“Sakit ölüm” arzulayan cümhuriyyətçi

 

Parlamentin son iclasının qərarını o imzalayıb

 

1918-ci ilin 28 mayında Azərbaycan istiqlalını elan edildi. Bu böyük və şərəfli hadisə, bütün Şərq aləmində, türk dünyasında yeni, demokratik prinsiplərə söykənən bir dövlətin yarandığını göstərirdi. Rusiya əsarətində yaşayan türk xalqları içərisində Azadlıq bayrağını ilk dalğalandıran və müstəqil yaşamaq haqqını dünyaya tanıtdıran Azərbaycan oldu. O, Azərbaycan ki, vətənini, millətini sevən, onun mənafeyini hər şeydən üstün tutan oğullarının ölüm-dirim mübarizəsi sayəsində buna nail oldu. Həmin oğullar "Mən çeynənən bir ölkənin haqq bağıran səsiyəm” deyərək, səs-sədalarını əməllərimi dünyaya yayaraq, istiqlalın qurucusu oldular.

 

O oğullardan biri də Məmməd Yusif Cəfərov idi. Məmməd Yusif Hacıbaba oğlu Cəfərov 1885-ci ildə Bakıda anadan Onun böyüdüyü ailə maarifə, elmə bağlı bir ocaq olub. Böyük qardaşı Əlisgəndər Cəfərzadə dövrünün tanınmış və görkəmli pedaqoqu, publisisti idi. İstər dərs dediyi məktəblərdə, istərsə də nəşr etdiyi "Dəbistan” jurnalında gənc nəslin milli ruhda böyüməsi üçün əlindən gələni əsirgəməyib. 1907-ci ildə Bakı kişi gimnaziyasını əla qiymətlərlə başa vuran Məmməd Yusif qardaşı Əlisgəndərin köməkliyi ilə Moskvaya yola düşür. Burada yüksək qiymətlərlə imtahan verərək Moskva Dövlət Universitetinin hüquq fakültəsinə daxil olur. Məmməd Yusif universitetdə təkcə yaxşı oxuması, nizam-intizamı ilə fərqlənmirdi. "Azərbaycan həmyerlilər təşkilatı”nın üzvü, sonra isə rəhbərlərindən biri olan Məmməd Yusif həm də bacarıqlı təşkilatçı idi. O, tez-tez Moskvada oxuyan bütün həmyerlilərini başına yığar, söhbətlər aparar, tədbirlər keçirərdi. Amma bunlar Məmməd Yusifin əla oxumasına heç də mane olmazdı. 1912-ci ildə universiteti fərqlənmə diplomu ilə başa vuran həmyerlimiz "Nikahın şəriət üzrə pozulması haqqında rəy” mövzusunda dissertasiya müdafiə edərək, hüquq elmləri namizədi elmi adına layiq görülür və ona universitetdə qalmaq təklif edilir. O isə Vətənə qayıdır.

 

Məmməd Yusif bu ixtisası təsadüfən seçməmişdi. Ən böyük arzusu əksəriyyəti savadsız, öz hüquqlarını bilməyən, dövlət idarələrində süründürülən, hüquqları pozulan soydaşlarına kömək etmək, onların hüquqlarını qorumaq idi. Elə bu istəklə də ilk olaraq Bakıda məhkəmədə andlı hakim köməkçisi kimi işə başlayır. Daima haqqın, ədalətin tərəfində duran 27 yaşlı gənc hüquqşünas, çinovniklərin xoşuna gəlməsə də, sadə şəhər əhalisi arasında böyük hörmət qazanır. Odur ki, 1912-ci ildə Bakı, Gəncə və İrəvan quberniyalarının müsəlman əhalisi tərəfindən 4-cü Dövlət dumasına deputat seçilir. Bu zaman Məmməd Yusif 4-cü Dövlət dumasında Cənubi Qafqazdan seçilən yeganə müsəlman deputat idi.

 

Amma onun Dumaya gəlişi çoxlarının, xüsusən də hökumət nümayəndələrinin ürəyincə olmadı. Çünki müsəlman deputat çar hökumətinin köçürmə siyasətinə qarşı öz etrazını açıq-aydın bildirərək, dəfələrlə Dumanın yığıncaqlarında demişdir: "Hökumət yerli ünsürü sıxışdırmaq yolu ilə ucqarlarda rus ünsürünü gücləndirmək məqsədilə ən yaxşı torpaqları yerli əhalidən alaraq gəlmə əhaliyə verir”. Hər vasitə ilə yerli əhaliyə, xüsusən də müsəlmanlara qənim kəsilən çar hökumətinin bu iş prinsipini "dövlət bəlası” adlandıran M.Y.Cəfərov 1912-1917-ci illərdə Sankt-Peterburqda fəaliyyət göstərən 4-cü Dövlət dumasının yığıncaqlarında söylədiyi kəskin çıxışları ilə diqqəti cəlb etmişdir. Hər dəfə çar hökumətinin müstəmləkəçilik siyasətini tənqid edən M.Y.Cəfərov, Müsəlman Fraksiyası adından bildirirdi: "Hökumət müsəlmanların maariflənməsinə laqeyd  münasibət göstərir, hüquqlarını məhdudlaşdırır, milli məktəbləri bağlayır”.

 

1917-ci ildə baş verən siyasi hadisələr, xüsusən də fevral-burjua inqilabı ziyalılar tərəfindən rəğbətlə qarşılandı. Bu hadisədən sonra 1917-ci ilin 9 martında Müvəqqəti hökumətin göstərişi ilə 4-cü Dövlət dumasının üzvlərindən ibarət Xüsusi Zaqafqaziya Komitəsi yaradıldı və komitənin tərkibinə daxil edilən M.Y.Cəfərova sənaye və ticarət işlərinə rəhbərlik etmək tapşırıldı. 1917-ci il aprelin 15-də Bakıda Qafqaz müsəlmanlarının qurultayı çağırılır və M.Y.Cəfərov qurultaya dəvət olunur. Çox gərgin keçən qurultayda çıxış edən M.Y.Cəfərov müsəlmanları dönə-dönə birliyə çağırır. 1917-ci ildən əsasən siyasi hadisələrin iştirakçısına çevrilən M.Y.Cəfərov, 1918-ci ilin ilk günlərindən artıq Tiflisdə idi. O, 1918-ci il fevralın 23-dən Tiflisdə işə başlayan Zaqafqaziya seyminin Müsəlman fraksiyasının üzvü və bu fraksiyanın ümumi rəyasət heyətinin sədr müavini təyin edilir. Seymin və fraksiyanın iclaslarında M.Y.Cəfərov yenə də fəallığı ilə seçilir. 1918-ci ili mayın 27-də Müsəlman Fraksiyasının fövqəladə iclasında yaradılan Müvəqqəti Milli Şuranın İcraiyyə Komitəsinin tərkibinə M.Y.Cəfərov da seçilir. Bir gün sonra imzalanan İstiqlal Bəyannaməsinə imza atanlardan biri də M.Y.Cəfərov idi.

 

Həmin iclasda təşkil edilən birinci kabinədə ticarət və sənaye naziri vəzifəsini tutan M.Y.Cəfərov, ikinci kabinədə Azərbaycan Cümhuriyyətinin Gürcüstanda diplomatik nümayəndəsi vəzifəsini icra edir. Bu zaman Borçalı bölgəsində yaşayan azərbaycanlıların vəziyyəti çox ağır idi. Ermənilər tərəfindən tez-tez zorakılığa məruz qalan azərbaycanlılar çətinliklər çəkirdilər. Bunu aradan qaldırmaq üçün o, Almaniya hökumətinin Qafqazdakı təmsilçisi, general-mayor Von Kressi ilə görüşür və beynəlxalq komissiyanın çağırılmasını təklif edir.

 

M.Y.Cəfərov Nəsib bəy Yusifbəylinin təşkil etdiyi 4-cü hökumətdə 1919-cu ilin 14 martından 22 dekabrına kimi xarici işlər naziri vəzifəsini yerinə yetirib. Arxiv sənədlərindən və dövrü mətbuatda çap olunan yazılardan, informasiyalardan aydın olur ki, bu zaman ölkədə siyasi vəziyyət çox gərgin olub. Yeni hökumətə qarşı çıxan müxalif qüvvələr onu həm daxildən, həm də xaricdən təhdid ediblər. Xüsusən də ermənilər. Onların Azərbaycan ərazisində və müsəlmanlar yaşayan bölgələrdə törətdikləri vəhşiliklərin diplomatik yolla aradan qaldırılması üçün var gücü ilə çalışan M.Y.Cəfərov, 1919-cu ilin 1 iyulunda Britaniya Güclərinin komandanına məktub göndərir. Məktubda bildirir ki, Ermənistan hökuməti Zəngəzura qoşun göndərib. Təəssüf ki, bu qoşunun tərkibində erməni nizami qoşunu iştirak edir.      

 

M.Y.Cəfərovun fəaliyyətinin əsas bir dövrü də onun Azərbaycan Parlamentindəki çalışmalarıdır. O, 1920-ci il fevralın 2-də M.Ə.Rəsulzadənin təklifi ilə Azərbaycan Parlamenti sədrinin birinci müavini seçilmiş və Cümhuriyyətin süqutunadək bu vəzifədə çalışmışdır.

 

1920-ci il 27 aprel, axşam saat 20:45-də Azərbaycan Parlamentinin sonuncu - 145-ci iclası başladı və saat 23:25-də bağlandı. İclasa sədrlik edən M.Y.Cəfərov Parlamentin qəbul etdiyi son qərara imza atdı. Azərbaycan bolşeviklər tərəfindən işğal edildi. Cümhuriyyət fədailərinin qara günləri başladı. Sovetlərin dövründə on səkkiz il "yaşayan” M.Y.Cəfərov hər gecə gedəcəyini gözləyərək "işıqlı” sabahını "açırmış”. İşğalın ilk illərindən "Pambıqçılıq və Şərabçılıq Trestlərində hüquq məsləhətçisi işləyən cümhuriyyətçiyə bolşevik gədələri güvənmədiyi üçün onu ilk gündən güclü nəzarətə götürürlər. Bolşeviklərin "siyasi görüşləri şübhəli olan adam” adlandırdıqları Məmməd Yusifi 1924-cü ilin 29 dekabrında həbs olunur. Uzun-uzadı dindirmələrdən, ağır işgəncələrdən sonra M.Y.Cəfərovun beş il müddətinə ciddi təcrid şəraitində saxlanılmaqla cəzasını SSRİ-nin şimal şəhərlərindən birində çəkməsi qərara alındı. Onun sürgünə düşməsinə bir-necə gün qalmış möcüzə baş verdi. Bu, Tanrının ona bəxş etdiyi bir səadətmi idi, ya iblis xislətli insanların onun ürəyini partlatmaq üçün növbəti oyunu?!

 

Martın 11-də həbsxanaya bir teleqram daxil olur. Bu, Azərbaycan Fövqəladə Komissiyasının sədri M.C.Bağırovun Tiflisdən göndərdiyi 11 mart 1926-cı il tarixli şifrəli teleqramı idi. Burada məhbus M.Y.Cəfərovun azad edilməsi tələb edilirdi. M.Y.Cəfərovun sonradan yazdığı məktublardan və ərizələrdən belə aydın olur ki, onun həbsdən azad edilməsini M.C.Bağırovdan Zaqafqaziya Fövqəladə Komissiyanın sədri Moqilyevski xahiş edib. Lakin 1928-ci ildən başlayaraq, onu bir necə dəfə Azərbaycan Fövqəladə Komissiyasının İstintaq Əməliyyat Hissəsinə "dəvət” edərək həbs olunacağı ilə təhdid edirlər. Hər gün o ağır işgəncələri, təhqirləri gözü önünə gətirməklə "yaşayan” M.Y.Cəfərov Tanrısından sakit ölüm arzulayır. Sovet rejimində yaşadığı 18 illik ömrünün 5 ilini həbsxana divarları arasında, mövcud cəza sistemi orqanlarının nəzarəti altında keçirən” və "sakit ölüm” arzulayan M.Y.Cəfərov 1938-ci ilin 15 mayında "arzusuna” qovuşdu. O, Şağan kəndində dəfn edildi.      

 

Sonda yadıma dövrünün tanınmış bolşevik yazarı, ictimai, siyasi xadimi Səməd ağa Ağamalı oğlunun 1926-cı ildə keçirilən iclaslardan birində söylədiyi çıxışı düşdü (Bu çıxışı dövrü mətbuatdan oxumuşam. Və çox təəssüf ki, bu gün bəzi ziyalılarımız Səməd ağa Ağamalı oğlunun sovetlərə xidmətini ört-basdır etməyə çalışır. Amma düşünmür ki, arxivlərimizdə bunu sübut edəcək yüzlərlə sənədlər, dövrü mətbuatda məqalələr, yazılar var). Səməd bəy çıxışını belə yekunlaşdırır: "Köhnə aləm dağılmasa, yeni aləm qurula bilməz. Yüz illərlə Qərbdən dala qalmış bu cəhənnəm dünyasını birdən-birə dağıtmaq olmur. Biz də çalışmalıyıq. İndiyə qədər bizə əməlli-başlı yiyə duran yox idi. İndi böyük qardaşlarımız, Şimal qonşumuz bizə sahib durub, bizi günə çıxaracaq”.

 

Nə yaxşı ki,  zaman bizə "ağ gün”ə necə çıxmağımızı görsətdi. Bizə yox, qara neftimizə sahib çıxan "böyük qardaş”ımız bizi yox, özlərini bizim qara neftimizlə ağ günə çıxartdılar. Amma çox şeyləri qaraya çulğalayıb məhv etsələr də, azadlıq, istiqlal amalımızı məhv edə bilmədilər!

 

Qərənfil Dünyaminqızı

Əməkdar jurnalist  

 

Kaspi 2018.- 30 may.- S.15.