Fərid Hüseyn
Ağlın
toxluğundan qəlbin aclığına
Lev
Nikolayeviç Tolstoyun "Anna Karenina" romanı barədə...
Təbiətə
hesabat
Levin nəyə görə təbiəti seçir, nə üçün işləyib-çalışmağı özünə rahatlıq bilir? Levin təbiətdə olanda vaxtın neçə ötüb keçdiyini bilmir. "Əgər ondan neçə saat ot çaldığını soruşsaydılar, "yarım saat” deyə cavab verərdi”. Levin vurulduğu qadını – Kettini ürəkdən sevmişdi, amma eşq oxu daşa dəymişdi, qəlbi büdrəmişdi, o, tənha qalmışdı və çarəsizlikdən kənd həyatını seçmişdi. Şəhərin təbiəti insanı tabe edir, kəndin təbiəti isə özünü insana bağışlayır, ram olunmaq istəyir. Levin eşqdən əziləndən sonra ona tabe olan dilsiz-ağızsıza – təbiətə sığınır – əbədi ram olmuşa müvəqqəti ram olur...
Kənddə asudə vaxt çoxdur, sevib ayrılan insanın da vaxtı böyükdür. Çünki insan yalnız bir şey haqqında düşünəndə onun vaxtı çoxalır. Sevgi insanı məhdudluğa – eyni şeyi, eyni insan haqqında düşünməyə sürükləyir. İztirab anları bizim ən böyük düşünmək imkanlarımızdır, heç zaman daxili böhran vaxtında olduğu qədər bir düşüncəyə adana bilmirik. Kənd həyatı insana, işə adanan bir ömür vəd edir. Ayrılıq anları da sevgi haqqında uzun-uzadı düşünmək fürsətidir və bu da bir növ adanmaqdır. Nəticədə Levin böyük bir "İndiki Zaman”ın içərisinə düşür və gecə-gündüz düşünür. Levin mujiklərlə birgə ona görə işləməyə razılıq verir ki, heç nə fikirləşməsin, həyatın suallarından yayınsın, yorulmuş qəlbini və beynini gümrah bədəninə təslim etsin. Təbiət insana özünü təslim edib, könüllü ram olduğu kimi, Levin də ruhunu və ağlını könüllü olaraq bədəninə təslim edir və durmadan işləyib yorulur, canını heydən salır. Levin mənəvi dünyasını fiziki varlığına təslim edib deyir: "əti sənin, sümüyü mənim”.
Levin düşünməyə macal tapmamaq üçün hər cür zəhmətə qatlaşmağa hazırdır. O, zəhmətkeş insanları özünə örnək seçir, halbuki, bu vaxta qədər onun üçün filosoflar daha maraqlı idi. O düşünür ki, fəlsəfə neçə minillikdir şəxsi mənafe ilə ümumi mənafe arasında cürbəcür konsepsiyalara ilişib qalıb. Şəxsi mənafeyi ümumi mənafeyə və ya əksinə qurban verib yaşamaq olmur, ona görə də filosofların göstərdiyi yol insanı ruhi rahatlığa aparıb çıxarmır. Fəlsəfəni sevən özünü ideyalar savaşının ortasına atır, təbiəti sevən isə ruhi rahatlığa qovuşur. Bu kəsişməyən yolların birini seçmək lazımdır, əks təqdirdə insan ruhən ortalıqda qala bilər. Bu isə mənəvi böhrana, çıxılmazlığa yön almaq deməkdir.
Levin kəndə gələndə əvvəl-əvvəl təbiəti o qədər də sevmir: düşünür ki, tarlada görülən işlərin heç bir əhəmiyyəti yoxdur, insanlar nə üçün bir belə zəhmətə qatlaşırlar, bu qədər çalışmaqda onlar nə görüblər? Tarlada ideya əkib-biçmirlər, Levin isə fəlsəfə dəlisidir, başqaları təbiətin gözəlliyi haqqında danışanda sanki onun başına qaynar qazan tökürlər. Amma sonra o, səhvini anlayır, başa düşür ki, təbiət bizə bağışlanmış bir şeydir, onu ideyalarımız kimi biz yaratmamışıq, ideyalardan fərqli olaraq, bizim təbiət üzərində heç bir haqqımız yoxdur, ona görə də özünü bizə bəxş edən təbiəti heç bir haqla mühakimə edə bilmərik. Beləliklə, Levin təbiət qarşısında iddialarından əl çəkir və bundan sonra eynən təbiət kimi ram olunmaq istəyir. Çünki könüllü qurbanlıq insana, hər gün bir baş istəmək əzazilliyindən qat-qat çox ruhi rahatlıq bəxş edir.
Anna Karenina və hər kəs
Anna ərinə xəyanətini etiraf edəndən sonra hər kəsdən utanır. Elə bilir ki, ərinə dediyi sözləri hamının üzünə deyib, indi hər kəs onun rüsvayçılığından agahdır. Ona görə də o, aşağı mərtəbəyə düşüb oğlunu görməyə, mürəbbiyə ilə danışmağa, xidmətçini yanına çağırmağa cürət eləmir, utanır. O, üz tutduğu insanlara qarşı ərkini itirir.
Anna cəsarətini məhəbbətinə qurban verir, ona görə də günahına qısıla-qısıla yaşayır. O, ağır durumlara düşür. Təkcə bu səhnədə (XV) bu cür ağır ruhi təbəddülatlarını oxumaq kifayətdir ki, Annanın çarəsizliyini anlayasan. Çünki Anna bir əmələ görə – ərindən başqasını sevdiyinə görə, sanki hamının qarşısında günahkardır və hamıya cavab vermək məcburiyyətindədir. Bu, əsl provaslav əxlaqıdır.
Sevgiyə görə
atılan addımlar insanın ruhuna, daxili istəyinə doğru
atılan addımlardır, o addımlara
görə başqalarının beyninin məhsuluna
– yadların suallarına necə cavab verəsən?
Axı, sənin ruhunun tələbatı
ancaq öz istəklərinə
cavab vermək üçündür.
Əgər cəmiyyətin yaratdığı cürbəcür
tabular, qadağalar
olmasaydı, bəlkə də, insanlar
atdıqları addımlara görə birbaşa
Allaha cavab verməli
olduqlarını anlayardılar. Ancaq
qadağalar, tabular cəmiyyəti
fərd qarşısında gücləndirir, nəticədə
günahkar insan
Allahın dərgahına qədər çoxlu
instansiyalara da cavab verməyə məhkum olur.
Nəticədə günahkar insanlar Allahdan əvvəl
yer üzündə insanların
suallarını cavablandırır, onlarla
hesablaşırlar. Və bu qadağalar nəticəsində insan öz həyatında
Allaha verəcəyi cavabı sona – o biri
dünyaya saxlayır. Bununla
da, insanla Allahın
arasındakı məsafə çoxalır, uzaqlıq
yaranır...
Anna Karenina və sərvət
Annanın düşdüyü ağır, böhranlı durumda bircə təskinlik yeri var. O fikirləşir ki, ərindən və Vronskidən asılı olmayan bir sərvəti var – oğlu. Anna sanki bir kölədir. O, cəmiyyəti düşünür, deməli, tam azad deyil, ərinin onu cəzalandıracağını düşünür, deməli, qorxu onu əsarətdə saxlayır. Vronskinin ondan soyuması da Annanın sevgi azadlığını məhdudlaşması deməkdir. O, bütün azadlıqlarını itirib. Sanki Annaya nə verilibsə – gözəllik, sevgi, sevilmək, hamısı onun köləliyinin ayrı-ayrı nişanələridir, onun yeganə azadlığı isə özünün yaratdığıdır – övladıdır. Allah qadına yaratmaq qüdrəti verərək onu azadlığa daha artıq ortaq edib, əfsus ki, bir çoxları övladı, əl-qolu bağlayan buxov kimi qəbul edir. Anna isə bu səadəti dərk edir, çünki onun xoşbəxtliyə bundan başqa gümanı gəlmir.
Anna Karenina və yorğun gözlər
Bu əsərdə ən sevdiyim və ruhumu tərpədən təsvir budur: "Bəzən əşyaların yorğun gözlər qarşısında ikiləşməsi kimi Annanın ruhunda da hər şey ikiləşməyə başlamışdı”. Anna ikikişili qadındır. Kişilərdən biri ilə onu dini və rəsmi nikahı bağlayır, digəri ilə sevgisi. Tolstoy bu simvollarla ruhu maddiləşdirir, bununla da demək istəyir ki, Annanın bədənini iki kişi gördüyü kimi, ruhuna da iki kişi hopub, o çirklənib.
Oskar Uyaldın "Dorian Qreyin portreti” əsərində isə bu problem əks mövqedən qoyulub. Dorian Qreyin ruhunun eybəcərlikləri bədənə sirayət edir, o, mənən eybəcərləşdikcə cismən də çirkinləşir, Anna isə bədəninin korlandığını düşündüyünə görə, ruhunun da çirkinləşdiyini düşünür.
Anna Karenina və
iki "məktub”
Anna evdən getməsi barədə iki məktub yazmaq istəyir. Məktublardan birini ərinə yazır, digərini isə Vronskiyə. Ərinə yazır, amma Vronskiyə məktub yaza bilmir. Səbəb nədir? Çünki Anna eyni anda iki kişi haqqında düşünə bilmir, bu, onun üçün çox əzablıdır. O, eyni məsələ haqqında – evi tərk etməsi barədə – iki insanı xəbərdar etmək əzabına qatlaşa bilmir. Anna ikiyə bölünmüş ömrünü iki şəxs arasındakı hesabata çevirmək gücündə deyil, çünki o, bu halda eyni məsələ haqqında iki ayrı mahiyyətli məktub yazmalıdır. Ərinə yazdığı məktubda qeyd etməlidir ki, mən evi tərk edib gedirəm, digərində yazmalıdır ki, mən ailəmdən ayrıldım və qalası yerim yoxdur. Anna başa düşür ki, bu məktubları yazmaqda nəsə kobud bir motiv var və bu addım qadın zərifliyinə qətiyyən uyuşmur.
Anna
iki kişiyə məktub yazmaqla,
əslində, özünü təhqir etdiyini anlayır. İnsan
səhv bir iş tutur və zaman-zaman öz günahını xatırlayır. Hər
dəfə o günahı
xatırladıqca sanki həmin əməli
bir də törətmiş olur. Ləyaqətsiz insanlar
xatırladıqca, əməllərinə
alışırlar, sonra da
baş verən hadisələr
yadlarından çıxıb gedir,
vicdanlı insanlarsa xatırladıqca, əməllərini
yenidən yaşayırlar. Anna vicdanlı
qadındır. O özünü
bağışlaya bilmir, çünki
Allahın onu
bağışlamadığını düşünür.
İnsan özünü
bağışlayanda günahları yadından
çıxır, günahını tam unutmaqsa qəlbin pozulmasının göstəricisidir.
Kaspi 2018.- 3-5 noyabr.- S.14-15.