Həyatını təhlükəyə
atıb 3 uşağı ölümdən xilas
edən qəhrəman
“Nümunəvi milis
işçisi” adına və “İgidliyə görə”
medalına layiq görülən Tofiq Allahverdiyev həm də
20 Yanvar əlili olaraq keçmişi ilə qürur duyur
Azərbaycan polisinin 100 illik tarixi var. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan az sonra – iyulun 2-də Nazirlər Şurasının sərəncamı ilə Daxili İşlər Nazirliyi tərkibində müstəqil Azərbaycanın polis orqanları yaradılıb. Azərbaycan polisi yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət edib, asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirib. Lakin müsəlman Şərqində yaradılan ilk demokratik cümhuriyyət 1920-ci il aprelin 28-də süqut etdikdən sonra, bolşeviklər bütün milli dövlət və hüquq-mühafizə strukturlarını, o cümlədən milli polisi ləğv edib. Əvəzində "milis” adlandırılan bir qurum yaradılıb. 70 illik SSRİ dönəmində milisin vəzifəsi də qanunçuluğun keşiyində dayanmaq, insanların təhlükəsizliyini qorumaq, cinayətkarlığa qarşı mübarizə aparmaqdan ibarət olub. Bununla yanaşı, Azərbaycan milisi Böyük Vətən Müharibəsində də iştirak edib, ümumilikdə ölkəmizdən cəbhəyə yollanan 700 minə yaxın azərbaycanlı kimi alman faşizminə qarşı vuruşub, böyük rəşadət göstərib. Daxili işlər orqanlarının 800-ə qədər əməkdaşı, o cümlədən Bakı Milis Qarnizonundan 400 nəfər müharibədə iştirak edib, döyüşlərdə igidlik göstərdiklərinə görə Sovet İttifaqının müxtəlif orden və medallarına layiq görülüblər.
Azərbaycan polisinə böyük etimad
Azərbaycan XX əsrdə ikinci dəfə müstəqilliyini bərpa etdikdən sonra polis adı bərpa olunub, onun funksiya və vəzifələri dəqiqləşdirilib. "Polis haqqında” qanuna görə polis icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş, hüquq-mühafizə orqanıdır. Həmin qanunla polisin təyinatı və əsas vəzifələri də müəyyən olunub. Qanuna görə, Azərbaycanda polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd əməllərdən qorumaqdan ibarətdir. Polisin əsas vəzifələri ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etməkdən, cinayətlərin və digər xətaların qarşısının alınması üçün tədbirlər görməkdən, yetkinlik yaşına çatmayanların hüquq pozuntularının qarşısının alınması sahəsində fəaliyyət göstərməkdən, şəxsiyyəti, insan hüquq və azadlıqlarını və mülkiyyəti hüquqa zidd əməllərdən qorumaqdan və sairdən ibarətdir. Azərbaycan polisi bu vəzifələri icra etməklə yanaşı, birinci Qarabağ müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Daxili işlər orqanlarının və daxili qoşunların şəxsi heyətinin 931 nəfəri bu müharibədə şəhid olub. Polisin sıralarında Milli Qəhrəman adına layiq görülənlər, habelə müxtəlif orden və medallarla təltif olunanlar çoxdur. Müasir dövrdə Azərbaycan polisi öz peşəkarlığını artırmaqla yanaşı, eyni zamanda beynəlxalq standartlara uyğunlaşdırılır. Ümummilli lider Heydər Əliyev, onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev Azərbaycan polisinin fəaliyyətini hər zaman yüksək qiymətləndirib. Təbii ki, bu etimad polis əməkdaşlarının öz işinə məsuliyyətlə yanaşmasından, qanunçuluğun keşiyində ayıq-sayıq dayanmasından, sabitliyin qarantı rolunu oynamasından, hətta yeri gələndə öz həyatlarını təhlükəyə ataraq vətəndaşların təhlükəsizliyini təmin etməsindən irəli gəlir.
Nümunəvi
hərbi qulluqçu, peşəkar mühafizəçi
Vaxtilə bu ağır yükü çiyinlərində şərəflə daşıyan insanlardan biri də Bakı şəhər Nəsimi rayon sakini Tofiq Allahverdiyevdir. O, 1949-cu ildə Tovuz rayonunun Baqqallı kəndində anadan olub. Kənddə 8-ci sinfi bitirərək, təhsilini rayon mərkəzindəki məktəbdə davam etdirib. Orta təhsilini başa vurub 1967-ci ildə Gəncə şəhərindəki texniki-peşə məktəbinə daxil olub. Burada xarrat peşəsinə yiyələnən T.Allahverdiyev 1968-ci ildə Rusiyanın Arxangelsk şəhərində hərbi xidmətə yollanıb. Əsgərlikdə olduğu iki il müddətində nümunəvi hərbi qulluqçu kimi dəfələrlə komandanlığın diplom və mükafatlarına layiq görülüb. 1970-ci ildə hərbi xidmətdən qayıdaraq Bakı Metropolitenində işə düzəlib. Elə həmin ilin sonlarında həm əsgərlikdəki nümunəvi xidməti, həm də mövcud işinə məsuliyyətlə yanaşması nəzərə alınaraq, T.Allahverdiyev Komsomol Təşkilatının təqdimatı ilə milis (polis) sıralarında qulluğa göndərilib. Milisdə işlədiyi illər ərzində də nümunəvi mühafizəçi olduğunu öz işi ilə dəfələrlə sübut edib. Dəfələrlə komandirlərin, partiya və komsomol təşkilatlarının təşəkkürünə, fəxri fərmanlarına, pul mükafatlarına layiq görülüb.
Bayramovlar ailəsinin xilaskarı
1972-ci ildə üzləşdiyi bir hadisə, həmin an göstərdiyi şücaət milis işçisi kimi onun nüfuzunu daha da artırıb. Həmin vaxt gecə növbəsində işini başa vuran T.Allahverdiyev indiki Xutor adlandırdığımız ərazidəki evinə doğru istiqamət alıb. Tini burulub evlərinə çathaçatda bərk qışqırıq, fəryad səsləri onu fikirdən ayırıb. Bir anlıq yorğunluğunu unudub, iti addımlarla, qaça-qaça səs gələn səmtə yüyürüb. Hadisə yerinə çatanda yaşayış evlərinin birində möhkəm yanğın baş verdiyini, bir qadının ağlayaraq, 3 övladının yanan evdə qaldığını söyləyə-söyləyə camaatdan yardım istədiyini görüb. Həmin an yanan evdə qalan uşaqların atası, əmisi və yaxın qohumları da hadisə yerində olmalarına baxmayaraq, heç birisi ürək edib, uşaqları xilas etməyə cəhd göstərməyiblər. Amma T.Allahverdiyev var gücünü toplayaraq, yanan evin pəncərəsindən özünü içəri atıb. Məhz onun qəhrəmanlığı sayəsində o zamankı 19-cu Dağlıq küçəsi 86 nömrəli evdə yaşayan Bayramovlar ailəsinin 10, 12 və 14 yaşlı uşaqları ölümün pəncəsindən qurtulublar. Bu əməlinə görə o, Azərbaycan SSR Ali Sovetinin qərarı ilə "İgidliyə görə” medalı ilə təltif olunub, "Nümunəvi milis işçisi” adına layiq görülüb. 1974-cü ilin yekunlarına görə isə T.Allahverdiyev cinayətkarlığa qarşı mübarizədə birinci yeri tutub, xüsusi pul mükafatına layiq görülüb.
Xalqın azadlıq istəyinə səs verən azərbaycanlı
Sonrakı illərdə öz ərizəsi əsasında milis sıralarından tərxis olunan T.Allahverdiyev Bakı şəhərindəki mebel fabrikində peşə təhsili istiqaməti üzrə işə düzəlib. Azərbaycanda 1980-ci illərin sonundan geniş vüsət alan milli azadlıq hərəkatı onu da özünə cəlb edib. Sabiq milis işçisi heç bir maddi, siyasi, şəxsi mənafe güdmədən, sadə vətəndaş kimi Topxana meşəsinin qırılmasına, Qərbi Azərbaycanda, Dağlıq Qarabağda cərəyan edən hadisələrə, günahsız azərbaycanlıların deportasiyasına, qətlə yetirilməsinə etiraz edib, xalqın azadlıq istəyinə səs verib. 1990-cı il yanvarın 19-da bu məqsədlə Bakı şəhərində keçirilən etiraz aksiyasına qatılıb. Böyük insan kütləsinə qarışaraq o vaxtkı "Salyanski kazarma”nın qarşısına gəlib. SSRİ rəhbərliyinin ayrı-seçkiliyinə, azərbaycanlılara qarşı laqeyd siyasətinə, erməni separatçılığına göz yummasına etiraz edib. Yanvarın 19-u axşamtərəfi "Salyanski kazarma”dakı, eləcə də yaxınlıqdakı beşmərtəblərin başında özlərinə mövqe seçmiş rus hərbiçiləri əvvəlcə havaya yaylım atəşi açıblar, etirazçı kütləni dağıtmağa çalışıblar. Bəzi insanlar bundan qorxuya düşüb hadisə yerini tərk etsələr də, böyük əksəriyyət dinc etiraz aksiyası keçirdiklərini əsas tutub oradan uzaqlaşmayıblar. T.Allahverdiyev də həmin an orada qalmağa üstünlük verənlərdən biri olub. Yanvarın 20-si gecə saatlarında rus hərbçiləri dinc, əliyalın əhalini güllələməyə başlayıblar.
Sabiq milis nəfəri, 20 Yanvar əlili
Bu prosesə indiki 20 Yanvar dairəsindən Tbilisi prospekti boyunca hərəkətdə olan ağır zirehli texnika da qoşulub. Tanklar üzərində quraşdırılan pulemyotlardan dinc insanlar gülləboran edilib, həmçinin zirehli texnika önünə keçən minik və yük avtomobilləri, sərnişin avtobusları əzilib, onlar atəşə tutulub. Çaşqınlıq, vahimə içərisində olan əhali güllədən yayınmaq üçün qaçmağa, yaxınlıqdakı avtomobillərin, yaşayış binalarının arxasında daldalanmağa başlayıblar. Həmin vaxt insanlara tuşlanan güllələr T.Allahverdiyevdən də yan keçməyib. Avtomat Kalaşnikovdan açılan atəş nəticəsində 5,45 millimetrlik güllə onun sol qolunun arxasından girib onurğa sütununun 4 fəqərəsini sındıraraq boynunun sağ tərəfindən çıxıb. Buna rəğmən, T.Allahverdiyev sürünərək özünü yaxınlıqdakı həyət evlərindən birinə çatdıra bilib. Orada yarası kortəbii surətdə sarınandan, qanaxmanın qarşısı nisbətən alınandan sonra ara məhəllə yolları ilə Musa Nağıyev adına xəstəxanaya çatdırılıb. Bir ay xəstəxanada müalicə alaraq evə buraxılıb.
Vətənə, dövlətə xidmətə hər an hazır
Hazırda II qrup 20 Yanvar əlili statusu daşıyan T.Allahverdiyev "20 Yanvar” Respublika Cəmiyyəti Nəsimi rayon şöbəsinin sədri kimi fəaliyyətini davam etdirməkdədir. O, daim dövlətin diqqət və qayğısını üzərində hiss edir. Azərbaycan polisinin 100 illiyi ərəfəsində öz keçmişini qürurla xatırlayan T.Allahverdiyev hər zaman Vətənə, millətə, xalqa, dövlətə ləyaqətlə xidmət etdiyini, milis adını şərəflə daşıdığını söyləyir. Sabiq polis işçisi, 20 Yanvar əlili T.Allahverdiyev yaşının çoxluğuna baxmayaraq, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başlayacaq müharibədə könüllü olaraq iştirak etməyə hər an hazır olduğunu vurğulayır.
Rufik İSMAYILOV
Yazı Daxili İşlər Nazirliyinin
Azərbaycan Polisinin 100 illik
yubileyi ilə əlaqədar elan etdiyi müsabiqəyə
təqdim olunur
Kaspi 2018.- 22 may.-
S.10.