Şeiri bəsitləşdirmək
Müxtəlif illərdə yazdıqlarımla bağlı fərqli reaksiyalar görmüşəm. Bir qism oxucu, şair və ədəbiyyatçılar bu yazıları yüksək qiymətləndirib, vaxtında kitaba çevirmədiyim üçün məni qınadılar. Başqa bir qism isə heç bir əks arqument gətirmədən onların önəmli olmadığı fikrini irəli sürdü. Üçüncü qrupun fikrincə, mətnlərim yeni deyil və məlum-məşhur məsələlərdən bəhs edirdi. Təvazökarlıq xarakterimə zidd olduğu üçün tənqidlərlə razı olduğumu söyləyə bilmərəm.
Yazılarımın təxminən hamısı mənim üçün önəmlidir. Sifarişlə az yazmışam. Əlimə qələm alıramsa, bu bir problemi həll etmək istəyimdən xəbər verir. Bu məsələ bəzi adamlar üçün yeni deyil, çünki bu barədə ümumiyyətlə düşünməyiblər. Deyə bilərsiniz ki, əgər yeni deyilsə, o zaman düşünməyə nə ehtiyac var? Yaxşı, bəlkə, unudulub? Unudulubsa yenidən xatırlanmalı deyilmi?
Belə bir girişlə başlamağımın səbəbi gün kimi aydın problemin heç kimin vecinə olmamağı ilə əlaqədardır. Əslində, müxtəlif ədəbi və siyasi dünyagörüşünə malik adamlar olsalar da, eyni səhvi təkrar etməyə davam edir və yanlışa qarşı heç bir reaksiya göstərmirlər.
İstəyirsinizsə, nəyin sənət olub, nəyin olmadığı haqqında yenə düşünək. Etiraz edənlər üçün bir daha vurğulayıram: Yeni bir şey deməyəcəyəm.
Marksizmin bizə öyrətdiyi şeylərdən biri də sənətin əməkdən ayrılma mərhələsinin kapitalizm və burjua sinfinin inkişafı ilə paralel olduğu həqiqətidir.
Burada əsas xüsusiyyət müəllifin əsəri yaratmaq səbəbidir. Qoy, "nə demək istəyirəm?” sualına Marksist düşüncə cavab versin: İstifadə və inkişaf dəyərinin fərqi.
İntibah dövrü rəssamları yaratdıqlarına möhtəşəm əsərlər ortaya qoymaq ehtirası ilə yox, məsuliyyət hissi ilə yanaşıblar. Onlar arzuladıqları mətnin müəllifi olmaq əvəzinə, muzdlu işçi kimi müəyyən məbləğ qarşılığında sadəcə tələb olunanı yerinə yetirdilər.
C.S.Bax kilsənin ondan tələb etdiyi əsərləri Haydn Şahzadəsi Esterhazyın zövqünə görə bəstələdi. Dövrün musiqisini bəstəkarın azadlıq ifadəsi kimi görməməliyik, çünki həmin əsərlər yalnız şam yeməklərinə müşayiət etmək üçün idi.
1750-ci illərə qədər bəstəkarlar sənətkardan daha çox intibah dövrü rəssamları kimi işçi idilər. Haydn yalnız son dövr simfoniyalarından sonra sənətkara çevrildi. Paris və London simfoniyalarını "ustad, könlündən keçəni yarat. Qəbulumuzdur” kimi istəkləri qarşılamaq üçün bəstələnmişdi. Salomon Haydnı Londona dəvət edəndən sonra həmin simfoniyalar birbaşa xalq konsertlərində ifa olunmaq üçün bəstələndi.
Bu vəziyyəti sənətin digər sahələrinə də aid etmək olar, yəni sənətin hələ tam sənət olmadığı dövrdən danışdığımız zaman memarlıq və heykəltəraşlığın da eyni taleni bölüşdüyünü deməliyik. Bu səbəbdəndir ki, sənətkar olaraq tanıdığımız, ancaq o zamanlar sadə işçi kimi qəbul edilən bu şəxslərin təşkilatlandığını görürük.
Forma dəyişdirən ilk sənət sahəsi rəssamlıq oldu. Hollandiya dəllalları tərəfindən rəsm bazarı formalaşdı. Bu hadisə rəssamı sənətkara çevirdi. Rəssam artıq istədiyi mövzuda və formada əsərlər yaratmaq azadlığına sahib olmuşdu. Rəsmin mübadilə dəyəri, istifadə dəyərini üstələmiş, rəssam sənətkar olarkən əsər də qəlibləşmişdir. Ancaq bir şeyi unutmamalıyıq ki, rəssam qəlibi deyil, əsəri yaradır və onun qiymətini özü yox, bazar qoyur.
Şübhəsiz ki, bu dahilərə modern dövrdən baxanda bizə sənətkar kimi görünürlər. Ancaq bir şeyi unutmamalıyıq ki, onlar işlərini gördükləri zaman sənətkar deyildi. Çünki etdiklərinin istifadə dəyəri öndəydi.
Bəlkə də, qiymətli əşyalara münasibətdə nə demək istədiyimi izah edə bilərəm. Ming dövründən qalmış bir kasa modern insan üçün antik əşyadır. Satış dəyəri yüksək olan bu kasa hazırlandığı illərdə isə şorba içilməkdən başqa heç bir xüsusiyyətə malik olmayıb. Bu gün sərvət dəyərində olan o kasada heç kim şorba içmir.
Kapitalizm necə ki, sənət terminini yaratmışdı, eləcə də, antik terminini yaratdı. Şübhəsiz, necə köhnə olan hər şey antik deyilsə, əvvəlki əsrlərdə rəsmlə məşğul olmuş, musiqi bəstələmiş hər kəs də sənətkar deyil. Modern düşüncəylə dəyər verdiklərimiz bu günə zamanın toz-torpağı arasından sıyrılıb gəlib.
Şeir haqqında danışdığımız zaman isə vəziyyət bir qədər dəyişir. Şeirin pulla əlaqəsi olmayıb, daha ziyadə, heç bir dövrdə pul qazandırmayıb. "Bukoliklər” əsərinə görə kiminsə Teokritusa pul ödədiyini düşünmürəm. Şeirin pul qazandırmamağına baxmayaraq həm Antik Yunanıstanda, həm də Renesans dövrünün Avropasında şairlər sayğı görüblər. Bu da onların bütün dövrlərdə əməyin fövqündə bir yerə sahib olduğunu göstərir.
Şair bütün dövrlərdə mövzu seçimində azad olub. Bu nə rəssamın, nə də bəstəkarın sahib olacağı bir azadlıq idi. Onu nə burjuaziya, nə də kapitalizm qəlibə salmağı bacardı. Hər nə qədər bu istiqamətdə işlər indi belə davam etsə də...
1980-ci illərdə şüar və partiya ədəbiyyatı ətrafında gəzişən şeirə qarşı gəlməyimi hələ də anlamayanlar üçün bir daha deyirəm: Siz şeirin istifadə dəyərini əsas hesab edirsiniz. Şeiri tükənən "sərvət” kimi qiymətləndirirsiniz. Bu həqarətə boyun əyən şəxsi necə şair adlandıra bilərik ki? Müdafiə etdikləri bircə şey var; yerə enmək və xalqın anlaya biləcəyi bir dildə yazmaq. Əslində kütləvi oxunmaq hər şairin arzusudur. Üstqurumun necə yazmaq lazım gəldiyini deməsi, renessans şahzadəsinin rəssama olan münasibətindən fərqli deyil və bu şairə işçi kimi yanaşmaqdır. Sənətin satış dəyəri ilə maraqlanmayan şairdən, əsərinin istifadə dəyərini önə çıxarmasını istəmək ən böyük haqsızlıqdır.
Yaşadığımız texnika əsrində də oxşar vəziyyət hakimdir. Bu məsələ haqqında başqa bir yazımda da demişdim. Şairlərin üsyankar ruhunu bəyənməyənlər arasında media da var. 80-ci illərdə eşitdiyimiz fikirləri bu dəfə də onlardan – müasirlərdən dinləyirik. Bir daha deyirəm: Arzusunda olduğunuz mətnləri onsuz da yazanlar var. Təbii ki, onların yazdıqları şeir yox, mahnı sözləridir. Nəğməkar şairlərə qarşı deyiləm. Yaxşı yazılan mahnı sözləri də var. Ancaq yuxarıdakı mövzuya yenidən qayıdaq. Mahnı sözləri necə yazılır? O sözlər yazıldığı zaman hansı məna hasil olur? Mahnı sözlərinin müəllifi sənətkar deyil, işçidir. Üstəlik bazar ilə ayaqlaşan, yazıldığı zaman da populyarlaşan olması əsas istəyidir. Mahnı halına gəlib bazara daxil olduğu zaman isə kütləvi olmalıdır. Üstəlik bir dəfəlik istifadəyə yararlı. Eynilə şüar və partiya ədəbiyyatı kimi.
Kapitalist media keyfiyyətli şairi mahnı yazan birisinə çevirə bilmədi. Şair mübarizə apardı. Lakin belə çıxır ki, Ataol Bəhramoğlu bu cür düşünmür. Yoxsa mahnı sözləri yazan Aysel Güreli "Türkiyənin Sapfosu” elan etməzdi. Əslində, uzun zaman şeir haqqında düşünməmiş birinin – Behramoğlunun bu münasibəti məni təəccübləndirmədi. Gəncliyində "Bir erməni general” və "Bir gün mütləq” ilə könüllərdə taxt quran Bəhramoğlu üçün, məncə, həyatı boyu şeirin populyarlığı ön planda idi. Elə indi də heç nə dəyişməyib. Tanımadığım, ancaq Boğaziçi Üniverisiteti Türk dili və Ədəbiyyatı bölümündə çalışdığı anlaşılan Veysəl Öztürk isə Aysel Gürel ilə əlaqəli uzun yazısında "...(onun) mahnı sözlərində böyük bir poetika görürəm” dedikdən sonra Gürelin Dranas və Turqut Uyar səviyyəsində şair olduğunu bildirir. Yazını "...bu ölkədə İsmet Özal şairdirsə, Aysel Gürel niyə olmasın?” deyərək bitirir.
Hər iki yazı da məni təəssüfləndirdi. Sosial mediada biri-birilərinə söz atmaq, mükafatlara və jürilərə ilişməkdən başqa heç nə etməyən gənc ədəbi nəsildən buna reaksiya gözlədim. Təbii ki, heç nə baş vermədi. Onlara şeirlə bağlı daha çox düşünməli olmaları məsləhətini vermək lazımdır.
Təəssüf ki, haqqında danışdığımız yazılar şeiri şeir edən terminlərdən və məsələlərdən xəbərsiz iki şəxs haqqındadır. Gənclikdə sevdiyimiz Ataol Bəhramoğlu və Veysəl Öztürkə verilən "Səbahəttin Əyyuboğlu” mükafatına görə Səbahəttin Əyyuboğlunun adına təəssüf elədim. Eynilə kim olduqlarını bilmədiyim jüri üzvlərinə də...
Təəssüf ki, Bəhrəmoğlu və Öztürk tək deyillər. Onlar kimi düşünən çox insan var. Bu adamların bir qismi 70-ci illərdən –ilişib qaldıqları yerdən çağdaş dövr haqqında fikir bildirməyə çalışırlar. Bir qism isə şeirin kütləvi hadisəyə çevrilməsini istəyən insanlardır ki, bu insanlar da media nümayəndələridir. Bircə onu bilirlər ki, şeir oxunmalıdır, vəssalam.
Antik olanla köhnə olan biri-birindən
ayırmaq üçün bilgi lazımdır. Yoxsa,
aldanılmaq "şansınız” çox yüksəkdir.
Şeir və qeyri-şeir də bu məqamda oxşarlıq təşkil
edir. Açığı qətiyyən aldadılmaq kimi bir
fikrim yoxdur.
Tuğrul Tanyol
Türkiyə
türkcəsindən uyğunlaşdıran: Orxan Həsəni
Kaspi 2018.- 3-5 noyabr.- S.17.