Unudulmaz şəxsiyyət Şıxəli Qurbanov

 

Görkəmli şəxsiyyətlərdən olan Şıxəli Qurbanov Azərbaycan xalqı üçün təbii fitri istedad sahibi kimi Tanrı tərəfindən göndərilmişdi, lakin çox heyf ki, bu nurlu simanı amansız ölüm bivaxt əlimsizdən aldı… lakin S.Vurğunun söylədiyi kimi:

 

Ölüm sevinməsin qoy, ömrünü vermir bada,

El qədrini canından daha əziz bilənlər.

Əbədi xatirə tək qalacaqdır dünyada

Sevərək yaşayanlar, sevilərək ölənlər.

 

Bəli, Şıxəli Qurbanov öz parlaq əməlləri ilə doğma xalqın xatirində əbədi yaşayan bir ziyalı, sözün həqiqi mənasında vətəndaşlıq hissi örnək olan xəlqi və bəşəri insan kimi qalmışdır. Xaraktercə bütöv, monolit, möhkəm iradəli, müstəqil düşüncəli təfəkkür sahibi, yenilikçi, humanizmlə prinsipiallığı varlığında birgə yaşadan bu ziyalı haqqında düşünmək insanda olduqca xoş duyğular oyadır, yaşamaq və mübariz olmaq ehtirasını gücləndirir. Onun cismən olmadığı bu gün də onun ruhu bizimlə yaşadığı üçün cəmiyyətdə rastlaşdığımız mənfiliklərə qarşı barışmazlıq simvolu kimi rəmzi mənaya malikdir. O, mənsub olduğu xalqının xoşbəxtliyi uğrunda rastlaşdığı çətinliklərlə ideoloji silahın bütün növlərindən, etik və estetik meyarlarından yerində istifadə edərək nadanlığa, paxıllığa qarşı vuruşmada davam etmişdir. Belə silahların növləri və tipləri çoxdur. Bu silahların biri də öz kəsəri, ekspressivliyi və kütləviliyi ilə fərqlənən bədii yaradıcılıqdır. Onun pyesləri, liberettoları, səhnə əsərləri, fəlsəfi faciələri Azərbaycan Dram və Musiqili Komediya Teatrlarını yeni məzmun və forma axtarışları ilə zənginləşdirmişdir.

Beləliklə, dramaturq Şıxəli Qurbanov böyük sələfi M.F.Axundov kimi əvvəlcə bəzi müasirlərini satirik-yumoristik gülüşlə izlah etmək yolunu tutmuşdur. Onun rəngərəng janrlı, çeşidli üslublu komediyaları, əlvan formalı musiqili liberottaları Milli Azərbaycan səhnəsinə yol almışdır. «Əcəb işə düşdük», «Özümüz bilərik», «Olmadı elə, oldu belə», «Sevindik qız axtarır», «Milyonçunun dilənçi oğlu» kimi səhnə əsərləri minlərlə müasir tamaşaçının qəlbinə yol tapmış, ona şən fərəhli və düşündürücü gülüş bəxş etmişdir. Bu əsərlər zəngin milli komediya ənənələrimizin, Nəcəfbəy Vəzirov, Haşımbəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Üzeyirbəy Hacıbəyov, Sabit Rəhman… irsinin yeni biçimdə qanunauyğun davamı və inkişafıdır. Həm də bu komediya və liberottolar yeni yaranan müasir səpgili əsərlərimizə bir körpü rolu oynamaqdadır. Özündə ənənə və norvatorluğun mühüm keyfiyyətlərini yaşadan bu komediyalarda müəllif komik xarakterlərdən satirik inkarın ifşa üsulundan, gülüşün rəngarəng çalarlarından, incə-zərif yumorlardan ciddi qroteskə qədər bir sıra dramatik fiqurlardan bəhrələnmişdir.

Ciddi, kəsin konfliktlərin qadağan edildiyi bir vaxtda Şıxəli Qurbanovun mövcud mənfiliklərə səhnədən birbaşa aşkarcasına satira atəşi yağdırması onun şəxsiyyətinin vətəndaşlıq qeyrətindən irəli gəlirdi. Vəzifəlilərə yaltaqlanmaqla, quyruq bulamaqla vəzifə əldə etmək, nüfuz qazanmaq və sonra da xalqın qəzəbinə düçar olmaqla çıxılmaz vəziyyətə düşmək halları müəllifi həmişə narahat edirdi.

Şıxəli Qurbanov həyatın mürəkkəbliklərinə daha dərindən nüfuz etdikcə satira-yumor ölçülərinə, incəsənətin estetik prinsiplərinə sığmayan fənalıqların şahidi olur. Həqiqi insan ləyaqətnin alçaldılması, mənəvi mənlik şüurununu dondurulması, parlaq ziyalı nəslinin məhvi onun təbiətən şən əhvali-ruhiyyəsini pozur: gülüşünü faciə əvəz edir. Hər cəhətdən orijinal olan «Sənsiz» (1967) faciəsi meydana gəlir. Əsər «bəşərin faciəsi» diapazonunda problematik mövzuda olsa da, nikbin bir sonluqla bitir. Lakin «Sənsiz»ə müəllifsiz baxan tamaşaçı artıq müəllifin həyatda olmadığını bildiyi üçün əsərin faciə qəhrəmanlarından olan Sevincin də, Tərlanın da qəlbindən qopan sənsiz nidasını daha hüznlə pıçıldayırlar. Ona görə də tamaşanın «Sənsiz» adlandırılması nakam müəllifin də «Sənsiz»i kimi daha rəmzi, daha simvolik səslənir. Uzun illər bir-birini odlu məhəbbətlə sevən Sevinclə Tərlanın qovuşduğu toy gecəsi gözlənilmədən faciə baş verir, əbədi ayrılırlar. İstedadlı geoloq Tərlanı bəylik otağından gecə ikən gəlinin ağuşundan qoparıb aparırlar. Sevinci gənlinlik yatağında gözü yaşlı, ağlar qoyurlar. Son sözlərini – «bu bir səhvdir, indicə qayıdacağam» deyən Tərlan bir də 18 ildən sonra bəraət alıb qayıdır. Lakin bu 18 ildə Sevincin həyatında nələr baş vermir? Yox, Sevinc bir başqası kimi məcburən ərə getmir. O, Tərlandan sonra keçən bu illəri səksəkəli vahimə içərisində yaşasa da, ümidini kəsmir, ilk və son məhəbbəti Tərlanın yolunu gözləyir. Sürgündən qayıdan Tərlan da bir başqa cür özünə əzab verir. Sevincin həyatına müdaxiəl edib onu narahat etmək istəmir. Lakin Sevinc onun qayıtmasından xəbər tutan kimi dərhal ərini axtarmağa başlayır….

Əsərin bu faciəli süjeti sanki müəllifin öz taleyini əks etdirir. Deməli, Şıxəli Qurbanov bu faciəsi ilə həm yaxşı adamlara, həm də özünə avtobioqrafik heykəl qoymuşdur. Bu heykəl Hökumə Qurbanova, Həsənağa Salayev, Ağadadaş Qurbanov kimi istedadlı aktyorların, Tofiq Kazımov tək intellektual rejissorun zəhməti ilə Azərbaycan Dövlət Dram Teatrında müasir üslubda yaşayır və yaşadır.

Bəli, nadir tarixi şəxsiyyətə çevrilmiş Şıxəli Qurbanovu fərqləndirən xüsusiyyətlər çoxdur. Bunlardan bir neçəsini xatırlayaq. Mən hələ orta məktəbin yuxarı siniflərində oxuduğum vaxtlarda onun barəsində eşitmişdim. Lakin özünü görmədiyim üçün başqalarından eşitdiklərimlə kifayətlənməli olurdum.

Oğuz rayonunda (keçmiş Vartaşendə) onun haqqında ilk dəfə atamdan eşitmişəm. Atam Oğuzun Xaçmaz kəndində tanınmış fizika-riyaziyyat müəllimi kimi çalışdığı vaxt rayon müəllimlərinin avqust müşavirəsində (avqust ayının 24-25-də respublika konfransı keçirilirdi) iştirak edərkən Şıxəli Qurbanovu görmüş və dinləmişdir. O vaxtlar konfransı keçirmək üçün Bakıdan – mərkəzdən adlı-sanlı, nüfuzlu pedaqoqlar, hörmətli şəxslər rayonlara gələrdi. Bu dəfə rayonumuza gələn nüfuzlu şəxs Şıxəli Qurbanov idi. Həmin rayon müəllimlərinin avqust-yay konfransından sonra orta məktəb müəllimləri ezamiyyətdən qayıtmış olurdu. Atam da işlədiyi M.F.Axundov adına Xaçmaz kənd orta məktəbində konfransdan aldığı təəssüratları yoldaşları ilə bölüşər, deyilən məsələləri müzakirə edirdilər və bu söhbətlərdən mənə də pay düşərdi. Xüsusən də, Şıxəli müəllim barəsində ağızdolusu danışar, bu insanın bir natiq və hərtərəfli ziyalı-pedaqoq kimi çıxışlarına istinad edərək tərifləyərdilər. Əlbəttə, mən orta məktəbin son sinif şagirdi kimi bu söhbətilərdən xeyli məmnun qalaraq Şıxəli Qurbanovu görmək arzusu ilə yaşayırdım. Nəhayət, bu xoşbəxtlik bir neçə dəfə mənə nəsib oldu. 1964-cü ildə mən orta məktəbi bitirib ali məktəbə daxil olmaq üçün Bakıya gəldim. Şəxsiyyət vəsiqəm (pasportum) Şəki rayonundan verildiyi (o zaman Vartaşen rayonu Şəkiyə birləşdirilmişdi) üçün həmin il sənədlərimi ali məktəbə verə bilmədim.

Bu gün yüz illiyini qeyd etməyə hazırlaşdığımız Azərbaycan Milli Demokratik Cümhuriyyətin, eləcə də Azərbaycan Dövlət Pedaqoji Universitetinin yubiley təntənələrini alqışlamağa mənim mənəvi haqqım vardır: axı, 1965-ci ilin sentyabrında ali məktəbə daxil olmuşam, ADPU-nun birinci kursunda oxumağa başlamışam. Professor Ə.Ə.Dəmirçizadə, F.Qasımzadə, M.H.Təhmasib,  İ.Şıxlı kimi respublikanın ən görkəmli müəllimlərinin mühazirələrini dinləmişəm. Şıxəli Qurbanovu yaxından tanımışam… Dərsdən sonra dekanlıqdan universitetin kiçik iclas zalında tədbir olacağını və tələbələrin də iştirak edəcəyini xəbər verdilər.

Mən ədəbiyyat azarkeşi kimi zala daxil olub orta sıralardan birində əyləşdim. Birinci dəfə Şıxəli Qurbanovu burada gördüm. APİ-nin kiçik zalında professor Mikayıl Rəfilinin xatirə gecəsi keçirilirdi. Səhnədə oturanların çoxunu tanımırdım. Rektor Şövqü Ağayev giriş sözü ilə gecəni açaraq bizim «Ədəbiyyatşınaslığa giriş» fənnindən dərs aparan müəllimimiz dossent Kamal Qəhrəmanova söz verdi. Mikayıl Rəfilinin aspirantı olmuş, sonra da onunla çiyin-çiyinə çalışan Kamal Qəhrəmanov çox danışırdı. Yadımdadır, Kamal müəllim bu yaradıcılıqda M.Rəfilinin görkəmli bir ədəbiyyatşınas natiq kimi simasını məruzədə açıb göstərə bilmədi. Həmin gecə haqqında «Nitq mədəniyyəti və natiqlik məharəti» adlı kitabın müəllifi professor Ağaməmməd Abdullayev həmin məruzəni tənqid etmişdi. Professor A.Abdullayev Kamal müəllimin adını çəkməsə də, onun Mikayıl Rəfili barədə çox zəif məruzə etdiyini düzgün göstərmişdi. Bəli, M.Rəfili barədə daha kimlər nə danışdısa dəqiq bilmirəm. Bircə onu bilirəm ki, danışmaq üçün söz Rəfilinin sevimli tələbəsi Şıxəli Qurbanova verildi. Bayaqdan yerində narahat oturub ona-buna sataşan bu adam indi çox ciddi bir görkəm alaraq gözlərini bir məchul nöqtəyə zilləyib aramla danışmağa başladı və getdikcə səsinin ahəngi dəyişdi, sərtləşdi. O dedi:  Yoldaşlar, biz bu gün xatirəsinə toplaşdığımız məhrum Rəfili böyük müəllim, pedaqoq, ədəbiyyatşünas idi. O bir ədəbiyyatşünas kimi nəinki Pedaqoji İnstitutda, nəinki respublikada, eləcə də Moskvada estetik nəzəriyyəçilər içərisində tanınmışdı. O, rus dilində etdiyi çıxışları ilə paytaxt ədəbiyyatşünaslarını heyrətdə qoyurdu… Lakin…» o, sözünə kiçik bir fasilə verərək daha hüznlü bir görkəm alıb nitqinə davam etdi:

«Yoldaşlar, bu APİ-nin böyük, işıqlı bir akt zalı vardır. Bu zalda nə qədər ziyalılar çıxış etmiş, yerli yerində təriflənənlər də olmuş, tənqid, təhqir edilənlər də olmuşdur. Həmin bu zalın sərt soyuq divarları şahiddir ki, neçə-neçə namuslu ziyalılar, alimlər haqsız yerə təhqir olunaraq həyatlarına sui-qəsd etmişlər. Bunlardan biri də bu gün xatirəsinə toplaşdığımız M.Rəfili olmuşdur. Yoldaşlar, şəxsiyyətpərəstin iki cür qurbanları olmuşdur, bunlardan birincisi bədnam 37-nin qurbanları olmuşdur. Düşündüklərini dedikləri üçün gündüz evinin içində olduğu halda, gecə gedib qayıtmayanlar olmuşdur. M.Rəfili də bu qurbanlardan biridir. Onun mənəviyyatını, elmini, savadını, gözəl nitq qabiliyyətini, təmiz rus dilində danışmasını, oratorluğunu inkar edərək həyasızcasına təhqir etmişlər. Auditoriyada tələbələrini öyrədib onun üzünə qoymuşlar, gülünc vəziyyətdə şəklini çəkdirib «Kirpi» jurnalına vermişdilər. Onun ruhunu, qəlbini qırmışlar… vaxtından çox-çox qabaq ölümünə səbəb olmuşlar. Bax bunlardan biri və bəlkə də birincisi M.Rəfili olmuşdur…

Mən bu adamın nitqinə qulaq asıdıqca haldan-hala düşür, həm fərəhlənir, həm də təəssüf hissi keçirirdim… bəli, bu adamın gözəl siması və nitqi özünə əbədi şöhrət tapdırmışdır. Orada yalnız Şıxəli Qurbanov və onun nitqi xatirələrdə silinməz iz buraxdı.

Şıxəli Qurbanovla bağlı bir xatiratım da onun Bakıda ilk dəfə Novruz şənliyini keçirməsi ilə bağlıdır. 1967-ci ildə ilk dəfə Bakıda Qız qalasının yanında Novruz bayramına həsr olunmuş şənlik keçirilirdi. Bəzədilmiş faytonlarda insanlar gəzişir, səmənilərlə bəzədilmiş xonçalar, Qalanın üzərində ucalıb alovlanan məşəllər, Bahar qızının gəlişi, kos-kosa oyunları… Bakının bulvarına görünməmiş bir canlanma verirdi.

Bahar qızı libasında faytonda bahar simvolu Qız qalası meydanına daxil olur.

Şıxəli Qurbanovla bağlı bir xatirə daha ibrətamizdir. Artıq Şıxəli Qurbanov Azərbaycan Kommunist Partiyasının üzvü kimi xarici ölkələrə səfərlər edir, səfərindən qayıtdıqdan sonra inistitutlarda görüşlər keçirir, yeni maraqlı mövzularla həmkarlarını tanış edirdi. Xatirimdədir: London səfərindən qayıtması münasibəti ilə APİ-nin akt zalında görüş keçirilirdi. Zal ağzına qədər dolmuşdu. İsmayıl Şıxlı da özünəməxsus təmkinlə zala daxil olub qabaq sırada əyləşdi. Şıxəli Qurbanov rektor və bir neçə vəzifəli şəxslə səhnəyə daxil oldu. Bu vaxt zal ayağa qalxaraq qonağı gurultulu alqışlarla salamladı. O, bu zaman kapitalist ölkəsində gördüklərindən danışmaqla öz respublikasını qabaqcıl ölkələr sırasında görmək arzularından danışdı. Hələ o zaman dini ideologiyanın qılıncdın kəskin təsirə malik olmasına aid İslam tarixindən gözəl misal-nümunə söyləyərək siyasətdə sözün oynadığı rolu sübut etdi. O, İslamın intişarında sözün, siyasətin qılıncdın daha təsirli olmasını misallarla sübut etdi. Kommunist Partiyasının qılıncının arxası da, önü də kəsən bir vaxtda dini təbliğ etmək qorxulu idi. Lakin Ş.Qurbanov bir natiq- ideoloq kimi bunu elə məharətlə etdi ki, hamı heyrətdə qalmışdı.

Ş.Qurbanov bu gün də öz parlaq əməlləri ilə yenə də bizimlə birgədir...

 

Ramin Əhmədov

 

Kaspi  2018.- 26-29 may.- S.15.