CÜMHURİYYƏTƏ
MƏHƏBBƏTLƏ
Türkiyədə
yaşayan Azərbaycanlı rəssamların yubiley sərgisi
haqqında
Bu gün xəyalən
hamımızın qürurla xatırladığı 1918-ci
ilə qayıtmalı olsaq, onda öncə o vaxt müstəqilliyini elan edən
Azərbaycan Xalq Cümhuriyyətinin gələcəkdə
mövcudluğunun Bakının erməni-bolşevik
qoşunları tərəfindən işğalı nəticəsində
sual altına alındığını, belə ağır
günlərdə Türkiyədən Azərbaycana qardaş
köməyinin gəldiyini söyləməliyik. Görkəmli sərkərdə
Nuru Paşanın başçılığı altında
xilaskar Qafqaz İslam Ordusu çox qısa müddətdə
düşmənlərin məkrli niyyətlərini alt-üst
etdi və yeni hökumət üzvlərinin Gəncədən Bakıya
köçməsi ilə onun fəaliyyəti bərpa olundu.
Çox təəssüf ki, bu
hökumətin 23 aylıq mövcudluğu və çox
qısa bir zaman kəsiyində gördüyü müsbət
işlər sovet dönəmində qadağalı mövzuya
çevrildi və baş verənlər cəmiyyətdən
gizlədildiyindən demək olar ki, unuduldu. Yalnız ölkəmizin
ikinci dəfə müstəqillik qazanması 1918-ci il hadisələrinin
üzərindən sirr qatını götürdü və
bir qədər gec olsa da kimin kim olduğu hamıya məlum
oldu. Bu ilin ölkə prezidenti cənab İlham Əliyevin sərəncamı
ilə "Cümhuriyyət ili” elan olunması da
keçmiş tariximizi şərəfləndirənlərin
xatirəsinə ehtiramın ifadəsi oldu. Türkiyədə
yaşayan təsviri və tətbiqi
sənət ustalarımızın Azərbaycan Xalq
Cümhuriyyətinin 100, Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95
illiyinə həsr olunmuş sərgisi də bu günlər
qeyd etdiyimiz yubileylərə ehtiramın yeni ifadəsi oldu.
Yeri gəlmişkən deyək ki, bu sərginin təqdimatı
günü Maltəpə bələdiyyəsində "Azərbaycan
Xalq Cümhuriyyətini 100 illiyi” parkının
açılışı baş tutdu, Azərbaycan və
Türkiyə alimlərinin iştirakı ilə elmi konfrans
keçirildi.
İstanbulun Maltəpə bələdiyyəsinin
Professor Türkan Saylan adına Mədəniyyət Mərkəzinin
iri salonunda təşkil olunan sərgidə qırxa yaxın
Azərbaycan təsviri sənət ustasının müxtəlif
mövzulu əsərləri göstərilir. Onlarda çoxəsrlik
tarixə və zəngin bədii ənənələrə
malik olan milli incəsənətimizin ənənə və
müasirlik probleminin həlli kontekstində inkişafının
müasir durumunu qabarıq əks olunur. Əminliklə demək
olar ki, bu gün müxtəlif mövzulu və janrlı əsərlərinin bədii-estetik tutumunu dünyaya
özünəməxsus mənəvi dəyər kimi təqdim
edən çağdaş Azərbaycan təsviri sənət
ustalarının sələflərinin
onlara yadigar qoyub getdikləri zəngin bədii ənənələri
uğurla davam etdirdiklərini söyləməyə tam
haqları çatır.
Hazırda Türkiyənin müxtəlif
şəhərlərində tədrislə məşğul
olan bu rəssamların əsərlərində
xalqımızın uzaq-yaxın keçmişinə qiyabi səyahətin
bədii ifadəsini görmək mümkündür. Yubiley tədbirlərinin
Türkiyədə keçirilməsində böyük əməyi
olan Əməkdar rəssam Teymur Rzayevin çəkdiyi
"Xudadat bəy Məlik-Aslanovun portreti” əsərində
Azərbaycan Xalq Cümhuriyyətinin ilk rabitə naziri təsvir
olunmuşdur. Duyulası reallıqla ifadə olunmuş bu
portretdə Xudadat bəyə məxsus cizgilərin
inandırıcılıqla ifadə olumasının nəticəsidir
ki, portret təzadlarla dolu zamana tutulmuş "bədii
güzgü”nün yaddaqalan əksi kimi qəbul olunur. Yeri gəlmişkən
qeyd edək ki, sərginin açılışı
günü bu portretin ilk tamaşaçıları
sırasında Cümhuriyyət nazirinin nəvəsi – Xalq
artisti, dirijor Ramiz Məlik-Aslanov da var idi...
Tanınmış
fırça ustası Sərhəd Rzayevin
əsərləri də bizi xəyalən
ötən günlərə qaytarır. Onun
yağlı boya ilə çəkdiyi
"Xatirə” əsəri tamaşaçısını bu gün fəxrlə
xatırlanan Xalq Cümhuriyyətinin
hakimiyyəti illərinə şahidlik etmiş nənəsi ilə tanış edir. Tünd boyalarla işlənmiş portretin cəlbediciliyini obrazın
işıqlandırılmış çöhrəsinə
yönəldən rəssam, kommunist rejimi dönəmini əsl müstəqillikdən
fərqləndirməyi bacaran insanın
yaşantılarını psixoloji
çalarlarının qabardılması ilə vəhdətdə
göstərməyə nail olmuşdur.
Gənc rəssam Elçin Mustafayevin "Cümhuriyyət gülləri”
əsərində də tamaşaçını nostalji hisslərinə toxuna
biləcək lirik məqamlar duyulandır.
Şaquli kompozisiyada
"salxımlanan” qızılgüllərin
yaratdığı duyğulandırıcılıq kifayət
qədər cəlbedici və yaddaqalandır.
Sənətsevərlərə daha çox qrafik əsərləri
ilə tanış olan Rasim
Nəzirovun yağlı boya ilə çəkdiyi
"Hayqırtı” tablosunda azadlıq uğrunda aparılan mübarizənin gərginliyini
duymaq mümkündür.
Ərlərini itirmiş qadınların
onları mübarizə meydanında əvəzləmələrini
əks etdirən kompozisiyada
arzulanan əzmkarlıq və dinamika forma-biçim ekspressiya ilə ifadə olunmuşdur.
İstedadlı rəngkar kimi
tanınan Əfülfəz Fərəcoğlunun "Faytonda söhbət”, Ədalət Qaranın
"Qarabağ maralı”, Faiq
Ağayevin "Orta Mahur”, Fikrət Haşımovun "Unudulmuş”, İlham
Ənvəroğlunun "Dədəmin dəvəsi”, Məhəmməd
Yüzbaşyevin "Qaçqınlar”, Məmməd
Şirzadovun "Novruz
bayramı”, Rəhim Məmmədovun "Məhəmməd
Füzuli” və Pərvanə Əlizadənin
"Pəncərə” əsərlərində
xalqımızın şərəfli tarixinə göstərilən
bədii münasibət kifayət qədər
çoxçalarlıdır. Burada sevinc də var,
kədər də... vBelə ki,
görünənlər – müxtəlif ölçülü
və janrlı əsərlərin məna-məzmun
daşıyıcıları elə müəlliflərin məlum
hadisələrə, insanlara və motivlərə
fərqli yanaşmalarının nəticəsidir...
Rəsul Rzayevin "Avtoportret”ində, Rasim Nəzirovun "Qətliam”ında,
Sadıq Babayevin "Barış”ında,
Sabir Mehdiyevin
"Ordubad”ında, Tariyel Əlizadənin
"Kədər”ində, Şahin Məmmədovun
"Barış baş tutdu”
və Sərhəd Rzayevin "Bayrama hazırlıq” tablolarında yaşanan həyat hadisələrinə
özünəməxsus müəllif yanaşması mövcud olduğundan,
onlar tamaşaçını
duyğulandıran estetik qaynaq
kimi qəbul olunurlar.
Vahid Novruzovun "Folklor”, Ziyad Sultanovun "Gecəqondu”, Yusif
Əlizadənin "Gəlin”, Məhər Bayramovun
"Müdaxilə” və s. əsərlərdə
isə görünənlərin bədii-fəlsəfi tutumda təqdimatına üstünlük
verildiyini görmək mümkündür...
Azərbaycanlı
rəssamların İstanbul sərgisinin tarixiliyini şərtləndirən amillərdən
biri də ekspozisiyada keçmiş və indiki
nəsilləri mənən qovuşdurulmasıdır. Sərginin ekspozisiyasında Azərbaycan
bayrağının ideya müəllifi olan Əli bəy Hüseynzadənin (Turan) və onun rəssam övladlarının – Məhəmmədsəlim
və Feyzavər xanımın (o,
sağdır) əsərlərinin yanaşı nümayişi, qənaətimizcə, sərgi
təşkilatçılarının yubileyə
özünəməxsus rəng qatmaq istəklərinin
əyani təsdiqidir. Zamanında Avropanın ən
məşhur sərgi salonlarının
tamaşaçılarını heyrətləndirən Məhəmmədsəlim
Turanın və İstanbulda yaşamaqla tez-tez fərdi
sərgiləri ilə sənətsevərlərin
görüşünə gələn Feyzavər Alpsarın bu sərgidə çox
maraqlı əsərləri nümayiş
olunur. 1910-cu ildən Azərbaycanı tərk
edən atanın və ata yurdunu
bir dəfə də olsa
görməyən oğul-qızının bir
sərgidə mənəvi "görüşü”,
doğrudan da, çox yaddaqalan hadisə
oldu. Düşünürük
ki, artıq tarixiləşən bu ekspozisiyanı bir qədər
də genişləndirilmiş şəkildə Hüseynzadələrin
və digər sərgi iştirakçılarının vətənində
– Azərbaycanda nümayişi çox yerinə düşərdi...
Ziyadxan Əliyev
Kaspi.- 2018.- 26-29 may.- S.13.