SƏMİMİYYƏT
RƏNGİ
Sözə könül bağlayan qələm
adamlarından biri də şair Damət Salmanoğludur. O,
dörd seir kitabının müəllifidir. Damətin
şeirlərində yurd, vətən, doğma ocağa
bağlılıq hissi məxsusi poetika ilə səciyyələnir.
Milli-mənəvi dəyərlərin, el-oba sevgisinin,
övlad, valideyn məhəbbətinin, ləyaqət və
insanpərvərlik duyğularının bədii tərənnümü
onun poetik nümunələrində səmimi bir koloritdə
öz ifadəsini tapır. Həmçinin onun şeirlərində
Allaha, islam dininə və müqəddəslərə dərin
sevginin tərənnümü ilə yanaşı, həyatda
xeyirxahlıq, həssaslıq və qayğıkeşlik
ruhunun təbliği, sadə insanların arzu, istək və
amallarının gerçəkləşməsi konspektində
bu amillərin rolunun böyüklüyü də səciyyəvi
xarakter daşıyır.
Gənc yaşlarından ədəbi-bədii
yaradıcılığa maraq göstərən Damət
Salmanoğlunun qələm təcrübələrinin tarixi
xronikası onun püxtələşməyə can
atmasından, getdikcə buna nail olmasından soraq verir. Əlbəttə,
uğurlu yaradıcılıq prosesi üçün peşəkarlıqla
yanaşı, şair ovqatının "sarı sim” də gəzişməsi
də vacib şərtlər sırasındadır. Bu mənada
da Damət öz yaradıcılıq yolunda bu önəmli
şərtə diqqət yetirir, yəni könlünə
yatan, onu həyəcanlandıran mövzular, hadisələr qəlbinin
poetik işığında təqdim edir.
Damət Salmanoğlu vətən sevdalı
şairdir. Doğma Azərbaycanımızın gözəlliklərini,
sərvətini, əzəmətini vəsf etməkdən
yorulmur. "Azərbaycanım” şeiri də bu baxımdan səciyyəvidir.
Baxıram dənizə deyirəm, Allah,
Bəndənə nə gözəl nemət vermisən.
Qeyb olub qəlbimdən qüssə, kədər, ah,
Sən öz dərgahından sərvət
vermisən...
Poeziya aləmində elə şairlər var
ki, onların bədii qüdrəti, istedadının
gücü mürəkkəb poetik obrazlar silsiləsində
deyildir. Onların poetik ruhunun mayası folklor zənginliyindən
qaynaqlanaraq, insanın arzusunu, ümidini, kədərini,
sevincini, bütövlükdə mənəvi aləmini
aydın, rəvan və özünəməxsus səmimiyyətlə
əks etməsindədir.
Damət Salmanoğlunun şeirləri gerçəkliklə,
reallıqla yanaşı, həm də ilahi məqamlarla, mənəvi
dəyərlərlə bağlıdır. Bu poetik nümunələrdə
həyatın səsi, zamanın nəfəsi, insanın daxili
aləminə, ürəyinə nüfuz edən insan
işığı duyulur. Şeirlərdə həqiqət
duyğusu, haqq-ədalət yanğısı, heyranlıq
hissi bədii düşüncənin başlıca məzmununa
çevrilir. "Həyat bir imtahan imiş” şeirində
şairin "həyat”, "ölüm” nəsnələri
haqqında bədii-fəlsəfi düşüncələrinin
poetik inikasını görürük.
Ay Damət, gələn köçəcək,
Ağlayan, gülən köçəcək.
Ta yollardan gözünü çək.
Həyat bir imtahan imiş.
Onun poetik təfəkkürü bədii-ictimai
mənanı aydın, səmimi və sadə formada ifadə
etdiyinə görə onun şeirlərindəki forma sadəliyi,
yəni ənənəvi xalq ruhuna bağlılıq bədii
nümunələrin poetik təsirini qüvvətləndirir.
Damət Salmanoğlunun şeirlərində
ictimai, mənəvi, əxlaqi tamlıq və halallıq, pak
sevgi, məhəbbət, yurdsevərlik, təbiət
mövzusu geniş yer tutur və onun bədii-estetik məfkurəsinin
formalaşmasında əhəmiyyətli önəm kəsb
edir. Bu şeirlərin səciyyəvi cəhətlərindn
biri də onların müasirliyidir, yəni şair müasir həyatın
təzadlarını, onun insanlara səadət bəxş edən
məqamlarını və eyni zamanda insanları əzab məngənəsində
sıxan anları bədii məzmunda ehtiva edərək, onu
yeni məna çalarları ilə zənginləşdirməyə
çalışır.
İnanıram ki, səmimi təvözökar,
iddiasız qələm və işıqlı ürək
sahibi olan şair Damət Salmanoğlunun ədəbi
uğurları onun ünvanına çevriləcək.
Balayar SADIQ
Kaspi 2018.- 3-5 noyabr.- S.22.