Güşvər Şərifova: “Yaxşı nə vardısa orda qaldı”

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası Güşvər Şərifova ilə çoxdan söhbət etmək istəyirdim. Aktrisanın may ayında Antalya Böyükşəhər bələdiyyəsinin “Şəhər teatrları” festivalında “Sonluğun sonu” tamaşası ilə çıxışından sonra bu istəyim lap tezləşdi. Bakıya qayıdan Güşvər xanımla həm festival, həm də ümumiyyətlə sənət barəsində söhbətləşdik.

-Güşvər xanım Antalya yeni qayıtmızsınız. “Sonluğun sonu” tamaşası necə qarşılandı?

-Xoş təəssüratla qayıtdım. Düzü dəvət ani olduğundan, bir az psixoloji hazırlıqsız idim. Yanvarda cəmi bir dəfə oynamışdım tamaşanı, ondan sonra nə qədər fasilə olmuşdu. Sonra zəng və dəvət gəldi. Xronometrajı 40 dəqiqə olmasına baxmayaraq məsuliyyətli işdi mono tamaşa oynamaq. Bu, məni bir qədər qorxutdu, əvvəl bəhanə etdim ki, çəkilişlərim var. Düzü vardı da. Lakin sonradan öyrəndim ki, mən çəkilən hissələr bitir, razılaşdım. Həm də ona görə həyəcanlanırdım ki, tamaşanın rejissoru Nofəl Vəliyevlə mənəm. Ancaq Nofəl digər festivala getdiyindən hər şey mənim öhtəmə düşürdü. Bilmirdim texniki işləri görəm, yoxsa roluma hazırlaşam. Axırı özümü toparlayıb hazırladım. Çox yaxşı qarşıladılar orda bizi. Bir şeyi xatırladım ki, beş il öncə “Bir səbət tənhalıq” tamaşası ilə Dənizli festivalında olmuşdum. Və orada bizi necə hay-küylə qarşılamışdılar. Halbuki, tamaşanı azəri dilində oynamışdım. Türk tamaşaçısının dadı damağımda qalmışdı. Bu dəfə Antalyaya gedəndə də o fikirlə gedirim ki, yenə belə qarşılayacaqlar. Mayın 3-ü ilk tamaşanı türk dilində oynadım. Bəzilərinə tanış dildi deyə asan gələ bilər, lakin inandırım sizi elə deyil, çox sözlər kökdən dəyişir. Danışmaq üçün həmin sözləri bilmək lazımdır. Birinci dəfə idi türk dilində oynayırdım, məşqi də yalnız evdə etmişdim. Səhəri gün isə azəri dilində oynadım. Türk dilində oynayanda hansı məqamlarda ki, reaksiya verirdilər, azəri dilində vermədilər. Düşündüm ki, dilimiz yəni bu qədər anlaşılmır, soruşanda dedilər əksinə, sizin dilinizin musiqiliyini sevirik. Necə ki, bizə xoş gəlir hansısa türkün danışığı, eləcə də onlara o qədər maraqlıdı bir azəri danışanda.

-Tamaşanı iki dildə oynadınız. Hansı dildə oynamaq daha həyəcanlı oldu?

-Türk dilində oynayanda həyəcan vardı, xarakteri unutmuşdum. Elə bilin ki, Zəhra deyil, Güşvər oynayırdı. Əsas onu düşünürdüm ki, sözləri təmiz çatdıra bilim. Azərbaycan dilində rahat idi və əsl Zəhranı, onun xarakterini, hisslərini, həyəcanlarını, düşüncələrini rahat şəkildə çatdıra bilirdim. Tamaşanı ingilis dilində də hazırlamışam. Hətta, youtubedə yerləşdirmişəm. Öyünmək kimi olmasın, Azərbaycan teatr tarixində belə bir fakt olmayıb. Xarici qastrollarda, elə burda da ingilis təmayüllü məktəblər, xarici dil öyrənən tələbələr üçün oynamaq istərdim. Düzdü, demirəm tam təmiz danışıram, amma müəlliməm Mədinə xanım məni yaxşı öyrədib, deyilənə görə, pis alınmır. Amma heç vaxt düşünməmişdim tamaşanı ingilis dilində oynamağı. Necə ki, bu sənətə gəlməyi…

-Bəs necə oldu gəldiniz?

-Qismət. İncəsənət İnstitutunun imtahanları başqalarından əvvəl başlayırdı. Düşündüm bura verim sənədlərimi, hələ Xarici Dillərə vaxt var, qəbul olmasam, ora gedərəm. Əslində həvəssiz gəlmişəm bu sənətə, ancaq həvəsi olanlardan çox sevmişəm. Elə ilk cəhddən qəbul oldum, zamanla da vuruldum sənətimə.

-Bir aktrisa kimi obrazınızın dilindən tamaşaçıya ismarıcınız nə idi?

-Müəllif, mərhum Rövşən Ağayev həyat yoldaşımdı, hər şeyi orada açıq-aşkar yazıb. Sadə yazmaq daha çətindi, nəinki mürəkkəb yazmaq. Bəzən deyirlər ki, filan əsər mürəkkəbdi, onun alt qatında məna var. Amma fikir versəniz, bütün Nobel mükafatçıları sadə yazanlar olub. Yoldaşım olduğu üçün demirəm, əsərdə hər şey sadədir. Ona görə bu əsəri oynamaq da, tamaşa qurmaq da rahatdı. Qəhrəman – əri ölmüş, dörd-beş uşağı olan yaşlı qadındır. Ancaq müəllif bu qadını heç də mələk kimi təqdim etməyib. Əksinə, çoxlu kaprizləri olan bir qadındır. Mesaj da budu ki, ata-anana uf demə. Quranda da bu var. Nə qədər kapriz, nə qədər xəstə, nə qədər yaşlı olsa da, onlara baxmaq, əziyyətini çəkmək bizim borcumuzdu.

-İki fərqli rejissorun yozumunda oynamısınız bu tamaşanı. Sizə hansı daha rahat və doğmadır. Fərq nədədir?

-Əslində ikisi də doğmadır. İkisi də rahatdır. Əgər birinə oğlum Asiman quruluş veribsə, digərinə Nofəl Vəliyevlə mən rejissorluq etmişik. Lakin belə bir şey var ki, Asiman evin içində idi, atasının fikirlərini bilirdi, nəyi necə yazdığını görürdü. “Sonluğun sonuGTT-da hazırlanmamışdan qabaq o, tamaşanın eksplikasiyasını işləmişdi. Onun quruluşunda mən bütün vaxtı çarpayının üstü üçün miçətkən toxuyuram. Fiziki insana kömək edir, sən rahat olursan. Bunun özü aktrisa üçün bir köməkdir. Sanki miçətkən toxuyuram, amma əslində barama özünə yuva toxuyan kimi bir şey idi. Pyesin adı “Sonluğun sonuolsa da biz istədik tamaşanın adını “Barama qurduqoyaq. Zəhra finalda çarpayıya uzanır və üstünə örtük çəkir, eynən barama öz yuvasına çəkildiyi kimi. Amma sonra tamaşaçılar düz başa düşməz deyə əsərin adını dəyişmədik.

-Antalyada festival vaxtı başqa teatrların tamaşalarını izləyə bildinizmi?

-Xeyr, təəssüflər olsun heç bir tamaşanı izləyə bilmədik. Festivalın quruluşu fərqli idi, keçən həftə Danimarkadan, Latviyadan gəlmişdilər, sonrakı həftə biz getdik, bizdən sonra İranlılar gəlməli idi. Yəni bir ölkə qurtarıb gedirdi növbəti gəlirdi, bu cür dəyişik etmişdilər. Mənim ən xoşuma gələn bir şey oldu, demişdim hər yerdə qeyd edəcəm. İştirakçıların hamısına eyni diplom, hədiyyə verdilər. Bəzən görürsən ki, yalnız yer tutanlara verirlər. Onda yer tutmayanlar üzülür. Burda isə üzülən olmadı, hamını sevindirdilər.

-GTT-ya gəlməzdən öncə uzun illər Gəncə Dram Teatrında işləmisniz…

-O vaxt təyinatla idi. Mənim də təyinatımı Gəncəyə vermişdilər. Fikirləşdim iki il işləyərəm, təyinatım bitər, qayıdıb gələrəm. Amma qismət, ailə qurdum, qaldım. Həm də o qədər baş rollar alırdım ki, “başımı qaşımağa vaxtım olmurdu”. Sonra da öz-özümə düşündüm ki, Bakıya getsəm bu qədər gənclər arasında kimdi mənə baş rol verən. Gəncədə 60 baş rol ifa etmişəm. İlk dəfə “Fosforlu Cevriyyə”ni mən oynamışam. Bu tamaşada çox çətin vəziyyət yaşamışam. Siz təsəvvür edin, qayıq aşır və Cevriyyə dənizə düşməlidir. Qayığı yuxarıda, dənizi aşağıda vermişdilər və mənim ayağımı tros ip ilə bərk bağlamışdılar. Özümü aşağı atanda başı aşağı vəziyyətdə, ipdən asılı qalırdım. İp ayağımı kəsirdi, mən isə bilinməsə də dörd-beş aylıq hamilə idimBunu kim edər? Amma mən o qədər öz rolumun, teatrın, obrazlarımın vurğunu idim ki, hər şeyi gözə alırdım. İki saat səhnədə qalırdım o tamaşada, on dəqiqə də olsa kənara çıxmırdım. Və bu müddətdə partnyorumun biri gedirdi, biri gəlirdi. Monoloqumu deyəndə səhnə arxamda fırlanırdı, qısası dayanmaq yox idi. Bircə yarım saatlıq antrakt olmuşdu, onda gedib paltarımı dəyişə bilmişdim. Əsəri tamaşaya qoymağı da mən təklif etmişdim. Tamaşanı Oruc Qurbanov hazırladı, bir bilərdiniz səhnə versiyasını görəndə necə sevinirdim

Bir yerə getdinsə, gərək orada da qalasan. Mən isə gəldim bura, indi özümü məhv olmuş kimi hiss edirəm. Düzdür, bir-iki tamaşa var oynayıram. Mono tamaşa hazırlayıram. Amma bizim teatr adından da bəllidiGənc Tamaşaçılar Teatrıdı, daha çox nağıl tamaşalar oynanılır. Nağılla da sən içindəki enerjini, istədiyin ismarıcı tamaşaçıya çatdıra bilmirsən.

Gəncə Teatrını bu qədər sevdiyiniz halda niyə Bakıya gəldiniz?

-Məcbur qaldıqBilirsiniz, 1990-cı illər ağır illər idi. Qanlı Yanvardan sonra sanki teatr öldü. Yoldaşımın studiyası vardı, əlindən aldılar. qədər sənədləri göstərdik, bizim olduğunu dedik, heç əhəmiyyət vermədilər. Sonra da teatra gələn olmadı. 40 gün tamaşa oynamadıq faciədən sonra. Açılışda da gələn olmadı. Hətta, dəvətnamə verdik, qapıları açdıq, pulsuz gəlib baxmağa dəvət etdik, fayda vermədi. Hamı meydanlara qaçırdı. Düzdür, Gəncə Teatrında işlədiyim illər bir başqadır, unudulmaz ən gözəl illərimdir. Gənc idim, rollarımı sevirdilər, bütün şəhərdə tanınır və sevilirdim. Lakin məcbur gələsi olduq, gördük ki, vəziyyət get-gedə pisləşir, dedik bu cür yaşaya bilmərik. Ancaq Bakıda da hər şey istədiyimiz kimi olmadı. Yaxşı nə vardısa orda qaldı.

-Güşvər xanım, hazırda işlədiyiniz GTT-da bizi hansı yeniliklər gözləyir?

-Bilmirəm (fikrə gedir). Yeni deyəndə, mayın 26-sı “Dəlixanada qətl”in premyerası olacaq, bir də “Tənbəl Əhməd”də kiçik rolum var. Bu, sadəcə nağıl tamaşadı deyə, baş rollarda gənclərdi.

-Bu gün sənətdə gənclərə daha çox üstünlük verilir. Gənclər isə çox vaxt təcrübəli insanların məshələtinə ehtiyac duymurlar. Sizdən necə, məsləhət alan gənclər olurmu?

-Söhbət gənclərdən getmir, elə yaşlılar da həmişə məsləhət almalıdırlar. Mən bu yaşda da kiminsə məsləhətinə ehtiyac duyuram və alıram da. Ancaq cavanlar bir dəfə də olsun məsləhət almayıblar. Gəncədə işlədiyim vaxtlar Rəmziyyə Veysəlova adlı məşhur aktrisa vardı, çox da savadlı idi. Mən ora gələndə cavan qız idim, iyirmi iki yaşım olardı. Bir dəfə mənə dedi ki, məşq edəcəm bax gör necədir? Çox həyəcanlanmışdım. Belə bir məşhur aktrisaya yeni gələn gənc qız nə deyə bilər axı? Qoca qarı rolun oynayırdı, məşqdən sonra soruşanda hər şeyin gözəl olduğun dedim, bircə onu bildirdim ki, tutduğu çomağı nənəm belə tutardı. Bu onun bilsəniz necə xoşuna gəlmişdi, təşəkkür etdi ki, belə xırda nüansı onun yadına salmışam. Əslində o məni çağırmamşdı nəsə öyrənsin, o bir növ mənim öyrənməm üçün belə etmişdi. Bu, məhz belə də olmalıdır. Hamı bir-birindən öyrənməlidir. İndikilərə sanki ar gəlir nəsə böyüklərdən öyrənəndə. Rollarıma gəlincə istərlər böyük rollar verərlər, istəməzlər verməzlər, sakit insan kimi görünə bilərəm, amma öz üzərimdə daima çalışanam. Həmişə yenilik axtarışındayam. Özü də elə şeylər edirəm ki, özümə çətin olsun. Çətinlik olanda daha rahat oluram.

-Ümumiyyətlə, kinonu teatrdan gəlirli sahə hesab edirlər. Filmlərə təkliflər alırsınız?

– Təkliflər olur. Və dəfələrlə də olub, ancaq çəkməyiblər. Hələ də təəccüb edirəm, o vaxtlar cavan idim, qəşəng idim, nədən filmlərə çəkmədilər məni? Bir film vardı “Gümüşü göl” adlanırdı, ordakı balerina roluna məni dəvət etmişdilər, lakin sonradan rus aktrisasını çəkdilər. İndiyə qədər fikirləşirəm nə oldu ki, məni çəkmədilər. Əslində özümü həmin obrazda tamamilə görürdüm. O zaman 21 yaşım vardı, indi də həmin gənclik enerjisində, gənclik ruhundayamSeriallara gəlincə, hələ çox zəifdir. Baxırsan guya təbii danışmaq istəyirlər, tam əksinə olaraq o qədər sünilik yaranır baxmaq da istəmirsən. Ən böyük problem vaxtdır, məşqsiz, filansız tələm-tələsik çəkilir, yaxud “küçədən keçəni” gətirib çəkirlər. Ona görə də nəticə belə alınır. Amma nə etməli, seriallara çəkilmək çox vaxt ürəyimizcə olmasa da, maddiyyata görə çəkilirik.

-Oğlunuz Asimanla sənət barədə fikirləriniz üst-üstə düşür, ya əksinə? Bu barədə müahisələriniz olurmu?

-Asimanla demək olar fərqli insanlarıq. Sənət barədə hər gün danışırıq. Heç istəməsək də, söhbət fırlanıb sənətə gəlir. Düzdür, fikirlərimiz adi şeylərdə üst-üstə düşmür. Məsələn, mən sərbəstəm, geyimimdə, danışığımda, ruhən cavanam. Ancaq o, həmişə saya rənglərə, ciddi geyimlərə üstünlük verir. Dəfələrlə demişəm saç düzümünü dəyişsin, geyimində rənglərdən istifadə etsin, qəti razılaşmır. Necə ki, bəzi şeylərində mən onu bəyənmirəm, bilirəm ki, Asiman da mənim bəzi cəhətlərimi bəyənmir. Amma sənət barədə söhbətlərimiz çox vaxt üst-üstə düşür. Mən ona həmişə məğlub oluram. Özünə də deyirəm kaş sizinlə yaşıd olardım. Oğlum olduğu üçün demirəm, fikirləri çox aydın, çox dəqiqdir. Adi tamaşa quranda mənə nə qədər yeni şeylər öyrədib. Hansısa hərəkəti edirdim, deyirdibu ştampdı”. Halbuki başqalarının təbii qəbul etdiyi hərəkəti oğlum deyir ştampdır. Yoldaşım çox ağıllı insan idi. Dəfələrlə tamaşaları müzakirə edirdik. Asiman ondan da irəli gedib. Biz heç vaxt onu qarşımıza qoyub nəyisə öyrətməmişik. O, özü öyrənib hər şeyi. Bu gün internet dövrüdür, araşdırır, öyrənir və hardasa öyrədir də.

-Ətraflı söhbətə görə təşəkkür edirik

-Mən təşəkkür edirəm.

 

Pirimova, Nigar teatrşünas