QOCALAR EVİ
Çətinliklə olsa da, tikintiyə
razılıq alındı. Qocalar evi kəndin girəcəyi
hesab edilən köhnə məktəbin həyətində
tikiləcəkdi. Köhnə məktəbin özü
uçulub dağılmaq üzrə olsa da, həyat-bacası
baxımlı vəziyyətdə idi, hətta həyətin
dörd tərəfinə əkilmiş ağaclar da əvvəlki
kimi yerində idi. Yalnız 2-3 dənəsini məktəbin
qonşuluğunda yaşayan yetim Zəfər kəsib dam
ağacı kimi təzə tikdiyi evin üstünə
atmışdı. Xeyli vaxt bundan qabaq həmin məktəbin
icazəsini Zeynal müəllim almışdı. Demişdi
ki, yuxarı siniflərə keçən uşaqlar oxumaq
üçün qonşu kəndlərə gedib əziyyət
çəkməsinlər. Məktəb açıldı,
amma ilk illər məktəbdə müəllim
qıtlığı vardı. Bəzi fənn müəllimləri
qonşu kəndlərdən gəlib burada dərs deyirdilər.
Bir az sonra kəndin cavanları qonşu kəndlərdən
olan, universiteti yenicə bitirib məktəbdə işləməyə
gələn müəllimələrlə evlənməyə
başladılar. Oğlanlardan biri də özü ilə
universitetdə oxuyan buruqsaç qızla evlənib onu qiyabi
şöbəyə keçirdi və o qız da kəndə
gəlin gələn kimi məktəbdə işləməyə
başladı. Ən maraqlısı bu idi ki, cavanlar elə bil
əvvəldən fikirləşib məktəbə
ehtiyac olan fənn müəllimələri
ilə evlənirdilər.
Zeynal Bakıda yaşayırdı. Kəndin
xeyrindən-şərindən qalmazdı. Müəllimlərini
çox sevərdi, kəndə gələndə həmişə
onlara baş çəkərdi. Ən çox hörmət bəslədiyi
Fatma müəllimə idi. Fatma müəllimə ona ibtidai
siniflərdə dərs demişdi. Zeynal müəlliməsi
haqqında ağızdolusu danışardı. Deyərdi ki,
biz Fatma müəllimədən çox şey öyrənmişik.
Tez-tez təkrar edərdi ki,
Bismark Almaniyanı birləşdirməkdə ibtidai sinif
müəllimlərinə borclu olduğunu söyləmişdi.
Kənddə səkkizillik məktəbin tikintisinə icazə
alan Zeynal indi də yeni binaya köçürülmüş
köhnə məktəbin həyətində qocalar evi tikdirmək
istəyirdi, onu öz hesabına edəcəkdi. Bunu eşidən
gündən qocalar evinin tikilməsinə hamı təəccüblə
baxırdı. Deyirdilər ki, kənddə kim gətirib
anasını qocalar evinə qoyacaq?!
Qocalar evinin tikintisi məsələsi kəndi
bir-birinə vurmuşdu. Ən əvvəl aşpazın kim
olacağı məsələsi sürətlə
yayılmışdı. Hərə bir adamdan
danışırdı, amma daha çox Şövkət
xalanın üstündə dayanırdılar. Bunun da əsas
səbəbi o idi ki, Şövkət xala kəndin xeyrində-şərində
ocağın başında olardı. Əli də çox
dadlıydı. Hər toy məclisindən sonra Şövkət
xalanı görən ona ürəkdən "sağ ol” deyərdi.
Elə bu "sağ ol” da Şövkət xalanın bəsiydi.
Ən azı ona görə ki, növbəti məclisdə də
onu çağıracaqdılar. Amma
son illərdə Şövkət xalanın rəqibi
çıxmışdı. Bu da Qəssab Əlinin nəvəsi
Mələk idi. Kiçik məclislərə Mələyi
aparırdılar. Dilbər arvadın nəvəsi əsgərliyə
gedəndə onun məclisinin xörəyini Mələk
bişirmişdi, hamı da ondan razı qalmışdı.
Deyirlər ki, qocalar evində 5-6 arvad olacaq, onların xörəyini
bişirmək Mələyin əlində
su içmək kimi bir şeydir. Mələyin tərəfində
duranlardan biri də elə Dilbər arvadın özü idi.
Harada olsaydı, orada qocalar evindən söhbət salar, Mələyin
xörək bişirməyini tərifləyərdi. Dilbər
arvadın qorxusundan hamı yalandan "bəli, bəli” deyərdi.
Aşpaz məsələsində kənd yavaş-yavaş ikiyə bölünürdü, Mələk
də yavaş-yavaş
Şövkət xalanı üstələyirdi.
Qocalar evinin müdirinin kim olacağı barədə
heç kəs danışmırdı. Çünki Zeynal
demişdi ki, müdir məsələsini gəlib özüm
həll edəcəm. Amma Şərəbanı arvad hərdən
astaca deyirdi ki, qocalar evinin müdiri mən olacağam. Şərəbanı
arvadın bu sözlərinə çoxları
inanırdı, çünki o, Zeynalın bibisi idi. Şərəbanı
arvadın əsas peşəsi mühasiblik olduğu üçün kənddə
ona iş tapılmırdı.
Bunların hamısı bir tərəfdə
qalsın, ən çətin məsələ kimin qocalar
evində qalmasıydı. Zeynal bildirmişdi ki, mən qocalar
evini tikdirəcəm, içini qaydaya salacam, neçə ki,
canımda can var, işçilərin məvacibini də verəcəm.
Amma bir şərtlə ki, orada qalanlar təqaüd
kartlarını müdirə versinlər, onların yeməyi, digər tələbatları həmin
pullarla ödəniləcək.
Bundan sonra təqaüd
kartları kənddə ciddi müzakirəyə
çevrilmişdi. Səbəbi də o idi ki, kartlar kənddə
əməlli-başlı dəbdə idi. Solmaz arvadın
pensiya pulunu Bakıda Universitetdə oxuyan nəvəsinə
göndərirdilər. Çünki hələ
Güllü universitetə qəbul
olmamışdan xeyli qabaq Solmaz arvad həmişə deyərdi
ki, Güllü qəbul olsun, mən pensiyamın
hamısını ona göndərəcəm. Heç bunu deməsəydi
də, yenə onun təqaüdünü Güllüyə
verməliydilər. Çünki evin nəğd pul gəliri
elə bu idi. Gülli də kəndə gələndə nənəsini
qucaqlayıb oxuyardı:
Nənə, nənə, ay nənə,
Qurban olum mən sənə.
Kartını da ver mənə,
Qurban olum mən
sənə.
Doğrudur, Şəmilin yaxşı təsərrüfatı,
bir neçə inəyi vardır, qatığı,
südü, pendiri həmişə olardı. Amma onları satıb pula çevirmək
çox çətin idi, ona görə ki, qonşuların
hamısı mal-heyvan saxlayırdı və heç kəsin
evindən qatıq-süd əskik olmazdı. Əvvəllər
alverçilər yığılan pendiri gəlib alardılar, indi pendir alan
da yoxdu. Şəmilin ümidi
yenə anasının pensiya kartı və bəslədiyi
danaları idi. Ona görə də Şəmilin
anasını aparıb qocalar evinə qoyması ağlabatan
deyildi.
Abbas da hay-həşir salmışdı ki, nə qocalar evi? Niyə biz ölmüşük ki, analarımızı aparıb qocalar evinə ataq? Həqiqətən, Abbas ailəcanlı bir adam idi. Ata-anasına, ailəsinə, uşaqlara, həmişə canıyananlıq edərdi. Əvvəllər onun evi həyətin bir başında, ata-anasının evi isə həyətin o biri başında idi. Aralarında 70-80 addım məsafə olardı. Abbas axşam yeməyini yeyəndən sonra hər gün onlara baş çəkərdi. Hal-əhval tutar, nəyə ehtiyacları olduğunu soruşardı. Onlar Abbasdan çox razı idilər. Çünki qızlar ərə getmiş, başqa yerə köçmüşdülər, böyük oğlan da Bakıda yaşayırdı. Atası canını tapşıranda Abbasa demişdi ki, Allah sənin ömrünü duz dağına döndərsin, sən bizə yaxşı oğul oldun. Sonra tək qalmasın deyə anasını yanına gətirmişdi. Evdə də anasına gözün üstə qaşın var deyən olmazdı. Amma bir məsələ var ki, Abbasın ali məktəbdə oxuyan uşağı olmasa da, Şəmilgil kimi onun da evinə gələn pul anasının təqaüd kartında olan pul idi.
Abbas
yüngülvari alverlə məşğul olurdu. Ordan-burdan
alıb gətirdiyi ucuz pal-paltarı arvadı qonum-qonşuya
satırdı. Amma onların pulunu yığmaq çox
çətin idi. O pulların çoxusu nisyə dəftərində
əyri-üyrü hərflərdə qalmışdı.
Kənddə ən
mürəkkəb vəziyyət Dəstəgül xalagildə
idi. Dəstəgül xalanın iki oğlu, iki qızı
vardı. Hamısı kənddə yaşayırdı.
Qızlarının birini qardaşı oğluna, digərini
isə qayının oğluna vermişdi. Bir vaxtlar qızlar
yetkinlik yaşına çatanda Dəstəgül xala kənddəki
məclislərin birində
açıq-açığına, özü də ucadan
demişdi ki, heç kim mənim qızlarıma elçi
düşməsin. Mən bu kənddən
gördüyümü görmüşəm,
qızlarımı öz qohumlarıma verəcəm. Dəstəgül
xala dediyi kimi elədi. Oğlanlarına gəldikdə isə
birinə başçısının qızını, o
birinə isə baldızının qızını
almışdı. Baldızının qızını
aldığı oğluna dava-dalaşla kəndin girəcəyində-qocalar
evinin tikiləcəyi yerin yanında ev tikmiş, ailəni ora
köçürmüşdü. Bacısının
qızını aldığı oğlunu isə yanında
saxlamışdı. Bunun da mənasını hamı bilirdi
ki, Dəstəgül xala bacısı qızına görə
onu yanında saxlamışdı, yəni qocalanda ona
bacısının qızı baxsın. Amma vəziyyət bambaşqa idi.
Dəstəgül xala yaşlaşdıqca məsələlər
çətinləşirdi. Çətinliyin biri də onda
idi ki, yanında qalan oğlu çox vaxt araq içir, evə
sərxoş halda gəlirdi. Bu, Dəstəgül xalanı
çox narahat edirdi ki, vəziyyət mürəkkəbləşər
və oğlu ilə bacısı qızı arasında
münasibətlər pozular. Amma bacısının
qızı çox usta tərpənirdi. Xalasından fərqli
olaraq içki üstündə ərinə heç bir
söz demirdi. Günlərin biri isə vəziyyət lap gərginləşdi,
oğlu hirsli-hirsli Dəstəgül xalaya dedi ki,
uşaqların hərəsinin evində üç ay qalarsan,
qoy o biri oğlanların, qızların da əziyyətini
çəksin. Doğrudan da, belə oldu. Amma Dəstəgül
xalanın tez-tez yatdığı yeri dəyişməsi ona
baha başa gəlirdi, günlərlə yata bilmirdi. Hərdən
deyirdi ki, gedib qocalar evində qalacağam. İndi Zeynalın kənddə
qocalar evi tikdirməsi onun ürəyinə yatırdı.
Uşaqlar da, kənd camaatı da düşünürdülər
ki, qocalar evinə əsas namizədlərdən biri Dəstəgül
xala olacaq.
Qocalar evinin bir namizədi də Şirin xala
idi. Buna kənddə heç kəs şəkk-şübhə
etmirdi. Səbəbi bu idi ki, Şirin xala öz evində tək-tənha
qalmışdı. Bizim kəndlərdə belə şeylər
çox olurdu. Uzun müddət tək qalan qocalara qonşular
yardım göstərirdilər. Çalışırdılar
ki, çox da sıxıntı keçirməsinlər. Hərdən
məktəbli uşaqlar həmən qocalara baş çəkər,
kömək edər, darıxmağa qoymazdılar.
Şirin
xala tək qalmışdı. Şirin xalanın üç
oğlu vardı, üçü də Bakıda
yaşayırdı. Yalnız bayramlarda gəlib ona baş çəkərdilər.
Amma Bakıya aparmağa
heç vaxt cəhd göstərməzdilər. Şirin xala
oğlanlarından gileylənməzdi. Həmişə deyərdi
ki, mən öz evimdə qalmaq istəyirəm. Bu evin
torpağını, kərpicini əlimlə
daşımışam. Bu həyətin hər addımı mənə
əzizdir, onun hər qarışını daşdan,
çınqıldan təmizləyə-təmizləyə
torpaq halına gətirmişəm.
Qocalar evinin başqa bir namizədi Pəri xala
idi. Çünki o, hal-hərəkətdən
düşmüşdü. Hamı tam əmin idi ki, Pəri
xala qocalar evinə birinci gedəcək. Fatma müəllimə
deyirdi ki, Pəri xalanın özü istəməsə də,
onu bir təhər dilə tutub qocalar evinə aparmaq
lazımdır, ölüb eləyər, bilmərik, sonra
biabırçılıq olar.
Qocalar evinin tikintisi çox çəkmədi,
cəmisi 3-4 aya başa gəldi. Ev hər birində iki nəfərin
qalacağı beş otaqdan, uzun və enli şüşəbənddən
ibarət idi. Şüşəbəndin bir tərəfində
mətbəx, digər tərəfində hamam və tualet
tikilmişdi. Otaqlara təp-təzə, rahat mebellər
qoyulmuşdu. Şüşəbənddə stol, stullar, divan,
kreslo və divardan asılmış geniş ekranlı
televizor var idi. Görənlər bəh-bəhlə
danışırdılar. Deyirdilər ki, qocalar evinə gəlmək
istəməyənlər də buranı görəndən
sonra oynaya-oynaya gələcəklər. Güldəstə
xalanın nəyinə lazımdı ki, öz qohumları ilə
üz-üzə gəlsin. Gəlib burada oturacaq, həmyaşıdları
ilə şirin-şirin söhbət edəcək, rahat da
yatacaq. Ya elə Şirin xalanın tək-tənha
yaşamağındandısa, keçmişdən-gələcəkdən
danışıb qayğısız-qayğısız gün
keçirməyi daha yaxşıdı. Hətta Şəmillə
Abbasın da kürkünə birə
düşmüşdü ki, ordakı şəraitin
yaxşılığı analarını əllərindən
ala bilər.
Qocalar evinin açılışına bir
neçə gün qalırdı. Zeynal müəllim də zəng
vurub demişdi ki, mən xaricdə olacağam, gələ bilməyəcəm,
açılışı eləyin və Fatma müəllimə
də müdir olsun. Özü də bunu bibisi Şərəbaniya
demişdi.
Qocalar evinin açılışı oldu. Elə
səhəri gün bir xəbər hamını heyrətə
gətirdi. İldırım kimi kəndə yayılan xəbər
bu idi ki, Pəri xalanın oğlu kəndə gəlib anasını
götürüb Bakıya aparmışdı.
İndi qocalar evi
yerindədi, amma boş deyil. Fatma müəllimə orada
birinci sinfə getmək istəyənlərə
hazırlıq dərsi keçir.
Kamran İMRANOĞLU
(ƏLİYEV)
04.09.2018
Kaspi 2018.- 3-5 noyabr.- S.11.