50 yaşlı Sumqayıt
teatrı
Azərbaycan Respublikası Mədəniyyət
Nazirinin 10 iyul 1968-ci il tarixli əmri ilə yaradılan
Sumqayıt Dövlət Dram Teatrının 50 illik yubiley gecəsi
keçirilib. Mədəniyyət naziri Əbülfəs
Qarayev, mədəniyyət nazirinin birinci müavini Vaqif
Əliyev, Sumqayıt Şəhər İcra Hakimiyyətinin
başçısı Zakir Fərəcov, ölkənin teatr
ictimaiyyətinin və şəhər ziyalılarının
nümayəndələri əvvəlcə teatrdakı sərgi
ilə tanış olublar.
İlk dəfə böyük dramaturq, filosof,
maarifpərvər ziyalı Mirzə Fətəli Axundzadənin
"Müsyo Jordan və dərviş Məstəli
Şah" komediyası ilə tamaşaçıların
görüşünə gələn kollektiv yarım əsrdə
keşməkeşli, ancaq uğurlarla zəngin yol keçib.
Bu gün Azərbaycan Respublikası Prezidentinin 05 iyul 2018-ci il
tarixli sərəncamına əsasən Azərbaycan
Respublikası Mədəniyyət Nazirliyinin və Sumqayıt
Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı
ilə gerçəkləşən yubiley tədbiri tarixi-mədəni
hadisə kimi yaddaşlara həkk olundu.
Teatrın baş rejissoru, Xalq artisti Firudin Məhərrəmov
yubiley ssenarisini məhz ilk tamaşanın motivləri üzərində
qurub. Dərvişin əcinnələri hadisələrin
gedişinə təsir göstərir, süjet xəttini
dolğunlaşdırırlar. Amma bu dəfə əcinnələr
xeyirxah missiyada çıxış edirlər.
Aparıcıların təqdimatı ilə
teatr truppası səhnəyə dəvət olundu və onlar
üçün ayrılmış yerlərdə əyləşdilər.
Sonra Azərbaycan Respublikası Mədəniyyət Naziri
Əbülfəs Qarayev və Sumqayıt Şəhər
İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov,
teatr kollektivini təbrik etdi. Çıxışlarda dövlət
başçısının milli mədəniyyətə,
incəsənətə xüsusi qayğısından, bu sahədə
reallaşan əhəmiyyətli layihələrdən
danışıldı. Elə bu günlərdə
Sumqayıt Dövlət Dram Teatrının 50 illik yubileyi ilə
bağlı kollektivin bir qrup üzvünə fəxr
adların və "Tərəqqi" medalının verilməsi
vurğulandı. Prezident sərəncamı səsləndirildikdən
sonra fəxri adlar, habelə "Tərəqqi” medalı əməkdaşlara
təqdim olundu. Şəhər İcra Hakimiyyətinin
başçısı Zakir Fərəcov şəhərin
sosial-mədəni həyatında fəal iştirakına
görə bir qrup aktyoru Fəxri fərmanla təltif etdi.
Kollektivin bu özəl günündə
bir-birindən rəngarəng çıxışlar,
maraqlı təbriklər oldu. 1969-cu ildə teatrda qoyulmuş
ilk tamaşa - "Müsyö Jordan və dərviş Məstəli
şah” komediyasının rejissoru xalq artisti Cənnət Səlimova
təbrikə qoşuldu. Azərbaycan Teatr Xadimləri
İttifaqının sədri Azər Paşa Nemət Azərbaycan
Teatr Xadimləri İttifaqının Fəxri fərmanlarını
bir qrup aktyora təqdim etdi.
Milli Akademik Dram Teatrının aktyorları
Hacı İsmayılov, Əjdər Həmidov və Əli
Nur, Akademik Opera Balet Teatrının solisti Gülüstan
Əliyeva, Musiqili Teatrın aktyorları Xalq artisti İlham
Namiq Kamal və digər aktyorlar öz təbriklərini
çatdırdılar. Daha sonra zaman-zaman teatrın
repertuarında yer tutmuş müxtəlif tamaşalardan
fraqmentlər monitor vasitəsilə göstərildi. Azərbaycan
Dövlət Gənc Tamaşaçılar teatrının
kollektivi də öz təbrikini orijinal formada
çatdırdı. Respublikanın Xalq artistləri Gülyaz
və Gülyanaq Məmmədova bacıları yubiley tədbirinə
musiqi töhfəsini verdi. Həmçinin digər ölkələrdən
teatr rəhbərlərinin təbrikləri monitorda göstərildi.
Kaspi.-2018.-1 noyabr.-S.10.