Tarix onu bilməyənləri cəzalandırır...

 

 Cümhuriyyət – 100

 

Bizləri  28 May  bayramından   sayılı  günlər ayırır. Azərbaycan Xalq Cümhuriyyətinin  100 yaşını elliklə  qeyd  edəcəyik. Xoş ovqat  soydaşlarımızın məskunlaşdığı, səpələndikləri ölkələri, yerləşdikləri qitələrdən asılı olmayaraq ağuşuna alacaq. Bəs bu məhəbbət, rəğbət, doğmalıq hardandır?! Tariximizi bilmədən , qaynaqlara bağlı olmadan bu sualın məntiqi cavabını tapmaq müşkül məsələdir. Tarix isə öz xalqının həyatında silinməz izlər buraxan hadisələrə ötəri bələd olanları, ən azı bilgisizliyinə görə cəzalandırır.

 

Bir əsr əvvəl mayın 28 də nə baş vermişdi ki, bu olayın dəyər və əhəmiyyətini, Sovet rejiminin totalitar qaydaları, senzura məngənələri də hafizələrdən silə bilmədi? Bir kərə yüksələn bayraq yenidən başımızın üzərindən dalğalandı. Ata-babalarımız, ziyalılarımız  xəlvəti toplantılarda pıçıltılı məclislərdə "Bir Xalq Cümhuriyyətimiz  var idi, bütün Şərqdə istiqlal rəmzi sayılırdı” deyirdilər. Azlıqda görünən bu şəxslər  heç özləri  hiss etmirdilər ki, əslində çoxluğun təmsilçiləridirlər.   Sadəcə, qarşı tərəf zoru, topu-tüfəngi  ilə  güclüdür, amma ideya təməlləri çoxdan laxlayıb. İnsanlar  70  ildən sonra paytaxtın və bölgələrin meydanlarına axışmaqla bu gücün mövcudluğunu ortaya qoydular. Azərbaycan müstəqil oldu. Bu haqqı ona göydən düşən üç  alma kimi vermədilər.  "Müstəqillik bizə nə verdi” sualına    28 Maya doğru gedən yoldan bu günədək qət etdiyimiz məsafəyə birgə nəzər salaq.

 

Hər bir Azərbaycan türkü, azərbaycanlı müsəlman Şərqində ilk demokratik respublikanın məhz Azərbaycanda yaranması ilə fəxr edə bilər. Müsəlman Şərqində ilk parlament respublikası  Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, müasir dövrə xas dövlət təsisatlarının yaradılmasına nail olmuşdu.

 

1920-ci ilin əvvəllərindən başlayaraq Bakıda dəhşətli hadisələr baş verir. Dəhşətli hadisələr bolşeviklər və Qırmızı Ordunun zabit  və əsgərləri tərəfindən törədilir. Xalq bolşevik istilasına qarşı ayağa qalxır. Gəncə, Ağdam, Şuşa, Şəki, Lənkəran, Qubab. qəzalarda üsyanlar baş verir. Şəki üsyanı amansızlıqla yatırılır. Qırmızı Ordu Gəncə və başqa qəzalarda böyük itkilər verirdi. Ermənilər Azərbaycan və Türkiyə torpaqlarında dövlət yaratdıqdan sonra daha da fəallaşmışdılar. Ermənistan bolşevik hökuməti təsis edilər-edilməz, Azərbaycana qarşı  torpaq iddiasında bulundu.  Cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyəti tarixinin hər bir səhifəsi bütün azərbaycanlılar üçün olduqca əzizdir. Bununla belə, bu tarixdə ürəyimizi qürur hissi ilə dolduran hadisələrlə yanaşı, ümummilli faciələrə yol açan səhifələr də vardır.

 

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması mürəkkəb siyasi dövrdə cərəyan edən hadisələrin və Azərbaycan xalqının milli oyanışının məntiqi yekunu idi. Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə və digər görkəmli şəxsiyyətlər tərəfindən təməli qoyulmuş proseslər Azərbaycanda yeni tipli teatrın, məktəbin və mətbuatın yaranması ilə nəticələnmiş, milli özünüdərkin gerçəkləşməsinə böyük təsir göstərmişdir. Bakının neft paytaxtına çevrilməsi milli sahibkarlar təbəqəsinin   formalaşması ilə yanaşı, dünyanın aparıcı universitetlərində təhsil almış ziyalılar nəslinin yetişməsinə şərait yaratmışdır. Əlimərdanbəy Topçubaşovbaşqa ziyalıların siyasi proseslərə qatılması, Dumaya seçilməsiRusiya müsəlmanlarının təşkilatlanmasında oynadıqları rol tariximizin unudulmaz səhifələrindəndir. Birinci Dünya müharibəsinin fəsadları və bir sıra digər amillər Qafqazı ayrı-ayrı siyasi qüvvələrin qarşıdurma meydanına çevirmişdi. Dünyanın aparıcı dövlətlərinin Bakı neftinə göstərdiyi maraq vəziyyəti daha da gərginləşdirirdi.

 

Parlament daxilində hökm sürən hərc-mərclik, Qarabağda və Zəngəzurdakı erməni silahlı dəstələri ilə qarşıdurmalar gündən-günə dərinləşirdi. Əhalinin əsas hissəsinin ağır durumu isə bolşevik təbliğatı üçün münbit zəmin yaradırdı. İrəvanın ermənilərə paytaxt kimi verilməsindən sonra İrəvan mahalından qaçqın düşmüş 150 mindən artıq soydaşımızın vəziyyəti olduqca gərgin idi. Belə bir vəziyyətdə parlamentin son 8 iclasında bolşevik ultimatumunun qəbul edilməsi aprel işğalı ilə nəticələndi. Aprel işğalı Azərbaycan Xalq Cümhuriyyətinin liderlərinin bir qismini Məhəmməd Əmin Rəsulzadə kimi mühacir həyatı yaşamağa məhkum etdi, digər qismini Fətəli Xan Xoyski və Həsən bəy Ağayev kimi erməni terrorunun qurbanına çevirdi, qalanlarını da bolşevizmin amansız repressiyalarına məruz qoydu.

 

1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.

 

"Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarlarının Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək, azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin qəsbkar torpaq iddialarını pərdələmişlər. 1918-ci ilin mart ayından etibarən əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirmişdir. Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin təhqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin, Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi.

 

Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər, 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqlarını Ermənistan SSR-in ərazisi elan etdilər. Sonrakı dövrdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atdılar. Bunun üçün onlar SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947- ci il "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" xüsusi qərarına və bunun əsasında, 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail oldular.

 

Erməni millətçiləri öz havadarlarının köməyi ilə 50-ci illərdən etibarən Azərbaycan xalqına qarşı kəskin mənəvi təcavüz kampaniyasına başladılar. Keçmiş sovet məkanında müntəzəm şəkildə yayılan kitab, jurnal və qəzetlərdə milli mədəniyyətimizin, klassik irsimizin, memarlıq abidələrimizin ən nəfis nümunələrinin guya erməni xalqına mənsub olduğunu sübut etməyə çalışırdılar. 1988-ci ildən ortaya atılan qondarma Dağlıq Qarabağ konfliktinin ilkin mərhələsində yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından qovulmasına da respublikada düzgün siyasi qiymət verilmədi. Məhz elə bunun nəticəsi olaraq, 1990-cı ilin yanvar ayında getdikcə güclənən xalq hərəkatını boğmaq məqsədilə Bakıya qoşun yeridildi, yüzlərlə azərbaycanlı öldürüldü və şikəst edildi, yaralandı, digər fiziki təzyiqlərə məruz qoyuldu.

 

1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutdu. Tariximizə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə  zamanı minlərlə azərbaycanlı məhv edildi, əsir alındı, şəhər yerlə yeksan edildi.

 

Bu - erməni faşizminin yalnız bir əsrdə törətdiyi vəhşiliyin qısa icmaldır...

 

Soyqırımı siyasətini həyata keçirmək üçün  öz dövlətlərinə malik olmayan ermənilər "böyük Ermənistan" dövlətini yaratmaq üçün Rusiyanın imperiya siyasətindən  səmərəli istifadə etmişdilər.

 

Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir.

 

1813-1828-ci illər Rusiya ilə İran arasında gedən iki müharibənin ( 1804-1813, 1826-1828) sonunda imzalanmış Gülüstan (12 oktyabr 1813-cü il) və Türkmənçay (10 fevral 1828-ci il) müqavilələri xalqımızın tarixində faciəvi rol oynamış və Azərbaycanın parçalanmasına gətirib çıxarmışdır. Azərbaycanın şimalı Rusiyanın, cənubu isə İranın idarəçiliyinə keçmişdir.

 

1905-1906 illərdə İrəvan və Gəncə quberniyalarının 200, Şuşa, Cəbrayıl və Zəngəzurun isə 75 azərbaycanlı kəndini ermənilər talan ediblər. Statistik məlumatlara əsasən demək olar ki, 1905-1907-ci illərdə baş verən hadisələrdən sonra azərbaycanlılara qarşı kütləvi repressiyalar gizli şəkildə aparılıb. 1916-cı ilin məlumatları göstərir ki, 1831-ci illə müqayisədə həmin il İrəvan quberniyasının 5 əyalətində əhalinin sayı 40 dəfə artaraq 14 min 300-dən 570 min nəfərədək yüksəlmişdir. Ancaq həmin zaman kəsiyində azərbaycanlıların sayı cəmi 4,6 faiz artaraq 246 min 600 nəfər təşkil edib. Yaxud başqa bir nümunə, əgər 1886-1897-ci illərdə əhalinin mütləq artımı 40 min nəfər olubsa, 1905-1916-cı illərdə bu rəqəm cəmi 17 min nəfər olub. Halbuki hələ 1905-ci ildə 1886-cı illə müqayisədə əhalinin sayı 61 min nəfər çox olub. Bu rəqəmlər çar Rusiyasının idarəçiliyi dövründə erməni millətçilərinin şovinist siyasət həyata keçirməsindən, "Türksüz Ermənistan" planının reallaşdırılması istiqamətində azərbaycanlıların qovulmasından xəbər verir.

 

1988-ci ildən başlayaraq yenidənqurma, aşkarlıq prosesi antiazərbaycan əhval-ruhiyyəsinin və ərazi iddialarının yeni dalğasını yaratdı. 1945-ci ildə sınaqdan çıxarılmış guya Ermənistanla Qarabağın iqtisadi cəhətdən bir-birinə bağlı olması barədə əsassız iddialarla erməni millətçiləri azərbaycanlıları Ermənistandan qovmağa, Qarabağı isə Azərbaycandan ayırmağa başladılar. 1988-ci ildən başlayaraq kütləvi hədə-qorxular, fiziki güc, ölüm, kəndlərin talan edilib yandırılması həyata keçirilir. Yenidən 1948-53-cü illərin tarixi təkrar olunur. İttifaqın mərkəzi hakimiyyətinin qərarları ilə azərbaycanlı qaçqınların Qarabağda yerləşdirilməsinə icazə verilmir, onlar özlərinə çadır şəhərciklərində sığınacaq tapırlar. 1991-ci il avqustun 8-də sonuncu Azərbaycan kəndi Nüvədidən əhalinin çıxarılmasından sonra Ermənistan faktiki olaraq monomillətçi dövlətə çevrildi. "Türksüz Ermənistan" kimi daşnak ideyası reallaşdı.

 

  Müstəqillik tariximizin ən mühüm nailiyyətlərindən biritarix elmimizin inkişafı sahəsində əldə olunan uğurlardır. Azərbaycan tarixşünaslığını müstəqil inkişaf yoluna ulu öndər Heydər Əliyev çıxarmışdır. Dahi şəxsiyyət doğma xalqına, vətən torpağına həsr olunmuş ömrünün bütün çağlarında tariximizin azərbaycançılıq məfkurəsi əsasında doğru-düzgün araşdırılmasını və gənc nəslin doğma vətənə sədaqət ruhunda tərbiyə olunmasıdaim diqqət mərkəzində saxlayırdı. Erməni-daşnak quldurlarının xalqımıza qarşı törətdikləri soyqırımları və deportasiyalarla bağlı mühüm dövlət sənədləri imzalayan, XX əsrin 20-30-cu illərində ziyalılarımıza qarşı həyata keçirilmiş repressiyaların ağır nəticələrindən dönə-dönə bəhs edən Heydər Əliyev, əslində, tarixçilər qarşısında tarix elmini keçmiş zərərli konsepsiyalardan uzaqlaşdırmaq, saxtalaşdırmalardan və təhriflərdən təmizləmək kimi çox mühüm və şərəfli vəzifə qoymuşdur.

 

Ulu öndərin tarix elminin inkişafı ilə bağlı bütün ideyalarını, planlarını dönmədən həyata keçirən Prezident İlham Əliyev tarixçi alimlər qarşısına yenidaha konkret vəzifələr qoydu. Ölkə başçısının çağırışları, təşəbbüsü və birbaşa tövsiyəsi ilə ilk dəfə olaraq "Azərbaycan Tarixi Atlası”, mükəmməl tədqiqat əsərləri olan "Qarabağ: real tarix, faktlar, sənədlər”, "Naxçıvan: tarixi və abidələri”, erməni-daşnak quldur rejimləri tərəfindən Azərbaycanın müxtəlif bölgələrində həyata keçirilmiş soyqırımları barədə ayrı-ayrılıqda çoxsaylı kitablar nəşr olundu.    Tarix yalnız dahi şəxsiyyətlərin gördükləri böyük işlər, onların həyata keçirdiyi islahatlarnurlu əməlləri sayəsində nəsillərin yaddaşına həkk olunur. İstiqlal Bəyannaməsinin elan edildiyi 1918-ci ilin 28 may günü hazırda Respublika Günü kimi qeyd olunur. Ölkə prezidentimiz  İlham Əliyev 2018-ci ili Azərbaycan Xalq Cümhuriyyəti ili elan etdi  və Cümhuriyyətin 100 illiyinin qeyd edilməsi haqqında sərəncam  verdi.

 

Cümhuriyyətimiz mübarək olsun!

 

Gülşən  BEHBUD

 

Kaspi  2018.- 12-14 may.- S.7.