Cümhuriyyət
dövrü ədəbiyyatına bir baxış
Cümhuriyyət dövründə ədəbiyyatın
hər tərəfli inkişafını təsdiqləyən
amillərdən biri də həm, müxtəlif janrlarda əsərlərin
yazılması, həm də ədəbi qurumların fəal
olmasıdır. Seyid Hüseynin rəhbərliyi altında təşkil
olunan "Yaşıl qələm” birliyi "Hop-hopnamə”ni
nəşr etmək istəmiş, həmçinin
"İsmailiyyə” binası mövzusunda yazı müsabiqəsi
elan etmişdir. O dövrdə "Ədəb yurdu”,
"Türk ocağı” kimi milli ədəbi dərnəklərlə
yanaşı, onlara alternativ olaraq 1919-cu ildə bolşeviklər
tərəfindən "Qırmızı qələm” cəmiyyəti
də yaradılmışdır.
Deməli, yaradılmış demokratik şərait
düşüncə tərzindən asılı olmayaraq
bütün yazarlar üçün eyni olmuşdur. Hətta
xarici ölkələrdə çap olunan kitablar da həmin
dövrün ədəbi əlaqələri haqqında müəyyən
təəssürat yaradır. 1919-cu ildə Ceyhun Hacıbəylinin
Parisdə fransız dilində "İlk müsəlman
respublikası Azərbaycan” kitabının çap olunması
ədəbi baxımından olduğu kimi, siyasi baxımdan da
böyük hadisə idi. Eyni zamanda Yusif Vəzir Çəmənzəminlinin
1919-cu ildə İstanbulda "Azərbaycan ədəbiyyatına
bir nəzər” monoqrafiyasının nəşri də
qardaş ölkələrdə Azərbaycan ədəbiyyatının
təbliğinə xidmət edirdi. Bunlardan əlavə, o
dövrün nəşrləri barəsində Adilxan
Ziyadxanın 1919-cu ildə çap etdirdiyi "Azərbaycan
haqqında tarixi, ədəbi və siyasi məlumat” kitabı
və "Milli şərqilər” almanaxı da müəyyən
təəssürat yaradır.
Müasir dövrdə Cümhuriyyət dönəminin
ədəbiyyatını daha çox o vaxtlar yayımlanan mətbu
orqanlarından toplamaq mümkündür. Həmin dövrdə
90-dan artıq mətbu orqanın 42-nin türkcə, 44-nün
rusca, qalanlarının isə başqa dillərdə fəalliyyət
göstərməsi məqbul hal idi. Bu orqanlar içində
"Azərbaycan”, "İstiqlal”, "İttihad”, "El”,
"Doğru yol”, "Millət”, "Məktəb”,
"Türk sözü”, "Bəsirət”,
"Açıq söz”, "Övraqi nəfisə”,
"Qurtuluş” kimi milli yönümlü, "Kommunist”,
"Gənc işçi”, "Haqq”, "Zəhmət”,
"Əxbar” kimi bolşevik yönümlü qəzetlər
kifayət qədər tədqiq olunmuşdur. Lakin Asif Rüstəmlinin
"Zirədən başlanan yol” kitabında o dövrün mətbuatı
haqqında da bir sıra yeni məlumatlar toplanıb. İlk dəfə
olaraq "Gənclər yurdu” haqında ətraflı bilgilər
yer almışdır: "Gənclər yurdu” məcmuəsinin
ilk sayı 1918-ci il iyulun 23-də Tiflisdə fəaliyyət
göstərən "Şərq” mətbəəsində
daş basması üsulu ilə işıq üzü
görür. Bu nəşri Mirzə Balanın 20
yaşının tamam olmasına qeyri-adi töhfə də
adlandırmaq olar. Dərginin ilk oxunduğu və
yayıldığı məkan Tiflisin Müsəlman Qiraətxanası
idi”. (səh. 40) Daha sonra bir sıra təzə informasiyalarla
tanış oluruq: "Gənclər yurdu” məcmuəsinin
ilk sayında Mirzə Balanın "Azərbaycan Cümhuriyyəti”
analitik yazısı, "Əksinqilabçılar” hekayəsi,
"Dilimizdə işlədilən özgə sözlər”
məqaləsi, Fikrət Ziyanın "Türk yurdu” məcmuəsindən
alınmış "İmamın qanunları” nəzmi,
Əhməd Cavadın "Qara dəniz”, "Dilimiz” şeirləri,
Azər Ellinin "Türk teatrosu”, "F.T.” imzalı müəllifin
(Firudun Tofiq oğlu Hacızadə - A.R.) "Qadınlara haqq”
yazısı, "Acı sevgi” romanından bir parça, Rəbiyyə
Xanımın "Altun çiçəklər”, eləcə
də, "Türk dünyası” adlı dövrün xəbərlər
bloku və b. materiallar verilmişdir. "Gənclər yurdu” məcmuəsinin
ilk sayının sonuncu səhifəsində redaktorlar yerində:
"Çıxaranlar: M.Bala Məhəmməd, F.Hacızadə”
– yazılmışdır. (səh. 45) Sitatda indiyə qədər
az tədqiq olunmuş müəlliflərin və əsərlərin
adları da yer almışdır.
Bu tipli, oxuculara az təqdim olunan həmin dövrün
nasirlərinə misal olaraq Tağı Şahbazinin, M.Rəfizadənin,
İ.Oruczadənin, İ.Qəmbəroğlunun adlarını
çəkə bilərik. Eyni zamanda daha az müraciət
edilən müəlliflərdən və əsərlərdən
biri də Ağababa Yusifzadənin "Sınıq qanad” əsəridir.
Lakin həmin dövrün mükəmməl nəsr əsərləri
içərisində indiyə kimi kifayət qədər
araşdırılımış və yayımlanmış əsərlər
də var. Bunlar Cəlil Məmmədquluzadənin
"Nigarançılıq”, "Konsulun arvadı”,
"Xanın təsbehi”, "Qəssab”, "Rus qızı”,
"Zırrama”, Əbdürrəhim bəy Haqverdiyevin
"Şair” ("Mirzə Səfər”), "Süleyman əfəndi”,
Abdulla Şaiqin "Əsrimizin qəhrəmanları”
romanının bir hissəsi, Seyid Hüseynin "Həzin bir
xatirə”, "İslamiyyə”, Cəfər Cabbarlının
"Parapetdən Şamaxı yoluna qədər”, Abbas Səhhətin
"Qaragünlü Həlimə” əsərləridir
Cümhuriyyət dövründə nəsr sahəsində
olduğu kimi dramaturgiya sahəsində də əsas
ağırlıq yükünü tanınmış imzalar
çəkmişlər. Həmin müəlliflərə və
əsərlərə nümunə olaraq Cəfər
Cabbarlının "Ədirnə fəthi”, "Trablis
müharibəsi, yaxud Ulduz”, "Aydın”, "Bakı
müharibəsi”, "Nəsrəddin şah”, "Oktay
Eloğlu”, Hüseyn Cavidin "İblis”, C.Məmmədquluzadənin
"Anamın kitabı”, "Kamança”, Mirzə Bala Məhəmmədzadənin
"Bakı uğrunda müharibə” pyeslərini misal
göstərə bilərik. Dövrün dramaturgiyasına təsir
edən amillərdən biri də 1919-cu ildə Azərbaycan
Dövlət Teatrının yaranmasıdır. Eyni zamanda
"Teatr xadimləri cəmiyyəti”, "Müsəlman
Mühərrir və Ədiblər Cəmiyyəti” kimi
qurumların da fəaliyyəti ədəbi prosesə təsirsiz
ötüşmürdü.
Cümhuriyyət dövrü ədəbiyyatında
nisbətən daha aktiv nəzərə çarpan sahə
poeziya idi. Professor Bədirxan Əhmədov "XX əsr Azərbaycan
ədəbiyyatı tarixi”nin I cildində dövrün poetik
nümunələrini belə qruplaşdırır:
1. Cümhuriyyət, istiqlal, müstəqillik və bu
atributlardan doğan təəssüratların milli inikası
2. Milli düşüncədən uzaq, mövzu və
problem etibarı ilə dövrlə səsləşməyən
poetik parçalar.
Qeyd edək ki, müəllif ikinci tip əsərlərə
M.S.Ordubadinin "Zavallı əcəmistan” və Ə.Qəmküsarın
"Əlaman” şeirlərini nümunə göstərir.
Xüsusi olaraq vurğulamaq lazımdır ki, bölgünün
birinci hissəsinə aid əsərlər daha çoxdur.
Bunlar o dövrdə işıq üzü görmüş
Hacı Kərim Sanlının "Yeni şərqilər”
kitabında və Feyzulla Sacidinin "Fəryad” kitabında da əksini
tapıb. Həmin illərdə fəaliyyət göstərən,
lakin indiyə kimi tədqiqatçıların nisbətən
az müraciət etdiyi şairlərdən Əli Misanı,
Əli Şövqini, Sənan Yayılı Kərimi, Feyzulla
Sacidi qeyd edə bilərik. Həmçinin Dərdli Sairin
"Yürəklərə”, Ə.Bağırlının
"Yüz il idi”, Mətləb oğlu Abutalıbın
"Türkün dərdi”, Şərafəddinin "Azərbaycana
xitabən”, Mürşüdün "Ağlayırdım,
gülürəm, güləcəyəm”, Abbas ağa
Qayıbov Nazirin "Miralay Cəmil Cahid bəy mədhində”,
Cəlal Sahirin "Qafqaz türküsü”, Məhəmməd
Ümid Gəncəlinin "Azərbaycan”, "Vətən
şərqisi”, Əbdürrəhman Dainin "Bir yaralı əsgərin
dilindən” kimi müəlliflər və əsərlər də
geniş oxucu kütləsinə o qədər də məlum
deyil. Cümhuriyyət dövründə Əli Kamalın qələmə
aldığı "Vətən məni yetişdirib bu yerlərə
göndərdi” misralarıyla başlayan "Marş” şeiri
daha məşhur olsa da, müəllifi haqqında geniş
informasiyalar yayılmayıb. Salman Mümtazın
"Öyün, millət” şeiri isə Nuru Paşanın
Şəkiyə gəlişi zamanı bədahətən
söyləmiş, şeirdə milli özünəinam ifadə
olunmuşdur:
Ziyasız rus zülmündən o yüksək ruhun
ölmüşdü,
Tuturdu şişəyə hərdən şərabi
nab tək qanın.
Qızılgültək açıl, gül, gör
ki, Türkün şanlı ordusu
Rəvaq-ərşə nəsəb etmiş
Böyük Osmanlı ünvanın.
Digər az tanınan şair İbrahim Şakirin irihəcmli
"Türk ordusuna” şeirində də həm törədilən
qətllər, həm də türk ordusunun xilaskarlıq
missiyası pafoslu təntənə ilə əks
etdirilmişdir. Şeirin əvvəlində "Fəhtiniz
qıldı bizləri dilşad, Cümleyi-islama sizsiniz imdad”
misralarındakı sevincin səbəbləri şeirin
sonrakı misralarında bəlli olur; "Həpimiz pək əlil
və nalandı, Malımız zalimanə talandı... Etdilər
bihesab qaratlər, Başaçıq qaldı cümlə
övrətlər”. Bu müsibətlərin erməni
daşnak birliyi tərəfindən törədildiyini qələmə
almaqla şair tarixi həqiqəti gələcəyə
olduğu kimi bədii dillə ötürmüşdür.
Şeirdə əsas mətləb bu misralarda cəm olunub:
"Qandılar türkün ol zaman gücünü,
Gördülər çünki süngülər ucunu”.
Bundan əlavə Ə.Müznibin 1919-cu ildə nəşr
etdirdiyi "Yuğ qığılcımı” şeiri də
eyni mövzuda yazılmışdır. Şeir belə
başlayır: "Altun yurdum qalmış idi bir zaman, Qan
içici düşmənlərin əlində”. Bunun səbəbinin
də düşmənlərin, türklüyü və
islamı yox etmək niyyəti olduğu etiraf edilir. Vəziyyət
nə qədər mürəkkəb olsa da, Əmir Teymur
nişanlı Məhəmməd Tofiq bəyin fədakarlıq
edərək imdada yetişməsini şair şeirin sonunda belə
təsvir edir: "Ulu tanrı "Tofiq”ini göndərdi,
Gavurluğu islamlığa döndərdi”.
Cümhuriyyət dövrünün milli məzmunlu digər
şeirlərinə Davud Ağamirzadənin "Məqsədimiz”,
"Əsgər şərqisi”, "Bir əsgərin
xitabı”, "Azərbaycan ordusuna”, "Atalara”, "Millətimə”,
Əliyusif Rainin "Azərbaycanlıya”, "Bayraq”,
"İdeal”, "Getmə”, "Öpər, kim bilir, bəlkə
bir xülya”, "Bir türk yolçusu deyir ki” əsərlərini
də nümunə göstərə bilərik.
Həmin dövrdə də xüsusi əzmkarlıqla
yazıb-yaradan məşhur şairlərimizdən olan Məhəmməd
Hadi "Əlvahi-intibah, yaxud insanların tarixi faciəsi”
poemasını cümhuriyyət illərində
tamamlamışdır. Bu illərdə yazdığı digər
əsərlərə "Əsgərlərimizə,
könüllülərimizə”, "Məfkureyi-aliyyəmiz”,
"Türkün nəğməsi”, "Məmayi-kainat”,
"Həyati-hazirəmizin ilhamları”, "Mühtab şəffa”,
"Qürbət yellərdə yadi-vətən”,
"Vaxtın səsi və həyatın özü” şeirləri
misal ola bilər. Onun 1919-cu ildə çap olunmuş
"Şühədayi-hürriyyətimizin ərvahinə
ithaf” şeiri "Sizin məzarınız iştə
qülubi-millətdir” sətri ilə başlayır və
şeirin sonrakı beytlərində bunun səbəbləri
açıqlanır: "Sizinlə buldu bu millət şərfli
istiqlal, Sizinlə buldu bu millət həyati püriqbal”,
Digər aktiv şairlərimizdən
Abdulla Şaiqin "Marş” ("Türk ədəmi mərkəziyyət
firqəsi "Müsavat”a ithaf), "Neçin böylə
gecikdin?”, "Vətənin yanıq səsi” kimi əsərləri
diqqəti cəlb edir. Onun 1920-ci ildə
"Qurtuluş” məcmuəsində çap olunmuş irihəcmli
"Arazdan Turana” şeirində nisbətən süjet elementləri
də hiss olunur. Şeirdə diqqəti çəkən əsas
məsələ Araz və Kür çaylarının
türkün problemlərini Quzğun dənizinə söylərkən
istifadə edilmiş bədii priyomlar və kodlaşdırmalardır.
"Girmiş sehrli divlər qızıl alma bağına,
Qara quzğun ötüşmüş soluna və
sağına” – tipli misralar daşıdığı məcazi
mənalarla yanaşı imperialistlərin ifşasına
yönəldilmişdir.
Cümhuriyyət
dövrü poeziyasından bəhs edərkən o zamanlar gənc
şair olan Cəfər Cabbarlının "Azərbaycan
bayrağına”, "Sevdiyim”, "Sevimli ölkəm”,
"Dün o gözlərdə”, "Yaşamaq” kimi şeirlərini
xüsusilə qeyd etmək lazımdır. O, 1920-ci ildə
çap olunmuş "Salam” şeirini Mirzəbala Məhəmmədzadəyə
töhfə olaraq qələmə almışdır. "Od
yurdunun yavruları dilindən Turan ellərinə salam söyləyin”
– sətirləri ilə türk birliyinin arzularını ifadə
edir.
Azərbaycanın
dövlət himninin müəllifi Əhməd Cavad
"Dalğa” kitabını AXC dövründə çap
etdirir. Şairin həmin illərdə yazdığı
"Bən kiməm”, "Türk ordusuna”, "Azərbaycan
bayrağına”, "Elin bayrağı”, "Gəlmə”,
"Bakı deyir ki...”, "İngilis”, "Bismillah”,
"Röyasını görmüşdüm”, "Mən
bulmuşam”, "Al bayrağa”, "Qardaş”, "Milli
bayrağımıza”, "O qıza”, "Qalx”,
"İstanbul” şeirləri milli məfkurəyə xidməti
ilə fərqlənir. Onun "Ey əskər” şeirindən
gətirdiyimiz nümunə də türk ordusunun qurtuluş qələbəsinə
həsr olunub:
Şu qarşıkı duman
çıxan bacalar
Sən gəlmədən iniltilər
çıxardı.
Geciksəydin məzlumların fəryadı
Yeri, göyü kainatı
yaxardı...
"Şəhidlərə”
şeiri isə Azərbaycandakı osmanlı şəhidlərinə
ithaf edib. "Sənin qanındanmı, düzlərdə
söylə Qüdrət bitirmişdir sayısız lalə”
– misralarında həm axıdılmış türk
qanları həm də o qanların cücərib əbədiyaşarlılıq
qazanması ifadə olunmuşdur.
Dövrün digər diqqət
çəkən şairlərindən biri də
Ümgülsüm Sadıqzadədir. Onun "Əsgər
anasına”, "Çəkil dəf ol”, "Səs verəlim”,
"Bir qız üçün” "Bu yilki mayısda”
şeirləri də istiqlal sevincini əks etdirir. Onun 1917-ci ildə qələmə
aldığı "Turan düdüyü” şeirində
"Bir sahil yoxmudur çıxa gəmimiz, Ağlaşır
analar duyan nərədə?” - tipli misralarla bədbinlik ifadə
olunsa da, 1918-ci ilin fevralında çap olunmuş "Ey
türk oğlu” şeirində "Səmalardan seçilməz
Türkün mavi bayrağı Yenə əski şan ilə Türk
yurduna dikilsin” – sətirlərində gerçəkləşəcəyinə
inandığı arzuları ifadə olunub. Nəhayət,
1919-cu ildə çap olunmuş "Yolunu bəklərdim”
şeirində isə "Heç ölçüyə
sığınmayan dərdlərimi ovutdun, Qara günüm
hilalıyın işığıyla parladı” - söyləməklə
artıq arzularının gerçəkləşdiyini ifadə
etmişdir.
Gülnar Səma
Kaspi.-
2018.- 26-29 may.- S.14.