Teatr olmasa, dünyada nəsə
dəyişərmi?
Sual qətiyyən ritorik deyil. Qiyamət
gününün ağırlığı sallanır bu
sualdan. Günümüzün insanı üçün nə
dərəcədə maraqlı olduğunu bilmirəm, amma son
günlər yaşanan olaylar, teatr həyatındakı
durğunluq məni bu haqda düşünməyə vadar etdi
və düşündüklərimi dünya teatr sənətində
gəlişən tendensiyaların kontekstində sözə gətirməyə
çalışdım.
XXI əsrin teatrı müasir qala bilmək
üçün teatr olmaqdan imtina etdi. Qeyri-teatra çevrildi.
Teatrallıqdan uzaqlaşdı, hətta deyərdim ki,
teatrallıqla açıq mübarizəyə girişdi.
Haçansa Yuozas Miltinis belə bir ifadə
işlətmişdi: "tamaşanı istənilən ədəbi
materialdan hazırlamaq olar. İstər telefon kitabçası
olsun, istər kulinariya kitabı, istərsə də təmir
üçün göstərişlər”. Hərçənd
ki, bu ifadəni V.Meyerholdun adı ilə bağlayanlar da var.
A.Efros isə epikrizdən tamaşa hazırlamağın
mümkünlüyünü vurğilamışdı.
Əslində, rusların təbirincə desək, bu
"qanadlı ifadənin” kimin tərəfindən deyildiyi bir
o qədər önəmli deyil. Önəmli olan odur ki, illər
öncə yarızarafat deyilən bu fraza XXI əsrdə
Litvadan olan gənc rejissor Vidas Bareykis tərəfindən səhnədə
reallaşdırılıb.
Vidas Bareykis: "Telefon kitabçasının
içində özünəməxsus ifadəlilik, effektiv
dramaturgiya var. Burada hər şey vacibdir. Adlar, soyadlar, ad və
soyad arasındakı boşluqlar, onların arxasında dayanan
təşkilatlar. Hətta sözü yox, sözlər
arasındakı boşluğu, ağ ləkəni də
tamaşaya qoymaq olar. Mən əlaqələri pozmağı,
sonra isə bu əlaqələri özümə uyğun
şəkildə yenidən qurmağı sevirəm.Yer
üzündə mövcud olan hər şey arasında əlaqə
var. Əsas odur ki, hər şeyin yerini tapa biləsən və
məhz bu mətnin realizəsində maraqlı olasan. Bir daha əmin
oldum ki teatrın bacarmayacağı heç nə yoxdur”.
Gənc rejissorun yaratdığı No Theatre
"Telefon kitabçası” adlı tamaşasını ədəbi
əsas olmadan hazırlayıb. Daha doğrusu, tamaşanın ədəbi
əsası bilavasitə məşq prosesində
yazılıb. Çıxış nöqtəsi teatrın
öz reallığı, gənc sənətçilərin
arzuları, ümidləri, qorxuları və
etirazlarıdır. Nəticədə janr baxımından rəngarəng
1 saat 35 dəqiqəlik tamaşa-zarafat alınıb. Burada
qrotesk də var, klounada da, lirik ricətlər də, parodiya
da.
"Telefon
kitabçası” teatr haqqında, səhnə haqqında, sənətin
təbiəti, funksiyaları, sənət arzuları və
şübhələr haqqında tamaşadır, müasir
teatrın problemlərinə və funksiyalarına toxunan
tamaşa... Teatrın adından kollektivin sənət təfəkkürünü
də oxumaq mümkün. Bu adla kollektiv "şərti
şumda kəsib” bəri başdan ənənəvi teatr
qavrayışı ilə konfrantasiyada olduğunu bəyan edir
və teatrın klassik, ənənəvi formada yaşamaq
imkanlarını şübhə altına alır. Bunun
üçün rejissor mütləq şərtilik metodundan
istifadə edir. Təbir caizsə, V.Beraykis teatrın öz
metodu ilə teatrı tənqid edir, bir az da dərinə getsək,
"baltalayır”.
Səhnədə hərəkətli taxta
konstruksiyalar evin karkasını xatırladır. Hadisələr
səhnə məkanında, səhnədə yaşayan və
"oynayan” aktyorların əhatəsində baş verir.
Tamaşa kiçik intermediya ilə (bu da bir paradoks)
başayır və bu hissə 15 dəqiqə davam edir.
Müasir musiqinin müşayiəti ilə səhnəyə
qorilla kostyumunda aktyorlar çıxır, bir neçə dəqiqə
qəribə "vəhşi rəqs” ifa edirlər. Telefon
kitabçasının vərəqlərini toplayır, yəhudilər
haqqında danışır, İsa Məsihi unitazda təsvir
edirlər. Teatr bununla milli və dini mövzularla xəstələnmiş
müasir intellektual Avropa teatrı trendinə də ironiya
edir.
İlk baxışda ancaq teatrdan
danışdığı güman edilən tamaşa, əslində,
bir teatrda baş verən hadisələrlə həm də
ictimai-siyasi proseslərə işarə edir.
Tamaşaçıların gözü
önündə gah qədim insanların iştirakı ilə
bəşəriyyətin tarixi canlandırılır, gah sənəyə
diktator Adolf Hitlerə işarə olan Adolf Klişe adlı simvolik personaj
çıxarılır. Adolf Klişe həm də ətalətli,
rutin köhnə teatrın simvoludur. Aktyorlar "teatr nədir”,
"necə olmalıdır” suallarına cavab axtarırlar və
mövcud cavab variantlarını tamaşaçının
gözləri qarşısında yaradaraq göstərirlər.
Ayrı-ayrı parodiya-səhnələr teatr
tarixinin müxtəlif mərhələlərini
simvollaşdırır. Səhnədə
Nyakröşüsün folklor performanslarını
xatırladan səhnə ritualları, müxtəlif məşhur
teatr simalarının ünvanına atılan replikalar
bir-birini əvəzləyir.
İlk səhnələrdə
tamaşaçı səhnədə baş verənlərin
"postmodernist” teatra ironiya olduğunu anlamır. Birdən ilk
cərgədə oturmuş tamaşaçı ayağa
qalxaraq qışqırır və aktyorlardan
hoqqabazlığa son qoymağı tələb edir. Qəzəblənmiş
tamaşaçı aktyorları hədələyərək
deyir ki, əgər bir gün hakimiyyətə gəlsə,
teatrları yalnız həqiqəti göstərməyə məcbur
edəcək və intellektual oyunların arxasında gizlənən,
konsepsiyalar uyduran aktyorları cəzalandıracaq, senzuranı
bərpa edəcək. Çünki teatr səhnədə
göstərdiklərinə görə məsuliyyət
daşımalıdır. Tamaşaçı bu sözü
deyib zaldan çıxır və intermediya sona çatır.
Aktyorlar maskalarını çıxarır, gündəlik teatr
həyatlarını yaşayırlar.
Tamaşada səhnə ilə (bəli,
tamaşaçı ilə yox məhz səhnə ilə)
ifaçıların dialoqu da olduqca ifadəlidir. Aktyor səhnədə
tək qalır və birdən o, yuxarıdan düşən
damcı səslərini eşidir, bu damcıların səsindən
sözlər eşidilir (həmin sözlər ekran vasitəsi
ilə proyeksiya olunur). "Səhnənin ruhu” ilə söhbətində
aktyor yorulduğunu, bəzən niyə səhnəyə
çıxdığını heç özü də bilmədiyini
deyir. Düşünür ki, teatrdan həqiqət gözləyən
tamaşaçı, bəlkə də, haqlı imiş.
"Səhnənin ruhu” aktyora bir arzusunu həyata keçirəcəyini
vəd edir. Aktyorsa bir qədər əvvəl qəzəblənmiş
tamaşaçının sözlərinin həyata keçməsini
arzulayır.
Beləliklə, tamaşanın ikinci hissəsi
başlanır. Birinci hissədən
tanıdığımız tamaşaçı qolunda
qırmızı sarğı, yanında iki qara geyimli adam
yenidən zala daxil olur və səhnədə
quraşdırılmış tribunaya yaxınlaşır. Bu
səhnənin özü də klassika ilə bir oyundur. Bu
mizanla rejissor "teatr tribunadır” metaforasını səhnə
içrə görümlü edir. Adolf Klişe metaforik
tribunada - teatrda real tribunaya çıxaraq metaforik tribunadan həqiqət
tələb edir. İndi teatrlar ancaq həqiqəti deməyə
məcburdurlar. Bunu təftiş etmək üçün
bütün teatrları nəzarətdə saxlayan xüsusi
komissiya yaradılacaq və tamaşa qpyulan tələblərə
cavab vermədiyi təqdirdə teatr bağlanacaq, truppanın
üzvləri isə Sibirə sürgün olunacaqlar.
Beləliklə, aktyorların həyatında
yeni mərhələ başlayır. Onlar özləri
üçün yaratdıqları hermetik teatr
dünyasından məhrum olurlar. Həqiqəti göstərmək
üçün müxtəlif yollara əl atırlar. Əvvəlcə
əllərində qəzet səhnəyə
çıxıb, qəzetlərdən parçalar səsləndirirlər
(burada sənədli teatra göndərmə də var).
Aktyorlar həyəcanlanmağa başlayırlar. Ölkədə
bütün teatrlar bağlanıb. Komissiya gələndə nə
göstərəcəklər? Onlar başa düşürlər
ki, bu zamana qədər göstərdikləri həqiqət
meyarına uyğun gəlmir. "Rejissor” tez-tez
"oynamayın!..” deyə qışqırır. Ancaq bu tələbə
necə əməl edilməli olduğunu heç kəs
bilmir. Beləcə, həqiqtəbənzər tamaşa
hazırlığı prosesində aktyorlar bir-bir teatrı tərk
edirlər. Onlar deyir ki, düz-əməlli bir işlə məşğul
olmaq lazımdır, seçdikləri peşə qədim olsa
da, faydasız peşədir. Teatrdan getməklərinə haqq
qazandırmaq üçün aktyorlar tribunaya
yaxınlaşır, təsadüfi bir nömrəyə zəng
edir və telefona cavab verən adamla teatr haqqında
danışırlar. "Siz teatra gedirsinizmi?”, "Teatrı
sevirsinizmi?” "Teatr olmasa, dünyada nəsə dəyişərmi?”
və s. bu kimi suallara aldığı cavablardan sonra qəhrəmanlar
teatrdan getmələrini əsaslandırırlar.
Nəticədə səhnədə bircə
aktyor qalır. Komissiya gəlir və ona təklif edir ki, əgər
sağ qalmaq istəyirsə, intihar səhnəsini
inandırıcı oynasın. Bir neçə cəhddən
sonra aktyor başa düşür ki, pafoslu monoloqla intihar
aktının inandırıcı ifasına nail ola bilməz.
Belə olan halda, onun qarşısında yalnız bir
seçim qalır. Həqiqətən, səhnədə
intihar etmək.
Bununla da, kollektiv teatrda həqiqət,
inandırıcılıq axtarışında olanları
cavabsız bir sual qarşısında qoyur. Teatr həqiqətəbənzər
ola bilərmi, yaxud teatr həqiqətəbənzər
olmalıdırmı?
Tamaşanın qaldırdığı problem
müasir teatr cəmiyyəti üçün aktualdır.
"Həqiqət nədir” və "onun teatrda hansı
meyarı var”? Rejissor bu suala birmənalı cavab vermir. Yozumdan
oxunan fikir bu məsələyə hər iki radikal münasibəti - teatrın şərti təbiətə
malik olmasını və səhnədə həqiqətəbənzərlik
tələbi ilə çıxış edənlərin
yanaşmasını şübhə altına alır.
Tamaşanın
aktuallaşdırdığı vacib anlayışlardan biri də
zamandır. Bütün tamaşa boyu səhnədən
siferblat asılıb. Tamaşa getdikcə saatda dəqiqələr
geri sayılır. Finalda – saata görə əsl
tamaşanın başlamalı olduğu zamanda aktyorlar səhnəyə
çıxır və səhnə modulunu (hərəkətli
taxta konstruksiyaları) sökməyə başlayırlar. Səhnə
boşaldıqca sualın ağırlığını
çiyinlərində duyursan, zamanla ağrı
böyüyür, ayağından asılan dəyirman
daşına çevrilir. Hara getsən, o daşı
sürütləyə-sürütləyə özünlə
aparırsan. Bir də baxırsan ki, "lənətlənmiş
sual” beyninin hansısa küncündə yenidən canlanıb,
səndən cavab gözləyir – teatr olmasa, dünyada nəsə
dəyişərmi?
Elçin Cəfərov
Teatrşünas
Kaspi.-2018.-1 noyabr.-S.15.