Yeni ədəbi trendlər -
Lazımlı, yoxsa lazımsız?
Nanoədəbiyyat
istəyi də cəmiyyətdən gəlməlidir
XX əsrin sonu və XXI əsrin əvvəlində
sürətlə inkişaf edən müasir texnologiyaların
və innovasiyaların, xüsusilə informasiya-kommunikasiya
texnologiyalarının cəmiyyətdə və
bütövlükdə dünyada yaratdığı dəyişiklikləri,
onların müsbət və mənfi cəhətləri daim müzakirə olunur. Yeni
texnologiyalar həmçinin incəsənət və ədəbiyyatda
da öz dəyişikliyini yaradır: yeni ədəbi
baxışlar, formalar və s. yaranır. Yeni trendlərin
yaranması ədəbi aləmdə birmənalı
qarşılanmır. "Müzakirə”mizdə ədəbiyyat
adamlarının mövzu ilə bağlı maraqlı fikirləri
ilə qarşılaşdıq.
Ədəbiyyatın üzü hansı istiqamətə
yönələcəksə...
Yazıçı-dramaturq Elçin Hüseynbəylinin
fikrincə, ədəbi trendlər bizdə də yaranır:
«Kimsə özünü bəstəkar elan edib kompüter
vasitəsilə mahnılar səsləndirir, kimsə başqalarının
şeirlərinə mahnılar yazır və ya öz
şeirlərini mahnı formasında səsləndirir. Ancaq
bu, hələ ki, peşəkar səviyyədə deyil. Bizdə
şou-biznes peşəkar səviyyədə
olmadığı kimi, bu sahə də peşəkarlıqdan
uzaqdır. Ümumiyyətlə, dünyada ədəbiyyata
münasibət də fərqlidir. Bestsellerlərin əksəriyyətinin
klassik anlamda ədəbiyyata aidiyyəti yoxdur. Ədəbi
trendlərin kütləvi olmasından hələ
danışmaq olmaz. Bu, dünyada baş verən proseslərə
bağlı bir tendensiyadır. Ədəbiyyatın
üzü hansı istiqamətə yönələcəksə,
proseslər də o cür cərəyan edəcək”.
Ədəbiyyat əbədidir, trend ötəri
"Ədəbiyyat sözü ilə trend
sözünün yanaşı gətirilməsini qəbul
etmirəm” deyən yazar Tural Cəfərovun fikrincə, ədəbiyyat
əbədidir, trend ötəri: "Təbii ki, zamanın
ruhu ədəbiyyatda ifadə edilir və hətta ən
yaxşı ədəbiyyatda ifadə edilir. Lakin söhbət
zamandan gedir, anlardan yox. Forma axtarışları həmişə
olub. Di gəl ki, gərək bu forma axtarışları da
formal olmasın, mətnin mahiyyətindən, zamanın ruhundan
doğulsun. Biz daha çox bu məsələlərə formal
yanaşırıq. Biz öz ədəbi ənənələrimizi
yaxşı qavraya və inkişaf etdirə bilmirik. Daha
çox bunun üzərində durmaq lazımdır”.
Gələcəkdə süni intellekt hər
şeyi bacaracaqsa...
Hazırkı dövrdə texnologiyaların sürətlə yeniləndiyini və inkişaf etdiyini deyən yazıçı-publisist Mirmehdi Ağaoğlu bu yeniliklərin ədəbiyyatda və incəsənətdə öz əksini tapmasına təbii baxır: «Bu proses indi baş verməyib. Mən bunu ikinci yenilik adlandırardım. Çünki birinci dəfə sənaye inqilabından sonra – 19-cu əsrin sonları, 20-ci əsrin əvvəllərində baş verən yeniliklər, inqilablar incəsənətə də öz təsirini göstərdi. Məsələn, rəssamlıqda, incəsənətdə də bu yeniliklər hiss olundu. Onlar keçmişin bütün qalıqlarından imtina edib, yalnız sənayeni önə çəkirdilər. İlham mənbəyi kimi maşınları, zavod və fabrikləri görürdülər. Onlar daha, gül və çiçəkdən ilhamlanıb şeir yazmırdılar. Eləcə rəssamlıqda da ənənəvi mexanizmlərdən uzaqlaşıb yeni obrazlar kəşf etməyə çalışırdılar. Bu, həmçinin musiqi sahəsində də belə idi. Cərəyanların ədəbiyyata, incəsənətə təsiri olurdu. Təbii ki, burada ifrata varmalar da var idi. Onlar get-gedə çıxdaş olandan sonra bir növ oturuşma baş verdi”. Yazıçının sözlərinə görə, 20-ci əsrin sonunda internetin kəşfi, həyatımızda baş verən texnoloji yeniliklər incəsənətə, o cümlədən ədəbiyyata öz təsirini göstərib: "Süni intellektin hazırladığı ssenarinin əsasında romanlar yazılır, film çəkilir. Süni intellektin yazdığı şeirlər var. Hətta, belə bir sual yaranır: əgər gələcəkdə süni intellekt roman yazacaq və ya hər şeyi bacaracaqsa, onda yaradıcı adamlar nəyə lazımdır?” M.Ağaoğlunun fikrincə, sosial şəbəkələrin yaratdığı yenilikləri də ədəbiyyata gətirmək lazımdır. Belə ki, Rusiya və başqa ölkələrdə yaradıcı qruplar bu eksperimentləri edirlər: "Gec-tez nanotexnologiyalar, trendlər ədəbiyyatımıza və incəsənətimizə sirayət edəcək. Bir var, 20-ci əsrin əvvəlində dadaistlər kimi, prosesi süni surətdə gətirib çıxarmaq - yəni zəmanəni, dövrü qabaqlamaq, bir də var öz axarına buraxmaq... Mənə elə gəlir ki, zamanın axarını gözləmək lazım deyil. Bir halda ki, bu trendlər bizim həyatımıza daxil olub və həyatımızın bir parçasına çevrilibsə, bunu ədəbiyyatda da istifadə edə bilərik”. Yazıçı sosial şəbəkələrin və digər platformaların gətirdiyi yeniliklərin həyatımıza daxil olduğunu qeyd edir: "Məsələn, şairlər maraqlıdırlar ki, artıq audiosəs yazıları daha geniş şəkildə yayılır. Düzdür, bu, əvvəllər də var idi, ancaq indi şairlər daha çox maraqlıdırlar ki, öz şeirlərini kitab şəklində çap etməkdənsə, kimsə səsləndirsin və "Yyoutube”da dinlənilsin. Çünki insanların buna marağı olduğu artıq müşahidə olunur. Yəqin bu, vaxt darlığı ilə bağlıdır və ya yeni texnologiyalar kitab oxumaq istəməyən adamların əlinə bir fürsət kimi düşüb ki, onlar kitab oxumasın, sadəcə dinləsinlər. Bir halda ki, biz bütün günümüzü sosial şəbəkələrdə keçiririk, o zaman şeirləri də "Youtube”dan dinləyək, mətinləri "Facebook”dan oxuyaq. Mən bu yeniliklərdən yararlanmağın tərəfdarıyam».
Elmi-intellektual zərurət olmadığı
üçün...
"Sənət ideyalar dünyasıdır”
deyən yazar Aqşin Yenisey praktikaya gəlincə, bildirir ki,
biz onun iki versiyası ilə qarşılaşırıq:
"Bir var, ideyalar yaradan, onları praktikada tətbiq edən
istehsalçı cəmiyyətlərdə yaranan
öncül sənət, bir də var yaranmış
ideyaları, həyata keçirilmiş praktikaları mənimsəyib
özününküləşdirməyə can atan
istehlakçı, psevdosənət. Biz, yəni müsəlman
dünyası uzun illərdir ki, ikinciləri təmsil edirik. Azərbaycan
ədəbiyyatına gəlincə, bizim ədəbiyyatın
mifoloji qatı olmadığı üçün,
elmi-intellektual qatı da yaranmadı. Bilirsiniz ki, bu qatlar
dünya ədəbiyyatında bir-birilərini inkar zərurətindən
yaranmışdı. Modernizmi görmədən, bilmədən
birdən-birə özünə postmodernist deyən
yazarlarımız peyda oldu. Qərbin postmodernizmi, modernizmin fəlakətlərini
görəndən sonra cəmiyyətin, modernizmdən əvvəlki
ruhani sakitliyə qayıtmaq arzusunun ifadəsi idi. Yəni
postmodernizm yazıçıların yox, cəmiyyətin istəyi
idi”. Yazar hesab edir ki, bizim cəmiyyətdə elmi-intellektual,
postmodernist axına heç indi də zərurət yoxdur. Belə
ki, elmi-intellektual zərurət olmadığı
üçün, nanotexnoloji ədəbiyyatın yaranması
da mümkün deyil: "Ya da, o vaxt yaranacaq ki, o zaman oxucusu
olmayacaq, dünya Marsa-zada köçüb gedəcək. Biz
hələ dünya ədəbiyyatında unudulmuş sənaye
dövrünü indi-indi ədəbiyyata gətirməyə
cəhd göstəririk. Amma dilimizdə sənaye
dövrünü anlatmaq üçün söz
qıtlığı olduğundan,
yazıçılarımız əliyalındırlar, məişət
hadisələrini yazmağa məcburdurlar. Mifologiyanı
öyrənən alimlərin belə bir fikri var ki, mifi
sözlə anlamaq və anlatmaq mümkün deyil,
çünki əlimizdə mifi izah edən kəlmələr
yoxdur. Bizim dilimizdə də sənaye dövrünü əhatə
edən sözlər olmadığı üçün məcburuq
ki, həmin dövrü görməzdən gələk. Ancaq
bugünkü nanodünyanı anlamaq və anlatmaq
üçün sözlər varmı? Bir yazıçı
öz kompüterinin hissələrini nanoleksikonda yazmağa
qalxsa, bu, cəmiyyətimizin əkinçilik
dövründə ilişib qalmış ədəbi
zövqü üçün nə qədər maraqlı
olacaq? Nanoədəbiyyat nanotexnoloji şüuru mənimsəmiş
cəmiyyət üçün maraqlı ola bilər. Ərəblərin
sifarişi ilə onlara Sofiya adlı nanoqadın yaradan firma
orta əsrlərdə qalmış ərəb
düşüncəsini nəzərə alaraq, ona saç
qoymayıb, çünki ərəb düşüncəsinə
görə, qadın saçı naməhrəmdir, nano olmur,
nə olur-olsun. Belə bir cəmiyyətdə musiqi
proqramları yüklənmiş robotun simfoniya yazması nə
dərəcədə aktual ola bilər? Halbuki keçən
il Amper adlı süni zəka özünün "I AM IA” yəni
"Mən süni zəkayam” adlı musiqi albomunu buraxdı.
Lap tutaq ki, bizdə də belə bir nanomüğənni
yarandı, kim ona sponsorluq etmək istəyəcək? Bir
müğənni ki, hər yeri plastikdir, batareya ilə oxuyur.
Nanoədəbiyyat istəyi də, məsələn, modernizm,
postmodernizm istəyi kimi cəmiyyətdən gəlməlidir.
Qondarmaqla olmur. Hətta biz bu gün nanotexnologiyanın köməkliyi
ilə roman yazmağa qalxsaq, yenə kənddən-kəsəkdən
yazacağıq. Çünki yeni dünyanı ifadə edən
kəlmələr dilimizdə yoxdur. Yaratmağa isə cəsarətimiz
çatmır. Çünki biz əminik ki, dilimizə yeni
sözlər gəlsə, keçmişimizin bir qəpiklik dəyəri
qalmayacaq və unudulacaq. Bu qorxu bizi dönə-dönə
Füzuliyə, Nəsimiyə, Məmmədquluzadəyə
qaytarır. Biz daima gələcəyə baxan loqosun əleyhinəyik,
bizə ölümsüzlük illüziyası bəxş edən
keçmiş miflər lazımdı, bəlkə də,
keçmiş bütlər”.
Təranə Məhərrəmova
Kaspi 2018.- 3-5 noyabr.- S.10.