“Tanınmaq
üçün oxumuram”
“Tanınmaq
üçün oxumuram” - FotolarEleonora Mustafayeva: Sənətçi
üçün öz sənətini göstərməkdən
gözəl nə ola bilər?
Festival tamaşaçılara bayram ab-havası bəxş
edir. Bu bayramda hər kəs sevinir -
iştirakçılar da, tamaşaçılar da. Ötən ay Musiqili Teatrın istedadlı
aktrisası, solistimiz Eleonora Mustafayeva da böyük bayram
coşqusunu həm yaşayıb, həm də yaşadıb.
Belə ki, aktrisa oktyabrın 11-dən 15-dək
Qazaxıstanın Karaqanda şəhərində XX beynəlxalq
"Muzıkalğnaə Sarıarka” musiqi festivalında
iştirak edib. Müxtəlif üslub və janrlarda
musiqilərin səsləndirildiyi, bir neçə gün davam
edən silsilə konsert proqramında Qazaxıstanla
yanaşı, Türkiyə, Rusiya, Qırğızıstan,
Özbəkistan, Tatarıstan və Azərbaycan da yer alıb.
E.Mustafayeva ölkəmizi təmsil edərək
təntənəli bağlanış mərasimində
Qırğızıstan Respublikasının Xalq artisti
Baktıbek Ibıkeev və Rusiyanın Xalq artisti Aleksandr Tsiqankovla
bərabər konsertə yekun vurub. Aktrisa səfərdən
döndükdən sonra qonağımız oldu və səfər
təəssüratlarını bizimlə
bölüşdü.
- İstərdik ki, səfərlə bağlı təəssüratlarınızı
bizimlə bölüşəsiniz.
-
Çox sevincliyəm və Azərbaycanı beynəlxalq
festivalda təmsil etdiyim üçün məmnunam. Bilirsiniz ki, mayda Türkiyəyə qastrol səfərinə
getmişdim. Orada "Birinci Beynəlxalq Gaziantep Opera və Balet
Festivalı”nda Azərbaycanı təmsil edirdim. Festivalın təşkilatçıları
ilə orada tanış olmuşdum və
onlar məni növbəti festivala dəvət etdilər. Musiqili Teatrın rəhbərliyinə, Əliqismət
Lalayevə məktub göndərdilər. Əliqismət
müəllim də o festivalda iştirak etməyim
üçün razılığını verdi.
Bunun üçün rəhbərliyimizə
minnətdarlığımı bildirirəm.
Festivalda iştirak edən başqa xalqların nümayəndələri
ilə dostlaşdıq, səmimi müzakirələr
apardıq. Sanki onları çoxdan tanıyırdım. Onlar bizim solistləri də tanıyırlar və
vasitəmlə onlara öz salamlarını göndərdilər.
Konsert öncəsi çox həyəcanlanırdım.
Festivalda ilk çıxışımda
Gülçöhrənin "Aşiq oldum” ariyasını
oxuyacağımı zənn edirdim. Ancaq
gördüm ki, ifaçılar Gülçöhrənin
başqa ariyasını ifa edirlər.
-Bəs nə etdiniz?
- Onlara
heç nə hiss etdirmədim. Onların ifa
etdikləri "Hicran dərdi” ariyasını səsləndirdim.
Birinci "Azərbaycan” əsərindən
başladım və gördüm ki, bunu çox gözəl
qarşılayırlar, bu onların ürəyincə idi.
- Orada sizi kimlər müşayiət
edirdi və nə səsləndirdiniz?
-
Qırğızıstanın Əməkdar incəsənət
xadimi Duysen Ukibayın dirijorluğu ilə Tattimbeta adına Qazaxıstanın Dövlət Xalq
Çalğı Alətləri Orkestrinin müşayiəti
altında "Arşın mal alan” operettasından
(Ü.Hacıbəyov) Gülçöhrənin
ariyasını, "Ne poy, krasavitsa pri mne” (S.Raxmaninov),
"Bolero” (Kyaro), "Gianni Schicchi” (C.Puççini)
operasından Laurettanın ariyasını ifa etdim.
- Festivaldan sonra sizə hansı fikirləri
bildirdilər?
-
Festivalda iştirak etdiyimizə görə sertifikat və
mükafat təqdim edərək öz təşəkkürlərini
bildirdilər. Bundan sonra da işbirliyimizin
olacağını qeyd etdilər. Mən
oradan böyük ruh yüksəkliyi ilə ayrıldım.
Dünyanın müxtəlif ölkələrindən
və türkdilli dövlətlərdən də ora
iştirakçılar gəlmişdi. Biz
onlarla söhbət edir, bir sənət yoldaşı kimi
müzakirələr aparırdıq.
- Ümumiyyətlə, beynəlxalq
festivallar ifaçıya nə qazandırır?
- Festival
sənətçiyə birinci növbədə təcrübə,
sonra da dost qazandırır. Özünü çox xoşbəxt
hiss edirsən. Sənətçi üçün öz sənətini
göstərməkdən gözəl nə ola
bilər? Sənin ifan eşidilir və qiymətləndirilir.
İncəsənət adamına bir xoş
söz deyirlərsə, bu onun üçün ən gözəl
dəyərdir.
- Bilirik ki, Musiqili Teatrda tam
işçi olaraq, Opera və Balet Teatrında isə
müqavilə ilə işləyirsiniz. Hər
iki teatr arasında tempi tutmaq sizə çətin deyil ki?
-
Analıq məzuniyyətindən döndükdən sonra
Musiqili Teatrda çalışıram. Bir
neçə aydır ki, teatra geri dönmüşəm.
Əvvəllər də Musiqili Teatrda işləmişəm.
Qeyd edim ki, Musiqili Teatr mənə çox
uğur gətirib. Bu teatrın
ayağı mənim üçün düşərli olub.
Bu teatrda yarımı tapdım. Opera və Balet Teatrının ayrı, Musiqili
Teatrın isə tamam ayrı dəst-xətti, yolu var. Musiqili
Teatra dönüşüm düşərli oldu, festivallara dəvət
aldım. Musiqili Teatrda Faiq Sücəddinov və Tamara Vəliyevanın
"Mən dəyərəm min cavana” tamaşasında
Gülnaz, Rauf Hacıyevin "Talelər qovuşanda”
komediyasında isə Nərgiz rolunda çıxış
edirəm. Yeni bir obraz üzərində
çalışıram.
- Bu gün opera sənətində
baş verən yeniliklər birmənalı
qarşılanmır. Sizin dünya opera sənətindəki
proseslərə münasibətiniz necədir?
-
Ümumi dünya opera sənətindəki yeni nəfəsdən
söhbət gedirsə, mən bu tendensiyanı qəbul edirəm.
Bu gün opera sənəti öz inkişaf
dövrünü yaşayır. Mən bu
yeniliyin əleyhinə deyiləm. Hər
bir köhnə əsəri yeni şəkildə təqdim etməyin
tərəfdarıyam. Opera sənətinə
yeni gələn gənc nəsil klassik əsərlərə
yeni ruh, yeni nəfəs verir. Burda pis nə
var? Opera bu gün də dinlənilir,
sevilir. Görün bizim neçə opera
ifaçılarımız dünyanı fəth edib. Bu gün opera sənətinə böyük maraq
var.
- Bəzən Opera və Balet Teatrında "Leyli və
Məcnun”, "Şah İsmayıl” kimi klassik əsərlərə
davamlı olaraq müraciət edilməsini qınayırlar.
- Opera və
Balet Teatrında yeni tamaşaların səhnələşdirilməsi
böyük maliyyə tələb edir. Güman
edirəm ki, yeni tamaşalar da olacaq. Opera və
Balet Teatrı təmir olunduqdan sonra da yeni tamaşalar
hazırlanacaq.
- Sizi bir
ifaçı olaraq yaxşı tanıyırıq. Efirə yaraşan və əsil Azərbaycan
xanımını xatırladan simaya maliksiniz. İstərdik, sizi yeni film və seriallarda da görək.
-
Yaxşı bir obraz olsa, niyə də olmasın. Subay olarkən Abbasqulu ağa Bakıxanov haqqında
bədii-sənədli filmdə balaca bir rol
canlandırmışdım. Həmin obraza
hazırlaşmamışdım da. Ancaq o
kiçik obraz mənə çox uğur gətirmişdi.
Həmin film nümayiş olunduqdan sonra
çoxlu film təklifləri aldım.
- Nə üçün qəbul etmədiniz?
- Ailə
həyatı qurdum və seçimimi etdim.
- Həyat yoldaşınız sizin
aktrisalıq fəaliyyətinizə icazə vermədi, yoxsa bu
sizin öz istəyiniz idi?
- Həyat
yoldaşım da incəsənət adamıdır. O,
dünyanın müxtəlif ölkələrini gəzir,
geniş dünyagörüşünə sahibdir. Tamaşalarda quruluşçu və kostyum rəssamı
olaraq çalışır. O mənim bütün
dostlarımı və sənət yoldaşlarımı
tanıyır. Biz bir-birimizi çox
yaxşı başa düşürük. Yoldaşım mənim səhnə fəaliyyətimə
heç zaman mane olmayıb. Əksinə,
hər zaman deyir ki, sən oxumalısan, səhnəyə
çıxmalısan. Ancaq mən ailəmi
yerbəyer etməmiş, səhnəyə çıxmaq istəmirdim.
Kiçik övladımın 5 yaşı tamam
olduqdan sonra səhnəyə geri döndüm. Mənim üçün ailə hər şeydən
önəmlidir. İnsan dünyaya bir dəfə
gəlibsə, o, həyatda istədiyi kimi
yaşamalıdır. Bu mənim
seçimimdir. Mən tanınmaq
üçün oxumuram. Ona görə
oxuyuram ki, oxumağı və incəsənəti sevirəm.
Özümü sənətdə sevmirəm, sənəti
özümdə sevirəm. Mən özümü rahat
hiss etdikdən sonra səhnəyə çıxdım.
Əvvəllər elə hiss etdirdim ki, həyatımda nəsə
çatmır.
- Həyatınızda
çatışmayan o hissə nə idi?
- Mənim
ikinci hissəm, yoldaşlarım, ailəm. Tam səmimi
deyə bilərəm ki, öz yarımı tapdım. Adi misal çəkim, festivala dəvət alanda,
özümdən o qədər də əmin deyildim. Ancaq yoldaşım və qayınanam məni həvəsləndirirdilər
ki, sən getməli, oxumalı, səhnəyə
çıxmalısan, Azərbaycanı təmsil etməlisən.
Mən festivala gedəndə
düşünürdüm ki, ailə qayğılarım necə
olacaq? Ancaq ailəm mənə dəstək
oldu. Doğulduğum ailədə belə
görmüşəm və öz ailəmdə də belə
davranıram. Güclü olmağa
çalışıram və mənim gücüm ailəmdir.
Hara gedirəmsə, bilirəm ki, məni evdə
ailəm gözləyir. Allah hər kəsə
belə ailə qismət etsin.
-
Müsahibələrinizin birində demisiniz ki, həyat
yoldaşınız ən birinci sizin səsinizə vurulub.
- Elədir,
mən Musiqili Teatrda çalışanda yoldaşım teatrda
Oqtay Mirqasımovun çəkdiyi bir filmdə
quruluşçu rəssam olaraq çalışırdı. Filmin bir kadrı kulisin arxasında çəkilirdi.
Kulisdən səsimi eşitmişdi,
özlüyündə demişdi ki, bu səsdə nəsə
var. Üzümü görmədən səsimi
eşitmişdi və səsimə vurulmuşdu. Deyir ki, üzünü çevirəndə
gözümü səndən çəkə bilmədim.
Qayınanam da məni Musiqili Teatrda
"Milyonçunun dilənçi oğlu” tamaşasında
görmüşdü. Onun da məndən
xoşu gəlmişdi.
- Qaynınız Tural
Mustafayev rejissordur, qayınananız - tanınmış sənətkarımız
Almaz Mustafayeva aktrisadır, həyat yoldaşınız isə
tanınmış rəssamdır. Belə bir ailədə yaşamaq necə bir
hissdir?
- Biz
böyük bir orkestrik (gülürük). Ailəmiz
çox möhkəm təməllər üzərində
qurulub. Bizim üçün ailə dəyərlərimiz
hər şeydən önəmlidir. Bundan
gözəl nə var? Adi bir səfərə
gedəndə, ailə üzvlərimizin hamısı gəlir,
ürək sözlərini deyir, təkliflərini bildirir və
böyük ruh yüksəkliyi ilə yola salırlar. Geri dönəndə bunu böyük ruh yüksəkliyi
ilə qeyd edirik. İndi səfərdədir,
onun yolunu gözləyirik. Tural sanki mənim
doğma qardaşımdır. Çox
sevinirəm ki, mənim belə yaxınlarım,
doğmalarım var. Bu həyatda ailəm, o cümlədən
bacım Luiza hər zaman mənə dəstək olub.
Xəyalə Rəis
Kaspi 2018.- 3-5 noyabr.- S.8.