Cümhuriyyət dövrünün
ədəbi mühitə təsiri
XX yüz il Azərbaycanın ictimai-siyasi,
ədəbi-mədəni həyatında
dövlətçilik, azadlıq və
tərəqqipərvər hisslərlə zəngindir.
Azərbaycan Xalq Cümhuriyyəti
dönəmində ədəbiyyat, mədəniyyət
sahəsində də özünəməxsus irəliləyişlər
baş verib.
Xüsusən ədəbiyyatda parlaq
əksini tapan istiqlalçılıq,
cümhuriyyətçilik ideyaları yazarların
yaradıcılığında nəsillərin bir-birinə
töhfəsinə çevrilib.
"Müzakirə”mizdə
Cümhuriyyət dövrünün
ədəbi mühitə necə təsir etdiyini
araşdırmağa çalışdıq.
Milli istiqlal ideyalarının
təşəkkülü
"Cümhuriyyət
dönəmində Azərbaycan ictimai-siyasi
fikrinə paralel olaraq,
ədəbi-bədii düşüncə də fərqli
ortamda cərəyan edir.
Dövrün ictimai
həyatı siyasi fikirlə yanaşı,
ədəbi düşüncəni də xalqın, insanın
və fərdin milli tale
probleminə yönəldir” deyən professor Bədirxan
Əhmədov bildirir ki, Azərbaycan
Xalq Cümhuriyyətinin yaranması
ilə bədii düşüncədə milli
ruh özünün
ən yüksək zirvəsinə çatır. Eyni zamanda ədəbiyyatda
siyasi mövzu
və problematikanın çəkisi artır:
"Azərbaycan Xalq Cümhuriyyəti
bir tarixi, siyasi, ideoloji fakt olaraq yalnız dövrünün tarixi
şəraitinin məhsulu olmayıb, həmin illər boyu milli-siyasi,
ədəbi, fəlsəfi düşüncənin nəticəsi
olaraq meydana gəlib.
Milli dövlətçilik ideyasının
tarixi o qədər
uzağa getməsə də, milli dövlətçiliyi, müstəqillik
ideyalarını şərtləndirən milli mənlik şüurunun
yaranmasının aspektləri məhz bədii düşüncəyə
söykənir. Yəni milli, etnik mənlik şüuru,
əvvəlcə bədii, sonra isə
ictimai-siyasi təfəkkürdə
təşəkkül tapır. İctimai-siyasi
həyatla ədəbi proses eyni məcrada davam edir və bir-birinə qarşılıqlı
şəkildə təsir göstərir: həyatı, ictimai-siyasi hadisələrin dərkində
ədəbiyyatın rolu artır.
Bədii sözün gücü
artdıqca, ədəbi şəxsiyyətlər də xalq, vətən, millət və onun azadlığı ideyasına nüfuz etməyə başlayırlar”.
Professor qeyd edir ki,
Cümhuriyyət dövründəki Azərbaycan
ədəbiyyatını ayrıca bir
mərhələ kimi götürmək
mümkündür: "İki
ilə yaxın bir dövrün
ədəbi prosesi özündən
əvvəlki və sonrakı proseslərlə bu və ya digər
şəkildə əlaqədə götürmək daha doğru olardı. Bununla belə, dövrün
kifayət qədər zəngin ədəbi mənzərəsinin
formalaşdığını da qeyd etmək yerinə düşərdi. Lakin bu dövr
çox qısa olduğu
üçün bəzi yazıçı
və şairlərin cümhuriyyət dövrü
yaradıcılığı ilə bağlı qəti
fikirlər yürütmək çətin olur”. B.Əhmədovun sözlərinə
görə, ictimai-siyasi, ədəbi,
mədəni fikrin formalaşmasında
əsas rolu, şübhəsiz, mətbuat
oynayırdı: "Bunu da qeyd etmək lazım
gəlir ki, dövrün,
zamanın sosial, siyasi,
hərbi faktorları mətbuatda publisistikanı
önə çəkdiyindən, bədii söz
bir qədər arxa plana keçir. Dövlət
quruculuğu prosesi
mətbuat və onun vasitələri
ilə ədəbiyyata da öz töhfəsini verir.
"Azərbaycan", "İstiqlal",
"İttihad", "El",
"Doğru yol",
"Millət", "Məktəb", "Türk sözü",
"Bəsirət", "Açıq söz",
"Övraqi nəfisə", "Qurtuluş" və s.
mətbuat orqanlarında publisistlərlə yanaşı,
yazıçı və şairlər də məqalələrlə
çıxış edirdi. "Kommunist", "Gənc işçi",
"Haqq", "Zəhmət",
"Əxbar" kimi bolşevik
mətbuatı da fəaliyyət
göstərdiyindən, burada da bəzi ədəbi nümunələrə
rast gəlmək olurdu.
Dərc olunan mətbuat
nümunələrinin bəziləri əvvəllər
çıxmağa başlamış, bəzilərinin
isə nəşr tarixi elə
Cümhuriyyətin ömrü
qədər olmuşdur”. B,Əhmədov qeyd edir ki,
S.Ağamalıoğlu, Ü.Şərifov,
Ə.Nəcəfzadə, M.B.Məmmədzadənin
məqalələri tez-tez nəşr edilirdi. M.Ə.Rəsulzadə, Ə.Cavad, Ü.Hacıbəyli, Ə.Müznib, C.Hacıbəyli, M.Hadi,
Ö.F.Nemanzadə, H.Qasımov, F.Ağazadə, B.Seyidzadə,
A.Ziyadxanov, Y.V.Çəmənzəminli,
A.Şaiq, C.Cabbarlı, Əliyusif,
Gəncəli Davudun publisist
və bədii əsərlərində milli
düşüncə və atributlar
təbliğ edilir, tərənnüm olunurdu. Türk şairləri
Məmməd Əmin Yurdaqul, Əli Kami, Tofiq Fikrət, Arif Ürfan, Rövşən
Əşrəf bəy, İbrahim Şakir və başqalarının dövri mətbuatda dərc olunan
əsərlərində türkçülük,
milli vətənpərvərlik hissləri
aşılanırdı: "Siyasi
həyatda olduğu kimi,
ədəbi prosesdə də cəbhələşmə
yaranmaqda idi. Mətbuat
ətrafında cəmləşən Azərbaycan yazıçı
və şairləri bu dəfə mühiti, yaratdıqları ədəbi
cəmiyyətlərlə canlı edirlər. Milli düşüncəli yazarlar
bir qədər əvvəl fəaliyyətə
başlayan "Ədəb yurdu", "Yaşıl qələm",
"Türk ocağı" dərnəklərində
fəaliyyət göstərirdi. İdeya
etibarilə Rusiyadan qidalanan
və bolşeviklərin rəhbərliyi altında milli düşüncəyə alternativ yaranan
"Qırmızı qələm" (1919) cəmiyyəti
də ədəbiyyatdan siyasi məqsədlər
üçün istifadə
səbəbilə yaradılmışdı. AXC-nin varlığı ictimai,
siyasi həyatı
canlandırdığı kimi,
mədəni həyata da öz
təsirini göstərirdi. Məktəblərin
milliləşdirilməsi ilə əlaqədar olaraq elmi, ədəbi kitablara ehtiyac daha da artırdı. Bütün bunlar
ziyalıları bir ideya,
bu ideyanı həyata keçirən
təşkilat ətrafında toplaşmanı zəruri edirdi. Belə bir
təşkilat isə "Türk
ocağı” olur. AXC dövründə yaranan bu cəmiyyətin
fəaliyyəti milli şüurun,
dövlətçilik və istiqlalçılığın
formalaşmasında əhəmiyyətli rol
oynayır”. Ədəbiyyatşünas alim
bildirir ki, Azərbaycan
yazarlarının bir çoxu
Cümhuriyyətin qurulması prosesində yalnız
əsərləri ilə deyil,
şəxsi fəaliyyətləri ilə də yaxından
iştirak ediblər: "Ə.Cavad 1914-cü ildən sonra
ədəbi yaradıcılıqla yanaşı, ictimai işlərdə, xeyriyyə cəmiyyətinin
tədbirlərində fəal iştirak
edirdi. Cümhuriyyət dövründə
isə onun fəallığı daha da artır, "Müsavat" üzvü
kimi Məclisi-məbusanın iclaslarında
olur, milli, vətənpərvərlik
ruhunda əsərlər yazır və türk ordusuna şeirlər
həsr edirdi. A.Şaiq
"Müsavat" himninin
müəllifi və istiqlal yönümlü olmaqla
bir çox şeirlər
yazır. M.Hadi şəxsiyyət etibarilə
tam azad olduğundan və cəmiyyət hadisələrinə
münasibətdə pessimizmi hələ
də davam edirdi.
Gənc C.Cabbarlı, Umgülsüm,
Əmin Abid milli ruhlu əsərləri ədəbi
prosesə canlılıq gətirirdi. Y.V.Çəmənzəminli
Cümhuriyyətin qurulması prosesində Ukraynada Azərbaycan nümayəndəsi,
İstanbulda konsul
qismində fəaliyyət göstərirdi. Tənqidçi
Seyid Hüseyn
cümhuriyyətçi yazarlardan hesab olunurdu. Cümhuriyyət
dönəmində H.Cavid Naxçıvanda,
C.Məmmədquluzadə isə Kəhrizlidə və Şuşada siyasi
mühitdən kənarda yaşayırdı. Ə.Haqverdiyev isə Borçalıda və Dağıstanda
rəsmi vəzifə – diplomatik missiya daşıyırdı. Bir müddət Təftiş İcraiyyə
Komitəsinə üzv olan
yazıçı bir il
sonra Gürcüstan
parlamentinin üzvü
olmuşdur. Daha sonra isə AXC hökuməti onu Dağıstana nümayəndə
göndərib. A.Divanbəyoğlu gah
müəllim işləyir, gah da Daxili İşlər
Nazirliyində tərcüməçi vəzifəsində
çalışırdı. H.K.Sanılı sosialist siyasi mövqeyi ilə seçilirdi.
T.Ş.Simürğ, B.Talıblı kommunist dünyagörüşləri
ilə partiyanın işində yaxından iştirak edirdi. N.Nərimanov
isə siyasi fəaliyyətlə
məşğul olurdu. Ümumiyyətlə,
bədii ədəbiyyatın yeni quruluşu tərənnüm etməsi, xalqa, millətə, vətənə, bayrağa, Azərbaycan ordusuna
sevgi yaratması başlıca məsələlərdən
hesab olunurdu”.
Professor
qeyd etdi ki, Cümhuriyyət dövrü
ədəbi prosesində türk
şairləri də yaxından iştirak
edirdi: "Artıq bir
neçə il idi Namik Kamal, Tofik Fikrət, Məmməd Əmin Yurdaqul, Arif Ürfan Qaraosman, Rövşən
Əşrəf, Feyzulla Sacid
və başqalarının şeirləri Azərbaycan
ədəbi prosesində dövriyyədə olmaqla yanaşı, istiqamətverici,
yönləndirici işlər də görürdü.
Gənc Azərbaycan şairləri klassik
şeirin təsirindən qurtularaq türk şeirinin ritmi, havası
üstünə köklənirdi. Əgər belə demək
mümkündürsə, türkçülük,
turançılıq ideologiyası bir
nəzəri fikir, düşüncə
olaraq Azərbaycan ictimai
fikrindən Türkiyəyə ixrac olunurdusa, qarşılığında
həmin ideyalar poetik
şəkildə geriyə idxal edilirdi”.
Professor qeyd etdi ki,
Cümhuriyyət dövrünün
ədəbi düşüncəsində poeziya
aparıcı mövqe tutsa
da, dramaturgiya və
nəsr ona nisbətən zəif inkişaf edib: "Bunun əsas səbəbi isə poeziyanın kiçik formalardan
ibarət olmaqla, mövcud
hadisələrə adekvat cavab
verməsi olmuşdur. Dramaturgiya
və nəsrdə isə bəzi nümunələri
çıxmaq şərtilə bu
adekvatlığı görmək mümkün
deyil. Əksinə, dramaturgiya
bəşəri mövzu və problematikaya toxunduğu kimi, sənətkarlıq baxımından da özünəməxsus olub
ədəbi prosesi
canlandırmışdır”.
Azərbaycan
Cümhuriyyətinin hüquqi varisi
Professor Alxan Bayramoğlu hesab edir ki,
Cümhuriyyət dövrü
ədəbiyyata yeni mövzular
gətirməklə yanaşı, həmçinin
ədəbiyyat üçün istiqlal düşüncəsini
hazırladı: "Cümhuriyyət dövrü
milli mənlik şüurunun
formalaşmasında xüsusi rol oynadı. Milli
istiqlalın əldə olunması üçün
milləti hazırladı. Xalqın özünə
tanıdılması, onda maarifçilik
şüuru ilə yanaşı
müstəqillik, istiqlal şüurunu,
siyasi şüurun
yaradılmasına şərait yaratdı. 19-cu əsrin sonuna doğru maarifçilik düşüncəsi hakim idisə, 20-ci əsrin
əvvəllərində siyasi şüur, siyasi
müstəqillik təbliğ olunurdu”. A.Bayramoğlunun sözlərinə
görə, müstəqillik dövründə həm
qazanılanların qorunması, həm qiymətləndirilməsi,
həm də inkişaf etdirilməsi
istiqamətində təbliğat aparılır, mövzular yazılırdı. Belə ki, Məhəmməd Hadi,
Əhməd Cavad, Cəfər Cabbarlı,
Əli Yusif, Abdulla Şaiq, Umgülsüm
və b. şairlərin şeirlərini misal göstərmək olar:
"Eyni zamanda, Qafqaz türk ordusu ilə Azərbaycana gələn
şairlərin əsərlərində həm
vətənpərvərlik əhval-ruhiyyəsi, həm
cümhuriyyətçilik və istiqlalçılıq ideyaları
təbliğ və tərənnüm olunur,
həm də xalqın inamını özünə
qaytarırdı. Mart
soyqırımından sonra xalq təqib və təzyiqlərdən cana gəlmiş və bir
qədər bədbinləşmişdi. İstiqlala
inamın, işıqlı sabaha
etibarın yaradılması uğrunda
çalışırdılar. Eyni zamanda Cəfər Cabbarlı, Abdulla
Şaiq, Cəlil Məmmədquluzadə kimi şair və dramaturqlar əsərlərində
vətənpərvərlik, xarici
işğalçılara qarşı mübarizə,
gələcəyə inamı tərənnüm edirdilər.
Ümumiyyətlə, günün bütün
sosial-mədəni həyatı, qadınların ictimai həyata qoşulması kimi
məsələlər də ədəbiyyatda öz
əksini tapırdı”. Professor qeyd edir ki,
sonrakı mərhələdə - Azərbaycan sovetlər tərəfindən
işğal olunandan sonra, 20-ci illərin axırı – 30-cu
illərin əvvəllərində istiqlalçı fikirlər
təqib edilməyə, bu ideyaların
qarşısına sədd qoyulmağa
başlandı: "İstiqlalçı fikirlərin
daşıyıcıları olan adamlar repressiyaya məruz
qaldılar. Məşhur repressiya
dalğası xalqın başının üstünü
aldı. İstiqlal düşüncəsinin
daşıyıcılarını yavaş-yavaş
sıradan çıxartdılar. Ancaq
istiqlalçılıq fikrini xalqın şüurundan ata bilmədilər.
Ümummilli lider Heydər
Əliyevin qeyd etdiyi kimi: "Azərbaycan ikinci
dəfə dövlət müstəqilliyini Cümhuriyyətin
varisi kimi bərpa etdi”. Bu hərəkatda
cümhuriyyətçilik, istiqlalçılıq
ideyaları böyük rol
oynadı. Ona görə də ölkə
prezidenti İlham
Əliyev Azərbaycan Cümhuriyyətinin 100 illiyi,
eyni zamanda 2018-ci ilin Cümhuriyyət İli
elan olunması ilə bağlı sərəncam
imzaladı. Bu da onu göstərir ki, biz həqiqətən də Azərbaycan
Cümhuriyyətinin hüquqi varisiyik”.
Kaspi.- 2018.-26-29 may.-S.10.