Taleyimizin güzgüsü

 

Könlünü sözə bağlayandan, əlinə qələm alıb duyğulanan gündən saysız-hesabsız məqalə, hekayə, povest, roman və nəhayət, xatirələrini yazıb. Onlarla kitabın müəllifi kimi tanınıb, sevilib. Dövrünün məşhur yazıçılarından biri kimi böyük rəğbət qazanıb. Elmi axtarışlarla da məşğul olub. Alimlik dərəcəsi alıb. Ali məktəblərdə dosent kimi çalışıb. Tanrı ona bağışlanan ömür payında da səxavətli olub. 90 ilə kimi ömür sürüb Manaf Süleymanov. O, sadəcə yazılarının dərci və kitablarının nəşri ilə məşğul olmurdu. Xarici ölkə ədəbiyyatından, xüsusilə də rus və ingilis yazıçılarının əsərlərini Azərbaycan dilinə məharətlə tərcümə edirdi. Ondan bizə böyük bir ədəbi irs yadigar qalıb. Yəqin ki, tədqiqatçılar, ədəbiyyatçılar Manaf Süleymanov yaradıcılığını bu günün gözü ilə araşdıraraq bu yazıçının Azərbaycan ədəbiyyatına, tarixinə bəxş etdiyi töhfələrin həqiqi dəyərini verəcəklər. O, çox cəfakeş, fədakar, həm də həyat həqiqətinə sadiqliyi ilə seçilən bir qələm sahibi idi.

 

Manaf Fərəc oğlu Süleymanov 1912-ci ilin yazında İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olub. İlk təhsilini bu kənddə alan Manaf Süleymanovun sonrakı taleyi Bakı ilə bağlıdır. İndiki Neft Akademiyasının geoloji-kəşfiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirən Manaf Süleymanov kəşfiyyatçı dağ mühəndisi diplomu ilə geoloq kimi əmək fəaliyyətinə başlayıb. Uzun müddət Qaradağ Neft-Qaz Mədənləri İdarəsində mühəndis kimi çalışıb. Sonralar doğma institutun neft-qaz yataqları geologiyası axtarışı kafedrasında assistent, dosent olmuşdur. Geoloq əslində torpağın dərin qatlarını öyrənməyi, oxumağı, bir sözlə, dəqiq axtarışlar aparmağı bacarmalıdır. Məhz geoloqların çətin əməyinin, gərgin axtarışlarının, düzgün təyinatlarının nəticəsində torpağın dərinliklərində olan sərvətlər üzə çıxır. Bu mənada geoloqla yazıçılıq arasında qəribə ünsiyyət, yaxud da oxşarlıq var: biri torpağın ürəyini oxuyur, o biri də həyatın rənglərini araşdırır. Xoşbəxtlikdən Manaf Süleymanovda bu iki qabiliyyət bir-birinə qovuşaraq böyük xariqələrə, nailiyyətlərə yol açırdı. Uzun illər neftçilərlə çalışması, bu sərvətin axtarışında olması onun ədəbi yaradıcılığında da öz bəhrəsini verirdi. Professor Bayram Tahirbəyov Manaf Süleymanov haqqında fikrini çox dəqiq və səlis ifadə edib: "Elə yazıçılar var ki, bütün ömürləri boyu ancaq bir mövzuya müraciət edirlər. Manaf Süleymanovun da qələminə ən çox yatan mövzu fəhlə həyatı, qurub-yaradan əmək adamlarının ömür-günü olub. Bu mövzu qocaman yazıçının bütün yaradıcılığının əriş-arğacını, mayasını təşkil edirdi".

 

O, ədəbi yaradıcılığa 1947-ci ildə "Azərbaycan" jurnalında dərc olunan "Yerin sirri" romanı ilə gəldi. Bir qədər sonra isə dəniz neftçilərinin fədakarlığından bəhs edən "Dalğalar qoynunda", "Fırtına", "Zirvələr" romanlarının müəllifi kimi tanındı. Hətta o dövrdə Manaf Süleymanovun imzası SSRİ-nin bütün müttəfiq respublikalarında məşhur idi. "Yerin sirri" romanı  alman, çex, slovak, rumın və dünya xalqlarının başqa-başqa dillərinə tərcümə edildi. Bununla bərabər müəllif həm də dövri mətbuatda müxtəlif mövzulu məqalələri ilə də çıxış edirdi. İlk yazıları "Fərəcoğlu" imzası ilə işıq üzü görürdü.

 

1937-ci il repressiyalarının ağrı-acılarını görən, dörd yanındakı qələm dostlarının "yoxa" çıxmasının əzablarını içində çəkən Manaf Süleymanov həyatın bütün rənglərindən xəbərdar idi. O, xeyirlə şərin qoşalaşaraq bir-biri ilə necə mübarizə apardığını, haqqın bəzən min arşın quyunun dibinə düşdüyünü öz gözləri ilə görürdü. Qəribədir ki, o, sovet dövründə bütün bunları gündəliyində qeyd edirdi. Sanki nə vaxtsa bu ziddiyyətli həyatın bitəcəyinə, həqiqətləri yazacağına, millətinə çatdıracağına bir ümidi var idi. Doğrudur, o, sovet dövründə ədəbiyyata gəlmişdi. Onu həm də "sovet yazıçısı" adlandırırdılar. Burada qeyri-təbii bir məsələ yox idi. O, bu quruluşda təhsil almışdı, oxumuşdu, yaşadığı hakimiyyətin ideyalarına inanırdı. Amma buna baxmayaraq həyatda baş verənlər arasındakı fərqlər, ziddiyyətlər yazıçını çaşdırır, çox hallarda da sarsıdırdı. Bununla belə, hər qaranlıq gecənin bir işıqlı səhəri olacağına inanırdı. Heç vaxt oxucusunu aldatmayan, ona yalan söyləməyən Manaf Süleymanov duyduqlarını və özünün inandıqlarını yazırdı.

 

1949-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Manaf Süleymanov bəzən də oxucusunu aldatmamaq, ona vəsf və mədhiyyə dolu əsərlər bağışlamamaq üçün xarici ölkə ədəbiyyatının klassiklərini dilimizə çevirirdi. Cek London, Con Steynbek, O.Henri, M.Kopelen, A.Qrasi, Oqoto, Aleks La Çuma, Y.Makmani, P.Abrams, R.Riv, A.Paton, Fillim Altman, S.Moem kimi ingilis yazıçılarının əsərlərini Azərbaycan dilinə məhz Manaf Süleymanov tərcümə edib. Uzun illər həm keçmiş SSRİ-nin, həm də Azərbaycandakı dövlət arxivlərində çalışaraq qiymətli sənədlər əldə edən Manaf Süleymanovun bu zəngin ədəbi irsi indi Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivində mühafizə edilir.

 

Manaf Süleymanov ingilis, fars, ərəb dillərini təmiz bilməklə yanaşı, rus dilində də yazırdı. Əlbəttə, ilk əlyazmaları Azərbaycan dilindədir, lakin bütün bu yazıları ərəb əlifbasında qələmə alıb. Vaxtilə Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev haqqında ilk arxiv sənədləri toplayan, Üzeyir Hacıbəylinin məktublarının surətini tapan məhz Manaf Süleymanov olub. Əlbəttə, o, adi yazıçı deyildi. Manaf Süleymanov Azərbaycan bədii ədəbiyyat tarixinin ən yaddaqalan nümayəndələrindən biri idi. Bu gün də arxivlərdə qorunan müxtəlif janrlı əsərləri arasında ssenariləri, oçerkləri, xatirə və gündəlik qeydləri var. O, ömrünün müəyyən anlarını "Şagirdlik illərim" adlı xatirəsində əbədiləşdirib. O, dünyaya gəldiyi qəsəbənin bu xatirələrdə sözlə elə rəsmini çəkib ki, qədim tarixə malik olan Lahıc qəsəbəsi haqqında dərin məlumat almaq istəyirsənsə, öncə gərək bu əsərə diqqət yetirəsən. 1989-cu ildə Samsun Universiteti yazıçının "Bir kitabdan birğac sətir" toplusunu çap edib. Eləcə də müstəqilliyimizi qazandıqdan sonra müəllifin "Son bahara çatdıq", "Neft milyonçusu", "Şərqdə ilk demokratik cümhuriyyət", "Şagirdlik illərim" adlı kitabları çap edildi. Ötən əsrin sonlarında əməkdar mədəniyyət xadimi fəxri adına layiq görülən Manaf Süleymanovu həmkarlarından ən çox fərqləndirən bir cəhət onun tarixi həqiqətlərə sadiqliyi idi.

 

Zəngin yaradıcılığı və bütün əsərlərinə çəkdiyi gərgin zəhməti ilə bərabər bu gün Manaf Süleymanovun adı çəkiləndə istər-istəməz dərhal yadımıza "Eşitdiklərim, oxuduqlarım, gördüklərim..." adlı kitabı düşür. Sağlığında iki dəfə nəşr edilmiş bu kitab oxucular arasında böyük əks-səda doğurdu. Uzun illər bilmədiyimiz, əslində bizdən gizlədilən elə həqiqətlər, məlumatlar, hadisələr var idi ki, biz onu ilk dəfə məhz bu kitabda oxuduq. "Eşitdiklərim, oxuduqlarım, gördüklərim..." 1984-cü ildə "Azərbaycan" jurnalında dərc edildi və ədəbi ictimaiyyətdə böyük rəğbət yaratdı. Əsərin maraqla qarşılanmasına səbəb birdən-birə bilmədiklərimizin üzə çıxması oldu. 1987-ci ildə isə kitab halında oxuculara çatdırıldı. Burada Bakının qədim keçmişindən, inqilab dövründə "neft səltənətində" baş verən hadisələrdən, paytaxtımızın qarışıq günlərindən, düçar olduğu bəlalardan, daşnakların şəhər sakinlərinin başına açdığı oyunlardan və s.-dən bəhs edilirdi. Bir həqiqəti də deyək ki, Manaf Süleymanov bu kitabı ilə o vaxt ən çox oxunan, sevilən yazıçılardan birinə çevrildi. Təsəvvür edin ki, yeni nəşr 50 min tirajla çap edilsə də, kitab mağazalarında tapılmırdı. 1989-cu ildə görkəmli yazıçının şöhrət qazanmış "Eşitdiklərim, oxuduqlarım, gördüklərim..." kitabı 70 min tirajla yenidən çap edildi. Müəllif əsər üzərində bir daha işləmişdi, redaktəyə, ixtisara məruz qalmış bir sıra məsələləri də ikinci nəşrə əlavə etmişdi. Artıq bu kitabda biz ilk dəfə Bakı milyonçularının millətin tərəqqisi naminə gördüyü işlərdən, xeyirxah əməllərindən xəbər tutur, maarifpərvər ziyalılarımızı tanıyır, Stalinlə Məmməd Əmin Rəsulzadənin görüşlərindən bəhs edən epizodları oxuyur, bir sözlə, yazıçının eşitdiklərini, oxuduqlarını, gördüklərini xəyalımızda canlandıraraq saf-çürük edir, tariximizin qəsddən gizlədilmiş səhifələrindən, yalançı inqilabçıların xəyanətlərindən xəbərdar olurduq.

 

Bu kitabı Bakının keçmişinə səyahət də adlandırmaq olar. Paytaxtımızın tarixindən, coğrafi mövqeyindən, köhnə məhəllələrindən, qoynunda yaşayan insanların adət-ənənələrindən, yaşam tərzindən, dolanışığından, milyonçularından, qoçularından, ziyalılarından geniş söhbət açan müəllif neft sənayesinin inkişafı ilə bağlı müəyyən məqamları da oxucunun diqqətinə çatdırıb. Bu sərvətdən bəhrələnən insanlar haqqında da oxuculara ətraflı və dəqiq məlumat verib. Kitabda maraqlı cəhətlərdən biri də 1918-ci ildə Bakıda baş verən qırğınlarla bağlıdır. Erməni milli şurasının üzvlərindən ibarət daşnakların bu şəhərin başına gətirdikləri müsibətlərin bir çox ağır səhnələrini də kitabda görmək mümkündür. Həmişə olduğu kimi, ermənilər məhz Novruz bayramı ərəfəsində Bakı sakinlərinə hücum etdilər. Müəllif yazır: "...Salyan kazarmalarından daşnak soldat və zabitləri şəhərin müsəlman məhəllələrini top və pulemyot atəşinə tutdular. ...Gözlənilmədən top güllələri başladı bizim daxmaların üstünə düşməyə; evlər yerlə-yeksan olur, neftlə bulanmış taxtalar alışır, adamlar fəryad qopara-qopara, arvadlı-uşaqlı dəli kimi qaçır, gizlənməyə yer axtarır, fəryad, nalə, şivən, ağlaşma səsləri göylərə ucalırdı. Ata-anasını itirmiş uşaqlar ağlaşırdılar. Şəhərə tərəf gələn daşnak soldat və zabitləri bərkdən şərqi oxumağa başladılar:

 

Bir, iki, Qafqaz oldu bizimki,

Bir, iki, Bakı oldu bizimki,

Dənizdən dənizə.

Qara dəniz, Aralıq dənizi,

Üstəlik Kirit adası,

Şimal sərhədimiz Voronej şəhri,

Paytaxtımız Tiflis şəhəri.

Yaşa, çox yaşa Andronik paşa..."

 

Bir məsələ də maraqlıdır ki, Bakıda yaradılan bütün cəmiyyətlərin, təşkilatların əsas üzvləri daşnaklardan ibarət olurdu. Ən bağışlanmazı odur ki, müsəlman milli şurasının da üzvləri ermənilər idi və onlar da yardımları ancaq daşnaklara edirdi. O günlərdə mikoyanların, şaumyanların çiçəyi çırtlayırdı. Çünki türklərin böyük bir şəhəri qan içində çırpınırdı. Kitabdan oxuyuruq ki, oğru gavurların, cib və başkəsənlərin bayram etdiyi o günlərdə türk ordusunun Bakıya gəlmə xəbəri erməni milli şurasını və daşnak hərbçilərini qorxuya salıb. Müəllif yazır: "Erməni milli şurası üzvləri, daşnak başçıları və onların yaxın qohumları hamıdan əvvəl öz gəmilərində, ya da çox baha qiymətə kirələdikləri gəmilərdə aradan çıxmışlar. Aradan çıxa bilməyənlər müsəlman milyonçu dostlarının, ya da qız verdikləri qudalarının qala tək möhkəm evlərində, Mərdəkan bağlarında daldalanmışdılar". Yadımıza 1990-cı il düşür. İki il öncə Ermənistanda yaşayan soydaşlarımız öz yurdlarından vəhşicəsinə qovulmuşdular. Bəziləri dağda-dərədə qurd-quşa yem oldu, şaxtada dondu, minbir əzabla qətlə yetirildi. Bakıdakı ermənilər isə rahat vaqonlarda, təyyarələrdə paytaxtı tərk etdilər. Bütün var-dövlətlərini, pullarını da özləri ilə apardılar.

 

Əldən ələ keçən Bakının dərdli günlərindən müfəssəl məlumat verən Manaf Süleymanov xalq mahnısı kimi dillərdə məşhurlaşan "Küçələrə su səpmişəm"in sovet dövründə təhrifə məruz qaldığını da göstərib. O dövrdə türk əsgərlərinin Bakıya gəlməsini məhəbbətlə qarşılayan yerli sakinlər onlara nicat gətirən qüvvə kimi baxaraq gəlişlərinə öz məhəbbətlərini bildirirdilər. Ağız-ağıza verərək xorla oxuduqları mahnının əsl mətni belədir:

 

Küçələrə su səpmişəm,

Türk gələndə toz olmasın.

Elə gəlsin, elə getsin,

Aramızda söz olmasın.

 

Türk adından vahimələnənlər məhz bu mahnıda "türk" sözünü "yar"la əvəz ediblər. Yadımıza Səməd Vurğunun məşhur bir misrası düşdü:

 

Bakının sayrışan ulduzlarından,

Boyasız, çadrasız türk qızlarından.

 

Burada da "türk" sözü redaktə edilərək "şən"lə əvəz olunub. "Eşitdiklərim, oxuduqlarım, gördüklərim..." kitabında bir çox qaranlıq mətləblərə aydınlıq gətirilir. Ermənilərin qorxaqlığından, zülmkarlığından, ikiüzlülüyündən, xəyanətkarlığından maraqlı faktlar gətirən müəllif erməni qonşusu dəllək Akopun söylədiklərini olduğu kimi qələmə alıb: "Birtəhər üzünü qırxıb odekalonladım... Paşa ayağa qalxdı, üstümə bir kağız pul tulladı. Mən də... cəld çıxdım dəhlizə. Bayır qapını açmaq istədim. Gördüm bağlıdır. O vaxtacan ingilis qıpılı görməmişdim. Qayıdıb məsələni paşaya deməyə cürətim çatmadı, qorxdum. Siçan tələyə düşən kimi qalmışam. Birdən paşa dəhlizə çıxdı. Məni gördükdə təəccüblə soruşdu: "Şurda, pəzəvəng, hərif, boş-boşuna nə yapıyorsan?" Qapıya işarə edib bildirdim ki, aça bilmirəm. "Ah" - deyə paşa səsini istehza ilə ucaltdı, - abdal gavur, tüfəng atıb, günahsız islam yavrularını qıra bilirsən, dostlarınız ingilislərin qıfılını açmazsan, - yaxınlaşıb qapını açıb dedi - haydı, pırlan dişarıya!"

 

Budur, türk kişisinin böyüklüyü. Günahsıza əl qaldırmaz, qadına, qocaya, yaşlıya, uşağa güllə atmaz. Əslində erməninin fəqiri yoxdur. Biz həmişə humanistik, böyüyük. Geniş ürəyə sahibik, əsl insanıq. O ermənidir ki, körpəni də qətlə yetirir, qadını da öldürür, qocaya da işgəncə verir. Sonra da özünü hamıya "fağır", "zavallı" göstərir. Manaf Süleymanov bu həqiqətləri vaxtilə çox dolğun və olduğu kimi qələmə alıb. Əslində taleyimizin güzgüsü sayılan "Eşitdiklərim, oxuduqlarım, gördüklərim..." kitabı bir yazıçı ömrünün ədəbi zirvəsinə bəs edəcək qədər mükəmməl və uğurludur...

 

Flora XƏLİLZADƏ,

 Əməkdar jurnalist

 

Kaspi 2018.- 22 may.- S.10.