Caharşah
Art House
Gülbəs xanımla Şirvanşahlar sarayının
önündə görüşürük. Hava günəşlidir.
Turistlər dodaqlarına "pendir”
yığıb gülümsəyirlər. Budur, qələbəliyin
arxasında qısaboylu, eynəkli bir qız: Gülbəs
Ayvaz. Mənim qolum payız yarpağı kimi
asta-asta havada yellənib işarə edir.
– Burdayam.
Burdayam. Burdayam.
Gülbəs iri eynəklərinin
arxasından havada yellənən qolumu qəfil tutur. Və ikimiz də
ayaqlarımızı bu dar küçələrin
"ixtiyarına verib” "Caharşah Art House”a doğru
addımlayırıq.
– Bir xəstəlik
növü var, adını unutdum. Qapalı yerlərdə
insan özünü narahat hiss eləyir, məsələn, liftdə. Məncə, həmin xəstəliyi olan adamlar bu
küçələrdə rahat yeriyə bilməzlər.
Təsəvvür elə, gedirsən, gedirsən,
yol bitmir. Həm də bu labirint kimi iç-içə
küçələr... Yol bitmədikcə sənin
içindən də özgə yollar ayrılmağa
başlayır və bilmirsən, bilmirsən bu yollar səni
hara aparacaq. Ancaq içində səni naməlumluğa
aparan yol daha doğmadır, bilirsən niyə, çünki
o yol genişdir, uzundur, bu küçələr kimi deyil.
Amma "İncil”də deyilir ki...
Söhbətin bu yerində Caharşaha
çatırıq. Əvvəl çantamı, yəni
"bədənimin bir hissəsini” çəkib canımdan
çıxarıram. İstidən
gözlərim rəngini dəyişib. Amma
hava içəridə sərindir. Bir stəkan
soyuq su ilə əhvalım düzəlir. Bəli, üç otaqlı geniş bir mənzil.
Sağdakı otaq emalatxanadır. Bunu
içəridəki tör-töküntüdən hiss edirəm.
Təxmin etdiyiniz kimi öncə bu otağa
baş çəkirəm. Nədənsə
yaradıcı insanların mətbəxi mənə
yaradıcı nümunənin özündən daha maraqlı
gəlir. Boyalı fırçalar,
yarımçıq rəsmlər, döşəmədə
darıxa-darıxa gözləyən şüşələr
və s. Hamısı üzümə zillənib məni
salamlayır. Ancaq daha bir hadisə: Masanın üzərində
Orxan Pamuk romanı. Həm də, ən sevdiyim
"Qara kitab”. Gülbəs xanım diqqətlə
kitaba baxdığımı görüb verilməyən
sualı cavablandırıb, məni qabaqlayır.
– Çox mürəkkəbdir. Oxumaqda çətinlik çəkirəm.
Və bir daha hələ dilimdə bişməkdə
olan sual məndən əvvəl müsahibimə agah olur.
– Bəli, əksər yaxşı
romanlar çətin oxunur.
Hiss edirəm
ki, Gülbəs xanım mənim yerimə özünə
cavabları hazır suallar ünvanlayır. Ancaq
məsələ həmin romandan gedirsə o zaman
danışmaq üçün içimdəki səsi
qabaqlamalıyam.
– Müəllif kitabın içinə hər
şeyi əlavə eləmək istəyir. Təbii
ki, bu mümkün deyil. Bu təsnifatı
müəllifin niyyəti təyin edir. Müəllifin nəzərdə
tutduğu budursa və heç olmasa az-çox əks etdirə
bilirsə, deməli, məsələ həll olub. Bu ənənə Borxesdən gəlir.
– Pamuk həm də rəssam idi.
– Məncə, o da belə bir məkan
açmaq istəyərdi.
Sonuncu dialoqdan sonra ikimiz də gülümsəyirik. Pəncərəni
açırıq və ağappaq işıq icazəsiz-filansız
içəri dolur. Eksponatlara baxıram.
Hədiyyəlik əşyalar lal
baxışlarla üzümə zillənir. Elə bil bu baxışların arxasınca asta-asta
sevdiklərinin adını pıçıldayırlar və
bununla xatırladırlar ki, bizi al, yoxsa bu adların
hamısı səndən inciyəcək. Biz? Elə biz də inciyəcəyik.
Buradakı ən maraqlı əşyalar çaxır
şüşələrinin üzərindəki rəsmlər
idi. Üzərinə müxtəlif sahələrdə
adını tarixə yazdırmış şəxsiyyətlərin
şəkli həkk olunub. Bu
şüşələri uyğun qiymətə alıb
evinizin intellektual atmosferini daha da yüksəldə bilərsiniz.
Həmçinin, öz sevdiklərinizin də
şəklini həmin şüşələrin üzərində
görmək imkanınız var. Sadəcə az-çox qiymətdə
fərq olacaq.
– Əcnəbilər məkanı ziyarət edir?
– Hə, daha çox əcnəbilər
gəlir. Yerlilər internet üzərindən
sifarişlərini verirlər, hazır olanda da gəlib əşyanı
götürürlər. O vaxt həm də məkanı
görürlər və çox zaman daha öncə bura gəlmədiklərinə
görə peşman olurlar. Əcnəbilər isə
küçəni keçərkən kənardan içərinin
atmosferini hiss edən kimi yaxınlaşıb maraqlanırlar,
şəkillər çəkirlər, bəzən də xatirəlik
əşyalar alırlar.
Söhbətimiz
zamanı Gülbəs
mənə daha bir əhvalat danışdı. Belə hadisələr mənim üçün
olduqca maraqlıdır. Hadisə yaxın
zamanlarda baş verib. Bir rus qadını.
Yaşı qırx olmazmış. Müsahibimin dediyinə görə tək gəlmişdi.
Nədənsə çantasını möhkəm
qucaqlamışdı.
– Çanta qadının
qollarının arasında iri, yumşaq, sulu əzgilə bənzəyirmiş.
(Hələ də bu detalın niyə müsahibimin yadında
belə qəribə formada və dəqiqliklə
qalmağı məndə təəccüb doğurur) .
Qadın sarışınmış. Xoş
siması, gülümsər üzü ilə məkanı
axtarır.
– "Yəqin, bir yaxını
üçün hədiyyəlik əşyalar axtarır”. Müsahibim fikirləşir. O zaman heç
yaxınlaşmağa dəyməz. Qoy rahat seçsin, sonra
özü bizə yaxınlaşar. (Müsahibim bunları danışarkən
hiss edirəm ki, əslində çox yorğun
imiş və maraqlanmağa ərinirmiş).
Beləcə bir neçə dəqiqə sonra digər
otaqda qadının hönkürtüləri eşidilməyə
başlayır.
– "Elə bil, kənar otaqda kimsə
yüksək səslə, şit formada qəhqəhə
çəkməyə çalışır. Bu
səs yalnız cəhd zamanı çıxa bilərdi.
Birdə elə bil, kişi qəhqəhəsinə
bənzəyirdi”. Müsahibim ilk olaraq
bunları düşünür.
Tələsik kənar otağa keçir. Budur, qadın
dizlərini yerə atıb hönkürtüylə
ağlayır.
– Qəhqəhə ilə
hönkürtünü səhv saldığıma görə
özümə əsəbiləşdim, ancaq
özümü itirmədim, qadının qoluna girdim və
biz digər otağa keçdik. Masada əyləşdi.
Ona soyuq su verdim. (Bu zaman Gülbəsin
gözü əlimdəki stəkana sürüşür və
hiss edirəm ki, su həmin qadına mənim əlimdəki stəkanda
verilmişdi).
Qadın sakitləşir və daha sonra öz əhvalatını
danışmağa başlayır. Əri vəfat etmişdi.
Qadının barmağındakı
üzüyün izi görünürdü. Gülbəs xanım, hadisənin yaxınlarda
baş verdiyini burdan hiss etmişdi. Birdə
gözləri dərin bir quyunu xatırladırdı. Lap
Məlikməmmədin düşdüyü quyu kimi. O biri
ucunda fövqəladə ağrılar hiss olunan bir cür durbin.
Yalnız sevən birisi bu cür baxa bilərdi.
Gülbəs xanım ovcunu çənəsinə çəkib
mənə bunları dedi.
Nazim Hikmətin şüşə üzərindəki rəsmi
onun həyat yoldaşına bənzəyirmiş. Mavi gözləri
ərinin eynisi. Hətta
saçlarını da rəsmdəki kimi pərişanmış.
– Onun rəsmini görəndə
elə bildim ki, ölmüşəm. Qadın
suyundan bir qurtum içir. Və davam edir.
– Şəkillərini ölümündən bir
ay sonra yandırdım. Keçmiş
amansızdır. Adamı qarabaqara izləyir.
Sonra əşyalar. Əşyaların
üzərində onun əl izlərini görürdüm.
Elə bil hər şeydən onun qoxusu gəlirdi.
Elə indicə qarşımda idi. Həmin
an yalnız
ölüm haqqında düşündüm. Onun
mənə ölümü xatırladacağı yatsam yuxuma
girməzdi.
Beləcə
qadın səndirləyə-səndirləyə
oradan çıxır və Gülbəs xanım onu bir daha
görmür.
O baş
verən bu hadisənin təsirindən uzun müddət
çıxa bilməyib. Elə indi də mənə
danışarkən hiss edirdim ki, eynəkləri
"böyüməyə” başlayıb. Aranı
sakitləşdirmək üçün tamam başqa bir
mövzuya keçirəm. Görəsən,
müsahibimizin rəsmə marağı haçandan
yaranıb?
– Uşaqlıqdan. Atamın təşəbbüsü
ilə. O, mənə güvəndi, rəsmə, sənətə
həvəsləndirdi, mən də arxasınca getdim.
– Yəqin ki, əvvəl
yaxınlarının rəsmini çəkməyə
başlamısan?
– Hə, amma heç biri bu gün məndə
yoxdur. Bilmirəm, nədənsə onların rəsmini
yaxşı alındıra bilmirəm. Ya
da mənə belə gəlir. Məncə,
öz doğmalarımın rəsmini istədiyim kimi çəkmək
üçün daha çox təcrübəli olmalıyam.
O rəsmləri nə zaman istədiyim kimi çəksəm,
deməli, içimdəki həqiqəti də tapmış
olacağam. İnsan belədir, ən
yaxınındakını çətin qavrayır...
Bu əsnada Gülbəs xanıma zəng gəlir və
söhbətimiz yarımçıq kəsilir. Müştərilərdən
biri məkanın yerini tapmaqda çətinlik çəkir.
Buna görə rəssam dostumuz müştərini
qarşılamaq üçün məkandan
çıxır, buraları da mənə
tapşırır. Mənsə rəfdəki
kitablara cumuram. Burda kiçik, amma dəyərli
kitablarla zəngin kitabxana da var. Başım həmin kitabxanaya
qarışmışkən bir anda girişdəki səsdən
diksinib həyata qayıdıram. Yapon
turistlər? Hə, qıyıq
gözlü dostlarımız bizi ziyarətə gəlib.
Gülümsəyirlər və mən bu zaman
öz-özümə deyirəm:
– Yer üzündə hamıya
aid ortaq bir dil varsa, o yalnız və yalnız təbəssüm
ola bilər.
Uzaq Şərqdən
gələn qonaqlarımızın gülüşünü
aldığım kimi geri qaytarıram. Ünsiyyətimiz
isə mənim sınıq-salxaq ingiliscəmlə baş
tutur.
Məkanı bəyəniblər. Bundan çox
şad oluram. Əşyalar haqqında
danışıram. Onlar razılıqla və
bəzən heyrətlə məni dinləyirlər. Budur, yenə şüşələrin
qarşısındayıq. Xanımlardan
biri barmağını uzadıb Lev Tolstoyu göstərir və
dilinin altında "Anna Karenina” deyir. Digəri
Van Qoqa köklənir. Bir-biri ilə Van Qoq
haqqında uzun-uzun söhbətləşirlər. Arada mən unuduluram və məsum-məsum heç
nə anlamadan onları izləyirəm. Beləcə,
söhbət daha da qızışır və mübahisə
edə-edə astaca qarşımdan keçib burdan
ayrılırlar.
Əllərimi ovuşdura-ovuşdura içəri
otağa keçirəm. Həyat, doğrudan da, qəribədir.
Bir azdan Gülbəs xanım qayıdır.
Müştəri də burdadır. Hündür boy, saqqalı bir oğlan. Gülbəs xanım emalatxana olan otağa girib,
başı əşyanı qablaşdırmağa
qarışıb. Kənardan baxıram.
Şüşənin üzərində
qadın rəsmi. Məsələ məlum
oldu. Budəfəki səhnəmizin də
mərkəzində eşq. Ancaq, deyəsən,
oğlanın əhvalı yaxşı deyildi. Nəsə
özünü narahat hiss edirdi. Yaxınlaşıb kefini
soruşdum:
– Klostrofobiya. Əclaf xəstəlikdir. Bir az sıx yerdə qalan kimi əhvalım pozulur. İçərişəhərin küçələri də, bilirsiniz də. Dar. Gedirsən, elə hey gedirsən, gedirsən yol bitmir. Yol bitmədikcə adamın içindən özgə yollar uzanmağa başlayır. Gözünü yummaq istəyirsən. İstəyirsən nəhəng bir səhra təsəvvür edəsən, bomboş ətraf, geniş səma, ancaq ayağının altında laxlayan daşlar səni yenidən İçərişəhərə, bu dar küçələrə qaytarır. Ən çətini bilirsiniz nədir?
Astaca əyilib qulağıma dedi.
– Bu cür xəstəliklə kimisə sevmək. Ən çətini bax budur.
Orxan Həsəni
Kaspi 2018.- 3-5 noyabr.- S.24.