda mütəxəssis həkimdən, Yusif Məmmədəliyevdən danışanda peşəkar kimyaçıdan, Hüseyn Caviddən danışanda filoloqdan və sənətşünasdan daha miqyaslı və ixtisaslı qiymətlər verir”di. Bu mənada ulu öndər Heydər Əliyevin hər bir sahə ilə bağlı söylədiyi fikirlər o elmin, sahənin tədqiqatına yeni istiqamət, meyar vermiş olurdu. Vaxtilə görkəmli ictimai xadim, ədib Nəriman Nərimanov haqqında ulu öndərin dediyi fikirlər də təkcə Nərimanov əleyhinə aparılan elmi-ictimai kampaniyalara qarşı deyil, ümumən Sovet dövrü tarixinə, sovetizm qalıqlarına qarışaraq ictimai qınaq hədəfinə çevrilmiş bütün görkəmli şəxsiyyətlər əleyhinə yönəldilmiş fikir və stereotiplərə qarşı tutarlı cavab olmaqla bərabər ümumən Azərbaycan tarixinin Sovet dövrünə düzgün, obyektiv yanaşma tərzinin formalaşmasına stimul verdi.
Dahi lider ayrı-ayrı görkəmli söz ustadları, böyük klassiklər – Nizami Gəncəvi, Məhəmməd Füzuli, Nəsimi, Xətayi, Vaqif, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid və başqaları barəsində danışarkən onları təkcə ədib, şair, yazıçı kimi deyil, həm də bir mütəfəkkir, filosof olaraq da təqdim edir, tədqiqatların istiqamətini məhz bu məcrada aparılması konsepsiyasını göstərirdi. Ulu öndər: "XX əsrin əvvəlində fəaliyyətə başlayan Cəlil Məmmədquluzadə bu gün ...bizim üçün mənəviyyat mənbəyidir, mənəvi dayaqdır”, – deyə böyük klassiklərin yaradıcılığını, ümumən milli ədəbi düşüncə və sərvəti milli ideologiyamızın mənbəyi kimi təqdim edir, xalqın milli sərvətinə həm də milli məfkurə yönündən araşdırma zərurətini ifadə etmiş olurdu. Həmçinin müdrik liderin böyük şair Hüseyn Cavidlə bağlı dediyi fikirləri də ədəbiyyatşünaslıq elmimiz üçün milli konseptual istiqamət, yanaşma tərzi müəyyənləşdirmiş oldu. Sovet dövründən ziddiyyətli fikirlər qarşısında qalan Hüseyn Cavid irsi və şəxsiyyəti haqqında obyektiv milli yanaşma meyarını məhz dahi liderin müdrik fikirləri müəyyənləşdirdi. Ulu öndərin vətəndaşlıq cəsarəti nəinki Cavidin nəşini öz doğma torpağına gətirməyə müvəffəq oldu, həm də bu əbədiyaşar sənətkarın ölməz irsinə həm də əsl bəraət və ikinci həyat bəxş etmiş oldu. Ulu öndərin: "Hüseyn Cavidi Şərqin Şekspiri adlandırırlar. Ancaq onu, bəlkə də, Höte ilə müqayisə etmək düzgün olardı. Əsərlərindəki fəlsəfi fikirlərinə görə, ola bilsin, Cavidin "İblis” əsəri heç də Hötenin "Faust”undan geri qalmır” kimi fikirləri görkəmli filosof, şair Hüseyn Cavid yaradıcılığına ədəbi-estetik təhlil, yanaşma metodunu təsbit etməklə bərabər onun Azərbaycan və dünya ədəbiyyatındakı yerini, mövqeyini müəyyənləşdirir, həm də bütövlükdə Azərbaycan romantizminə yanaşma metodu və tərzini də ədəbi cəhətdən müəyyən etmiş olurdu.
Ümumiyyətlə, qeyd edilməlidir ki, ayrı-ayrı görkəmli adamlarımızın Azərbaycan xalqının mənəvi sərvətləri içərisində yerini və mövqeyini müəyyənləşdirmək baxımından dahi şəxsiyyət Heydər Əliyevin fikirləri müstəsna əhəmiyyətə malik olmuşdur. Ulu öndərin Nizami, Nəsimi, Füzuli, Xətayi, Vaqif, Mirzə Cəlil, Cavid və başqaları haqqındakı fikirlərində şəxsiyyətlərə həm filosof kimi yanaşma meyli özünü aydın ifadə edir, həm də dünyaca şöhrətləri və ədəbi mövqelərinə də diqqət çəkmiş olurdu. Ulu öndər milli ədəbiyyatımızı həm də ümumtürk kontekstində öyrənməyin zəruriliyini də ifadə edir, ədəbiyyatşünaslıq elmi üçün ədəbi sərvətlərə yanaşma tərzinin bu metodunu da təqdim edirdi. Yaşadığımız dövr üçün son dərəcə zəruri olan bu yanaşma üsulu ədəbiyyatımıza vahid, məqsədli, milli ideologiyalı, ümumtürk və ümumdünya düşüncəli ədəbi konsepsiya müəyyənləşdirmiş oldu.
Beləliklə, ulu öndər Heydər Əliyev Azərbaycan elmi-ictimai fikrinin inkişafına özünün müdrik fikirləri ilə yeni güc qatmış, onun ideya-estetik, elmi meyarlarının müəyyənləşməsində mühüm rol oynamışdır. Azərbaycan xalqının hərtərəfli həyatında məhz bu cür müdrik davranış və xilaskarlıq missiyası həyata keçirmənin nəticəsi idi ki, dahi lider Heydər Əliyev liderlikdən ümummilli liderliyə ucalaraq əbədiyaşarlıq qazanmışdır.
Ramiz QASIMOV
AMEA
Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru,
Kaspi.-2018.-12-14 may.-S.11.