“24-lər”dən beş və
altıncısı - BDU-100
Maqsud Məmmədov 4 maddə ilə
ittiham olunaraq güllələnib
Əvvəlcə bir faktı qeyd edim ki, "BDU-nun
rektorları” rubrikası altında çap olunan bu məqalələrdə
hər dəfə BDU-ya müxtəlif illərdə rəhbərlik
edən rektorlardan birinin fəaliyyəti, həyatı
haqqında məlumat veririk. Bu dəfə isə
beşinci və altıncı rektorlar haqqında bir məqalədə
bəhs etməli olduq. Çünki,
BDU-nun bəzi rektorları bu təhsil ocağına cəmi
iki-üç ay rəhbərlik edib və bu aylar ərzində
də universitetdə məhz onların fəaliyyətini əks
etdirən mühüm işlər görülməyib. Bu da bolşeviklərin hakimiyyəti zəbt etməsi
ilə əlaqədar idi ki, yeni hökumətdə bəzən
öz kadrlarına da inamsızlıq var idi. Məsələn,
yeni hökumət 1920-ci ilin may ayında BDU-nun ilk rektoru
V.İ.Razumovskini vəzifəsindən azad etdikdən sonra,
1920-ci ilin avqust-noyabrında A.İ.Levin və Dubrovski rektor vəzifəsinin
müvəqqəti icraçısı olmuşlar. BDU-nun beşinci rektoru Vladimir Sergeyeviç
Yelpatyevski də universitetə 1929-cu ildə bir-iki ay rəhbərlik
edib. BDU-nun yaranma tarixi ilə bağlı əksər
elmi mənbələrdə yazılır: "1929-cu ildə
BDU-ya görkəmli rus alimi Vladimir Sergeyeviç Yelpatyevskini
rektor təyin ediblər”. Çox təəssüf ki, bu mənbələrdən
heç birində dəqiq ay, gün göstərilmədiyinə
görə, oxucuda belə təsəvvür yaranır ki,
1929-cu ili BDU-ya V.S.Yelpatyevski rəhbərlik
edib. Əslində 1929-cu ilin 12 mayında Azərbaycan Xalq
Maarif Komissarlığı təcili olaraq yığıncaq təşkil
edir və xalq maarif komissarı Mustafa Quliyev "Elmi
işçilər hazırlanması haqqında” məruzəsinin
sonunda BDU-nun rektoru Tağı Şahbazini "millətçilikdə”
günahlandıraraq tənqid edir. Yığıncaqdan bir necə
gün sonra 1926-cı ildə BDU-ya rektor təyin edilən
Tağı Şahbazi vəzifəsindən
uzaqlaşdırılır, 1929-cu il iyunun
22-də isə yerinə keçmiş həmkarlar ittifaqı
işçisi (AHİŞ-nın mədəniyyət
şöbəsinin müdiri) Müseyib Şahbazov təyin
olunur.
Və
yaxud BDU-nun yaranma tarixi ilə bağlı yenə əksər
mənbələrdə yazılır: "1929-30-cu illərdə
BDU-nun rektoru Maqsud Məmməd oğlu Məmmədov olub”. Yenə də dəqiq ayı, günü qeyd edilmir.
Burada da oxucu çaş-baş qalır.
Əslində, yuxarıda qeyd etdiyimiz kimi, BDU-ya 1929-cu ilin may
ayının sonuna kimi T.Şahbazi, 1929-cu ilin iyunun 22-dən təxminən
avqustun əvvəlinə kimi AHİŞ-in şöbə
müdiri M.Şahbazov rəhbərlik edib. Rus
alimi V.S.Yelpatyevskinin BDU-ya 1929-cu ilin dəqiq hansı
aylarında rəhbərlik etməsi haqqında isə nə
BDU-nun yaranma tarixi ilə bağlı elmi mənbələrdə,
nə də tarixini əks etdirən arxiv sənədlərində
rast gəlmədim. Bəlkə də bu,
iyul-avqust aylarına təsadüf etdiyi üçün belədir.
Qaldı ki, BDU-ya 1929-1930-cu illərdə Maqsud Məmmədovun
rəhbərlik etməsinə, yenə də əksər mənbələrdə
dəqiq ay, gün qeyd edilmir və BDU-nun tarixini bilməyən
oxucuda belə təsəvvür yaranır ki, 1929-1930-cu illər
ərzində BDU-ya M.Məmmədov rəhbərlik edib. Yeri gəlmişkən bir faktı da qeyd edim ki, təhsil
ocağı bir müddət fəaliyyətini
dayandırıb. Bu haqda Aslan Atakişiyev "Bakı
Dövlət Universitetinin tarixi” adlı əsərində
yazır: "BDU- parçalanmış, universitet müstəqil
institutlara ayrıldı və 1930-cu ildə fəaliyyətini
dayandırmışdı” (Bax: Aslan Atakişiyev. Bakı Dövlət Universitetinin tarixi. 1991, səh, 223-233).
Deməli, M.Məmmədovun da BDU-ya rəhbərlik etməsi
çox uzun çəkməmişdir. Təxminən
1929-cu ilin sentyabrından 1930-cu ilin əvvəllərinə
kimi. 1930-cu ildə M.Məmmədov BDU-nun
rektorluğundan Azərbaycan SSR Xalq Maarif Komissarı vəzifəsinə
irəli çəkilmişdir. Odur ki, rus
alimi, BDU-nun sayca beşinci rektoru V.S.Yelpatyevskidən fərqli
olaraq, (əslində V.S.Yelpatyevskinin istər BDU, istərsə
də elmi fəaliyyəti və şəxsi həyatı ilə
bağlı heç bir mənbədən məlumat ala bilmədim.
Məsələn, sovetlərin
dövrünün ən etibarlı mənbəyi sayılan Azərbaycan
Sovet Ensiklopediyasından da. Baxmayaraq ki,
Ensiklopediyanı hazırlayan alimlərimiz, öz millətimizin
nümayəndələrindən fərqli olaraq erməni və
rus millətinin nümayəndələrinə səxavətlə
yer veriblər) BDU-nun altıncı rektoru M.M.Məmmədovun həm
universitetin fəaliyyətindəki rolu, həm də acı
taleyi haqqında oxucuya geniş məlumat vermək yerinə
düşərdi. Maqsud 1897-ci ildə Azərbaycanın
əzəli torpağı olan İrəvan şəhərində
anadan olub. Atası Məmməd kişi
pir parça çörəyini qazanmaq üçün hər
əzaba qatlaşardı. Əzab-əziyyətə baxmayaraq,
övladlarını oxutmaq, ağ günə
çıxarmaq onun ən böyük arzusu idi. Maqsud da atasının bu arzusunu həyata keçirmək
üçün ilk gündən meylini kitab-dəftərə
saldı. İlk mədrəsə təhsili alan Maqsud sonra İrəvanda kişi
gimnaziyasında oxudu. Gimnaziyanı bitirib 1915-ci
ildə İrəvan xüsusi məktəbində müəllim
işləyən gənc Maqsudu 1918-ci ildə Gəncəyə
dəvət edirlər. O, burada əvvəlcə
qaçqınların işi üzrə komitədə
kiçik nəzarətçi, sonra isə Gəncə şəhərindəki
Yunker məktəbində işləmişdir. 1919-20-ci
illərdə BDU-da təhsilini davam etdirən Maqsud, 1920-ci ilin
sonlarında Azərbaycan Kommunist (bolşevik) Partiyasına
üzv olur. Onun bu addımını rəhbərlik
yüksək qiymətləndirir. Gənc
bolşevikin üzünə bütün qapılar açılır.
23 yaşlı Maqsud 1920-23-cü illərdə Ərzaq
Nazirliyində və Naxçıvanda Fövqəladə Xalq
Maliyyə Komissarlığında yüksək vəzifələrdə
çalışır. Onun bu yüksəlişi
çətinliklə dolanan ailənin ürəyincə idi.
Amma onlar hökumətin Maqsuda qarşı
sonrakı "qayğı”sından bixəbər idilər və
bunu bilsəydilər, heç bu yüksəlişə sevinməzdilər.
Yuxarıda qeyd etdik ki, M.Məmmədov təxminən
1929-cu ilin sentyabrından 1930-cu ilin əvvəllərinə
kimi BDU-nun rektoru olub. BDU-nun yaranma tarixini əks etdirən mənbələrdən
və sənədlərdən aydın olur ki, 1929-cu ilin
payızında respublikanın partiya və dövlət
orqanları universitetin on illiyini geniş qeyd edilməsini qərara
alır. Bu münasibətlə
keçirilən yubiley şənlikləri üç gün
davam edir. 1930-cu il yanvarın 12-də
partiya, sovet və ictimai təşkilatların nümayəndələri,
şənliklərə gəlmiş nümayəndə heyətləri
ilə birlikdə təntənəli iclas olur. Qısa bir
müddətdə fəaliyyətini dayandırmış
BDU-nun fəaliyyətini bərpa etməsi üçün
1930-cu il yanvarın axırlarında layihə
hazırlandı və 1930-cu il fevralın 1-də Xalq Maarif
Komissarlığının kollegiyası tərəfindən
müzakirə olundu. Kollegiyada layihəni ADU-nun
rektoru Maqsud Məmmədov şərh etdi. 1930-cu il fevralın 20-də rektor eyni məzmunlu məruzəsi
ilə "AK (b) P MK-nın Rəyasət Heyətinin
iclasında çıxış etdi. Məruzə
əsasında ADU-nun yenidən təşkilinin geniş layihəsi
hazırlandı. Lakin rektor məruzəsində
irəli sürdüyü təklifləri BDU-da həyata
keçirə bilmədi. Çünki
1930-cu ilin əvvəlləri onu BDU-nun rektoru vəzifəsindən
azad edərək Azərbaycan SSR Xalq Maarif Komissarı vəzifəsinə
təyin etdilər. M.Məmmədov bu vəzifəni cəmi
bir il icra etdi. O, 1931-33-cü illərdə
Az.K (b) P MK-nın katibi, 1933-34-cü illərdə isə
Partiya Tarixi İnstitutunun direktoru vəzifələrində
işlədi. 1934-cü ildə Maqsud Azərbaycan
K (b) P MK-nın göndərişi ilə Moskvaya
Qırmızı Professorlar İnstitutuna təhsil almağa
göndərilir. 1936-cı ildə (bəzi
mənbələrdə yazılır ki, II kursda oxuyarkən)
Bakıya çağırılır və Azərbaycan K (b)
P MK-da şöbə müdiri təyin edilməklə
yanaşı "Azərnəşr”ə rəhbərlik edir.
Bu yüksəliş 1937-ci ilin sentyabrına kimi
davam edir. Bir payız axşamı onu
yüksəldən hökumətin "başbilənləri”nin
yadına düşür ki, bəlkə Maqsudu da "xalq
düşməni” etsinlər. Elə bu
fikirlə də gecənin bir vədəsi isti ocağından
həbs edilərək gedər-gəlməzə
aparılır. Onu yüksəldənlər
indi onu alçaldırlar. Günahı nə
idi? Məzhəbi bilinməyən, milli
hisslərin hər hansı şəkildə təzahürünün
qarşısını həmişə, hər dəqiqə
amansızcasına almağa hazır olan "hökumət”inə
sadiqliyimi? Dəfələrlə
V.İ.Leninin əsərlərinə redaktorluq və tərcüməçilik
edən bu saf gənc, hökumətin onun xalqına
qarşı "parçala, höküm sür” siyasətindən
bixəbər idi. "Beynəlmiləlçi”
libası geyinmiş
bu hökumətin yaratdığı həbs
düşərgələrini Azərbaycanlı
ziyalılarının hesabına doldururdu. Onun, qulluğunda sədaqətlə
durduğu "hökumət”in "ölüm və cəza
maşını” Azərbaycanda fasiləsiz işləyirdi...
Amma Maqsud müəllim bunlardan xəbərsiz olmaya da bilərdi. Axı o, həm
də alim idi. Dialektik və tarixi materializmə,
SSRİ-də milli məsələlərin həlinə dair məqalələrin,
əsərlərin müəllifi olub. Amma
təəssüf ki, hörmətli alimimiz bu əsərləri
dövrünün nəbzini tutaraq, "marksizm-leninizm
metodologiyasına” uyğun yazmışdır. Elə ona görə də "simasını
itirmiş” hökuməti (əslində sovetlərin heç əvvəldən
siması olmayıb) onu ömrünün ən gözəl
çağında, cəmi 41 yaşında məhv etdi.
Maqsud Məmməd oğlu Məmmədov 1938-ci ilin 5
sentyabrında SSRİ Ali Məhkəməsi Hərbi
Kollegiyasının qərarı ilə Az. SSR CM 64, 69, 70 və
73-cü maddələri ilə təqsirli bilinərək, əmlakı
müsadirə olunmuş və güllələnmişdir. Bu
da BDU-nu "Proletar inqilabının yetirməsi” adlandıran
"məsləkdaşlar”ının Maqsud Məmmədova
verdiyi "qiymət”. Sonda çoxdan oxuduğum, amma heç
yaddaşımdan silinməyən bir cümləni
xatırladım: "Öz tarixinə qayğı ilə
yanaşmaq vətənpərvərliyin əsas xüsusiyyətlərindən
biridir”. Gəlin bunu unutmayaq. Yoxsa yenə də
olmazın müsibətlərə düçar olarıq!
Qərənfil
Dünyaminqızı
Əməkdar
jurnalist
Kaspi 2018.- 22 may.- S.15.