Sergey Qlavyuk
Rus şairi, tərcüməçi, Rusiya yazıçılar birliyinin üzvü Sergey Nikolayeviç Qlavyuk 1958-ci ildə anadan olmuşdur. O, on cildlik "XX-XXI əsr Slavyan Poeziyası. Əsrdən əsrə” və "Kirill xalqlarının poeziyası” antologiyalarının tərtibatçısı və müəllifi, slavyan poeziyasına həsr edilən, "Nəğmə deyən məktublar” adlanan beynəlxalq festivalın təşkilatçısı və idarəçisidir. 1970-ci illərdən şeir yazan S.Qlavyukun əsərləri "Literaturnaya qazeta”, "Moskva”, "Yunost” və digər rus və xarici nəşrlərdə dərc edilmişdir. "Bircə qurtum”, "Dönüş nöqtəsi”, "Qədim pul” şeir kitablarının müəllifidir. Şeirləri Makedoniya, serb, slovak, rumın, çex və digər dillərə tərcümə edilmişdir.
Hazırda Moskvada yaşayır.
* * *
Parkdakı skamyada əyləşmişik üzübəri.
Çəp-çəp baxır postdakı kobud milis nəfəri.
Əlavə edilirik sakitcə risk qrupuna,
pul saxlamaq gərəkdir evin kirə haqqına.
Dikdaban ayaqqabın toxunur yarpaqlara,
siqaret kötükləri tökülən torpaqlara.
Bəlkə, əlvida deyib bu darısqal Moskvaya,
əşyalar çantamızda, qaçaqovla yaşayaq?
Deyə bilərsənmi iki adamı birləşdirən nədi?
– Doğmaq, yaratmaq, qaçmaq və dəfn.
* * *
Küknarlar, çaylar, qumlu sahil
və dik yamacdakı yovşan.
Onun acı, bihuşedici ətri
hələ də ovuclarımdadır.
İşıqlandı dan yeri,
Xışıldadı yuxulu düzənlik.
Qurtuldu ağrıdan torpaq,
Yovşan ətri bəxş etdi hər yana.
Tezliklə qış gələcək.
Küncə-bucağa doluşacaq qar dəstəsi.
Çayın üzü qabar bağlayacaq.
Susacaq, sönəcək, gizlənəcək.
Qəhər boğazımda düyünlənəcək,
Çarəsizlik bükəcək çiyinlərimi.
Başımı ovuclarım arasına alıram,
Yovşan ətri şəfa bəxş edir mənə.
* * *
Köhnə pəncərədən görünən həyat
gündüz işıqlı, gecə qaranlıq, heyhat.
Pəncərə yuxulu həyətə baxır,
Çəpəki hasara nəzər də salır.
O yüzillik hasar nə vaxtdan bəri
sınmış bir səkiyə doğru əyilib.
Torpaq dartır onu, dartır aşağı,
sanki kəmənd atmış kimi uzağa.
Sənə təzim edirəm, ey doğma torpaq.
Mən – dua edərkən yıxılmağa qorxan uşaq.
Azmış oğul kimi dönərəm sənə,
dərəyə yıxılsam da qalxaram yenə.
Döyüşkən qiyamçı ruh isə o an –
güclə nəfəs alaraq uzandığım zaman
qurtulub qandallardan, üz tutar möhnətə.
Bəs sonra nə olacaq? Birbaşa Qiyamətə!
Bəli, həyat adidir: gah günəş, gah qaranlıq.
Ah, bu köhnə pəncərə, ah, o
şüşəsi sınıq...
* * *
Sərin aprel gecəsi. Yağış yuyur səkiləri.
Hay-küylü faraların sarışın kölgələri.
Parıltılı kirpiklərlə arıq çiyinlər.
Qarşıda bizi nələr gözləyir, nələr.
Hələ ki, dan yeri sökülməyib Moskvada,
Sönük illəri alovlandıran havada.
Üç pillə qalxan kimi zəif alqış səsləri
və çaylardan ələnən dumanın izləri
tələsdirir bayaqdan gecikən vaqonu,
susdurur ucalan səsin tonunu.
Yenə aprel. Yenə həmin səki
və boşluğa bürünmüş bazar şəkli.
Əllərimdə yoxdur göyümtül izlər,
buludların üstə durnalar gəzər
* * *
Saçları çallaşıb artıq payızın...
Yenə də tərk edə bilmədim səni.
Hansı təsadüfi gücdür, məni sənə tərəf çəkən.
Nəyinə lazımdır axı, mənim kimi fərasətsiz?
Səhərdən bəri Rusiya kimi soyuq, sərxoş külək əsir –
burda hamıya soyuqdur,
hətta Məsih də içərdi burda...
Axşam isə bir az da ağaracaqdır ətraf,
sarı yarpaqlar belə.
Çovğun qoparır susqun budaqların uclarını
ağacların arasından süzülür
işıq zolağı...
* * *
Gəzirsən yalquzaq iz axtaran tək,
vermərəm kimsəyə səni, ey mələk,
Hər addımda əriyərək məhv olan
biçarə, zavallı taleyim, aman.
İstədim ki, səndən gen gəzim daha,
tərk etmək, unutmaq, qaçmaq uzağa.
Bu yalandır, ya şıltaqlıq və qüssə?
Məni səndən ayıra bilməz kimsə.
Nəyin bahasına olursa-olsun
qısqanclıqla qoruyarıq dostluğu.
Mən və Sən, başqa hər şey oyundur.
İşıqlandı! Çıxdım səhərə,
budur.
* * *
Titrək addımlarla qaçıram çaydan,
dodaqlarla əllərdir hərarət yayan.
Bu parkın on ildən artıq yaşı var,
Qədimliyi bugünədək qoruyur onlar.
Son vaxtlar qəzəbli olubdur düzü,
Şövqlüdür hələ də, qırışmışsa da üzü.
Gümüşü rəngli suda üzür buzdan parçalar,
Taleyin üzəriylə sürüşürdü çəkmələr.
Sazaqlı budaqların sakitcə zümzüməsi,
Dərdli, susqun yuxunun səhəri gözləməsi.
Bir-birinə paralel olan o iki xizək,
Uzaqlaşdıra bilmədi gələn çovğunu demək.
* * *
Almacıqlarında təbəssüm yaşar,
yüngül titrəmə var barmaqlarında.
Nə yoxluq, nədəki təkəbbür saçar,
nədəki yanlışlıq yaşayır
onda.
Soyuqqanlılıqla nişana aldı,
gözlərini qonaq etmiş güzgünü.
Nəğmə oxuyaraq şığıdı güllə,
güllə çoxdan gözləyirmiş bu
günü.
Ağacların arasından canavar baxır,
Budaqlardan uçub qalxır quşcuğaz.
Dünya parçalanır iki hissəyə,
Şütüyür havada güllələr
az-az.
* * *
Qatı və qaranlıq axşamda yenə,
Eyni masa arxasında əyləşib,
Uğursuz günlərin dostları kimi,
Nə biz, nə də ki, nəğməmiz dəyişib.
Səs-küylə uzağa qaçdığımız an
Ən yüksək sürəti yığaraq birdən.
Sanki sərt bir yarışa qoşulmuş kimi
kürüyürdü qarı maşınlar bu dəm.
Yaşanan hər mübhəm, sirli axşamda,
Yemək çörəkdirsə, şərabdır içki.
Heç də təsadüfi deyildir inan
Gözləmək göyəmdən olan çələngi.
Sərxoş olub sındıraram qabları,
Onsuz da əhvalım özümdə deyil,
Barmaqlarla axtardılar durmadan
İskariot ləqəbli İudanı, bil.
Və budur, peyda oldu İuda özü
Təcili də mühakimə edildi.
Amma baş vermədi heç bir möcüzə
əcəb məhzun, məşəqqətli dərs idi.
İndi həm adamlar, həm də heyvanlar
Bilmir kimə baxsın, dinləsin kimi.
Motsartla Salyeri də qalıbdı çaş-baş
Kimin üçün ifa etsinlər indi..?
Çiskinə, dumana bürünüb yollar,
Qar da şərab ətri verir nədənsə.
Hər canlıdan bir cüt gərəkdir sənə,
Yığarsan kovçekə bacara bilsən.
Rus dilindən tərcümə
edən: Xatirə Nurgül
Kaspi 2018.- 3-5 noyabr.- S.16.