Azadlığın
qüdrətinə inanan sənətkar
Onun hər bir əsəri
ömrümün bir parçası idi
Mayın 26-sında görkəmli xalq
yazıçısı, dramaturq, əbədiyaşar sənətkarımız
İlyas Əfəndiyevin dünyaya gəlişindən 104 il keçirdi. XX əsr Azərbaycan
ədəbiyyatının inkişafında böyük xidmətləri
olan, zəngin bədii yaradıcılığı ilə
çoxəsrlik ədəbiyyat xəzinəmizə misilsiz
töhfələr bəxş etmiş, həm ölkəmizdə,
həm də xarici ölkələrdə geniş şöhrət
qazanmış ölməz sənətkarımız İlyas
Əfəndiyevin əsərləri tariximizin və müasir
dövrümüzün bədii salnaməsidir. 82 illik
ömrünün 60 ildən çoxunu bədii
yaradıcılığa həsr etmiş, ədəbiyyatın
demək olar ki, bütün janrlarında dəyərli sənət
əsərləri yaratmış ustad sənətkarımızın
uzun ömürlü və heç bir zaman öz
aktuallığını, müasirliyini və bədii təravətini
itirməyən əsərləri bu gün də gələcəyə
gedən yolumuza işıq saçır. Dünya
ədəbiyyatının ən gözəl ənənələrinə
dayaqlanan, müşahidə dairəsinin genişliyindən irəli
gələn, milli özünəməxsusluğa, folklora,
klassik irsə möhkəm bağlı olan, müasirlik,
novatorluq, dərin psixoloji təhlil, ümumbəşəri məzmun
daşıyan millilik İlyas Əfəndiyev
yaradıcılığının əsas xüsusiyyətləridir.
İlyas Əfəndiyev minillik Azərbaycan
bədii mədəniyyətinin, türk-müsəlman təfəkkürünün
ən yaxşı ənənələrini yeni epoxada davam
etdirərək, mənəviyyatımızın zirvəsinə
yüksəldi. O, ədəbiyyatımızda-nəsrdə
və dramaturgiyada lirik-psixoloji üslubun banisi, öz rejissor və
aktyor məktəbi olan "İlyas Əfəndiyev
teatrı”nın yaradıcısı kimi əbədi
şöhrət qazandı. Yazıçı ədəbiyyata
gəldiyi ilk illərdən dramaturgiyaya meyil etmiş,
ömrünün sonuna qədər teatr və səhnədən
ayrıla bilməmişdir. Bütövlükdə
sənətkarın bədii yaradıcılığı xalq
təfəkkürünün zəngin xəzinəsi
üstündə yaranmışdır. Onun
yaradıcılığında müasirlik geniş fəlsəfi
məna daşıyır. Müasirlik
öncə onun əsərlərinin ideya-məzmununda,
yaratdığı obrazların dünyagörüşündə,
mənəvi-əxlaqi aləmində özünü göstərir.
"Dağlar arxasında üç dost”,
"Söyüdlü arx”, "Körpüsalanlar”,
"Üçatılan”, "Geriyə baxma, qoca”,
"Sarıköynəklə Valehin nağılı” kimi
romanlardakı Sarıköynək, Sərvinaz, Səkinə,
Şəriyyə, Yaqut, Qızyetər və s. qadın
obrazları İlyas Əfəndiyevin çoxsaylı obrazlar
qalereyasında xüsusi yer tutur. Saf, ülvi məhəbbətlə
sevən, sevgisi yolunda həyatın çətinliklərinə,
iztirab və psixoloji sarsıntılara sinə gərən bu
qadın obrazlarının xarakter bütövlüyü, mənəvi
saflığı, əxlaqi kamilliyi milli-mənəvi dəyərlərlə
bağlıdır. İnsan mənəviyyatını hər
şeydən üstün tutan, insan qəlbinin
iztirablarını səmimiyyətlə qələmə alan yazıçının bədii əsərlərində
qəhrəmanların ən çox daxili aləmləri, dəruni
hiss və duyğuları, kədər və sevincləri
yüksək bədiiliklə təsvir edilir. Bütün
yaradıcılığı boyu yalnız qəlbinin səsinə
qulaq asan yazıçı yazırdı: "Uzaq və
yaxın dünənimizə, milli-mənəvi mənliyimizə
mən heç vaxt direktivlərin, proqramların, ayrı-ayrı
dövlət rəhbərlərinin iradəsinin və istəyinin
tələbi ilə yanaşmamışam”. Mərhum akademik Bəkir
Nəbiyev haqlı qeyd edirdi: "Leninə, Stalinə, sosializmə,
partiyaya dair şüar və şit təriflərlə dolu
olan bu cür yazılardan tamamilə fərqli olaraq İlyas
Əfəndiyevin əsərləri azərbaycançılığın,
ilk növbədə məhz ədəbi, milli-mənəvi dəyərlər,
yüksək bəşəri ideallar işığında təqdimindən
və tərənnümündən ibarətdir
”.
XX əsr dramaturgiyası milli
dramaturgiyamızın tarixində yeni bir mərhələ təşkil
edir. Xalq yazıçısı İlyas
Əfəndiyev də öz dram əsərləri ilə bu
böyük, zəngin mərhələnin yaranmasında və
inkişafında
özünəməxsus rol oynamış ustad
dramaturqlarımızdandır. O, dərin psixoloji
tapıntılarla zəngin olan dramları ilə teatr sənətimizdə
yeni bir mərhələ açdı və "İlyas
Əfəndiyev teatrı” yaratdı. "İlyas
Əfəndiyev teatrı” ilə yeni rejissor və aktyor nəsli
formalaşdı. Dramaturq kimi o, "İntizar”,
"İşıqlı yollar”, "Bahar suları”,
"Atayevlər ailəsi”, "Sən həmişə mənimləsən”,
"Mənim günahım”, "Unuda bilmirəm”, "Məhv
olmuş gündəliklər”, "Mahnı dağlarda
qaldı”, "Qəribə oğlan”, "Bağlardan gələn
səs”, "Xurşidbanu Natəvan”, "Büllur sarayda”,
"Şeyx Məhəmməd Xiyabani”, "Bizim qəribə
taleyimiz”, "Sevgililərin cəhənnəmdə
vüsalı”, "Tənha iydə ağacı”,
"Ağıllılar və dəlilər”, "Odlu səhradan
gəlmiş şeytan”, "Bizə inan”, "On manatlıq
lüstr”, "Hökmdar və qızı” pyeslərini
yazdı. İlyas Əfəndiyevin
yazdığı 22 pyesdən 19-u Akademik Milli Dram
Teatrının səhnəsində tamaşaya qoyulub və bu
pyeslər çağdaş teatrımızın
inkişafına güclü təsir göstərib. Yarım əsrdən artıq bir dövrdə milli
teatrı öz çiyinlərində saxlamış qüdrətli
qələm sahibinin dram əsərləri bu gün də səhnədə
öz estetik təravətini, aktuallığını və
müasirliyini qoruyub saxlayır. Sovetlər dönəmində
yazıçı istər nəsr , istər
də dram əsərlərində
azadlığımızı, müstəqilliyimizi, mühacirət
və repressiya mövzularını böyük cəsarətlə
ədəbiyyatımıza gətirdi. 90-cı
illərdə dramaturqun pyesləri Türkiyənin Ankara,
Ərzurum, Sivas, Kayseri şəhərlərində
nümayiş etdirildi və qardaş ölkədə hərarətlə
qarşılandı. Türk mətbuatı
dramaturqu Azərbaycan ədəbiyyatının canlı
klassiki adlandırmışdı. Türkiyənin məşhur
rejissoru Kənan İşıq müsahibələrinin birində
demişdir: "Siz bu iki tamaşa ilə (söhbət
dramaturqun "Sevgililərin cəhənnəmdə
vüsalı” və "Bizim qəribə taleyimiz”
tamaşalarından gedir)
bütün Avropa ölkələrini gəzə bilərsiniz.
Çünki, bu əsərlərdə
qaldırılan problemlər millətindən asılı
olmayaraq bütün insanlara aiddir”.
İlyas Əfəndiyev
yaradıcılığı boyu milli mədəniyyətimizin
təəssübkeşi olub. Onun mədəniyyətimizə həsr
etdiyi nəzəri-estetik məqalələri öz
aktuallığı, məna tutumu ilə seçilir.
Yazıçı həmin məqalələrində teatr və
səhnə sənəti ilə bağlı bir sıra aktual
problemlərə, o cümlədən dramaturq və teatr,
rejissor sənəti, teatr tənqidi, aktyor ifası, tamaşanın
məşqi, səhnə texnikası, rol bölgüsü,
tamaşanın musiqisi və bədii tərtibatı kimi məsələlərə
münasibət göstərmiş, fikir və
arzularını bildirmişdir. İlyas Əfəndiyevin
teatr və səhnə haqqındakı nəzəri-estetik
görüşləri bugünkü teatrşünaslıq
elmi üçün də böyük əhəmiyyət kəsb
edir. Peşəkar teatrşünaslar və yüksək
ixtisaslı mütəxəssislər tərəfindən
yazıçıya verilmiş "görkəmli
teatrşünas”, "ikinci rejissor”, "səhnə bilicisi”
, "tanınmış teatr xadimi” kimi adlar heç də təsadüfi
deyildi. "Teatr xalqın ən incə
duyğularını, romantik xəyallarını, sevincini, dərdini,
arzularını ifadə edir, xalqın teatrı onun milli mədəniyyətinin
təntənəsidir” - deyən mütəfəkkir sənətkarın
bu səpkili məqalələri özünün yeni, novator
keyfiyyətləri ilə diqqətəlayiqdir.
İlyas Əfəndiyev milli-mənəvi
dəyərlərimizi, adət və ənənələrimizi,
xalqımızın şifahi xalq ədəbiyyatını dərindən
öyrənməyi təbliğ edirdi. Sənətkara görə,
mənəvi mədəniyyətin yüksəkliyi hər bir
insan üçün vacib şərtdir. Bu
baxımdan qüdrətli qələm sahibinin zaman məhdudluğu
tanımayan zəngin bədii irsi milli ruhumuzun mənəvi tərcümanına
çevrilib. Yazıçı milli-mənəvi dəyərlərimiz
haqqında düşünərkən babalarımızın
vaxtilə müqəddəs saydıqları namus ənənələrinin
yanından sükutla keçə bilmir: "Bizim milli namusumuz
hər dövrdə, hər bir çətinlikdə
xalqımızın mənəvi dayağı olub. Milli namus yalnız ər-arvad məsələlərinə
aid olmayıb. Atalarımız milli namus
dedikdə, vətən, millət namusu, qonum-qonşu təəssübü,
böyük-kiçiyə hörmət və izzət
haqqında düşünüblər”.
İlyas Əfəndiyev tarixə müraciət
edəndə yaşadığı dövr haqqında fəlsəfi
mühakimələr aparmaq, müasiri olan insanların mənəvi-əxlaqi
dünyasını araşdırmaq, cəmiyyət və fərd,
insan və zaman arasında münasibətləri
aydınlaşdırmaq üçün keçmişə
doğru tarixin pillələrinə enir, dövrün ictimai-fəlsəfi
mənzərəsini tarixi müstəvidə verməyə
çalışır. İlyas Əfəndiyevin tarixi dramları
özünün bədii-fəlsəfi fikir dərinliyi ilə
sənətkarın yaradıcılığında xüsusi
yer tutur. Yüksək ideya-bədii səviyyəsinə,
tarixi hadisələrin real təsvirinə və müvəffəqiyyətli
səhnə təcəssümünə görə,
dramaturqun "Xurşidbanu Natəvan” əsəri həm
oxucuların, həm də tamaşaçıların dərin
marağına səbəb oldu. Natəvan
dramda təkcə bir şairə kimi göstərilməyib, o
həm də şairlikdən çox Qarabağ bölgəsinin
hökmdarı, xanı kimi göstərilib. Dövrün ziyalıları ilə ünsiyyətində,
xalqın mədəni tərəqqisində, bütün məsələlərdə
o, güclü görünür, müsahiblərini üstələyir.
Pyesin bütün fəsilləri dərin fəlsəfi fikirlər
üzərində qurulmuşdur: "Əgər bu dünyada
xoşbəxtlik deyilən bir həqiqət varsa, o da yalnız
insanın öz vətəninə, öz mənliyinə,
öz ləyaqətinə sahib olmasındadır. Mən azadlığın qüdrətinə
inanıram. İnsanın gözəl hisslərinin,
gözəl fikirlərinin pərvazı üçün,
insan ləyaqətinin yüksəlişi üçün həqiqi
vicdan azadlığı lazımdır”. Bu
sözlər dramın leytmotividir. Şairə,
ictimai xadim Natəvan üçün Azərbaycanın
birliyi, azadlığı, xalqın mədəniyyəti, dili,
milli müstəqilliyi onun əsas amalıdır. Natəvanın nəzərində ikili Azərbaycan
yoxdur, bütöv Azərbaycan var.
Ümummilli
Lider Heydər Əliyev "Xurşidbanu Natəvan” pyesinin
uğurlu tamaşasına baxdıqdan sonra öz fikirlərini
dramaturqa bildirərək demişdir: "Natəvanı
gözəl Azərbaycan qadını kimi bizə təqdim elədiniz,
bununla yanaşı gözəl xan qızının
timsalında siyasi baxımdan və onun xan qızına layiq hərəkətləri
ilə bizim Şərq qadınlarının obrazını
yarada bildiniz. Mən buna görə Sizə sağ ol
deyirəm. Mən son monoloqunuza görə sağ ol deyirəm”.
Unudulmaz sənətkarımız İlyas
Əfəndiyevin ən böyük arzusu Azərbaycanın
müstəqilliyi idi. O,
öz yaradıcılığında
azadlığımızı, milli suverenliyimizi və
istiqlalımızı həmişə tərənnüm
edirdi. Müdrik sənətkar sağlığında bu
arzusuna çatdı. Ancaq Qarabağın və
doğulduğu Füzuli şəhərinin erməni
faşistləri tərəfindən işğalı ona
böyük dərd oldu. Və özü
ilə birlikdə Qarabağ nisgili apardı. Müsahibələrinin
birində dramaturq deyirdi: "Füzuli şəhəri,
Füzuli rayonu bir tərəfdən sovet imperiyasının
zülmünə, repressiyasına məruz qaldı, digər tərəfdən
də erməni işğalçılarının. Deməli, Füzuli şəhəri iki dəfə
qarət edildi. Bunun necə böyük dərd
olduğunu demək çətindir”.
İlyas Əfəndiyev XX əsr Azərbaycan
nəsrinin, dramaturgiyasının, ədəbi dilinin və
teatr sənətinin inkişafında xüsusi yeri olan sənətkardır. Qüdrətli qələm sahibi ədəbi
dilə və müqəddəs əlahəzrət Sözə
yüksək qiymət verirdi: "Ədəbi dilimizin
inkişafında ən mühüm vəzifələrdən
biri, əlbəttə, yazıçıların, şairlərin
üzərinə düşür. Yazıçı
üçün dil onun ürəyinin tərcümanıdır.
Ədəbiyyata gətirilən sözü
yazıçı elə işlətməlidir ki, o, hamı
üçün anlaşıqlı olsun. Xalqın
ruhu ilə, canlı danışıq dili ilə
mayalanmış əsərlər həmişə ümumxalq
məhəbbəti qazanır”. İlyas
Əfəndiyev həmişə oxunan və sevilən sənətkardır.
O, Sovetlər İttifaqı dönəmində gündə
bir havaya oynayan, yalnız hakim ideologiyanın sifarişi ilə
"əsərlər” yazan "yazıçıları”
özünəxas ustalıqla tənqid edirdi.
Yazıçı Azərbaycanın gələcəyinə
böyük ümidlər bəsləyirdi: "... Mənim Azərbaycanın gələcəyinə
ümidlərim böyükdür. Çünki
Azərbaycan xalqının vətəninə, torpağına
bağlılığı, sevgisi əbədidir. Bu
gün millətin vətənpərvərlik duyğusunun yeni
təlatümünün coşub kükrəyən
dövrüdür”. Sənətkar şəxsiyyətinə və
onun bəşəri məzmun kəsb edən əsərlərinə
yüksək dəyər verən ustad yazırdı:
"Dünyada böyük sənətkarlar çoxdur və
onların böyüklük dərəcəsi də müxtəlifdir,
lakin hər xalqın öz dahisi, öz sənət ulduzları
vardır. Bu ulduzlar, ilk növbədə öz
doğma xalqları üçün əzizdir, çünki
onların işığı həmin xalqlara aydınlıq,
fərəh və sevinc gətirmişdir”. Bu gözəl fikirlər "hər bir əsərim
ömrümün bir parçasıdır” deyən ustad sənətkarın
çoxçeşidli yaradıcılığının bədii-estetik
özəlliklərini bütün dolğunluğu ilə
özündə təcəssüm etdirir. Uzun ömürlü əsərlərində
xalqımızın milli azadlıq mübarizəsini, müstəqilliyini,
istiqlaliyyətini tərənnüm edən müqtədir sənətkarımızın
əbədiyaşar sənətinin işığı bu
gün də gənclərimizin həyat yoluna işıq
saçır.
Vəfa Xanoğlan,
Bakı Xoreoqrafiya Akademiyası,
professor
Kaspi.- 2018.- 31 may.- S.15.