Ömürlər heçə
dönür
Elnarə Akimova:
“Taleyə müdaxilə lüzumsuzdur, o seçilmir,
özü seçir”
"Sevdiyim əsər” layihəsində
yazarların, elm, sənət adamlarının ən çox
sevdikləri əsər haqqında söhbət
açırıq. Budəfəki həmsöhbətimiz
filologiya elmləri doktoru, ədəbi tənqidçi,
"Ədəbiyyat qəzeti”nin şöbə müdiri Elnarə
Akimovadır. Elnarə
xanımın sevdiyi əsər Dino Bussatinin "Tatar
çölü” romanıdır.
– Hansı məziyyətlərinə
və bədii keyfiyyətlərinə görə Dino
Bussatinin "Tatar çölü” romanı sizin sevdiyiniz əsərdir?
– Dino Bussatinin "Tatar
çölü” həyatın mənasını, əslində,
mənasızlığını ədəbiyyatın dili ilə
ifadə etməyə gücü yetən nadir əsərlərdəndir.
Əsəri oxuduğum ilk səhifələrdə o qədər
cansıxıcı və quru təsir
bağışlamışdı ki, bezib bir kənara
atmaq istəmişdim. Amma getdikcə o qədər aludə
oldum ki, göründüyü kimi, ən sevimli əsərimə
çevrildi. Hansısa qüvvə baş qəhrəman
Covani Droqo ilə birgə onun sizif əzabını yaşamaq
təhrik edir adamı. Eko "Qızılgülün adı”
əsərində yazır ki, mən bu əsəri kitabın
ilk 100 səhifəsini oxumağa səbri çatanlar
üçün yazmışam. Busatti də sanki
insanın səbri üzərində təcrübə
aparır. Sonluq isə möhtəşəmdir və müəllif
sadiq oxucusunu bir ömür boyu onu tərk etməyəcək
təəssüratla mükafatlandırır. Bu roman
haqqında adətən belə bir fikir deyirlər: heç nə
haqqında roman. Əslində isə roman həyatın mənasızlığını,
absurdluğunu, heç nə olduğunu ibrət edən əsərdir.
Bir də böyük insan tənhalığı var bu əsərdə.
Bussati bu romanı 1940-cı ildə yazıb və əsərdəki
hadisələrin başlanğıc tarixi 1907-ci il göstərilir.
Bu dönəmdə bədii düşüncə yeni təfəkkür
modelləri axtarışında fərqli fəaliyyət
sferasına daxil olurdu. Qərbdə sosial
anomaliya ilə ekzistensialist fəlsəfə məşğul
olurkən, əksər ölkələrin dünya ilə,
insanla yeni münasibətlər sistemi yaratmağa
çalışan fəlsəfi-estetik fikrində sərt
realistik boyalar üstünlük qazanmağa
başlayırdı. Belə bir məqamda Dino Bussatinin
"Tatar çölü” əsərini meydana qoyması
bir tərəfdən, yazıçının
uydurulmuş miflərə qarşı ironiyasını bədii
təcəssüm predmetinə çevirirdisə, digər tərəfdən
həmin dövr üçün xarakterik olan insanın
dünyadan təcrid olunması, özünə qapanması,
özünə yer tapa bilməməsi hallarını
qabardırdı.
– Sizcə, bu əsərdəki
"Tatar çölü” adlı ərazi, əslində,
hansı həqiqi və məcazi mənanı
daşıyır?
– Həqiqi mənada,
Tatar çölü Bastiani qalasının yerləşdiyi ərazidir.
Tarixi məqamlarına görə belə adlanır: "Tatar
çölü”. Burada olan əsgər-zabit heyəti daim
şimal tərəfdən, Tatar çölündən onlara
qarşı hücumün olacağını ciddi şəkildə
gözləyib bütün ömürlərini
döyüş həyəcanına köklənməklə
keçirirlər. Hücum isə olmur, beləcə insanlar
gözləyə-gözləyə qocalır, arzu və
ümidlər heçə dönür. Məcazi məna
artıq burdan nəşət edir. Tatar çölü
hamının içindəki mənəvi ərazinin,
ümid dünyasının adıdır. Burada artıq səhra
adının simvolik mənası da üzə
çıxır. Zaman qum saatı kimi axır, ömürlər
heçə dönür.
– Əsərin əvvəlində romanın baş qəhrəmanı Covanni Draqo ilk dəfə Bastiani qalasına gedəndə yolda Ortis adlı zabiti görür. Ortis ona qalanın çox çətin yer olduğunu söyləyir, başa salır ki, qalaya girdinsə çıxmaq müşküldür. Romanın sonunda bütün gəncliyini qalada keçirmiş qoca Draqo eyni sözləri bir başqa cavan zabitə deyir. İstərdim bu paralelliyin mahiyyətindən danışasınız...
– Paralelliyin mahiyyəti başlıca olaraq, oxucu nəzərlərində, oxucu duyumunda ehtiva olunan amillə bağlıdır. Əsərin əvvəlində biz bunları Ortisin fikirləri kimi oxuyanda hələ heç bir təəssüf hissi yaşamırıq. Çünki nə olacağını, bizi nəyin gözlədiyini bilmirik. Biz də Covani Droqo kimi nəyinsə olacağı, oxucunu əyləncəli, təlatümlü süjet xəttinin gözlədiyi ümidi ilə yola çıxırıq. Əsərin sonunda bu sözlərin Droqonun dilindən səslənişi isə təəssüf, ağrı, susqunluq kimi hisslər yaradır içimizdə. Çünki bu dəfə Droqo yola çıxmır, yoldan qayıdır. Həm də necə? Xəstə, qoca, yararsız şəkildə. Onun bütün ömrü gözlərimiz qarşısında keçdiyi və heç olduğu üçün sonda Droqonun gənc zabitə söylədiyi sözlər yeni bir mənasızlığın, növbəti puç olacaq ömrün başlanğıcına işarə kimi mənalanır.
– Romanın əvvəlində belə bir məqam var: Ortis söhbət zamanı Draqoya deyir: "Qala köhnəlib, bütün mənalarda köhnəlib”. Bu qalaya "ölü qala”, əsgərlərin qoruduqları sərhədə "ölü sərhəd” deyirlər. Qala nə zamansa əzəmətli olub, burda hərbi xidmət keçmək şərəf sayılırmış. Yaxud əbəs yerə Üçüncü Petronun sözünü xatırlayırlar: "Bastiani qalası – mənim üzüyümün qaşıdır”. Yaxşı olardı ki, sizin nəzərinizlə müəllifin köhnəliyə, itirilmiş əzəmətə, yersiz ciddiyyətə, lazımsız qayda-qanuna və qəhrəmanların başından çıxmayan keçmişin illüziyalarına münasibətini aydınlaşdıraq...
– Qaladakılara elə gəlir ki, onlar Bastiani qalasını qorumaqla ölkənin xilaskarıdırlar, vətənin təhlükəsizliyi onların əlindədir. Buradan getmək imkanı olan belə getmir. Məsələn, dərzi Rostomiviç, onun qardaşı. Hər qarşısına çıxana deyir ki, mənim buradan getməyimə az qalıb. Amma məlum olur ki, hər gün bu sözü deyə-deyə on beş ildi qalada qalırlar. Yaxud Anqustian imkanı olduğu halda getməkdə məna görmür. Palkovnik Filimore ümidinə köklənərək yaşayır. Yaxud o biri insanlar. Qala əsərdə həm də bir tale kimi simvollaşır. Sən qaçmaq istəsən belə qaça bilmirsən. Hamı hər an hücum, təhlükə gözləyir. Amma bunu deyənlər belə bilirlər ki, hücum filan yoxdur və olmayacaq. Buna baxmayaraq, ciddi görkəmdə, bütün hərbi qanunlara riayət edərək qalanın mühüm strateji məkan olduğunu sərgiləməyə çalışırlar. Hələ romanda parol məsələsi ilə bağlı epizod var. Deməli, parol hər gün, gündə üç dəfə dəyişdirilir, qalaya giriş-çıxış yalnız parolu bilən zabitlərə müyəssər olur. Əgər həmin adam parolu unudarsa əsgərlər qalaya daxil ola bilmirlər. Sanki hər gün ağır döyüşlərdən keçən ordu obrazı yaradırlar. Don Kixot yel dəyirmanları ilə vuruşan kimi bunlar da özlərini hücum xəbərinə, tatarlarla müharibəyə səfərbər edirlər. Müəllifin dediyi də budur, daim müdafiəyə öyrəşən insanlar həmişə bu əzmdə olacaqlar. Ciddiyyət olmadığı yerdə belə ciddi görkəm almaq onların düşüncə və həyat tərzinə çevrilir artıq.
– Niyə bu qalada dörd aylıq hərbi
xidmətə gəlmiş insan ömrünün iyirmi ildən
çoxunu burada keçməli olur?
– Dino Busattinin romanındakı zaman
anlayışını Salvador Dalinin "Əriyən saatlar”
tablosunun bədii nümunəsi hesab edənlər
haqlıdırlar. Tablodakı qarışqa zaman
içində çürüməyə, səhra
sonsuzluğa, əriyən saatlarda yox olan zaman boşluğa,
budaqsız ağac hüzura işarə olduğu kimi, romanda
da şəhərdən xeyli uzaqlıqda yerləşən
qala həm huzur, həm də qoynuna aldığı əsgərləri
özündə "çürütdüyü” məkan,
üstəlik zaman axışına rəmz olaraq mənalanır.
Əsərdə vaxt elə sürətlə, həm də
hissedilməz bir sürətlə keçib gedir ki,
düzü, zaman anlayışının fərqinə
varmırsan. Buna görə də, oxucu zamana deyil,
zamansızlığa köklənir, talesizliyi izləyir, nəyəsə
ümid edir. Hər dəfə nəyinsə dəyişəcəyinə
ümid edə-edə səhifələri çevirir. Axı
inanılmazdır, 290 səhifəlik bir kitab elə qum
saatı kimi boşuna axıb gedən zaman üstə qurulub?!
Amma romanın təhkiyəsi elə cazibəlidir
ki, C.Droqonun əvvəlcə dörd aylıq gəldiyi xidmət
həyatının necə dörd ilə çevrilməsi,
daha sonra isə otuz ildən artıq zamanı adlaması sanki
bir göz qırpımında baş verir. Romanda
zamanın sürətlə keçib getməsini andıran
çox gözəl bir fikir var: "Zaman o qədər
sürətlə qaçırdı ki, onun ruhu qocalmağa
macal tapmamışdı". Amma
yazıçı bunu yalnız vaxtın axışında təsvir
etməklə kifayətlənmir, qəhrəmanın fiziki
varlığında belə zamanın axışı dərin
izlər qoyur. Əsərdə bir neçə səhifənin
sətirləri arasında müəllif bunu usta şəkildə
təcəssüm etməyə nail olur: Droqo daha pilləkənləri
iki pillə birdən qalxmır, atını daşlı
meydanda irəli-geri qovmur, kart oynamaqdan imtina eləyir.
Çünki Covani üçün gənclik
şövqü bitir, heç nə onu əvvəlki kimi
özünə cəlb edə bilmir.
– Sizin fikrinizcə, bu romanın
bugünkü reallıqla üst-üstə düşən
hansı məqamları varmı?
– Bu gün dünya, çox yer "Tatar çölüdür”, əslində. Savaşlar, müharibələr, qırğınlar, dünyanın dörd bir tərəfini sarmış qan səhnələri. Əksinə, dünyanın indi Covani Droqolara ehtiyacı var. Peşəsinə layiq, hərbçi qüruruna malik, bütün ömrünü bu qürur uğuruna fəda edə biləcək insanlara ehtiyacı var. "Tatar çölü” əsəri 1940-cı ildə yazılıb. O zaman ki, dünya "Tatar çölü”nə dönməyin ərəfəsində idi və tezliklə döndü də. Amma əsərin daha dərin mənası axı zamanın mənasızlığı ilə əlaqədardır. Çağdaş insan darıxır, çünki o, əzabların Pandora qutusudur. O, hər andan nəsə gözləyir, nəyisə dəyişəcəyinə ümid edərək yaşayır. Bu ümid uğuruna yaşayaraq bir də görür ki, son dayanacağa az qalıb artıq. Maraqlıdır ki, onda hələ bu əsəri oxumamışdım.
Qalada yaşayanlar zamanın əsirləridir,
burada keçən hər gün onları olum nöqtəsindən
ölüm nöqtəsinə yaxınlaşdırır. Amma
məgər həyatda belə deyilmi? Hər kəsin həyatı
bu arifmetika üstündə qərarlaşmayıbmı?
Bastiani qalası bu mənada, insan ömrünün, həyat
axışının sadə və kiçik modelidir. Müəllif
bu adi həqiqəti daha dolğun ifadə etmək, qabarıq
şəkildə göstərmək üçün sadə,
dəbdəbədən uzaq bir məkan seçir. Tatar
çölü, Bastiani qalası – ucsuz-bucaqsız təklik,
azlıq simvolikası...
– Draqo ilk günlərdə həkimdən
arayış alıb işindən ayrılmaq istəyir. Ancaq
həkim onu azad etmək istəyəndə nədənsə
tərxis olunmaqdan imtina edir. Deyir ki, "Mən sağlamam”.
Sizcə, o, hansı səbəbdən belə bir gözlənilməz
qərar verir?
– Covani Droqo hər şeydən əvvəl leytenantdır. Hərbçi qüruru var. Bu qürur ona əks hərəkət etməyə imkan vermir. Elə qalada bütün ömrünün keçirmək əzmi də qürurundan irəli gəlir. Xatırlayırsınızsa, əsərin əvvəlki hissələrində mayor Matti ilə söhbət zamanı o, özünü yalandan xəstəliyə vurmağı qüruruna sığışdırmayaraq bundan imtina edir. Eyni qürur hissilə o, qalaya gəldiyi ilk günlərdə anasına yazdığı məktubda da fərqli davranır. Ürəyi darıxmaqdan partlamaq dərəcəsinə gəlsə belə anasına hər şeyin yaxşı olduğunu, qaladakı həyatın çox gözəl keçdiyini yazır. Covani Droqonu dəyərli edən də məhz, içindəki qürur duyğusudur. Eyni zamanda Tatar çölünün sirli, vəhşi cazibəsi çəkir onu. Tək onu yox, qalada əksər xidmət edən digər şəxsləri. Droqo da tərxis olunmaq məqamı gələndə çölə baxır, şeypur səsinə qulaq kəsilir, ətrafdakı hər şey ona əlçatmaz görünür nəsə və o, hətta bir gün sonra buna peşman olmasına baxmayaraq, qalada qalmaq qərarını verir. Ümumiyyətlə, Covani Droqo romantik qəhrəmandır. Onun faciəsində bir az da laübalı xarakteri, daxilinə qapanıb qalması çox rol oynayır. Bütün günü əlində baxış borusu şimal çölünü seyr eləməklə keçirir, baharın gəlişini həsrətlə gözləyir, qarın əriməsi onda yeni ümidlərin oyanışı üçün vəsilə olur. Həzin xəyallar qanadında üzür. Özü də bu xəyallar onu çox vaxt gərgin iş həyatının içində yaxalayır. Ən çox arzuladı nəsnə dəniz kənarında əsrarəngiz sarayın olmasıdır. Dqoro hər dəfə getmək haqqında fikirləşir, amma buna çalışmır, cəhd etmir, qaladakı mühafizəkar şərait onu yenidən cəzb edib orada qalmasına səbəb olur.
– Əsərdə bir hissə Draqonun
xəyalları ilə bağlıdır. Qəhrəman xəyal
edir ki, az sayda əsgərlə böyük tatar ordusu ilə
vuruşur, yaralanır, kral şücaətinə görə
ona təşəkkür edir və s. Yazıçı qəhrəmanın
xəyal etdiyi vaxt kəsimini "ümid saatları”
adlandırır. Sizcə, bu xəyalları "Dranqonun Don
Kixotluğu” adlandırmaq nə dərəcədə
doğrudur?
– O ümid qalada xidmət edən bütün insanların içində var. Belə bir cümlə oxuyuruq romanda: "Qalanın divarları köhnədir, toplar köhnədir, burda nə varsa, hamısı köhnəlib, yalnız əsgərlərin ürəkləri cavandır”. Bu mənada, cavan ürəklərin ümid işığına köklənməsi təbiidir. Qaladakı insanlar bu ümidə görə bütün ömürlərini verirlər. Niyə? Çünki qalada hər kəsin həyatı eyni xətt, eyni tale boyunca davam eləyir. Onlar azacıq qaraltı, işarə görən kimi sevinir, hücum əmrinə köklənir, heç olmasa bircə dəfə də olsa döyüşüb ömürlərinin bihudə getmədiklərinə inanmaq, axıb gedən illərinə məna qatmaq istəyirlər. Burada onların həyatına yeganə rəng qatan nəsnə səhradan tatarların hücumu ola bilər ki, həm hərbçi rəşadətlərini göstərsinlər, həm də ömürlərinin bada getmədiyinə özlərini inandırsınlar. O da baş tutmur. O zaman baş tutur ki, onlar artıq qocalıb döyüş üçün yaramırlar. Belə... Taleyin amansız ironiyası.
Hətta polkovnik Filimore belə bircə dəfə də olsun şimaldan hücum olmasını, hamının ümiddən qurtulmasını çox arzulayır. Qalada xidmət edənlərin hər biri döyüşdə həlak olmağı şərəf bilirlər özlərinə. Bu onların sadəcə mənasızlığa üsyanı kimi qəbul edilməlidir. Hədər yaşamaqdansa, döyüşdə əsgər kimi ölmək yaxşıdı. Romanda bir epizod var, leytenant Anqustina sərhəd xəttinin müəyyən edilməsi zamanı dağın zirvəsində, tufanın burulğanlarında həlak olur. Bu, qaladakı əsgərlərdə həsəd doğurur, onlar bunu mənalı ölüm adlandırır: "O, elə bizim hamımız kimi nə düşmənlə döyüşdü, elə bizim hamımız kimi nə də müharibə gördü. Amma hər halda, döyüşçü kimi həlak oldu. Məsələ budur!”
Droqo da belə
düşünən ləyaqətli zabitdir. O,
ömrünün bu qalada boşa getmədiyinə inanmaq istəyir.
Bu vuruş da ona daha çox öz ömrünün təsəllisi
kimi lazım olur. Heç olmasa özü özünü
inandırmaq istəyir ki, əsgər kimi qalanın müdafiəsində
olub, şücaət göstərib, təltif olunub. Bunlar hərbçi
düşüncəsi, arzuları üçün normal hal
sayılmalıdır.
– Heç vaxt
döyüş üçün gərək olmayacaq qalada hərbiçilər
keşik çəkir, gecə-gündüz xidmət edirlər.
Bu məqamları yazıçının bihudə zəhmətə
ironiyası kimi başa düşmək olarmı?
– Bu əsərlə bağlı Mətanət Vahid yaxşı bir esse yazmışdı. Romanın Alber Kamyunun "Sizif haqqında əfsanə” ilə oxşar məqamlarından yazmışdı. Amma məncə fərqli məqamlar da var. Sizif haqqında əfsanədə oxucu sadəcə Sizifin əzablarını müşahidə edir. Romanda isə Droqo ilə birgə oxucunun da əməyinin puça getdiyini görürük. Axı biz də Droqo ilə birgə ümid etmişdik. Əsgərlərin qalaya hücum edəcəyinə, onun bir gün qaladan geri dönəcəyinə, yaxud hansısa dəyişik bir məqamın baş verəcəyinə. Bu mənada "Tatar çölü” yalnız Droqonun deyil, bizim də "ümid saatları”mızın puça dönmə məqamını əks etdirən əsərdir.
Qalada ətalət hökm sürür, ab-hava isə amiranədir. Hücum filan yoxdur, müharibə təhlükəsi boş illüziyadır, əsgərlər isə hər gün döyüş hazırlığı ilə bağlı ciddi təlimatlar keçirlər, mənasız istehkamlar qururlar. Onlar döyüşə can atan zabitlərdən heç nə ilə diqqəti cəlb eləməyən qarnizon qulluqçularına dönürlər. Droqo da həmçinin. Üsyan etmir, taleyini dəyişməyə çalışmır, eləcə olacaqların axarına qarışıb onları dinməz-söyləməz qəbullanır. Bu mənada, yazıçı insanın ömrünü mütiliklə sona verməsinə hardasa ironiya edir. Biz bunu ironiya adlandıraq, amma həm də belə deyil axı. Ömür onsuz da bir gün bitir. Hamı üçün bir gözləmə, darıxma nöqtəsi var. Bir də gəlib çatdığı sonluq. Ekzistenzial məqamlar: mən bu ömrü necə yaşadım? Droqo da sonda özünə bu sualı verir və təsəllini onda tapır ki, vicdanlı, təmiz bir ömür yaşayıb.
– Qalada xidmətdə keçənin
bir günün iki gün hesab edilməsinə necə məna
qazandırırsınız, sizcə, yazıçı bu
detalla nə demək istəyir?
– Romanda bu, qalanın çox
darıxdırıcı olması səbəbi ilə əlaqələndirilir.
Belə olduğuna görə burada heç kim hərbi qulluq
göstərmək istəmir. Ona görə, hərbi
qulluqçuları cəlb etmək naminə qalada bir gün
iki gün hesablanır. Yəni, heç olmasa bu yolla cəlb
etmək istəyirlər hərbi qulluqçuları. Əsərdə
belə epizod var. Zabit Ortis biləndə ki, Droqo qalaya öz
istəyi əsasında gəlməyib, məhz göndərilib,
buna çox təəccüblənir. Bu məqamı da
müəllifin növbəti işarəsi kimi anlamaq olar.
Dqoro ona həvalə olunan taleni yaşayır, sadəcə.
Belə bir taleni qalaya yeni gələn zabit Moronu da gözləyəcəyi
istisna deyil. Droqonun qalaya yeni gələn gənc zabitlə
danışıb onu vaxt var ikən burdan
uzaqlaşdırmağa çalışmaq cəhdi
alınmır, hər dəfəsində söhbət baş
tutmur. Niyə? Çünki taleyə müdaxilə
lüzumsuzdur, o seçilmir, özü seçir.
– Draqo dörd
illik xidmətdən sonra məzuniyyət müddətində
doğulduğu şəhərə gəldikdə
görür ki, çox şey dəyişib, o
doğmaları, nə vaxtsa mehr saldığı, biganə
olmadığı xanım Mariya ilə əvvəlki kimi
ünsiyyət qura bilmir. Bircə anası dəyişməyib
və bir də Droqonun evlərindəki otağı. Siz bu
yadlaşmanı, təcridliyi nə ilə əlaqələndirirsiniz?
– Hər halda zaman və aradakı boşluq
öz işini görür. Romanda bu, əsasən belə əlaqələndirilir. Droqo dörd
illik xidmətdən sonra iki aylıq məzuniyyətə
qayıtdıqda evi də qala kimi donuq görür, nə
anası qocalıb, nə də sevdiyi qız Mariya. Amma
anasının münasibətində dəyişiklik olmasa da
Droqo hiss edir ki, əvvəlki həssaslıqdan əsər-əlamət
qalmayıb. Əvvəllər onu addım səsindən
tanıyıb oyanan anası indi Droqonun
çağırışına hay vermir. Bu təlatüm həm də Covaninin öz
içində gedir. O da əvvəlki
olmadığını hiss edir. Əslində, dörd il keçmişdi, amma Covani
düşünür ki, dostlarının hər şeyi əldə
etməsinə rəğmən o, heç nəyə nail
olmayıb. Və buna heç can atmır da. Məsələn,
Mariya ona Hollandiyaya gedəcəklərini deyəndə həm
özünün, həm də qızın həyatını
dəyişmək üçün bircə "getmə”
sözünü demək lazım olduğunu bilir. Amma
demir, əksinə qızı getməyə bir az
da həvəsləndirir. Çünki Covaninin
içində Bastiani qalasının əsir havası hökm
sürür. O, yenidən ora qayıtmağı
düşünür. Hətta şəhərə
ikinci məzuniyyətində Droqo ona verilən bir aylıq
vaxtın ancaq iyirmi günündən yararlanır. Məzuniyyət vaxtı bitməmiş şəhəri
tərk edib qalaya geri dönür. Çünki
şəhər həyatı ilə qala arasında heç
bir fərq görmür. Əsərdəki
bu məqam mənə Barikkonun "Yeni əsr” romanını
xatırlatdı. Bütün həyatını
gəmidə keçirən pianoçu tək bircə dəfə
sahilə çıxmaq qərarına gəlir və limana
düşməmiş geri qayıdır. "Sən orda
nə gördün ki, qayıtdın” sualına cavabı belə
olur: iş bundadır ki, mən orda heç nə görmədim.
C.Droqo da bu fərqi görmədiyi
üçün geri qayıdır.
Eyni zamanda Covani obrazında qəribə bir tənhalıq
sezirik. Bu tənhalıq o, qalaya gəlməmişdən
hakim olur ruhuna. Covanni Droqo heç qalaya
getməmiş darıxır. Düzdür,
indi onun üçün yeni bir həyatın
başladığını bilir, "amma hər halda Covanni
Droqo ən yaxşı illərinin, ilk gənclik illərinin
artıq qayıtmayacağını hiss eləyirdi”. Hətta özünü ona görə də
qınayır ki, anası ilə görüşəndə
onun üzünə qayğısız halda gülümsəyə
bilmir. Bu nə idi? Qəhrəmanın
xarakterindən irəli gələn – ancaq neqativə köklənmək
duyğusumu, yoxsa müəllifin bədii priyomu? Hər
halda əsərin sonluğu, obrazın aqibəti məhz ilk səhifələrdə
ehtiva olunur: "hər şeydən güclü qəribə,
onu rahat buraxmayan hiss, hansısa fəlakətli hadisələrin
ola biləcəyinin ürəyinə dammasıydı,
sanki gedər-gəlməzə yola düşürdü”.
– Qalada xidmət edənlər
bir-birində elə təəssürat oyadırlar ki, sanki
Bastianidə xidmət etməkdən doymurlar, amma sonra məlum
olur ki, hamısı iş yerini dəyişmək
üçün gizli-gizli planlar qurub, lazımı yerlərə
müraciət ərizələri ünvanlayıblar. Bu sirrin, kələyin üstü açılandan
sonra Draqo aldandığını anlayır. İstərdim
söhbətimiz əsərin bu məqamına, qəhrəmanın
reallıqla üzləşməsi anına yön alsın...
– Droqo bunu şəhərdə
öyrənir. Məzuniyyətə iki aylıq
gəldiyi müddətdə. Əslində,
içində qalaya geri dönmək qərarı versə də
tərxis olunmaq üçün müraciətini də edir nədənsə
və bu zaman məlum olur ki, artıq qaladan bu məzmunda
ünvanlanan iyirmi belə məktub var. Bütün digər məsələlər
kimi Droqo bu xəbəri də etinasız qarşılayır.
Heç nə olmamış kimi qalaya geri
dönüb həyatına qaldığı yerdən davam
edir. Qaladakılar tədricən oranı tərk
etsə belə bu, Droqoya təsir etmir. Çünki
o, hələ qarşıda uzun illərin onu gözlədiyi
fikri ilə yaşayır. Amma onun
sarsıldığı mayor Ortislə söhbətində
üzə çıxır. Söhbət
zamanı Droqo yəqinləşdirir ki, tatarların hücumu
filan hamısı ortaya atılmış, bura gələnləri
qalada saxlamaq üçün uydurulmuş mifdir, yalandır.
Onu da bu mifə inandıraraq, istədiyi vaxt gedə
bilməkdə azad olduğuna əmin edərək qalada saxlayıblar.
Bir məqamı da vurğulayım ki, qaladan getməmək
qərarını verənlərdən biri də Ortis olur.
Droqo qalaya gəldiyi ilk gündə yolda
qarşılaşdığı zabit. Zənnimcə,
yazıçının Droqonu qalaya getdiyi yolda məhz Ortislə
qarşılaşdırması da təsadüfi deyil. Qalada o insanlar qalmağa qərar verir ki, onlar mənsəb,
şöhrətpərəstlik hissindən uzaqdırlar, sakit
həyat onları təmin eləyir. Droqo
da belə təmənnasız insanlardan biridir. Onun üsyankar olmaması, taleyə boyun əyməsi
də içinin tənhalığından, dünya həvəsinə
aludəçi olmamasından doğur.
– Romandan gəlinən bir qənaət
əsəri dərk edən oxucuların məncə, həyat
eşqini söndürür: sanki insanın qəlbi onu
bütün ömrü boyu ümidlə "təmin edə-edə”
aldadır...
– Dino Bussati ona görə
reallığı tünd və çılpaq boyalarla təsvir
edir ki, atmosferi daha aydın nəzərə
çarpıdıra bilsin. Oxucu təəssüfünə,
üzüntüsünə qadir olsun. Və
məncə, buna nail olur. Əsərdən
uzun müddət qopmaq olmur. Şüuraltında
hədsiz şırımlar açır. Əsəri
bir tale kimi qavramağa başlayırsan. Özü də
bu insanın yalnız darıxdırıcı, tənha
anları ilə bağlı məsələ deyil, hətta bu
gün xoş, mənalı olan nəsə sabah,
ya birigün mənasızlığa qarışır. Platon nə deyirdi? Deyirdi ki, su
qalxanda balıqlar qarışqanı yeyər, su çəkiləndə
qarışqa balığı. Amma hər
iki halda "əsas suyun axışı”dır. Yəni bütün hallarda ömür su kimi axıb
getmədədir və Bussatinin nasir kimi ustalığı da
bu zaman axışını bir ömrün timsalında
uğurla ifadə etməsindədir.
– Əsərdə karyera pillələrinin
insanın həyatını, ömrünün mənalı
çağlarını əlindən almasına, əvəzindəsə
quruca ad qazandırmasına bir eyham var: Draqonu hərbi xidmət
həyatın dərin mənası baxımından əliboş,
heç nəysiz, heç kimsiz qoyur, qaladakı illər ərzində
isə ucaldığı mənsəb mərtəbəsi isə
leytenantlıqdan kapitanlığa olur.
– Droqo heç bu adın uğuruna
yaşamır da. O, sadəcə ləyaqətli əsgər
olmağa çalışır. Otuz ildən
artıq bir zamanını qalada xidmətə sərf edir.
Sonda Simeoninin yeni gələn zabitləri yerləşdirmək
üçün onu otağından çıxarmaq, şəhərə
yola salmaq istəyini biləndə keçirdiyi həyəcan
da bununla bağlı olur. O, döyüşdə olmaq
istəyir, keşik çəkilməsinə nəzarət
etməyə belə razı olur, təki onu qaladan
qovmasınlar. Droqo sadəcə işinə
vurğun, mətin bir əsgərdir əsərdə.
–
Droqo qalaya hücum olan ərəfədə,
yəni əsas gün, missiyasını həyata keçirmək
məqamında qoca və xəstə olduğuna görə
oradan uzaqlaşdırılır. Heç kəs
ona rəhm etmir. Məhz illərlə gözlədiyi
müharibə günü qaladan çıxarılır, təqaüdə
göndərilir. Yazıçı, sizcə, obrazın aqibətini
niyə bu cür ikibaşlı əks etdirir, bununla müəllif
nə demək istəyir?
– Sadəcə, həmişə qüvvədə
olan "bütün yaxşılıqlara görə
ölüm” aqibətidir bu. Covani də bu aqibəti
yaşayır. Yazıçı bütün
ömrünü fəda vermənin
qarşılığında insanı heç də həmişə
mükafatın gözləmədiyini vurğulayır.
Məncə, əsərin sonundakı o hücum,
müharibə həyəcanı da simvolik məna
daşıyır. Əslində, oxucu inanır ki, hətta
tatarların hücumu olsa belə qaladakı ab-hava dəyişməyəcək.
Tatarların hücumu ilə bağlı
qaladakı "mif”i diri saxlamaq isə qalaya təşrif
buyuran növbəti zabit və əsgərlərə ondan
danışmaq üçün zəruridir. Covanni Droqo geri qayıdarkən, yolda yeni bir zabitə
– Moroya rast gəlir və o da, bir zaman zabit Ortisin ona dediyi
sözləri təkrarlamalı olur. Beləcə,
Covaninin aqibəti ilə sanki hər şey
sıfırlanır, həm də Moro ilə yenidən
başlayacağı və təkrarlanacağı istisna
olunmur.
– Əsərin sonuna yaxın Draqo yatan bir
uşağı seyr edir: İlahi o necə sakit yatıb, ruhu
necə dincdi, böyüklər kimi həyəcanverici yuxular
görmür, ürəyi
qayğısız-qayğısız döyünür. Sonra o özünü – uşaq Dranqonun necə sakit
yatdığını təsəvvür edir. Xəyal edir ki, nə vaxtsa o da uşaq olanda beləcə
dinc yatıb və onu şirin yuxuda olanda bir zabit kənardan
seyr edib və həmin zabit öz halına acıyıb.
İstərdim əsərdəki bu möhtəşəm səhnə
haqqında fikirlərinizi bölüşəsiniz...
– Ümumiyyətlə, əsərdə yuxu motivi
qabarıqdır və əksər obrazların hekayətləri
ilə bağlı təsvirini tapır. Bu da təbiidir.
Çünki qaladakı insanların həyatı
darıxmaqla, gözləməkdən yorulmaqla, xəyallar,
illüziyalar içində yaşamaqla keçir. Gündüz şüuraltında
yaşadıqları hallar gecələr yuxularında yenidən
təzahür edir. Əksər vaxt da
xoşbəxt, qayğısız, gülümsər, rahat.
Reallıqda olduqlarının tam əksinə.
Covaninin də qocalmış, yorğun, əzgin
ruhu geriyə dönümdə fərəhli olan ancaq bir
dövrə tutuna bilərdi – ömrün ən saf
uşaqlıq çağlarına. Onu kənardan
seyr edən zabit isə bir neçə yozuma imkan yaradır.
Bu, onun taleyi mənasında anlaşıla bilər.
Böyüyüb bu uşağı hansı gələcəyin
gözlədiyini bildiyi üçün halına
acıyır. O, həm də Droqo kimi uzun illər əvvəl
ömrünü qalada bada verən zabitlərdən biri olaraq
simvollaşır. Çünki Droqo bu taleni
yaşamağa müncər olmuş tək zabit deyil.
– Əsərin finalı çox
acınacaqlı olur: belə başa düşülür ki,
insan taleyində heç nəyi dəyişə bilmir. Necə ki, baş qəhrəman könülsüz
olaraq qalaya göndərilir, eləcə də istəməyə-istəməyə
qaladan uzaqlaşdırılır və hər iki halda onun rəyi,
arzuları nəzərə alınmır.
– Droqo qalaya gedən yolda Ortislə
qarşılaşır. Bayaq siz dediyiniz kimi,
Ortis onu yoldan çəkindirməyə
çalışır. Droqo da eyni sözləri
qaladan qayıdarkən orda qulluq üçün yeni göndərilən
əsgərə deməli olur. Yəqin ki,
həmin əsgər də eyni sözləri iyirmi ildən
sonra qalaya gələn növbəti əsgərə deyəcək.
Beləcə, insanlar darıxa-darıxa məhv
olacaq. Roman da məhz bu məqama işarə
kimi yazılıb. Biz sadəcə bir əsgərin
– Droqonun timsalında bu ömrü izləməli oluruq. Amma Ortisin də, yeni gələn əsgərin də
həyatı eynixətlidir. Və nəhayət,
onların hər biri ümumən insanlığın
ömür yolunun bariz örnəkləridir. Dünyaya gəlmək,
hər zaman ümidlə nəyi isə gözləmək,
gözləyə-gözləyə qocalmaq və ölmək...
Biz bir ömür nümunəsində həyatın
boşluğu üzərində düşünürük.
Sonluq, doğrudan da, fəci, sarsıdıcıdı. Bütün
ömrünü döyüşü gözləməklə
bitirən Covani bir karvansara köşəsində, yataqda xəstə
və tək ölməyi özünə
sığışdırmır. Ölümə
belə döyüşçü ruhu ilə təslim olur.
Kresloda oturur, mundirinin boyunluğunu hamarlayır,
pəncərədən çölə baxır və beləcə
dünyanı məğrur bir qürurla tərk edir. Heç olmasa son məqamda inanmaq istəyir ki, o
ömrünü bihudə yaşamadı. Bu
özünüaldatma təəssüf, doğursa da, Droqonun
timsalında həyatın gücünə, ümid hissinin
sonsuzluğuna inandırır.
–
Dranqo təmiz adamdır, bəs
niyə onun bu cür ürəkağrıdan tale nəsibi
olur?
– Maraqlı da budur ki, bu insanın həyatının bada getməsində konkret heç kəsin günahı olmur. Droqonun həyatı ona ayrılmış tale yolu kimi dərk olunur. Təsadüfən bu qalaya göndərilir, ordan çıxmağı özünə sığışdırmır, hər an qəhrəmanlıq məqamını gözləyə-gözləyə qocalır və nəhayət, hücum məqamında yararısz sayılıb çıxdaş edilir. Covanni Droqonun ölümü gülər üzlə, son hərbçi qürurunu toplayaraq qarşılaması və özünü inandırması ki, onun vicdanı ləkələnməyib və Allah onu bağışlaya bilər, əsərin gəlib çatdığı ən gözəl dünyanıdərk məqamıdı, zənnimcə.
– Sizin üçün bu gün rəmzi
mənada Bastiani qalası haradır, müasir insanların elə
bir ünvanları varmı?
– Bu əsərdə qəhrəman sadə bir
həqiqəti ömür boyu gözləyir. Onu tapanda isə həyatını
itirmiş olur.
Nəyəsə nail olmağa cəhd belə eləmədən
ömrünü gözləməklə bitirir. Bu, elə hər kəsin boyuna biçilən
ömür yoludur. Nə fərqi var,
hamımız hansısa qalanın içində ömrü xərcləyə-xərcləyə
yaşlanmırıqmı? Daim nəyisə,
hansısa dəyişmələri gözləməklə
keçir ömrümüz. Hamının
həyatı əslində, vaz keçə bilmədiyi
Bastiani qalasıdır.
Söhbətləşdi:
Fərid Hüseyn
Kaspi.-2018.-3-5
noyabr.-S.12-13.