Bəxtin
beləsi
Qəfər
Rüstəm
hekayə
O gün bütün həyatının bir anda dəyişəcəyini
bilsəydi, yəqin, Elmar yatağından
yorğun-arğın qalxmaz, ürəyində
özünü söyə-söyə kirli cinsini əyninə
keçirməz, saqqallı üzünə aynada baxıb
ürəyində özünə, həyatına lənət
oxuya-oxuya Jiqulisinə minməzdi.
Mart ayı gəlsə
də, Moskvanın canı hələ də isinməmişdi,
hardansa əsən sazaq çörək pulu üçün
Rusiyaya qaçıb gələn azərbaycanlının,
özbəyin, tacikin, gürcünün
üz-gözünü dondurur, ürəklərindəki xiffəti,
vətən həsrətini körükləyirdi.
Elmar Jiqulsini
arabir işə salıb həm müştəri gələr
deyə motoru isti saxlayır, həm də əl-ayağına
iynə kimi batan Rusiyanın soyuğundan, şaxtasından
özünü qorumağa çalışırdı. Tərslikdən
nə küçədə ağır-ağır
addımlayan "babuşkalar”, nə qırmızı sifət
rus məmurları,
nə də "qara millət”dən
kimsə onun taksisinə yaxınlaşıb heç olmasa
sövdələşmə belə etmək istəmirdi.
Belə tənha vaxtlarda Elmar həmişə həyatı
kimi dağınıq xəyallarına təslim olur, cürbəcür
şeylər fikirləşirdi. Bəzən Gəncə
yadına düşür, atası Şahvələdin qara
bığları, anası Gülnisənin güllü
tumanı Moskvanın boz, qorxulu havasında daha da ürəyini
sıxırdı. Bilmirdi, vətəni üçün,
ata-anası üçün darıxır, yoxsa yox, bu bilinməzlik,
bu qeyri-müəyyənlik onu daha da darıxdırır,
əsəbiləşdirirdi. Geridə qoyub gəldiyi əzizləri
üçün darıxmamaq, vətənin həsrətini
çəkməmək ona qeyrətsizlik kimi, şərəfsizlik
kimi gəlirdi. Ancaq nədənsə ürəyində
bütün bunlar üçün həsrət,
ayrılıq acısı hiss edə bilmirdi.
Açarı çevirəndə maşın yenə xəstə
adam kimi bir neçə dəfə öskürüb həvəssiz-həvəssiz
işə düşdü. Elmar ilk dəfə Moskvaya
çatanda da elə bugünkü kimi hava tutqun, boz idi. Avtobusun pəncərəsindən baxanda dostunun ona
ağız dolusu təriflədiyi işıqlı, geniş və
gözəl Moskvanın əvəzinə boz, qorxulu soyuq bir
yer görmüşdü. Elə o gün, bu gün ən
qızmar yay günlərində belə Elmarın canına
istilik keçmədi bu Moskvada.
Maşının pəncərəsini
kimsə ərkyana tıqqıldadanda Elmar xəstəhal
adamlar kimi bir pəncərəyə, bir irəli baxıb
durdu. Qapını açıb açmamağa qərar verə
bilmirdi. Dumanlı pəncərənin arxasından polis
uniformasının qırmızılığını
görən kimi bütün bədənini qara qorxu sardı.
Ağlına min cür fikir gəldi; saxta sənədləri,
Azərbaycana deportasiya olsa, yaşayacağı səfil həyat,
atası Şahvələdin narazı və qəzəbli
üzü gözlərinin önündə
qarmaqarışıq yuxu kimi canlanırdı.
− Vayditi tovariş
serjant.
Polis onu təpədən
dırnağa diqqətlə süzüb irişə-irişə
sənədlərini istədi. Elmar çaşbaş
qalıb nə cavab verəcəyini bilmirdi. Bircə
toxdayıb onu deyə bildi ki, sənədlərini evdə
yaddan çıxarıb. Özünü polisə tox göstərmək
üçün boğazını tez-tez arıtlayır,
mümkün qədər polisin gözlərinə
baxmırdı.
− Kuliyev Elmar
sın Şaxvalad?
Elə bil Elmarın
ürəyi qopub içinə düşdü,
üşüyən əlləri buz atdı. "Bu da belə”
dedi özü-özünə. Ona görə dedi ki, Rusiyaya gələnə
qədər girmədiyi iş, əl atmadığı yer
qalmamışdı. Çörək pulu qazanmaq
üçün gecəsini gündüzünə qatıb
çalışmışdı. Hələ on-on iki il bundan əvvəl
Azərbaycan təzə müstəqil olan vaxt camaatdan mis
yığıb satmışdı, bağlanan zavodların
avadanlıqlarını söküb dəyər-dəyməzinə
İrana-Türkiyəyə daşıyıb pul
qazanmışdı. Ancaq nə illah eləmişdisə,
heç cür maya tutmamışdı. Sonralar bir neçə
dəfə kiçik biznes qurmağa çalışsa da,
saysız yoxlamaların, "haqq tələbləri”nin
ucbatından işlərini batırmışdı.
− Da, eta ya. Zaçem minya işite?
Asılmağa
gedən adamın son dəfə cəlladına
baxdığı kimi baxdı polisə. Bəlkə,
insafa gələr, rus olanda nə olar, o da adamdır, bəlkə,
ürəyi yumşalar deyə fikirləşdi. Lakin Polis lom udmuş kimi dimdik, hissiz-duyğusuz
dayanıb ona tərs-tərs baxırdı.
− Başına
dönüm qaqa, − deyə bildi ancaq. Hər
şeyi yaddan çıxarıb rusca Gəncə ləhcəsində
yalvarıb-yaxarırdı.
Polis elə bil daşa-divara
dönmüşdü, nə ağzını açıb
bir kəlmə deyir, nə də ona qulaq asırdı. Artıq hər şeydən
əlini üzmüşdü. Çarəsizlik
hissi bütün qəlbini amansızlıqla
çulğayırdı. Belə çətin
vaxtlarda Elmar həmişə qəribə bir səssizliyə
bürünərdi, bütün zehni, bədəni keyimiş
kimi zərblə dəyən həyat şillələrini bir
müddət hiss etməzdi. "Cəhənnəm,
bir az yatıb çıxaram”, − deyə fikirləşib
toxdadı. Yağışa
düşmüş cücə kimi büzüşüb
polis maşınına oturdu.
Elmar kənarda
məzlum-məzlum dayanan "Jiquliyə” son dəfə
baxdı. Nədənsə 90-cı illərin
o çətin, amansız, dərəbəylik vaxtları
yadına düşdü. Azadlıq hərəkatının
qızğın vaxtlarında insanlar: "Azadlıq! Azadlıq!” − deyə
qışqırarkən o nə baş verdiyini anlamasa da, həyəcanlı
kütləyə qoşulub insan dalğasının
şüarlarını təkrar edirdi. Kürsüdəki
natiqlərin atəşin nitqləri onu yamanca coşdurur, gələcək
gözəl günlərin ümidiylə, pis günlərin
arxada qaldığı gümanıyla sevinirdi.
Bəlkə
də, o günlərdən qalma ikrah hissi ilə indi
keçib getdiyi soyuq Moskva küçələrinə
heç vaxt isinişmədi. Burada
Bakıdan az-çox yaxşı qazansa da, qəlbinin dərinliyində
nəyəsə, hansı amalasa xəyanət etdiyini fikirləşirdi.
Söz yox, ümidləri puç olmuşdu,
ölkə müstəqil olandan sonra Sovetlərin qara və
qıtlıq günlərindən də pis günlər gəlmişdi.
Lakin ekranlardakı siyasi çəkişmələrin,
küçələrdəki çörək
sırasının, mağazalardakı ərzaq
qıtlığının bir gün tarixə
qovuşacağına inanmışdı. Bir
də ona inanmışdı ki, xalq müstəmləkə
günlərinin zəlalətini dadandan sonra bir daha eyni zilləti
yaşamamaq üçün daha dürüst, daha insaflı
çalışıb öz müstəqilliyini qoruyacaq.
Yaşa
dolsa da heç cür imkan tapıb evlənə bilməmişdi.
Elə bil adamın pulu olmayanda sevməyə
ürəyi də olmur. Nə qədər
fikirləşsə də, ağlına kimisə sevdiyini gətirə
bilmirdi. Yeniyetməlik illəri mitinqlərdə
keçmişdi, daha sonra Qarabağ müharibəsinə
könüllü yollanıb dörd il sərasər
cəbhədə döyüşmüşdü. Ondan sonra
qaç-qov, pul al-pul ver, yaş gəlib qırxı
haqlamağa az qalmışdı.
Maşının
aeroporta tərəf burulduğunu görəndə biixtiyar
yalvarmağa başladı.
− Qaqa, izvini, ya ne
xaçu v baku, qadan alım.
Daş-kəsəkdən
səs çıxardı, polisdən səs
çıxmadı. "Qurban olum öz polislərimizə,
onlara belə yalvarsaydım, çoxdan buraxmışdılar
məni”, − dedi öz-özünə.
Bakıya
dönməyi heç cür sakitliklə, mətanətlə
qəbul edə bilmirdi, kabus kimi çətin, möhnət
dolu günlərə qayıtmaqdansa özünü
maşınların altına atıb öldürmək daha
yaxşı idi. Rusiyanın
lotu-potularını birtəhər yola verib yaxşı
qazanırdı. Bakı demək onun
üçün qara günlər deməkdi.
Nə illah
elədisə polisi razı sala bilmədi. Elə
bil aeroportda hamı onu gözləyirmiş kimi tezbazar
qeydiyyatdan keçirib gözləmə salonuna yola saldılar.
Orda da sarışın, yastıyapalaq bir polis
onu gözləyirdi.
Təyyarə
gurultuyla havaya qalxanda ürəyi sinəsində
zağ-zağ titrəyirdi. Gözlərini
yumub qorxunu, həyəcanı, irəlidə gözləyən
möhnət dolu günləri bir kənrara atmaq
üçün nəsə yaxşı şeylər fikirləşmək
istədi. Belə vaxtda nə fikirləşəsən,
keçmişin dərinliklərində qalan tək-tük
xoş xatirələrdən başqa.
Gülnisənin
güllü tumanı gəldi gözlərinin qabağına,
onun yaşlı qırış-qırış əlləri
gözlərinin önündə canlandı. Həmişə fikirləşirdi ki, görəsən,
onun anası başqa uşaqların anası kimi niyə cavan
deyil, niyə onun anası başqa qadınlar kimi
gülmür, sevinmir. Şahvələdin
hay-küylü, dəlisov davranışlarından bezsə də,
onun üçün də az-çox darıxırdı elə
bil. Ancaq anasına qarşı belə
köntöy davranmağını heç cür
bağışlaya bilmirdi. Azərbaycandan
getməyə qərar verdiyi gün bir tək Gülnisəni
fikirləşmişdi, onun darıxacağını
düşünüb kədərlənmişdi, lakin getməkdən
başqa çarə yox idi.
Yanındakı
mülki polisdən icazə alıb tualetə getdi. Dar,
cansıxıcı tualetin balaca güzgüsündə
özünə, üz-gözünə baxa-baxa Bakıda nə
iş görə biləcəyi haqda fikirləşirdi. Ağlına tək bir çarə gəlirdi, ən
tez vaxtda yenidən Rusiyaya qaçmaq.
Təyyarədən
düşən kimi yenə hamı onu gözləyirmiş
kimi tələsik qeydiyyatdan keçirib xidməti
maşına mindirdilər. Mindiyi cipin yumuşaq oturacağına
yayxanıb bir az toxdasa da, belə özəl
qarşılamanın xeyrə əlamət
olmadığını düşünüb
qayğılandı. Kim belə namərd
dünyada başqasına boş-boşuna yaxşılıq
edər.
Maşın
böyük bir villanın qabağında dayanar-dayanmaz
böyük qapı aramla açıldı. Villanın həyəti, geniş hovuzu, ürəkaçan
bağ-bağatı valehediciydi. Elmar bir
gün içində ard-arda baş verən bu hadisələr
zəncirinə bir məna verə bilmirdi. Fələyin
çarxına boyun əyib nəticəni gözləməkdən
başqa çarə yox idi.
Maşının
qapısını qollu-qüvvətli, ataman bir oğlan
açdı. Bir az kənarda duran
yaşlı adam nazik bığlarını didişdirə-didişdirə
Elmarı süzürdü. Lənət sənə kor
şeytan, ordan bura səni tutub gətirələr, indi də əyriburun,
qarayanız adam durub sənə
maddım-maddım baxa. Elə bu?
− Azər, xoş gəlmisən
oğlum. Yaşlı adam
gülümsünüb qollarını açdı.
Elmar axmaq bir zarafatla
qarşı-qarşıya olduğunu başa düşdü. Kimsə onunla yaman
oynamışdı, bəlkə də bu xərifləmiş
qocanı aldatmaq üçün ona belə bir kələk gəlmişdilər.
−
Bağışlayın, mənim adım Elmardı. Kiminləsə məni qarışıq
salırsız.
Yaşlı
adamın çoxdan gözləri alacalanmışdı,
açdığı qolları çoxdan kəsilmiş
budaq kimi yanına düşmüşdü.
− Gəl sənə
olanları danışacam. Gəl burda oturaq.
Villanın
həyətindəki hovuzun yanında yerləşidirilmiş
masanın arxasına keçdilər.
− Maşallah,
böyümüsən, yaman böyümüsən. Sənin
ananla mən institut illərində tanış
olmuşduq, o məndən iki kurs aşağı idi. İkimiz bir-birimizi sevirdik, həm də dəli kimi,
gözüm ondan başqasını görmürdü.
Mən
institutu bitirib əsgərliyə getdim, qayıdan kimi də
elçi göndərdim. Ancaq onu mənə vermədilər,
atası yaman zırrama biriydi, belə atadan belə qız, pay
atonnan.
Südabə
mənə qaçmağa razı idi, toy zad vecinə deyildi,
mənsə duvaqlı gəlinlikdə görmək istəyirdim
onu. Ancaq atasının iki
ayağını bir başmağa dirədiyini görəndə
başqa çarəm qalmadı, bir fürsətin tapıb
onu qaçırdım.
Südabə
Gəncədən idi, mürdəşir sifət atası tez
durub Bakıya gəldi. Mən də onu
götürüb Şüvəlanda bir evə
qaçırmışdım. Atası
uzun müddət raykom işləmişdi, bütün
Bakını bir-birinə vurmağı çox çəkmədi,
bütün iti-tulanı üstümüzə göndərmişdi.
Bir həftə
sonra bizi tapa bildilər, məni tutub həbsə atdılar,
Südabə isə Gəncəyə getməli oldu. Sonralar öyrəndiyimə görə, onu Avropada
diplomat işləyən biriylə evləndiriblər, bir daha
onu heç vaxt görə bilmədim. Nə
qədər soraqlaşsam da, yol-iz bilmədiyimə görə
onu tapa bilmədim, bir də ki tapsam, nə olacaqdı,
artıq ailə-uşağa qarışmışdı.
Elmar min bir
gecə nağıllarına qulaq asırmış kimi xatirələrini
ard-arda üyüdüb tökən yaşlı adamı diqqətlə
dinləyirdi. Ancaq bir anlıq hekayənin
yarımçıq olduğunun fərqinə vardı.
− Bəs mən? Məndən necə xəbər tutdunuz?
− Çox gec xəbər
tutdum, bir oğlum olduğunu təxminən bir il
bundan əvvəl öyrənmişəm. Sən
demə, Südabəni məndən ayırarkən sən
çoxdan onun boynundaymışsan, amma ört-bas ediblər,
Südabəni ərə vermək üçün səni
doğulan kimi Şahvələdə veriblər. Bunu şöbəmdə işləyən gəncəli
bir qadından çox sonralar öyrəndim.
Elmar
tutulmuşdu, önündə duran yoğun peysərli, incə
bığlı, əyri burun bu kişinin atası olduğuna
inana bilmirdi. İllər sonra atanın başqası
olduğunu, bunu səndən neçə il
gizlədildiyini biləndə insan nə hala düşər?!
Kim bilir, Şahvələd və Gülnisə
bu sirri faş etməmək üçün nə qədər
dəridən qabıqdan çıxıblar. Yenə Şahvələdin hirsli-hikkəli
üzü, Gülnisənin güllü tumanı gəldi
gözlərinin qabağına. Yeni ata,
yeni həyat, həm də ən əlasından.
− Səni başa
düşürəm, oğlum, neçə illər sonra
boynuma sarılıb ağlamağını gözləyə
bilmərəm. Ancaq bundan arxayın ol ki, otuz il
sənin yanında olmamağımın əvəzini
çıxacam, sənin üçün burada hər şərait
hazırdı. Gənclikdəki villamı sənə
vermişəm, bu həyətdəki cip də sənindir,
keçən həftə aldırmışam, sənin
üçün. Səni
tapdığıma əmin olandan sonra sən gəlməmişdən
hər şeyi hazır etmişəm. Hələ o vaxt
Südabə ilə qərar vermişdik ki, oğlumuz olsa,
adını Azər, qızımız olsa, adını Mədinə
qoyacağıq, elə ona görə sənə Azər
dedim. İstəsən, adını da dəyişə
bilərik, bir-iki saatlıq işdir.
− Adınız nədir?
Heç tanış olmadıq.
Yaşlı adam uğundu.
− Tamam unutmuşam, mənim
adım Nağıdı, ayamam dəlidi, "dəli
Nağı” deyirdilər kənddə mənə. Mən də
kasıblıq çəkmişəm, uzun illər ac-yalavac gəzmişəm,
amma həyat belədi: qabağına yaxşı insan
çıxır və bir anda hər şey dəyişir, sənin
üçün də belə oldu. Səni
nazirlikdə işə düzəltmişəm,
özün-özünü dolandıracaqsan, hər şey
kefin istəyən kimi olacaq.
− Nazirliyə? Mən heç universitet-zad bitirməmişəm,
orda neynəyəcəm?
Nağı
nazik bığlarını əyri burnuna tərəf çəkə-çəkə
qımışdı.
− Diploma nə var,
adını yazdıracağıq bir universitetə, qutardı
getdi. Bütün bunların
qarşılığında səndən bir xahişim var.
Bundan sonra o Şahvələdin və arvadının
üzünü bir daha görməyəcəksən. Onlar ki, səni neçə illər məndən
gizlədib sinəmə dağ çəkiblər, daha
onları görən gözüm yoxdu. İstəsən,
kimdənsə puldan-zaddan göndərərsən, itaparan olsun.
Elmar hələ
də nə baş verdiyini fəhm edə bilmirdi. Elə
bil kimsə yaxınlaşıb küncə yerləşdirilmiş
kameranı göstərəcək və: "Bu bir
zarafatdır”, − deyəcəkdi. Düz on səkkiz
yaşından didinib durduğu, ancaq heç cür girinə
düşürə bilmədiyi həyat indi özü öz
ayağı ilə gəlmişdi.
Elmar qara,
cağ Cipi işə salanda Moskvada qoyub gəldiyi köhnə
Jiqulisi çox uzaq keçmiş kimi zehnində canlandı.
Yarıac, yarıtox günlər elə bil bir əsr
bundan əvvəl baş vermişdi, indi isə sadəcə
şad-xürrəm yaşamaq zamanı idi.
Villanın
qapısı geniş, gözəl Bakının küçələrinə
açılırdı. O gedəndən sonra Bakı nə
qədər də dəyişmişdi; insanların geyimindən
tutmuş, küçələrin səliqə-sahmanı
insanın ürəyini açırdı. Maşından
bir dəstə pul götürüb əvvəl bərbərə,
sonra da Neftçilər prospekti boyunca düzülmüş
brend geyim dükanlarına girib bəy balası kimi geyinib
keçindi.
Bakıda bir az hərlənib fırlanıb
maşını Azadlıq meydanına tərəf
sürdü. Bulvarın kənarında
dayanıb maşının açıq qapısından
"Azadlıq” meydanını bir müddət eləcə
süzdü. Həmin o qaynar, coşqulu illər
gözünün önündən sürətlə gəlib
keçdi. Yadına gəlir, soyuq yanvar günlərindən
biri idi, od qalayıb isinməyə
çalışırdılar. Azadlığı
əldə etmədikcə heç bir vəchlə evə
dönməyəcəkdilər. İndi
bütün bu xatirələr nədənsə ürəyini
sıxırdı, səbəbini bilmədiyi təəssüf
hissi ürəyini diddi.
Cipə qaz
verib geniş prospekti eninə boyuna sürətlə
şütüyürdü. Həyatının
bir gün içində büsbütün dəyişməyi
ona hələ də çatmırdı, baş verənləri
şirin bir yuxu kimi fəhm edirdi. Fikirləşirdi ki,
görəsən, hansı ölkədə insanın həyatı
bir anda belə
dəyişə bilə? Hansı sivil ölkədə belə
bir şey mümkündür, yəqin, oralarda bir anda varlanmaq
ancaq lotereyayla ola bilər. Bu
məmləkətdə insanın həyatı elə bil
lotereyadır. Bu qumardan əbədiyyən
qazanclı çıxa bilməzsən, Elmar. Bir dəfə
uddun, indi di rədd ol get buralardan, arxana baxmadan çıx get
bu cəngəllikdən.
Fikirli-fikirli
qırmızı işıqda dayanan maşına baxdı.
Maşındakı gözəlçə ona
baxıb işvəylə gülümsəyirdi. Gözünü Elmardan çəkmirdi. Elmar
qızın ona baxdığını əvvəlcə hiss
etmədi. Sonra yuxudan oyanmış kimi oldu, əyin-başı,
maşını yadına düşdü, deməli belə,
lənət sənə kor şeytan. Yaşıl
işıq yanan kimi qız maşına qaz verdi,
Elmar da ovuna şığıyan quzğun kimi var
gücüylə qaza basıb onu arxasınca sürdü.
Kaspi
.-2018.- 26-29
may.- S.19-20.