Lunatik kölgə
Bir neçə dəfə fərqli formalarda həyatıma
son qoyub, ondan canımı qurtarmaq, paltar soyunan təki ruhumu bədənimdən
sökərək çıxarmaq istəmişdim. Fəqət
hər dəfə də başqa-başqa səbəblər
bu yoldan döndərdi məni. Zaman-zaman içimə
sığdırmağa çalışdığım o
güvən hissini yenidən qazanacağımı hiss etdim. Fəqət
inamsızlıq kölgə kimi qarabaqara izlədi,
şübhə bulud təkin başım üzərində gəzdi.
Hara addımımı atsam, elə o küncdən mənə
boylandı. Başqa adamlara yaxınlaşdım birgə irəliləyək
deyə. Kimisi qəlb evimi oğurladı, kimisi kimsəsizliyim
oldu. Bəzisi bədənimi yeni duyğularla sərasər
doldurarkən, bəziləri də görünməz
dağıntılar yaratdı. Hər dəfəsində
coşğunluqla axan irmaq kimi qarşıma çıxan
dağları, təpələri, vadiləri aşıb
qovuşacağım dənizi tapdım. Yalnız yazı
masamdakı dəftərə hər şeyi yazıb bitirdiyim
anlarda sakitləşdim. Kəlmələr mənə həyatı
ərməğan etdi, özümə qatlaşa biləcək
gücü verdi. Əksəri bərbad duyğularla indiyə
qədər yaşamımı döyəcləmişəm.
Bax gör, nə qədər şeyin uzağındayam...
Frieda və Nick güclə yatdı. "Artıq
ölə bilərsən, Sylvia” deyə
pıçıldayır içimdəki səs. Onlar
üçün əlimdən heç nə gəlmir. O
gün hamamda qalsam da, Nicki yuyundura bilmədim. Jilian gələndə
üzümə təəssüflə baxdı.
Uşağı qucağına alıb quruladı.
Düzü, bəzən yaxşı nələrsə etmək
istədiyini hiss edirəm, bəzənsə mənə
qatlaşa bilmədiyini düşünür və narahat
oluram/ Hər şeyə rəğmən o, böhranlı
günlərə dözməyimə kömək edən əvəzsiz
dostdur. Bazar günü yemək üçün gözəl
şeylər hazırlamışdı: Rosto, pendir, şirin və
kəmturş şərab. Yemək boyunca gülməli hadisələr
danışdı. Rəqs edib etmədiyimi isə
xatırlamıram. Elə musiqi dinləyib, dinləmədiyimizi
də. Düzü, içki rahatlaşmağıma kömək
edir və sonra gördüyüm ilk münasib yerə
uzanıram. Yenə də elə oldu. Bir neçə saat
yatdıq. Oyandıqdan bir qədər sonra Gerry məni və
uşaqları evə ötürdü. Bir yandan "istəsən,
qayıdaq” dedi. Yollardakı qar azca ərimişdi. Əsəbdən
ağladım. Xarab olan maşına, həyata, ürəyimin
əvvəlki kimi öyünəcək şeylər tapa bilməməyinə.
İsrar etməyib evə qayıtdı. Ağlaya-ağlaya
"paltarları qatlamaq lazımdır” söylədim.
Belə qış günləri sadəcə
daxilimin buz bağlamasını sürətləndirir.
Çöldə mənim kimi kimsəsiz qalmış külək
kol-kosa çırpılır. Mən ruzigarı ot və
yarpaqların arasında azadə dolaşarkən sevirəm.
"Hopkins Yurdu”nun divarlarında nəhəngləşən
kölgələr gördüyümü zənn edirəm.
Maşınların gecənin səssizliyini pozmaq
üçün növbələşərək
ötüşdüyünü də. Görəsən,
dünyanın hansısa bir nöqtəsində eynən mənim
kimi göy üzünə baxıb, bu duyğuları
yaşayan bir başqası da varmı? Yenə də məişət
problemləri içərisində hər şeyi itirirəm.
Baxdığım mənzərədən kənardakı
dünyanı görməmək, bacardığım halda
almanı dişləyə bilməmək kimi problemlərim
var. Ta dərinliyimdə qanqrenə çevirməyi
bacardığım qısqanclıqları isə ancaq
şeirə köçürə bilirəm.
Zehnimin gizlinliklərində var-gəl etməkdən
bitab düşdüyüm anlar çox olur. Hər anın
sehri zəhər kimi qanıma qarışdığından
daim təlaş gəzinir damarlarımda. Yalqız
qalmağı düşünməkdən sarımı uduram.
Pilləkəndən gələn tıqqıltılara qulaq kəsilirəm.
Qaranlıq boş gördüyü hər yeri doldurmaq istəyirmiş
kimi irəliləyir. Nə təsadüf ən çox da
daxilimi ələ keçirir. Parça-parça yuxular. Yuxu
dərmanları yalnız bədənimi uyuşdurmağa xidmət
edir. Fəqət düşüncələrim və ruhum
lunatikdir.
Oyandıqdan sonra da otaqlarda gəzişirəm.
Güldanın tozunu kim bilir gündə neçə dəfə
alıram. "Otuz bir yaşındasan və hələ də
gözəlsən, Sylvia” söyləyirəm özümə.
"Bir fırtına quşunu sevsəydim kaş ki sənin
yerinə, Ən azından baharda səmanı şənləndirib
gələrdi” ("Dəli qızın eşq şərqisi”–
S.Plath) misralarını mırıldanıram alicənab
kölgələrə. Sonra özümü təqlid edib fərqli
tonlarda eyni misraları oxuyuram.
Bütün ömrüm boyu kürəyimdə
başqa birinin nəfəsini hiss etmək üçün
çalışdım, çabaladım. Qolları bədənimə
dolaşsa, boş ərazidə, insan ayağının dəyməyəcəyi
sahədə, ya da dağda yaşa bilərdim. Fərq etməzdi.
Yaşaya bilərdim... Bütün axtarışlarım
özümü itirmək və yenidən tapmaqla keçdi.
İçimdə böyütdüyüm insan,
düşüncənin özü, hətta övladlarım
belə xərçəngli hüceyrə kimi bədənimi,
ruhumu gəmirdi. Fəqət bütün
yaşadıqlarım, həyatımın parçaları məni
müsbət mənada dəyişdirmədi.
Qaranlığı gördüm. İçimdə heç
durmadan danışan birinin varlığını hiss etdiyim
üçün yazdım. İnsan yazarkən
özünü, əskiyini də tamamlamağa
çalışır.
Gələcəyə ümidli olduğum
axşamlardan birində qəlbimi dinlədim. Mənə
toxunanda, hətta saçlarımın arasında
barmaqlarım gəzinəndə belə nəfəsində
başqasına aid yad izlər var idi. Buna rəğmən
aldadılmış kimi hiss etmədim. Çoxdan bitmiş bir
şeyə tamaşa edən kimiydim. Bundan daha dibdə olmaq
mümkün deyildi. Ya oradan çıxacaq, ya da sonsuza qədər
o boşluğun içində qeybə çəkiləcəkdim.
Kim bilir bu duyğu yazdıqlarımda neçə dəfə
təkrarlanmış, təkrarlanmış, təkrarlanmışdır.
İnsan nələrisə dəyişə bilməyəcəyini
anladıqda sadəcə getmək istəyir. Qəlbin
ayağa qalxıb irəliləyir.
Bundan 10 il öncə – qırıq
ayağımı ardımca sürüyən zamanlarda da
yazdım. Zehnimin qaranlıq quyularında qalmış hadisəni
niyə gün üzünə çıxarmağa
çalışdığımı hər şeyi yazıb
bitirinəndən sonra dərk edirəm. Deyəsən, bəzilərimiz
dünyaya gəlişigözəl "atılmış” kimi
hiss etdiklərindən aid olduqları yeri tapmaq
üçün bütün enerjilərini sərf edər və
heç nə əldə etmədən dünyadan
köçüb gedərlər. Bəzilərinin isə bircə
addım belə atmasına lüzum yoxdur: Dünyada nə qədər
sirli hadisə varsa, gəlib onları tapar. Mən isə həm
özümü hansısa yerə aid hiss etmir, həm də
adi, sadə qaya parçası olmaq məsələsini
düşünürdüm. Həm, bəlkə, məni də
yosunlar qucaqlayardı. Gündüzlər üzərimdə
qarışqalar gəzər, gecələr ulduzların
parıltısı ilə işıqlanardım. Qaya
parçası olmaqdan yorulduğum anlarda isə irmaq olub
coğrafiyanın bəxş etdiyi sərhədlər daxilində
bir yerdən başqasına axıb getmək istərdim. Hər
dəfəsində yeni siyahılar tərtib etdim özümə.
Oxuma siyahıları, dinləməli olduqlarım,
tanış olacağım yazarlar, yeni səyahətlər.
Qatıldığım yarışmalar, aldığım
mükafatlar doymuşluq hissi bəxş etmədi. Beynimdəki
səs heç durmadan daha çoxunu istəyirdi. Lakin
bütün gözəl duyğuların sonsuzluğa qədər
uzandığı bir yeri görməyəcəkdim. Zehnindən
xilas yoxdur, Sylvia, dünyanı öldürmək
üçün gözlərini bağla.
Son aylarda qasırğanın ortasında
qalmış kimi gözlərimi qorxu və təlaşla
qıyıb baxırdım. Sığındığım
yerdən bir addım uzağa qaça bilmirdim. Hər şeylə
mübarizə aparmaq məcburiyyətindəydim.
Ölümü gözləyirdim. Gəlib məni tapsın,
gözlərimdə qalan son işığı da
oğurlayıb getsin deyə. Sonra əl çəkirəm bu
düşüncələrdən. Hər kəsi tək-tək
xatırlamağa çalışıram. Adlarını dəftərə
yazıram, harada tanış olduğumuzu qeyd edirəm. Birlikdə
yemək yeyib, rəqs etdiyimiz restoranları, yeridiyimiz prospektləri,
velosiped sürdüyümüz çəmənləri, o əsrarəngiz
qoxuları belə unutmamağa çalışıram. Həyat
isə qurtarmağa çalışdığım yüzlərlə,
bəlkə də minlərlə xatirəni amansızca hafizəmdən
silməklə məşğuldur. Usandıran səssizliklərin
içindən bataqlığa düşmüş quş
kimi çırpınır və xilas ola bilmirəm.
Bir az süd içib masanın üzərinə
qoydum. Oyananda başlarını qata biləcək şirnilər
var idi artıq. Ölməyə çalışmaq
yaşamın başqa yönlərini kəşf etməyimə
kömək etdi. Yaşamağa çalışarkən məzarımdan
çıxa bilmədim. Həkim Horderə bunları söyləyəndə
uzun-uzadı nəsihətlər verməyə başladı.
Geriyə hər addımımda aldığım dərmanları
atmaq istədiyimi söyləyirəm. Rədd olsun dərmanlar,
yuxular, yatanlar. Dediklərimə gülürəm.
"Keçəcək, uşaqlarına, həyatına
qayğıyla yanaş” deyə diktə edirəm. Mətbəxdə
neçə dövrə vurduğumu, heç bir yerinə
sığmadığımı söyləmək
üçün onu axtarmalıyam. Bu soyuq qış
günü aşağı mərtəbəyə bir
neçə dəfə enib yuxarı qalxdım. Hansısa səsi
eşidəcəyəm, mütləq eşidəcəyəm.
Axı biri səsimə səs verməlidir...
Nick yatağında heç tərpənmir. Frieda gülümsəyir. Şansı varsa, gözəl xülyalar görür. Pəncərəni açıram. Çöl soyuqdur, amma otaq da havalanmalıdır axı.
Mətbəxə qayıtdığımda daha
öncə eşitmədiyim bir ölümlə
qarşılaşacağam. Qaz içəri dolacaq. Sobanın
içinə soxacağam başımı. Sonra
uşaqlığımı, bağçamızdakı yelləncəyi
düşünəcəyəm. Bir əl məni arxadan itələyəcək
və o anda göy üzü içimə dolacaq.
Serkan Türk
Türkiyə
türkcəsindən uyğunlaşdıran: Aytac Quliyeva
Kaspi 2018.- 3-5 noyabr.- S.20.