“Bakıya ölmək üçün
qayıtmışdım”
Namiq Ağayev: “Elə bu “hamı
kimi” söhbəti axırımıza çıxdı”
Kino ayrı bir dünyadır. Hər bir filmin öz tamaşaçısı və ona ötürdüyü mesaj var. Bir neçə həftə öncə kinoteatrımıza "Ol” adlı yeni bir film daxil oldu. Filmin rejissoru və aktyoru Namiq Ağayevdir. "Kaspi”nin qonağı olan rejissor bizimlə söhbətində yeni filmindən və sənətə gəlişindən danışdı. Özü də öz tərzində, nağılvari bir şəkildə.
- Sizi 90-93 illər "kuklaçı Namiq Ağayev” kimi tanıyırdım. Uşaqlıq xatirələrim sizi hələ də o kuklalara nağıl danışdıran rejissor kimi xatırlayır. "Ol” filmi ilə sanki o stereotipləri sındırdınız.
- O illər teatrda hazırlanan tamaşaların çoxu şou tamaşalar idi. Digər teatrlarda hazırlanan tamaşaları yola verirdilər. Ələkbər Hüseynov (Ələkbər əmi) ilə tamaşalar hazırlayırdıq. Bizim heç internetə çıxışımız da yox idi. Hər kəs pul arxasınca qaçırdı. Paytaxt teatrlarında tamaşalar hazırladım, dünyaya açıldıq. Türkiyəyə getdim, orda teatrlarda çalışdım. Tanınmış aktyor Tuncer Salmanla Türkiyədə "Ol” teatrını yaratdıq. Sonra Nazim Hikmətin "Hoşgeldin Nazım” tamaşasını hazırlayanda dedilər ki, başınızı aşağı salın, hamı kimi işləyin. Elə bu "hamı kimi işləyin” söhbəti axırımıza çıxdı. Amsterdamda, Bakıda, Moskvada, hətta Nazim Hikmət vəqfində həmin tamaşanı oynadıq. Biz Nazim Hikmətin tamaşasını barda da oynadıq. Hətta orda da tamaşaçılar onu qəbul etdi. Ümumiyyətlə, ən yaxşı tamaşaçı elə ən pis tamaşaçıdır, ən zövqsüz, ən kobud....
- Niyə
"Ol”?
- Hər zaman tamaşaçıları müsbət enerji ilə yükləməyin tərəfindəyəm. Bunu bir restorana bənzədirəm. Məsələn, menyuda melanxolik, depressiv yeməklər ola bilər. Ancaq biz pozitivdən yanayıq. Mən bir aşçı və dolma bükən kimi bu filmdə təzə yarpaqlardan istifadə etdim.
Baxın, Allah "Ol” deyib. "Ol” həm mübtədadır, həm feldir. "Ol” deyilib və olub.
- Film çəkmək
ideyası sizə hardan gəldi?
- Bu, mənim uşaqlıq missiyamdır. Uşaq yaşlarımda həyətdəki yaşıdlarıma bədahətən nağıllar, dastanlar danışırdım. O zamanlar filmlər səyyar şəkildə göstərilirdi və mən də belə bir film çəkəcəyimə inanırdım.
- Və siz o arzunu gerçəkləşdirdiniz.
- "Ol” filmində mən hər hansı bir tamaşaçının nəfəsini, baxış bucağını hesablamışam. Tamaşaçının zala daxil olub, filmin hansısa bir hissəsində çıxıb gedəcək halı yoxdur. Filmin əvvəlinin ilk beş dəqiqəsini bir az uzun etmişəmi ki, tamaşaçının canı sıxılsın, çünki az sonra onlar sözün əsil mənasında suya girəcəklər.
- Filmi çəkəndə düşündünüzmü ki, Azərbaycanda satılacaq, yoxsa yox? Davamlı olaraq ucuz komediya janrını izləyən tamaşaçıya birdən birə belə film təqdim etmək bir az risklidir...
- Mən bu filmə bir az da əyləncə qatmışdım. Gülən gülsün, ağlayan da ağlasın. Burada başa düşülməyən nə var axı? Bizim xalqın şüuraltı çox genişdir. Tamaşaçı bunu qəbul edəcəkdi. İmkan versəydilər. Hər tamaşaçının öz finalını etdim. Film ya kommersiyaya işləməlidir, ya da festivallara getməlidir. İkisini bir arada birləşdirmək ən çətin yoldur, bu, həmin yolda mənim ilk addımımdır.
- Tuncer Salmanın da filmdə rol alması sizin
üçün də bir avantaj oldu.
- Tunceri
çoxdan tanıyıram. Onunla birlikdə
"Ol” teatrını yaradanda ipə-sapa yatmırdıq
(gülürük). Nəinki Tuncer, Türkiyənin bir
çox tanınmış aktyorları ilə dostam. İnşallah növbəti layihələrimdə
onları da dəvət edəcəyəm. Hətta elə məşhur aktyorlar var ki, onlar mənim
tələbəm olub. Dəvət etsəm, sevə-sevə filmlərimdə
çəkilərlər. Ancaq onları pulsuz dəvət
etmək istəmirəm. Düzdür,
onların gözü toxdur. Çox
yaxşı bir ssenariyə güzəştli şəkildə
çəkilərlər.
- Bu gün yerli film sahəsində
ssenari qıtlığı yaşandığı ssenarini
özünüz yazdınız?
- Ssenari
qıtlığı yaşandığı bir zamanda "dəmlənmiş”
40-a yaxın ssenarim var. İndi ssenaristlə rejissor sənəti
birləşib. "Ver çəkim” deyən
rejissorlar çoxdur.
- Ssenarilərinizi nə
üçün başqa rejissorlara vermirsiniz?
- Ssenarilərimdə
rejissor kodları var. Mənim ssenarim başqa rejissorları əzər.
Niyə vermirəm? İstəsələr
verərəm, ancaq rejissorların kompleksləri var.
Çünki o ssenaridə rejissor diktəm var. Son vaxtlar aktyor
kimi tanımağa başlamışam. Başqa
rejissorlar məni hələm-hələm dəvət etmirlər.
Düşünürlər ki, məni dəvət
etsələr, gəlib çəkiliş məkanında
onlara rejissorluq dərsi keçərəm. Yazdığım ssenariləri dostlarıma təklif
etmişəm. Ancaq hamısı maddi
problemlər yaşayır. 2-3 ssenarimin
halallığını vermişəm. Ssenaristlik
ədəbiyyatçılıq deyil. Ədəbiyyatçı
ancaq hadisələri yazacaq. Ancaq təcrübəsi
olan rejissor bir yarpağın qımıldamasından 10 dəqiqəlik
kadr çıxara bilər. Mənim kinoda
18 yaşım var. Teatr proqramını bitirdim.
- Bu proqram nə üçün
bitdi?
- Teatrda
çox işlər gördüm. Dünya
teatrlarını gəzdim, istədiyim ölkədə
tamaşalar hazırladım. Teatr
proqramım 40 yaşımda bitdi. 40
yaşına yaxın insanın həyatında mənəvi və
fiziki mutasiya gedir. Sanki immunitetim yox oldu,
ömrüm qurtardı. Bakıya ölmək
üçün qayıtmışdım. Bakıya gələndən sonra isə yeni bir proqram
- kino proqramı açıldı.
- Özünüzdə "tükənmə
sindromu” hiss edirdinizmi?
- Yox, o
sindrom yox idi. Amma nə məsələdirsə,
Antalya sahillərində zaman çox dayanır. Orada bir dəqiqə sanki bir ildir. İnsan təbiətin enerjisini diktə edən
parametrlərdən biridir. Orada sağ ola-ola əbədiyyətə
qovuşmuşdum. Aralıq dənizi sahilləri relax bir yerdir.
Təbiətə o qədər qovuşursan ki,
assosial olursan. Vətənə gəlişimin
5-6 səbəbi varsa, onun biri də bu idi. Bakıya
gəldikdən sonra sanki yaşamaq üçün yeni
güc əldə etdim, bu, kino ilə əlaqədar oldu.
Kliplər çəkməyə
başladım. Bir il Kukla Teatrında
iki tamaşa hazırladım. Mən belə
danışıram, ancaq teatrsız qala bilmərəm. Döndükdən sonra Akademik Milli
Dram Teatrında iki,
Musiqili Teatrda da bir
tamaşa işlədim.
- Sonra?
-
Sonrası da heç.
- Necə heç?
- Nə
olsun tamaşa hazırladım, ancaq teatrlarımız
tamaşaları saxlaya bilmirlər, bilmədilər. Tamaşanı səhnələşdirmək
bir, saxlamaq isə ikinci bir hünərdir. Nə Dram
Teatrı, nə Kukla Teatrı tamaşalarımı
saxlamağı bacarmadılar.
- Saxlaya bilmədilər deyəndə
nəyi nəzərdə tutursunuz?
-
Teatrın alt qatı o qədər sağlam olmalıdır
ki… Hazırda teatrlarımız intriqasız
yaşamırlar. Bu, bütün teatrlara
aiddir. Suyun qalıb iyləndiyi kimi bir şey... Belə danışıram, ancaq mənim debatlıq
intriqalarım olmayıb. Teatrlarda
çalışan aktyorların çoxu dostlarım olub.
Mövcud intriqa sistemi debatına
çıxmaram.
- Ən çox hansı
intriqalar maraqlı olur?
-
Müdir və baş rejissorun arasında yaranan
qısqanclıq. Tamaşa nümayiş olunanda
rejissorun adı çəkilir, direktor da qısqanır ki,
rejissorun adı niyə çəkilir, mənimsə adım
hallanmır. Bu da peşəkarlığa
yad bir hissdir. Bir də teatrla
bağladığın müqaviləm bitir, mən də hər
dəfə işlədiyim yeri tərk edirdim ki, kiminsə
yerini dar etməyim. Ancaq indi özümə
söz vermişəm ki, bu fikirləri özümdən
uzaqlaşdıracağam. Mən niyə getməliyəm? Mənim
beş sənətim var – aktyor, rejissor, rəssam,
ssenarist və kuklaçı. Bu, mistik
mübarizədir. Dram Teatrında
"Qanlı Nigar” ən çox baxılan tamaşalardan biri
idi. Kukla Teatrı öz əlimlə
qurduğum teatrdır. Yaratdığım
yox ha, yenidən qurulmasında öz alın tərimlə
iştirak etdiyim teatr.
- Sizcə, ucuz komediya filmlərinin
kinoteatrlarda at oynatdığı bir zamanda "Ol” filmi nə
qədər tamaşaçı toplayacaq?
- Ucuz
komediya filmləri çəkən uşaqlarla heç bir
işim yoxdur. Sadəcə, biz öz yerimizdə
deyilik. Əslində mənim
"Bozbaş pictures”dən xoşum gəlir. Bunlar küçə komediya sistemidir. Bir müddət Yuğ Teatrından Akademik Milli Dram
Teatrının boşluqlarını tələb edirdilər.
Başqa bir
teatr sistemlərimiz yox idi. Yəqin ki, siz nə
demək istədiyimi anlayırsınız. Ucuz komediya
filmlərini çəkənlər gözəl küçə
komediantlarıdır, cavandırlar. Komediya
çəkənlər də bizim öz
balalarımızdır.
Türkiyə
kino sistemində çalışan dostlarım da deyir ki,
"Rəcəp İvedik”in çəkdiyi ucuz komediya filminin
tamaşaçı sayı hətta Cem
Yılmazı da keçib.
Onlara da deyirəm ki, o tamaşaçıların əksəriyyəti bizim
tamaşaçılardır. Yeməyənin
payını yeyərlər. Biz alternativ kino az veririk. Tamaşaçıya
aktiv kino təqdim etmək lazımdır.
- Bu qədər əlaqələriniz
varkən, çəkdiyiniz filmi nə üçün
Türkiyə kinoteatrlarda nümayiş etdirmirsiniz?
- Orada PR
çox bahadır. Gərək reklam olsun, ona da
pul çox tələb edirlər. Ona verdiyim
pula burada "Dədə Qorqud” filmini çəkərəm.
Və yaxud Mübariz İbrahimov haqqında film
çəkərəm. Çox istəyərəm
ki, İrəvan xanlığı ilə bağlı film
çəkim. Bunu nə zamansa edəcəyimə
də inanıram. Ümid dərmandır.
İrəvan xanlığının yarım
saatlıq sənədli filmini hazırlamışıq.
- "Ol” filminin
"CinemaPlyus” kinoteatrlar şəbəkəsi ilə olan məsələsi
nə yerdədir?
- Biz filmi
dəfələrlə yoxlayıb kinoteatra təqdim
etmişik. Biz premyera zamanı hər hansı
texniki səhvə yer qoymamışdıq. Premyeradan əvvəl 5 dəfə səs məsələsini
yoxlamışıq. Özümüzün
və onların mütəxəssisləri ilə
hazırlaşmışıq. Mənim
filmimin rejissorları peşəkardırlar. Amma premyera günü belə bir problem ortaya
çıxdı. Deməli, qəsdən
olunub. Problemi aradan qaldırmaq üçün beş gün möhlət istədilər, amma
problemi həll etmədilər. Bundan başqa mən
onlara elə bir bilbord nümunəsi verməmişdim. O
bilbordun nə qədər bərbad olduğunu
gördünüz. Filmin pannolarını yenidən
çap etdik, aydın görünməyən bir təsvirlər
çap etmişdilər.
- Sizcə, film komediya janrında
olsaydı bu qədər müzakirə mövzusu olmazdı?
- Bunun
heç bir aidiyyəti yoxdur. Deyirlər filmin "Kəklikotu” qədər tamaşaçısı yoxdur. Mənim filmimi onun qədər PR etmirlər. Özləri də etiraf edirlər ki, sizin filminiz sənət
kinosudur. Biz həm də kütləvi kino
çəkirik. "Nəsimi”, "7 oğul istərəm”,
"Dəli Kür”, "Axırıncı aşırım”
kimi filmlər həm kütləvi, həm də sənət
kinosudur. Mən dədə-babalarımızın
yolu ilə gedirəm. Bizim
tamaşaçılar genetik olaraq faciə sevən olub. Ancaq bizim camaatın boynuna qoyurlar ki, onlar komediya tələb
edir. Xeyr, tamaşaçıya komediyalar
sırınır. Camaat "bizə
komediya verin” demir.
Xəyalə
Rəis
Kaspi 2018.- 17 may.- S.14.