Vətəndə vətənsizlik tablosu

Vətəndə vətənsizlik tablosu(Ələmdar Cabbarlının “Qızıl” kitabı haqqında)

Çoxdan onun yaradıcılığı haqqında yeni bir yazı yazmaq istəyirdim. Amma nə səbəbdənsə alınmırdı. Bəlkə bu dəfə də yazmaq çətin olacaqdı mənə, əgər həmkarım, filologiya üzrə fəlsəfə doktoru, dosent, şair, nasir Ələmdar Cabbarlı özünün povest və hekayələrinin toplandığı "Qızıl" kitabının Bakı Dövlət Universitetində keçirilən təntənəli təqdimat mərasiminin sonunda əsir Kəlbəcərdə əsir düşən Dilqəm Əsgərova həsr etdiyi şeirindən aşağıdakı parçanı oxumasaydı:

Bu da qəzadı, qədərdi

Qəzan mübarək, Dilqəm.

Sən hamımızdan təpərli çıxdın -

Yurduna getməkdən ötrü

ATƏT-dən, BMT-dən icazə almadın

Əvəzində ağır cəza aldın,

Cəzan mübarək, Dilqəm.

Sən də bizim kimi şair ola bilərdin,

Aşıq ola bilərdin

Yalandan Vətənə aşiq ola bilərdin...

...Bu gedişinlə hamımıza anlatdın ki,

Kəlbəcəri almaq üçün

Aşıq olmaq lazım deyil,

Ozan olmaq lazım deyil,

Mənim kimi şair olmaq,

Yazar olmaq lazım deyil...

...Kəlbəcəri almaq üçün -

Dilqəm olmaq yetərmiş!!!

Elə həzin söyləyirdi bu poetik nümunəni Ələmdar müəllim, sanki vətəndə vətənsizliyin tablosunu çəkirdi...

Onu dinlədikcə bu tədbirdə eşitdiyim poeziyadan nəsrə keçməyin çətinlikləri barədə olan fikirlər mənə çox adi təsir bağışlayırdı.

Birincisi, ona görə ki, onun poeziyasının dili ilə yaxından tanış idim, ikincisi isə Ələmdarın "Aptekçi" hekayəsini oxumuşdum və elə həmin andan anlamışdım ki, nə vaxtsa Ələmdar Cabbarlı poeziyası qədər zəngin nəsr nümunələri də yaradacaq.

Fikirlərimi qətiləşdirməkdə isə filologiya elmləri doktoru Vaqif Yusiflinin "Qızıl" kitabı haqqında yazdıqları yetərli oldu: "Bədii yaradıcılıq ilk növbədə, istedad amili ilə bağlıdır. Bir şairin nəsr əsərləri yazması, yaxud bir nasirin lirikaya üz tutması ədəbi aləmdə heç də gözlənilməz hadisə kimi qarşılanmır. Lakin şairin nəsrində, yaxud nasirin lirikasında çox az hallarda ədəbi uğur müşahidə olunur".

Ələmdar Cabbarlının yaradıcılığında isə bu uğur ona görə belə qabarıq nəzərə çarpır ki, yurda, elə, evə, ilkinliyə, əsilliyə, yaddaşa qayıdışdır - yəni ekosofiyadır (Rüstəm Kamal).

Ələmdar Cabbarlının yaradıcılığından qırmızı xətlə keçən bu çalarlar "Qızıl" kitabında da özünü kifayət qədər büruzə verməkdədir.

Ələmdar Cabbarlının "Qızıl” adlı yeni kitabı ədəbi mühitdə hadisə sayılacaq qədər maraqlı məqamlarla zəngindir. Bir povest və hekayələrin yer aldığı kitabı oxuyarkən ilk növbədə yazıçının öz yaradıcılığını xalqın qan yaddaşından süzülüb gələn tarixi milli dəyərlər sisteminə köklədiyi aydın olur. Bu uğura isə yalnız daxilən xalqa, elə, obaya, yurda bağlı insanlar nail ola bilər. Ələmdarın dili, obrazlarının xarakterik xüsusiyyətləri deməyə imkan verir ki, millilik təkcə özünü ifadə etmək bacarığı deyil, həm də xalqın taleyidir və bu taleyi ədəbiyyata gətirmək, onu sözə çevirib, bədii priyomlarla oxucuya çatdırmaq sözün əsl mənasında çətin, çətin olduğu qədər də şərəfli işdir.

Yazıçının "Qızıl” kitabı "Kino” povesti ilə başlayır. Kənddə kino göstərmək üstündə kolxoz sədri Nuru kişi ilə kənd klubunun müdiri Qulu arasında yaranan münaqişə ilk baxışda sovet kəndinin adi həyat tərzi, ideoloji çərçivələrdən doğan problem kimi qəbul olunmalıdır. Hökumət qarşısında öhdəliyi olan kolxoz sədrinin insanların işdən ayrılmasına rəvac verən mədəniyyət işçisinin qarşısına sipər olması dövrün, mühitin xarakterik xüsusiyyəti kimi də yozula bilər. Ancaq yazıçı yalnız məsələnin bu tərəfini göstərməklə kifayətlənmir, o, siyasi sistemin cəmiyyətdə yaratdığı xaos və gərginliyin insanların həyatına necə daxil olduğunu, onları necə sıxdığını ədəbi dilin bütün imkanlarını işə salaraq çatdırır. Ələmdar Cabbarlı digər tərəfdən totalitar rejim şəraitində baş verən hadisələrin içərisində demokratik mühitin hakimliyinə yol açır, bütün hədələrə baxmayaraq, kolxoz sədrinin hikkəsinə qalib gələrək camaata kino göstərməyə nail olan klub müdirinin timsalında ideya həmrəyliyinin qalibiyyətini bayram edir. Nə qədər qəribə səslənsə də bu məsələdə onun köməyinə bütün bəşəriyyətin müsibəti olan müharibə və onun vurduğu yaraların insanlarda yaratdığı eyforiya, birləşmək, həmrəy olmaq arzusu çatır.

"Qızıl” kitabında yazıçının bir neçə hekayəsi toplanıb. "Mirzə əfsanəsi” hekayəsinin də əsas qayəsi insan taleləridir. Onların üzləşdiyi problemlərin, xüsusilə də sosial mənada narahatlıq doğuran məqamların qabardılması bu hekayədə prioritet təşkil edir. Bu hekayəni fərqləndirən digər mühüm amillərdən biri də həyatda öz yerini tapa bilməyən, yaxşı yaşamaq, ailə dolandırmaq uğrunda çarpışan, amma bütün bunların fonunda həyat eşqindən doymayan Mirzənin keçirdiyi böyük sıxıntının, kədərin ustalıqla işlənməsi, oxucunu öz təsiri altında saxlaması və finalda nəticənin ədəbi sürpriz kimi yaratdığı həyəcandır.

"Zurnaçı” hekayəsinin qəhrəmanı Möhübbəti də həyat sıxır. Amma insanın daxili dürüstlüyünün, mənəvi saflığının böyük mənəvi dəyərinin tərənnümünə çevrilən bu hekayədə zamanə və mənəviyyat məfhumu qarşılaşdırılır. Bu problemdən yaxa qurtarmağa çalışan, istədiklərinə nail olmayanda tanış-bilişdən tənə yeyən qəhrəmanın davranışları bir daha göstərir ki, insanlıq məramı bütün naqisliklərin fövqündə dayanır.

Ələmdar Cabbarlının güclü müşahidəçilik qabiliyyəti var. O, sanki obrazlarını yaxından tanıyır, onlarla oturub-durur, təxəyyüldən daha çox canlı həyat hadisələrinə üstünlük verməklə onları ədəbiyyatın dili ilə insanlara çatdırır, hər xırda detala böyük diqqət göstərməklə xalqın həyat tərzi, davranışı və hadisələrə reaksiyasını obrazlaşdıraraq bunu ustalıqla yazıya çevirir. "Test” hekayəsində olduğu kimi... Amma təbii ki, ideal cəmiyyət yoxdur, hər bir cəmiyyətin öz problemi, öz xarakterik qayğıları var. Ələmdar Cabbarlı bu məsələni "Ağsaqqal” hekayəsindəki qəhrəmanının timsalında dolğun çalarlarla çatdırır. O, insanlar arasında bir, ailədə başqa cür olmağı yaxşı bacaranların mənəvi böhranını ədəbiyyata gətirməklə tanış həyat hadisələrini canlandırır, oxucunu düşünməyə və nəticə çıxarmağa vadar edir.

Yeni kitabında "Möhbalının tərçüməçiliyi”, "Portret”, "Qol” kimi hekayələrinə də yer verən Ələmdar Cabbarlının yaradıcılığında yurd həsrəti var. Müasir tariximizin ən ağrılı problemi olan torpaqlarımızın işğalından doğan bu nisgil yazıçının sağalmayan yarasıdır. Çünki o torpaq itkisi ilə üzləşib, Kəlbəcərdə onun əlvan keçmişi, hissi, duyğusu qalıb. İndi qəlbinin bir küncündə gizlətdiyi o xatirələr yazıya çevrilir, Azərbaycan oxucusunu düşündürür, onu yaxın keçmişin acı xatirələrindən qopmağa qoymur. Yazıçı kitabındakı "Aptekçi” və "Qızıl” hekayələrində məhz bu mövzunu qabardıb. Hər iki hekayədə torpağı işğal olunan adamların başına gələnlər, üzləşdiyi həyəcanlı səhnələr yer alıb. O, əslində bu problemlə üzləşmiş insanların yarasının sağalmasının dərmanla deyil, torpaqla olmasına işarə edir. Yurdundan didərgin düşən insanların fikrinin qapıda bağlı qalan itlərdə qaldığını göstərir, o yerlərin hər qarışının, hər canlısının doğma olduğunu deyir, bununla da işğal faktının miqyasını, onun xalqın qan yaddaşına vurduğu yaraları bütün çılpaqlığı ilə diqqətə çatdırır.

Böyük ədəbi və mənəvi dəyəri olan "Qızıl” kitabının nəşr olunması münasibətilə Ələmdar Cabbarlını təbrik edir, ona yeni yaradıcılıq uğurları arzulayıram.

Şəhla TAHİRQIZI,

Filologiya üzrə fəlsəfə doktoru, dosent

Kaspi 2018.- 3-5 noyabr.- S.21.