“Evimizə ağ çörək alanda sevinərdik”

 

Vamiq Məmmədəliyev: “Əziz günlərimiz idi, gəldi keçdi, indi çətinliyi, gözəlliyi ilə bir yerdə hamısı xatirələrimdədir”

 

Gözünü açandan evdə tar görüb, atası ifa edirmiş, uşaqlar dinləyirmiş. Qardaşları ilə deyirmişlər ki, görəsən, biz nə vaxt tarda ifa edəcəyik? Böyüdükcə onları tar dərnəyinə göndərirlər, lakin bu sahədə davamlı yola ancaq o, çıxır. Həvəsi, bu sahəyə böyük sevgisi olsa da, "Tar ifaçılığında bu qədər davam edəcəyim heç vaxt ağlıma gəlməzdi” deyir. Müsahibimiz əməkdar artist, prezident mükafatçısı, professor tarzən Vamiq Məmmədəliyevdir.

 

Uşaqlıq illəri heç də asan bir dövrdə keçməyib. O illəri xatırlayanda gözəllikləri ilə yanaşı, çətinliklərini də göz önünə gətirir: "1946-cı il iyun ayının 9-u Bakının Kürdəxanı qəsəbəsində anadan olmuşam. Uşaqlığım bir az ağır vaxta, müharibədən sonrakı illərə təsadüf edib. 53-cü ildə məktəbə getmişəm. Uşaq vaxtı həmişə qıtlıq görmüşük. Evimizdə, adətən qara çörək olurdu, ağ çörək alanda sevinərdik. Qəndi qovurğa kimi yeyərdik. "Səndə, məndə”, "Qaçaq-qaçaq” və s. kimi oyunlarımız var idi. Novruz bayramını xüsusilə gözləyən uşaqlar idik. Yumurta döyüşdürərdik, "kim daha çox yumurta udacaq” yarışına girərdik. Boyanmış yumurta ilə adisinin heç fərqi yoxdur, amma rəngli olanı bizə dadlı gəlirdi. O vaxtkı şorqoğalının dadından doymaq olmurdu. Uşaqlıqda əynimə təzə paltar geyinməmişəm. Qardaşlarımın paltarını geyinirdim. Çanta da qardaşlarımın köhnəsini götürürdüm. Amma o köhnə çanta mənə təzə kimi gəlirdi. O qədər dizi cırıq şalvar geyinmişik ki... İndi o dəbdə olandan yox ha. Oynayırdıq, şalvarın dizi cırılırdı, tez-tez geyim almaq imkanı olmadığı üçün cırıq formada da geyindiyimiz olub. Əziz günlərimiz idi, gəldi keçdi, indi çətinliyi, gözəlliyi ilə bir yerdə hamısı xatirələrimdədir”.

 

"...fikirləşirdik ki, görəsən, biz nə vaxt tar çalacağıq?”

 

Tarla tanışlığı da elə uşaqlıq illərində olub. Deyir ki, gözünü açandan evdə tar görüb: "O vaxtkı ziyalılar evə tar alıb qoyardılar. Mənim ana tarımı atam rəhmətlik 1926-cı ildə alıb. Məndən də böyükdür. Atam tarı alıb evə qoymamışdı, həm də ifa etməyi öyrənmişdi. Həmişə xahiş edirdik ki, "Yeri ha yeri” mahnısını ifa etsin. O, ifa edəndə biz uşaqlar da fikirləşirdik ki, görəsən, nə vaxt tar çalacağıq? Balaca olduğumuz üçün tara əl vurmağa qoymurdular. Amma müəyyən qədər böyüyəndən sonra hamımız tara getdik. Məni 12 yaşımda dərnəyə göndərdilər, ibtidai musiqi təhsilimi kənd klubunun tar dərnəyində aldım. Orda ilk tar müəllimim Dərdayıl Aydəmirov olub. Onun mənim üstümdə əziyyəti çoxdur. 58-ci ildə dərnəyə getmişdim, 61-ci ildə əməlli-başlı tar ifa edirdim. Sonra həmin müəllimin hərbi xidmətə getdi, başqa biri gəldi, amma artıq mən getmədim, başqalarını dinləyib öyrənmək bacarığım yaxşıdır, dinləyib öyrənirdim”.

 

"Bir yaylıq, içərisi dolu konfet”

 

İfa etməyi öyrəndikdən sonra kəndin məclislərinə dəvət alır. Qazancına gəlincə isə, bu, heç də pul olmur: "Paltarkəsdi, xınayaxdı və s. məclislərə çağırırdılar. Rəhmətlik qardaşım da kamança çalırdı, o, ifa etməyi özü öyrənmişdi. Bir yerdə gedib tədbirlərdə ifa edirdik. Payımıza nə düşürdü? Bir yaylıq, içərisi dolu konfet. Belə-belə davam etdim. Tar ifaçılığında bu qədər davam edəcəyim heç vaxt ağlıma gəlməzdi. Həmişə deyirəm ki, bəlkə mən həkim olardım, o sahədə nəsə sözümü deyə bilərdim. Qardaşım Vasim Məmmədəliyev də tarı çox yaxşı çalırdı, notu da öyrənirdi, amma başqa istiqamətə getdi. Tar ifaçılığına getsəydi, çox yaxşı bir sənətkar ola bilərdi. Ailədə tar ifaçılığı cəhətdən mənim yolum açıldı. Bu gün Prezident mükafatçısıyam”.

 

Hərbi xidmətdən əvvəl - 1963-cü ildə Kürdəxanı kənd klubunda tar dərnəyi açır, deyir ki, ordan yaxşı da pul qazanırmış: "Hər uşağı 5 manata qəbul edirdik. İlk vaxtlar 21 uşaq gəlirdi, sonra azalıb 15 filan olmuşdu. Amma yaxşı qazanırdım, sonra «Bahar» xalq çalğı alətləri ansamblını yaratdım. Tez-tez konsertlərə gedirdik. O vaxt özfəaliyyətin böyük hörməti var idi. Heç ağlıma gəlməzdi ki, musiqiçi olaram. Amma bu sahədə davam etdikcə, yol özü açılırdı. Hərbi xidmətdən qayıtdıqdan sonra Mədəni Maarif Texnikumuna - hazırda Bakı Humanitar Kolleci adlanır - xor-dirijorluq ixtisasına daxil oldum. Texnikumu bitirdikdən sonra məni orda tar ixtisası üzrə müəllim saxladılar. İyirmi iki il orada işlədim. Zabrat qəsəbəsində böyük xanəndələr yetişdirdik”.

 

"Kimin ad günü olsaydı, peçenyəyə qonaq edərdik”

 

Hərbi xidmətə 1965-ci ildə gedir. Həmin dövrdə hərbi xidmət müddəti 3 il olub. Sağlamlığı ilə əlaqədar 1 il 7 ay xidmət edir. Amma o illərdən də xatirələri çoxdur: "Mən əsgərliyi Astarada olmuşam. Sovet quruluşu idi, hər yerdə hərbi xidmət qaydası eyni idi. Əsgər gedəndə evdəkilərə dedim ki, tarımı göndərin. Orda da tar ifa edirdim. Amma ümumilikdə hərbi xidmətə öyrəşmək bir xeyli vaxt aldı. Təzə gedəndə cibimdə bir az pulum var idi, lovğalanırdım. Yeməkxanaya girəndə adamı iy vururdu. Deyirdim ki, mən burada çörək yemərəm, amma məcbur oldum. 3-5 gün sonra pulum bitdi, mən də həmin yeməkxanada yedim. Sonradan oranın iyi də mənə xoş gəlirdi. Əsgərlikdə bizim ən yaxşı yeməyimiz peçenyə, yağ, kakao idi. O vaxtkı peçenyelər çox dadlı olurdu. Kimin ad günü olsaydı, peçenyəyə qonaq edərdik”.

 

Tələbəlik illərindən danışanda ilk olaraq Asəf Zeynallı adına Musiqi Kollecindəki təhsil müddətini yada saldı. Deyir ki, harada oxuyubsa, həmişə sinif nümayəndəsi olub: "Sinif yoldaşlarımdan həmişə yaşca böyük olmuşam. Həmişə müəllimlərlə oturub-dururdum. Asəf Zeynallı adına Musiqi Kolleci o vaxt əsas sayılırdı. Dedim ora gedəcəm. Mən Hacıbaba Hüseynovun yanına gedib-gəlirdim. O, mənim çalğımı bəyənirdi. Dedi ki, səni Əhməd Bakıxanovun yanına aparacam. Çox soyuq da hava idi, o vaxt Tibb İşçilərinin Mədəniyyət evi var idi. Getdik ora, gördüm ki, bütün ansambl oturub. Çatan kimi dedi ki, çal! Əlim soyuqdan donmuşdu. O vaxt maqnitofon tək-tək adamda tapılardı. Öz qazancımla almışdım. "Xaric segahı”nı maqnitofona yazmışdım. Ona qulaq asdılar. Əhməd müəllimin xoşuna gəlmişdi, Hacıbabaya demişdi ki, "Adə, bu lap qara ciyərdən çalır ki!”. Çünki biri var, müəllimin əlini görüb-götürəsən, bir də var ki, musiqi duyumun olsun. Hər şey həvəsdən asılıdır. Nə isə, Əhməd müəllimin yanına getdim. Dedi, səni Asəf Zeynallıya götürəcəm. 1972-ci ildə imtahan verib ora qəbul oldum. Hətta deyirdi ki, buranı bitir, sonra müəllim kimi götürəcəm. Belə oldu ki, 73-cü ildə rəhmətə getdi. Mən Bəhram Mansurovun sinfinə keçdim. Gördüm ki, tarı çala bilirəm, o istiqamətdə getdim. Orada mən həm təqaüd alırdım, həm də uşaq musiqi bağçasında müəllim işləyirdim, maaş alırdım, heç nəyə ehtiyacım yox idi”.

 

"Maaşı alan kimi kassaya qoyurdum”

 

30 yaşında Asəf Zeynallı adına kolleci bitirir, ailə qurur. Sonra ali təhsilin vacibliyi ortaya çıxır, o da konservatoriyada təhsil almaq qərarı verir: "O vaxt Asəf Zeynallını bitirmək çox böyük bir prestij idi. Amma sonra dedilər ki, ali təhsil almaq da vacibdir, Konservatoriyaya getməlisən. Dedim ki, yox, bəsimdir. Çünki 3 il Mədəni-maarif Texnikumunda, 4 il Asəf Zeynallıda oxumuşdum. Amma sonra Konservatoriyaya imtahan verdim, 5 il də orda oxudum. 39 yaşımda da konservatoriyanı bitirdim. Hara gedirdim, məni imtahanda ifa etməyə qoymurdular, müəllimlərim deyirdilər ki, "5” yazdıq, get. Çünki hamısı artıq məni tanıyırdılar, ifa qabiliyyətimi bilirdilər. Hətta müəllimlərim mənə müəllim deyə müraciət edirdilər. Bəhram Mansurov, Əhməd Bakıxanov, Hacı Məmmədov, Adil Gəray, Oqtay Quliyåv, Sərvər İbrahimov kimi müəllimlərim var idi. Tələbə vaxtı 1982-ci ild "Xaric segah”, "Rahab”, "Bayatı-Şiraz” muğamlarını radio fonduna yazdırdım. Tələbə vaxtı bu böyük şey idi. Sonra 84-cü ildə də «Humayun», «Bayatı Qacar», «Rahab» muğamlarını. Artıq bir ifaçı kimi tanındım. Sonra xanəndələrlə el məclislərinə getməyə başladım. Bütün kəndin məclislərini mən idarə edirdim”.

 

Deyir ki, işləyərkən pul fikirləşməyib, ancaq sənətlə məşğul olub. Amma pul da gəlib: "Texnikumda işləyirdim. Hətta, mən maaşla dolanmırdım, əlavə gəlir də olurdu. Maaşı alan kimi kassaya qoyurdum. Amma belə baxanda hər dövrü keçmişəm. Yəni, qıtlıq dövrünü də görmüşəm, pulumun yaxşı gəldiyi zamanlar da olub. Həvəsdən düşməmişəm. Balalarımı oxutmuşam”.

 

"Gərək özümüz də nümunə olaq”

 

4 övladı var - 3 oğlan, bir qız. İki oğlu rejissordur, o biri isə nəşriyyat işini qurtarıb: "Böyük oğlum İqbal Məmməliyev ARB Aran-ın baş direktorudur. Salam Məmmədəliyev İctimai Televiziyada çalışır. Nəşriyyat işini bitirən Qurban da televiziyada işləyir, texniki işçidir. Qızım ingilis dili müəllimidir. Böyük oğlumu tara qoymuşdum. Sonra onu aparıb-gətirən olmadı. Maştağada musiqi məktəbini qurtarıb. Konsertdə də çalırdı. Sonradan musiqi məktəbinə getmədi. Bir xeyri o oldu ki, muğamları öyrəndi”.

 

Həm də 11 nəvəsi var. Onlar bir araya gələndə "həyat budur  deyir: "Uşaqlarla olanda aləm bir-birinə qarışır. İkisi orada top-top oynayır, biri o yandan qaçır, biri bu yandan. Kənd yeri olduğuna görə yığışanda toy-bayramdır, səs-küydən dayanmaq olmur. Mən də görürəm ki, hə, həyat elə budur. Təklik insana həmişə bədbinlik gətirər. Həmişə deyirəm ki, Allah heç bir evi uşaqsız eləməsin”.

 

Gənclərə məsləhəti isə bunlar oldu: "Həmişə gənc qızlara deyirəm ki, ailə qurarkən seçiminizi düz edin. Oğlanlara məsləhətim budur ki, düz yolda olsunlar. Siqaretdən, pis əməlli adamlardan uzaq olun. Oğlanlarımızı qeyrətli, qızlarımızı həyalı görmək istəyirəm. Gənclərə nəyisə deməklə iş olmur, gərək özümüz də nümunə olaq. Belə bir misal var: Bir yaşlı adam özündən çox kiçiyin paltosunu geyinmək üçün tutur. Kiçik deyir ki, bəs ayıbdır. Deyir ki, ayıb deyil, mən sənə ədəb öyrədirəm. Mən də bu cəhətdən oğlanlarda görmək istədiyim məsələlərlə bağlı özüm də diqqətli oluram ki, baxıb öyrənsinlər.

 

Gənclərə daha bir məsləhətim odur ki, böyüklərin, valideynlərin hörmətini saxlasınlar. Təhsilli olsunlar, diplom mənasında demirəm. Ümumi təhsil, dünyagörüşü, kollektiv görmək də önəmlidir.

 

Sənətə gedənlər isə sənəti öyrənsinlər. Bizim tar sənətini öyrənən uşaqlar var, həvəslidirlər. Deyirəm, çalışın, əvvəl klassikanı öyrənin, sonra özünüzə yol seçin. Qarmon, gitara yolu muğamı bayağılaşdırır”.

 

Aygün Asimqızı

 

Kaspi  2018.- 18 may.- S.12.